Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4511/2024 24.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi X1, iddiaçı “İddiaçı” şirkətinin Cavabdeh2 və Cavabdeh1 Məhdud Məsuliyyəti Cəmiyyətinə (ləğv prosesindədir) qarşı qərar verilməsi və təqdim edilməsi vəzifəsinin qoyulması tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, müəyyən etdim: İddiaçı “İddiaçı” şirkəti iddia ərizə ilə məhkəməyə müraciət edərək onun 26 oktyabr 2023-cü il tarixli müraciətində qeyd etdiyi kreditor tələbinə baxılıb mahiyyəti üzrə qərar verilməsi və həmin qərarın iddiaçıya təqdim edilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsinə məhkəmə qaydasında baxılmalı olmadığından iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Çünki iddiaçının ləvğ prosesində olan MMC-yə qarşı tələbinin ləğv etmə balansına daxil edilməsinin məhkəmə qaydasında həll edilməsi nəzərdə tutulmamış, kreditorun (hazırkı halda iddiaçının) tələbinə baxılması və hər-hansı qərarın qəbul edilməsi ləğvetmə komissiyasına həvalə edilmişdir. Həmçinin iddiaçı ərizəsində Cavabdeh1 MMC, həmçinin onun təsviyəçisinə 26 oktyabr 2023-cü il tarixində tələb məktubu ilə müraciət etdiyini qeyd etsə də, təsviyəçi tərəfindən iddiaçının tələbi ilə razılışmamasını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Təsviyəçi Cavabdeh2 kreditor “İddiaçı” şirkətinin irəli sürdüyü tələblə razılaşmadığı halda sonuncu məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Hazırda isə kreditor olan iddiaçının tələbi ilə təsviyəçinin razılaşmaması halı mövcüd deyildir. Odur ki, Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 61.1-ci maddəsinə əsasən Ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin olunduğu gündən sonra 10 gün müddətində Azərbaycan Respublikasında hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında məlumatın dərc edildiyi mətbu nəşrdə hüquqi şəxsin ləğv edilməsi və kreditorlarının tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatı dərc etdirir. Bu məlumat hər dəfə 15-20 gün fasilə ilə daha iki dəfə eyni qaydada dərc etdirilir. Kreditorların tələblərinin irəli sürülməsi müddəti ləğvetmə haqqında ilk məlumatın dərc edildiyi gündən etibarən 60 gündən az ola bilməz. 61.2-ci maddəsinə əsasən Ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin olunduğu gündən sonra 15 gün müddətində ləğvetmə barədə qərarı, bu Məcəllənin 59.2- 1-ci və 61.1-ci maddələrində göstərilən ödəmə qabiliyyətinin olmasını təsdiq edən rəsmi bəyanatı, ilk məlumatın dərc olunmasını təsdiq edən sənədi və möhürü hüquqi şəxslərin dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. Hüquqi şəxslərin dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı təqdim edilmiş məlumatları aldığı gündən 5 gün ərzində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hüquqi şəxslərin dövlət reyestrinə daxil edir. Bundan sonra hüquqi şəxs tərəfindən sənədlərin tərtibi zamanı üzərində “ləğv prosesindədir” yazılmış möhürdən istifadə olunur və bütün sənədlərdə onun adından sonra “ləğv prosesindədir” sözləri əlavə edilir. 61.3-cü maddəsinə əsasən ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) kreditorları aşkar etmək və debitor borcunu almaq üçün tədbirlər görür, habelə ləğvetmə ilə bağlı mətbuatda elanın dərc olunduğu gün hüquqi şəxsin ləğvi haqqında bütün məlum kreditorlara bildiriş göndərir, dövlət büdcəsinə məcburi ödənişlər və büdcədənkənar dövlət fonduna məcburi dövlət sosial sığorta haqları və işsizlikdən sığorta haqları, habelə icbari tibbi sığorta fonduna icbari tibbi sığorta haqları üzrə borcların olub-olmamasını müəyyən etmək üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edir. 61.4-cü maddəsinə əsasən ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) hər hansı bir kreditorun irəli sürdüyü tələblə razılaşmadığı halda həmin kreditor məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Tələb barədə məhkəmə qərarı qəbul edilənədək onun təmin edilməsi üçün zəruri olan vəsait saxlanılmalıdır. 61.6-cı maddəsinə əsasən ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) hüquqi şəxsə məxsus olan əmlakın kreditorların tələblərini ödəmək üçün kifayət etmədiyini müəyyən etdikdə, dərhal müflis olma prosesini başlamalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 153.2 və 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Beləliklə, iddia ərizəsinə məhkəmə qaydasında baxılmalı olmadığına görə hesab edirəm ki, “İddiaçı” şirkətinin Cavabdeh2 və Cavabdeh1 MMC-yə (ləğv prosesindədir) qarşı qərar verilməsi və təqdim edilməsi vəzifəsinin qoyulması tələbinə dair ərizəsinin icraata qəbulundan imtina edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264, 268 və 269–cu maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı “İddiaçı” şirkətinin Cavabdeh2 və Cavabdeh1 Məhdud Məsuliyyəti Cəmiyyətinə (ləğv prosesindədir) qarşı “kreditor tələbinə mahiyyəti üzər baxılıb qərar verilməsi və sair.” tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina edilsin. Qərardaddan, həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən (“elektron kabinet”lərinə yerləşdirildikdən) sonra 10 gün müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-4511/2024
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4511/2024
24.06.2024 · Sair işlər - Korporativ mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver