Məhkəmə qərarları › İş №e-2-2(113)-449/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-449/2022

15.02.2022 · Hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə mübahisələr (müflisləşmə (iflas)) - Hüquqi şəxsin müflis olması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-449/2022 15.02.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının ləğvedicisi (qanuni təmsilçisi) Nümayəndə, kreditor Cavabdeh3 MMC-nin nümayəndəsi X6, kreditor İqtisadi X3nin (əvvəlki adı "xxxx" MMC) nümayəndəsi X4 iştirakları ilə, İddiaçı QSC-nin (ləğv prosesindədir) müflis elan olunması tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı QSC (ləğv prosesindədir) müflis elan edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC-nin (ləğv prosesindədir) müflis elan edilməsi və Nümayəndə əmlak inzibatçısı təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ərizəçi İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (ləğv prosesindədir) (VÖEN: 6********) 17.03.2017-ci il tarixində dövlət qeydiyyatına alınmaqla dərman məhsullarının istehsalı müəssisəsinin yaradılması məqsədilə fəaliyyətə başlamışdır. Səhmdarlar tərəfindən təsis müqaviləsinə əsasən ilkin ayrılmış investisiya məbləği və nizamnamə kapitalı əsasında fəaliyyətini qurmağa başlamış, buna görə də müvafiq olaraq müxtəlif şirkətlərlə xidmətlərindən yararlanmaq üçün müqavilələr imzalanmışdır. Lakin ərizəçi bir müddət sonra sahibkarlıq fəaliyyətinin həyata keçirilməsində gözlənilən iqtisadi aktivliyi və müsbət nəticələri əldə etməmiş, xarici təsisçi tərəfindən yatırılmalı olan xarici investisiyalar yatırılmamış və nəticə etibarilə şirkət sahibkarlıq fəaliyyətini dayandırmaq, təsisçilər isə yekdilliklə cəmiyyəti ləğv etmək məcburiyyətində qalmışdırlar. Ərizəçi İddiaçı QSC-nin təsisçilərinin 12.02.2021-ci il tarixli qərarı əsasında İddiaçı QSC-nin ləğv olunması prosesi başladılmış, bunun üçün AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət olunmuş və şirkət halhazırda ləğv olunma mərhələsindədir. Ləğv olunma zamanı aparılan araşdırmalar nəticəsində məlum olmuşdur ki, İddiaçı QSC-nin aktivləri onun kreditorların tələblərini ödəmək üçün kifayət etməməkdədir. Hal-hazırki vəziyyətdə İddiaçı QSC-nin debitorları yoxdur. Hal-hazırki vəziyyətdə İddiaçı QSC-nin kreditorları aşağıdakı kimidir: Ərizəçi İtaliya şirkəti olan Kreditor1 Şirkəti ilə dizayn və layihələndirmə xidmətlərinin göstərilməsi ilə bağlı 10.04.2019-cu il tarixində xidmət müqaviləsi imzalanmışdır. Kreditor tərəfindən xidmətlərin müəyyən hissəsi icra olunsa da, Şirkətin maliyyə vəziyyətinin pisləşməsi ilə əlaqədar olaraq xidmətlərin icrası ərizəçi tərəfindən dayandırılmış, nəticədə Kreditor1 Şirkətinə 28.800 avro məbləğində borc yaranmışdır. Borc məbləği artıq 22 (iyirmi iki) aya yaxındır ki, ödənilməmiş olaraq qalır. Ərizəçi istifadəsi üçün Cavabdeh2 MMC ilə 08.10.2018-ci il uzunmüddətli avtomobil icarə müqaviləsi imzalanmışdır. Lakin maliyyə vəziyyəti ilə əlaqədar olaraq müqavilə ləğv edilmiş, sonuncuya 4127 manat məbləğində borcu yaranmışdır. Bununla bağlı kreditor iddia ərizəsi ilə müvafiq məhkəməyə müraciət etmiş, məhkəmə qətnaməsi qanuni qüvvəsini alaraq icra olunması üçün Nizami Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Lakin bugünə qədər borc ödənilməmişdir. Borc məbləği artıq 14 aya yaxındır ki, ödənilməmiş olaraq qalır. Ərizəçi sahibkarlıq fəaliyyətini həyata keçirmək və fəaliyyət göstərəcəyi ərazini təmin etmək üçün "xxxx" MMC ilə 20.08.2018-ci il tarixində “Pirallahı Sənaye Parkında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair” Müqavilə və 01.04.2019-cu il tarixində icarə müqaviləsi imzalanmışdır. Sözügedən müqavilələr əsasında Şirkətlərinin "xxxx" MMC-yə 20.08.2019-cu il tarixindən 23.02.2021-ci il tarixinədək olan icarə dövrü üçün 28.421,47 manat məbləğində borcu yaranmışdır. Borc məbləği artıq 7 aydan çoxdur ki, ödənilməmiş olaraq qalır. Ərizəçinin maliyyə çətinliklərinin olduğu dövrdə işçilərə əmək haqlarının ödənilməsi üçün Cavabdeh3 MMC ilə borc müqaviləsi imzalanmış və sonuncudan 33.000 manat məbləğində borc alınmışdır. Lakin bugünə qədər qeyd olunan borc məbləği ödənilməmişdir. Ərizəçi AR İnzibati Xətalar Məcəlləsinin 405-ci maddəsinin tələblərini pozduğu üçün Nizami Rayon Məhkəməsinin 11.09.2020-ci il tarixli qərarı ilə 2500 manat məbləğində cərimə edilmişdir. Cərimə qərarı qanuni qüvvəyə minmiş və icra olunması üçün Nizami Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Cərimənin ödənilməli olduğu vaxtdan 9 aydan çox müddət keçməsinə baxmayaraq bugünə qədər ödənilməmiş olaraq qalır. Hüquqi şəxs ləğvetmə prosesində olarkən əgər ləğv edilən hüquqi şəxsin əmlakının dəyəri kreditorların tələblərinin ödənilməsi üçün yetərli deyildirsə, o yalnız müflis olma nəticəsində ləğv edilə bilər və hüquqi şəxsin ləğvedicisi hüquqi şəxsə məxsus olan əmlakın kreditorların tələblərini ödəmək üçün kifayət etmədiyini müəyyən etdikdə, dərhal müflis olma prosesini başlamalıdır. Buna görə də İddiaçı QSC-nin ləğvedicisi olaraq ləğvetmə prosesinin AR Mülki Məcəlləsinin 59.5 və 61.6-cı maddəsinin tələblərinə uyğun həyata keçirilməsi üçün məhkəmə səviyyəsində müflisləşmə prosesinə başlamaq məcburiyyətində qalmışlar. Aktivində hər hansı pul vəsaiti (yerli və ya xarici valyuta), əşya və ya əmlak (maddi və ya qeyri-maddi əmlak nemətləri) mövcud olmadığı üçün hazırki vəziyyətdə İddiaçı QSC kreditorlarının tələblərini ödəmək imkanından məhrumdur və ödəniş qabiliyyətsizdir. Qanunvericiliyin tələblərinə görə, borclu özünün ödəniş qabiliyyətsizliyini sübut etməli olsa da, qanunvericilik hansı hallarda borclunun ödəniş qabiliyyətinin olmadığını dəqiq olaraq qeyd etmişdir. Belə ki, AR Müflisləşmə və iflas haqqında Qanununun 3-cü maddəsinə görə borclu ödəniş qabiliyyəti olmadığı halda iflas prosesinə məruz qalır. Borclu o halda ödəmə qabiliyyəti olmayan sayılır ki, bunu özü təsdiq etsin, yaxud məhkəmə və ya kreditorlar müəyyən etsin ki: a) borclu həyata və ya sağlamlığa vurulmuş zərərin ödənilməsi, alimentin tutulması, əmək və onunla bağlı münasibətlərindən yaranan öhdəliklər üzrə, müəlliflik müqaviləsinə görə ödənilən haqlar ilə bağlı kreditorlar qarşısında öhdəliklərini icra müddəti başladığı andan etibarən ardıcıl 2 ay ərzində tam icra etməmişdir; b) borclu vergilər (faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları) və başqa dövlət ödənişlərini onların hesablandığı gündən etibarən ardıcıl 10 (on) ay ərzində tam icra etməmişdir; c) borclu digər kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməmişdir. Qeyd olunanlardan da göründüyü kimi, ərizəçi İddiaçı QSC kreditorları qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməmişdir. Bu fakt onun ödəniş qabiliyyətsiz olduğunu təsdiq edir və müflis elan olunması üçün birbaşa əsasdır. Sonradan iddiaçının ləğvedicisi (qanuni təmsilçisi) Nümayəndə iddia predmetinin dəyişdirilməsi barədə ərizə verərək, “Müflisləşmə və İflas haqqında” Qanunun 19.4-cü maddəsinin a) bəndinin tələblərini əsas gətirərək, İddiaçı QSC-nin (ləğv prosesindədir) müflis elan edilməsi və X7 əmlak inzibatçısı təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının ləğvedicisi Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Kreditor Cavabdeh3 MMC-nin nümayəndəsi X9 izahatında İddiaçı QSC-nin müflis elan olunmasına etiraz etmədiyini bildirdi. Kreditor İqtisadi X3nin (əvvəlki "xxxx" MMC) nümayəndəsi X8 məhkəmə iclasında İddiaçı QSC ilə "xxxx" MMC arasında bağlanmış icarə müqaviləsi əsasında İddiaçı QSCnin 28.421,47 manat məbləğində borcunun yarandığını, İddiaçı QSC-nin müflis elan edilməsinə etiraz etdiklərini, borc məbləğinin dövlət büdcəsinə ödənilməli olduğunu bildirdi və Dövlət Vergi Xidmətinin nümayəndəsinin əmlak inzibatçısı ilə birlikdə müflisləşmə prosesinə nəzarət etməsini xahiş etdi. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş: "xxxx" MMC (operator) və İddiaçı QSC (rezident) arasında bağlanmış 20.08.2018-ci il tarixli Pirallahı Sənaye Parkında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair müqavilədən görünür ki: 2.1 Bu müqavilə ilə rezident bu müqavilənin şərtləri və öz riskləri əsasında İnvestisiya Layihəsinin həyata keçirilməsi üçün Sənaye Parkında sahibkarlıq fəaliyyətini həyata keçirir və investisiya qoyur, operator isə öz səlahiyyətləri çərçivəsində rezidentə Sənaye Parkında sahibkarlıq fəaliyyətini həyata keçirməsi üçün bütün lazımi şəraiti yaradır. 2.2 Operator, Rezident tərəfindən X2 Layihəsinə uyğun dərman vasitələrinin qablaşdırılmasına və istehsalına razılıq verir. 5.1 Bu müqavilə üzrə sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün rezident müvafiq torpaq icarə müqaviləsini imzalamaqla Sənaye Parkında İnvestisiya Layihəsinə uyğun Torpaq Sahəsini icarəyə götürmək hüququna malikdir. Belə icarənin şərtləri müvafiq torpaq icarə müqaviləsi ilə tənzimlənir. 17.1 Bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və 17.2 müqavilənin müddəti bu müqavilənin qüvvəyə minmə tarixindən başlayaraq 27 il müddətinə davam edir. 18.3.3 Rezident bu müqavilənin 8.2-ci bəndində göstərilən öhdəliklərini Operator tərəfindən verilən bildirişdə müəyyən olunmuş 1 ildən çox olmayan müddətdə icra etmədikdə Operatorun təşəbbüsü ilə və 18.3.4 Azərbaycan Respublikasının Qanunvericiliyində nəzərdə tutulan digər hallarda xitam verilə bilər. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. "xxxx" MMC (operator) və İddiaçı QSC (rezident) arasında bağlanmış 23.02.2021-ci il tarixli xitam müqaviləsindən görünür ki, operator və rezident əsas müqaviləyə (20.08.2018-ci il tarixli "xxxx" MMC və İddiaçı QSC arasında bağlanmış Pirallahı Sənaye Parkında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair müqavilə) 23.02.2021-ci il tarixdən xitam verilməsi barədə razılığa gəlmişlər. "xxxx" MMC-nin 23 fevral 2021-ci il tarixli 001/2021 nömrəli qərarından görünür ki, İddiaçı QSC-nin Pirallahı Sənaye Parkının rezidenti kimi qeydiyyatı və **********2 nömrəli qeydiyyat şəhadətnaməsi (23.02.2021-ci il tarixli xitam müqaviləsinə əsasən) ləğv edilmişdir. "xxxx" MMC (icarəyə verən) ilə İddiaçı QSC (icarəçi) arasında bağlanılmış Pirallahı Sənaye Parkının ərazisində dövlət mülkiyyətində olan torpaq sahəsinin icarəyə verilməsi haqqında 01.04.2019-cu il tarixli, PSP/006 saylı müqaviləsindən görünür ki, icarəyə verən dövlət mülkiyyətində olan və Sənaye Parkının ərazisində, ünvan 1 ünvanında yerləşən 51898 m2 torpaq sahəsini icarəçinin müddətli istifadəsinə verməyi, icarəçi isə həmin torpaq sahəsinin istifadəsinə görə bu icarə müqaviləsi ilə müəyyən edilmiş məbləğdə və qaydada icarə haqqı ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin: 2.3-cü bəndinə əsasən torpaq sahəsinin icarəçiyə verilməsi və bu icarə müqaviləsinə xitam verildikdən sonra torpaq sahəsinin icarəyə verənə qaytarılması tərəflər arasında imzalanan akt ilə rəsmiləşdirilir. 5.1-ci bəndinə əsasən ümumilikdə 51898 m2 torpaq sahəsi üçün illik 18.759,20 manat məbləğində müəyyən olunur. İcarə haqqının tərkibinə torpaq vergisi daxil deyil. 5.2-ci bəndinə əsasən icarəçi icarə haqqını bu icarə müqaviləsinin 10.2-ci bəndinə əsasən icarə müddətinin başladığı tarixdən etibarən hesablanan icarə ilinin sonuncu günündən başlayaraq 30 gün ərzində ödəyir. 10.2-ci bəndinə əsasən icarə müddəti bu icarə müqaviləsinin 2.3-cü bəndində göstərilən aktın imzalandığı tarixdən asılı olmayaraq 20 avqust 2018-ci il tarixdən hesablanacaq və 10.3-cü bəndinə əsasən bu icarə müqaviləsi 27 il müddətinə bağlanmışdır. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. 01.04.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, Pirallahı Sənaye Parkında İddiaçı QSC-yə icarəyə verilmiş 51898 m2 torpaq sahəsi yararlı vəziyyətdə İddiaçı QSC tərəfindən təhvil alınmışdır. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. 23.02.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, Pirallahı Sənaye Parkında İddiaçı QSC-yə icarəyə verilmiş dövlət mülkiyyətində olan 51898 m2 torpaq sahəsi yararlı vəziyyətdə (istehsal sahəsi olmadan, avadanlıq və qurğularsız) İddiaçı QSC tərəfindən "xxxx" MMC-yə təhvil verilmişdir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. "xxxx" MMC-nin İddiaçı QSC-nin müraciətinə cavab olaraq ünvanladığı 03 mart 2021ci il tarixli, SKSP-09/01-04/152 nömrəli məktubdan görünür ki, ünvan 3 ünvanında Pirallahı Sənaye Parkının ərazisində yerləşən 51898 m2 torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı cəmiyyətlə İddiaçı QSC arasında mövcud olan 01.04.2019-cu il tarixli PSP/006 nömrəli icarə müqaviləsinə 23.02.2021-ci il tarixində xitam verilmiş və dövlət mülkiyyətində olan torpaq sahəsinin icarə əsasında istifadə edilməsinə dair icarə müqaviləsi üzrə 20.08.2019cu il tarixdən 23.02.2021-ci il tarixinədək hesablanmış 28.421,47 manat məbləğində icarə haqqının aidiyyəti üzrə dövlət büdcəsinə köçürülməsi və icarə haqqının ödənilməsini təsdiq edən sənədin surətinin ödəniş həyata keçirildikdən sonra 5 iş günü ərzində cəmiyyətə təqdim olunması xahiş edilmişdir. 08.10.2018-ci il tarixli, 27092018 nömrəli uzun müddətli avtomobil icarə müqaviləsindən görünür ki, Cavabdeh2 MMC (icarəyə verən) ilə İddiaçı QSC (icarəçi) aralarında avtomobillərin icarə razılaşmasına əsasən aşağıdakılara dair razılığa gəlirlər:

1. İcarəyə verlən avtobilin adı Hyundai Tucson GLS-dir.

2. Aylıq kirayə haqqı 920 manat təşkil edir.

3. Mövcud razılaşmanın müddəti 08.10.2018-ci il tarixindən 08.10.2023-cü il tarixinədək müəyyən edilir.

10. İcarə fakturası hər ayın əvvəlində hazırlanır. Ödəmə aylıq olmaqla faktura verildikdən sonra 30 gün ərzində həyata keçirilməlidir. Əks təqdirdə icarəyə verən icarəçiyə illik 12% cərimə tətbiq edəcək. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. Bakı şəhəri Nizami rayon İcra və Probasiya şöbəsinin (böyük icra məmuru T.Ağayev) 29.01.2021-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2795/2020 saylı 17.11.2020-ci il tarixli icra sənədi üzrə borclu İddiaçı QSC-dən 4097,27 manat məbləğində pul və 30 manat dövlət rüsumu vəsaiti (cəmi 4127,27 manat) tutularaq tələbkar Cavabdeh2 MMC-nin xeyrinə ödənilməlidir. Cavabdeh3 MMC (borc verən) ilə İddiaçı QSC (borc alan) arasında bağlanmış 27.10.2020-ci il tarixli AZ/CSP/001 saylı borc müqaviləsindən görünür ki, borc verən ona məxsus olan 33.000 manat məbləğində pul vəsaitini borc alanın mülkiyyətinə verməyi, borc alan isə pul vəsaitini qəbul edib bu müqavilə ilə şərtləşdirilmiş müddət ərzində borc verənə geri ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən borc məbləği borc alan tərəfindən ən geci 31.12.2020-ci il tarixində geri qaytarılmalıdır. Borc alan borc məbləğini borc verənin razılığından asılı olmayaraq nəzərdə tutulmuş müddətdən əvvəl geri qaytara bilər. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. 27.10.2020-ci il tarixli elektron qəbzdən görünür ki, Cavabdeh3 MMC-nin bank hesabından İddiaçı QSC-nin bank hesabına 33.000 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Kreditor2 (böyük icra məmuru T.Ağayev) 23.12.2020-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)- 1237/2020 saylı 11.09.2020-ci il tarixli icra sənədi üzrə borclu İddiaçı QSC-dən 2500 manat məbləğində inzibati cərimə tutularaq dövlət nəfinə ödənilməlidir. İddiaçı QSC ilə Techniconsult Firenze S.R.İ. şirkəti arasında bağlanılmış 10.04.2019cu il tarixli müqavilədən görünür ki, həmin müqaviləyə əsasən “Techniconsult Firenze S.R.İ.” tərəfdən göstəriləcək mühəndis xidmətlərinin dəyəri cəmi 270.000 Avro müəyyən edilmişdir. “Techniconsult Firenze S.R.İ.” şirkəti tərəfindən İddiaçı QSC-yə ünvanlanmış 18.02.2021-ci il tarixli məktubundan görünür ki, QSC-dən həmin müqavilə üzrə 2019-cu ilin dekabrınadək görülmüş işlər üzrə 28.8800 avro məbləğində pul vəsaitinin ödənilməsi xahiş edilmişdir. İddiaçı QSC-nin 31.12.2019-cu il tarixinə maliyyə vəziyyəti barədə hesabatından görünür ki, QSC-nin 31 dekabr 2019-cu il tarixə cəmi uzunmüddətli aktivlər 4.415,96 manat, cəmi qısamüddətli aktivlər 253.067,61 manat olmaqla cəmi aktivlər 257.483,57 manat; cəmi kapital -64.870,13 manat, cəmi uzunmüddətli öhdəliklər 0 manat, cəmi qısamüddətli öhdəliklər 322.353,70 manat, cəmi öhdəliklər 322.353,70 manat olmaqla cəmi kapital və öhdəliklər 257.483,57 manat;31 dekabr 2019-cu il tarixə cəmi uzunmüddətli aktivlər 6.642,57 manat, cəmi qısamüddətli aktivlər 152.608,78 manat olmaqla cəmi aktivlər 159.251,35 manat; cəmi kapital -635.999,53 manat, cəmi uzunmüddətli öhdəliklər 0 manat, cəmi qısamüddətli öhdəliklər 795.250,88 manat, cəmi öhdəliklər 795.250,88 manat olmaqla cəmi kapital və öhdəliklər 159.251,35 manat təşkil edir. İddiaçı QSC-nin mənfəət və zərəri haqqında 05.03.2020-ci il tarixli hesabatla müəyyən edilir ki, QSC-nin 31.12.2018-ci il tarixinə hesabat dövründə ümumi mənfəət (zərər) 0 manat, əməliyyat mənfəəti (zərəri) -74.870,13 manat, vergitutmadan əvvəl mənfəət (zərər) -74.870,13 manat, hesabat dövründə xalis mənfəət (zərər) - 74.870,13 manat, 31.12.2019-cu il tarixinə hesabat dövründə ümumi mənfəət (zərər) 0 manat, əməliyyat mənfəəti (zərəri) -571.129,40 manat, vergitutmadan əvvəl mənfəət (zərər) -571.129,40 manat, hesabat dövründə xalis mənfəət (zərər) -571.129,40 manat təşkil etmişdir. İddiaçı QSC-nin X1 Yığıncağının 12.02.2021-ci il tarixli protokolundan görünür ki, İddiaçı QSC-nin ləğv edilməsi və Nümayəndə İddiaçı QSC-nin baş direktor vəzifəsindən azad edilməsi, Nümayəndə cəmiyyətin təsviyəçisi təyin edilməsi və ona şirkəti ləğv etmək məqsədilə bağlı bütün zəruri səlahiyyətlərin və hüquqi şəxsin ləğv edilməsi ilə bağlı digər hərəkətlərin həyata keçirilməsi səlahiyyətlərin həvalə edilməsi qərara alınmışdır. İddiaçı QSC-nin ləğvedicisinin 27 sentyabr 2021-ci il tarixli, L/02 nömrəli qərarından görünür ki, İddiaçı QSC-nin ödəniş qabiliyyəti olmadığı üçün müflis elan edilməsi, müflisləşmənin məhkəmə vasitəsilə həyata keçirilməsi və bununla bağlı müvafiq iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edilməsi qərara alınmışdır. 16.02.2021-ci il tarixli vergilər sosial-iqtisadi qəzetinin çıxarışından görünür ki, İddiaçı QSC-nin ləğv olunması barədə elan verilmiş və kreditorların iki ay ərzində tələblərini ünvan 5 ünvanına irəli sürə bildikləri qeyd edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin rəsmi saytından çıxarışlardan görünür ki, İddiaçı QSC-nin müflis elan edilməsi ilə bağlı məhkəmə baxışlarının vaxtı və yeri barədə 07.01.2022, 24.01.2022 və 09.02.2022-ci il tarixlərində elanlar verilmişdir. İddiaçı QSC-nin ləğvedicisi Nümayəndə tərəfindən 27 sentyabr 2021-ci il tarixdə təsdiq edilmiş İddiaçı QSC-nin (ləğv prosesindədir) kreditor və debitorlarının ümumi siyahısından görünür ki, İddiaçı QSC-nin kreditor “Kreditor1” Şirkətinə (dizayn xidmətlərinə görə xidmət haqqı) 57.205,44 manat, kreditor Cavabdeh2 MMC-yə (avtomobil icarəsinə görə icra haqqı) 4.127 manat, kreditor "xxxx" MMC-yə (indiki İqtisadi X3) (Pirallahı sənaye parkı üçün icarə haqqı) 28.421,47 manat, kreditor Cavabdeh3 MMC-yə (borc müqaviləsi üzrə borc ödənişi) 33.000 manat və dövlət büdcəsinə ödənilməli ödəniş (Nizami Rayon Məhkəməsinin 23.12.2020-ci il tarixli qərarı üzrə cərimə) 2.500 manat olmaqla, cəmi 125.343,91 manat borcu vardır, debitorları isə yoxdur. İddiaçı QSC-nin 31.12.2018-31.12.2019-cu il üzrə maliyyə hesabatları ilə bağlı qeydlərdən görünür ki, 31.12.2019-cu il tarixə QSX-nin əmlak və avadanlıqların qalıq dəyəri 4609,05 manat, qeyri-maddi aktivlərinin (proqram məhsulları) balans dəyəri 2033,49 manat, debitor borcları 14,02 manat, sair qısamüddətli aktivlər 0,92 manat, pul vəsaitlərin və onların ekvivalentləri 152593,82 manat, kreditor borcları 795250,88 manat, səhmdar kapitalı 10000 manat, əməliyyat gəliri 23.325,47 manat, ümumi və inzibati xərclər -594.454,87 manat və il üzrə xalis zərər 571.129,40 manat təşkil edir. “İqtisadi X3” X17 tərəfindən İddiaçı QSC-nin müraciətinə cavab olaraq ünvanlanmış 11 noyabr 2021-ci il tarixli, SKSP-09/01-04/804 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 14.09.2016-cı il tarixli 2336 nömrəli Sərəncamına əsasən Pirallahı Sənaye Parkının fəaliyyəti üçün ayrılmış 30 hektar torpaq sahəsinin dövlət mülkiyyətində olduğunu və həmin ərazidən İddiaçı QSC-yə icarəyə verilmiş 51898 m2 torpaq sahəsinə görə icarə haqqının dövlət büdcəsinə ödənilməli olduğunu nəzərə alaraq, icarə haqqı borcunun silinməsinin "xxxx" MMC-nin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və 01.04.2019-cu il tarixli PSP/006 nömrəli icarə müqaviləsinə 23.02.2021-ci il tarixində xitam verilmiş və dövlət mülkiyyətində olan torpaq sahəsinin icarə əsasında istifadə edilməsinə dair icarə müqaviləsi üzrə 20.08.2019-cu il tarixdən 23.02.2021-ci il tarixinədək hesablanmış 28.421,47 manat məbləğində icarə haqqının aidiyyəti üzrə dövlət büdcəsinə köçürülməsi və icarə haqqının ödənilməsini təsdiq edən sənədin surətinin ödəniş həyata keçirildikdən sonra 5 iş günü ərzində cəmiyyətə təqdim olunması xahiş edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X11 üzrə Baş İdarəsi tərəfindən məhkəmənin 07.12.2021-ci il tarixli sorğusuna cavab olaraq göndərilmiş 15.12.2021-ci il tarixli **********825700 saylı məktubdan görünür ki, İddiaçı QSC-nin (VÖEN **********) "xxxx" ASC-də AZ64CAPN********************, AZ37CAPN********************, AZ10CAPN******************** və AZ91CAPN******************** nömrəli aktiv bank hesabının olması müəyyən edilmişdir. "xxxx" ASC-nin 06.01.2022-ci il tarixli 6898 saylı məktubundan görünür ki, İddiaçı QSC-nin "xxxx" ASC-də olan AZ91CAPN********************, AZ64CAPN********************, AZ37CAPN********************, AZ10CAPN******************** saylı hesabları üzrə 06.01.2022-ci il tarixinə qalıq 0 manat təşkil edir. Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən məhkəmənin 07.12.2021ci il tarixli sorğusuna cavab olaraq göndərilmiş 16.12.2021-ci il tarixli 147656-1221 saylı məktubdan görünür ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasına görə İddiaçı QSC-nin adında və ya qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilən nəqliyyat vasitəsi qeydiyyatdan keçmir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X17 tərəfindən məhkəmənin 07.12.2021-ci il tarixli sorğusuna cavab olaraq göndərilmiş 29.12.2021-ci il tarixli **********11 saylı məktubdan görünür ki, mövcud arxiv məlumatlarına əsasən İddiaçı QSCnin adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. İddiaçı QSC-nin (VÖEN: **********) şəxsi hesab vərəqəsinə əsasən müəyyən edilir ki, İddiaçı QSC-nin 12.01.2022-ci il tarixə dövlət büdcəsinə olan vergi borcu 0 manat təşkil edir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Publik hüquqi şəxslərin dövlət reyestrindən çıxarışdan görünür ki, “İqtisadi X3” X17 Azərbaycan Respublikası Prezidentinin 22 yanvar 2021-ci il tarixli, 1257 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki "xxxx" MMC-nin əsasında yaradılmışdır. Qurumun əvvəlki adı "xxxx" MMC, hazırkı adı isə “0İqtisadi X3” X12. B 195258 nömrəli diplomun surətindən görünür ki, X10 Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirmiş və ona beynəlxalq hüquq ixtisası üzrə bakalavr dərəcəsi verilmişdir. 10.02.2022-ci il tarixli 365-29408-3221 nömrəli arayışdan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mərkəzləşdirilmiş uçotlarındakı məlumata əsasən 14 aprel 1989-cu il tarixdə Azərbaycan Respublikasında anadan olmuş X7 məhkumluğu yoxdur. X10 tərəfindən məhkəməyə təqdim edilmiş 14.02.2022-ci il tarixli yazılı bəyanatdan görünür ki, X10 (iş yeri "xxxx" MMC) İddiaçı QSC-nin müflis elan olunmasına dair kommersiya mübahisəsi ilə bağlı əmlak inzibatçısı kimi təyin olunmağını könüllü surətdə qəbul etmiş və hazırki bəyanat ilə nə iddiaçı, nə də kreditor şəxslərlə şəxsi və maddi marağının olmadığını məhkəmə qarşısında yazılı surətdə bəyan etmişdir.

Əsaslandırıcı hissə:

Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin yuxarıda göstərilən hallarına əsasən müəyyən edilir ki, İddiaçı QSC-nin X1 Yığıncağının 12.02.2021-ci il tarixli qərarına əsasən QSC-nin ləğv edilməsi qərara alınaraq ləğvetmə proseduruna başlanılmışdır. Bundan sonra İddiaçı QSC-nin ləğvedicisinin 27 sentyabr 2021-ci il tarixli, L/02 nömrəli qərarı ilə QSC-nin ödəniş qabiliyyəti olmadığı üçün müflis elan edilməsi və müflis elan edilmə ilə bağlı məhkəməyə müraciət edilməsi qərara alınmışdır. İddiaçı QSC-nin ləğvedicisi məhkəməyə hazırkı ərizə ilə müraciət edərək QSC-nin müflis elan edilməsini və əmlak inzibatçısının təyin edilməsini tələb etmişdir. “Müflisləşmə və iflas haqqında” AR Qanununun: 2-ci maddəsinə görə iflas haqqında işlərə başlanması və həmin işlərə baxılması qaydası bu Qanunun spesifik tələbləri nəzərə alınmaqla, qüvvədə olan prosessual qanunvericiliklə tənzimlənir. Bu Qanun bütün kommersiya (banklar istisna olmaqla) və qeyri-kommersiya təşkilatlarına şamil edilir. “Müflisləşmə və iflas haqqında” AR Qanununun: 5-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilmiş sənədlərdən başqa, borclunun iflas haqqında ərizəsinə aşağıdakıları təsdiq edən sənədlər əlavə edilir: a) iflas haqqında ərizədə borclunun məhkəmə xərclərinin ödənilməsinə möhlət verilməsini xahiş etdiyi hallar istisna olmaqla, qanunvericilikdə müəyyən edilmiş məhkəmə rüsumlarının ödənilməsini təsdiq edən sənəd; b) ödənilməli və alınmalı məbləğlər müfəssəl göstərilməklə, borclunun kreditorlarının və debitorlarının siyahısı; c) bu Qanunun müddəalarına uyğun olaraq tələblərin müəyyənləşdirilmiş məbləğini göstərən sənəd.

2. Borclu müəssisənin iflas haqqında ərizəsinə aşağıdakı sənədlər də əlavə edilir: a) iflas prosesinə başlanması üçün məhkəməyə müraciət etmək barəsində borclunun səlahiyyətli orqanının qərarının surəti; b) borclu dövlət müəssisəsidirsə, iflas prosesinə başlanması üçün məhkəməyə müraciət etmək barəsində müvafiq icra hakimiyyəti orqanının qərarının surəti; c) sonuncu hesabat tarixinə olan maliyyə hesabatları. Məhkəmə əvvəla qeyd etməyi zəruri sayır ki, İddiaçı QSC müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi ilə bağlı ərizə verilərkən “Müflisləşmə və İflas haqqında” AR Qanununun tələblərinə əməl edilmiş, ərizəyə qanunvericilikdə müəyyən edilmiş sənədlərdən başqa, borclunun iflas haqqında ərizəsinə digər zəruri sənədlər (ödənilməli və alınmalı məbləğlər müfəssəl göstərilməklə, borclunun kreditorlarının və debitorlarının siyahısı, tələblərin müəyyənləşdirilmiş məbləğini göstərən sənəd, iflas prosesinə başlanması üçün məhkəməyə müraciət etmək barəsində borclunun səlahiyyətli orqanının qərarının surəti,sonuncu hesabat tarixinə olan maliyyə hesabatları) əlavə edilmişdir. Ərizənin mahiyyətinə gəldikdə isə iş materiallarından görünür ki, ərizəçi İddiaçı QSC-nin ödəniş qabiliyyətinin olmamasını QSC-nin kreditorları qarşısında öhdəliklərini onların icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməməsi ilə əsaslandırmışdır. AR Mülki Məcəlləsinin: 59.5-ci maddəsinə görə əgər ləğv edilən hüquqi şəxsin əmlakının dəyəri kreditorların tələblərinin ödənilməsi üçün yetərli deyildirsə, o yalnız müflis olma nəticəsində ləğv edilə bilər. 61.6-ci maddəsinə əsasən ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) hüquqi şəxsə məxsus olan əmlakın kreditorların tələblərini ödəmək üçün kifayət etmədiyini müəyyən etdikdə, dərhal müflis olma prosesini başlamalıdır. “Müflisləşmə və iflas haqqında” AR Qanununun: 3-cü maddəsinə əsasən borclu ödəmə qabiliyyəti olmadığı halda iflas prosesinə məruz qalır. Borclu o halda ödəmə qabiliyyəti olmayan sayılır ki, bunu özü təsdiq etsin, yaxud məhkəmə və ya kreditorlar müəyyən etsin ki: a) borclu həyata və ya sağlamlığa vurulmuş zərərin ödənilməsi, alimentin tutulması, əmək və onunla bağlı münasibətlərindən yaranan öhdəliklər üzrə, müəlliflik müqaviləsinə görə ödənilən haqlar ilə bağlı kreditorlar qarşısında öhdəliklərini icra müddəti başladığı andan etibarən ardıcıl 2 (iki) ay ərzində tam icra etməmişdir; b) borclu vergilər (faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları) və başqa dövlət ödənişlərini onların hesablandığı gündən etibarən ardıcıl 10 (on) ay ərzində tam icra etməmişdir; c) borclu digər kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməmişdir. Hazırkı iş materiallarından isə görünür ki, İddiaçı QSC Kreditor1” Şirkəti qarşısında xidmət müqaviləsi üzrə öhdəliklərini (icra müddəti - 2020-ci ilin yanvarı); “İqtisadi X3” X13rşısındakı icarə müqaviləsindən irəli gələn pul öhdəliyini (icra müddəti-23.12.2021-ci il); Cavabdeh3 MMC qarşısındakı borc müqaviləsi üzrə pul öhdəliyini (icra müddəti - 31.12.2021-ci il) həmin müqavilələrlə müəyyən edilmiş müddətdə, eləcə də Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2795/2020 saylı 17.11.2020-ci il tarixli icra sənədi üzrə tələbkar Cavabdeh2 MMC qarşısındakı və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)-1237/2020 saylı 11.09.2020-ci il tarixli icra sənədi üzrə dövlət büdcəsi qarşısındakı pul öhdəliyini (inzibati cərimə) qanunla müəyyən edilmiş müddətdə icra etməmişdir. Digər tərəfdən İddiaçı QSC-nin bütün kreditorlarının tələblərini təmin etmək üçün yetərli dəyərdə daşınmaz və ya daşınar əmlakının, o cümlədən pul vəsaitinin olması məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Beləliklə, işin yuxarıda göstərilən hallarına əsasən belə nəticəyə gəlmək olar ki, İddiaçı QSC kreditorları qarşısında öhdəliklərini vaxtında və (və ya) tam yerinə yetirməyə qadir deyildir və İddiaçı QSC-nin aktivləri onun kreditorlarının tələblərini ödəmək üçün kifayət etmir. Belə olan halda isə İddiaçı QSC-nin müflis elan edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsasların mövcud olması aşkardır. “Müflisləşmə və iflas haqqında” AR Qanununun: 11-ci maddəsinin birinci bəndinə görə iflas haqqında işə məhkəmə iclasında baxıldıqdan sonra məhkəmə qanunvericiliklə müəyyən edilmiş qaydada aşağıdakılar barədə müvafiq qərar çıxarır: a) borclunun müflis elan olunması və əmlak inzibatçısının təyin edilməsi barədə; b) müvəqqəti əmlak inzibatçısının təyin edilməsi və ya təyinatının uzadılması barədə; c) borclunu müflis elan etməkdən imtina barədə. Həmçinin İddiaçı QSC ərizəsində QSC-nin müflis elan edilməsi ilə yanaşı əmlak inzibatçısının təyin edilməsi tələbini də irəli sürmüşdür. “Müflisləşmə və iflas haqqında” AR Qanununun: 13-ci maddəsinin:

1. Məhkəmə və ya kreditorlar tərəfindən fiziki və ya hüquqi şəxs, o cümlədən müvafiq icra hakimiyyəti orqanı tərəfindən vəkil edilən orqan, habelə rezident və ya qeyri-rezident əmlak inzibatçısı təyin edilə bilər.

2. Borclu dövlət müəssisəsi olduqda əmlak inzibatçısının məhkəmə tərəfindən təyin edilməsi bu barədə müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınmaqla həyata keçirilir.

3. Əmlak inzibatçısı təyin edilmək üçün fiziki şəxslər hökmən hüquq, təsərrüfat idarəçiliyi, iqtisadiyyat və ya mühasibat uçotu sahəsində müvafiq təhsilə, yaxud buna bərabər əməli təcrübəyə malik olmalıdırlar. Törətdiyi cinayətlər ilə əlaqədar müəyyən vəzifələr tutmaq və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum olma cəzasına məhkum olunmuş şəxslər (əgər bu cəzanın çəkilməsi müddəti müəyyən edilmiş qaydada bitməmişdirsə), eləcə də barəsində iflas prosesinə başlanmış şəxslər əmlak inzibatçısı təyin edilə bilməzlər.

4. Əmlak inzibatçısı təyin edilən şəxs təyinatını qəbul etməzdən əvvəl onu təyin edənlər qarşısında belə təyinatda şəxsi marağının olmadığını yazılı şəkildə bəyan etməlidir. Aşağıdakılar əmlak inzibatçısı seçilə bilməzlər: a) borclunun müdiri və ya keçmiş müdiri, mülkiyyətçiləri, borcluları və ya kreditorları; b) bu Qanunun 54-cü maddəsinə uyğun olaraq borcluya aidiyyəti olan şəxslər. İşin materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, əmlak inzibatçısı təyin edilməsi xahiş edilən şəxs (X10) hüquq təhsilli olmaqla, məhkumluğu olmayan şəxsdir və məhkəmə qarşısında belə təyinatda şəxsi marağının olmadığını yazılı şəkildə bəyan etmişdir. Eyni zamanda İ.Seyidov məhkəməyə verdiyi izahatında “Müflisləşmə və İflas haqqında” AR Qanununun 54-cü maddəsinin tələbləri baxımından borcluya aidiyyəti olan şəxs olmadığını bildirmişdir. İşin yuxarıda göstərilən halları ilə təsdiq edilir ki, iddiaçı ləğv prosesində olan İddiaçı QSC-nin əmlak inzibatçısı təyin edilməsini xahiş etdiyi X10 göstərilən vəzifəni tutmaq üçün qanunvericilikdə müəyyən edilmiş tələblərə uyğundur. Odur ki, həmin hissədə də iddia təmin edilməli, X10 "Caspian Pharmed” QSC-nin əmlak inzibatçısı təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı QSC-nin ərizəsi əsaslı olduğundan təmin edilməli, İddiaçı QSC müflis elan edilməli və X10 əmlak inzibatçısı təyin edilməlidir.

Nəticə hissəsi:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı, “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun 4-13-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti müflis elan edilsin. X10 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin əmlak inzibatçısı təyin edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar