Məhkəmə qərarları › İş №e-2-2(113)-4527/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4527/2025

03.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4527/2025 03.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: borcun ödənilməsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2dan İddiaçı ASC –nin xeyrinə 28.232,84 ABŞ dolları məbləğində borc və borclunun icranın gecikdirməsi nəticəsində Banka vurulmuş zərər (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında – illik 5% olmaqla) 3670 ABŞ dolları məbləğində pul Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun tutularaq "xxxx" ASC-yə ödənilməsi və 253 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-yə Cavabdeh2 müraciətinə və Bankla bağladığı xx.xx.2022-ci il tarixli ******* nömrəli Müqaviləyə əsasən Quba rayonu, Qəçreş (X5) ünvanında sahibkarlıq fəaliyyəti göstərdi obyektdə ekvayrinq xidmətləri üçün İddiaçı ASC-nin 735-022- 34 nömrəli POS-terminalı quraşdırılmışdır. xx.xx.2022-ci il tarixdə Banka ərizə ilə müraciət edərək həmin ünvanda quraşdırılmış POS-terminalda “Manual Entry” xidmətinin açılmasını xahiş etmisiniz. Eyni zamanda Ərizədə qeyd etmisiniz ki, baş verə biləcək mübahisəli hallar və problemlər üzrə bütün öhdəlikləri öz üzərinizə götürürsünüz. POS-terminalda “Manual Entry” funksiyasından istifadə edilməklə aparılan əməliyyatlar kart sahibi tərəfindən etiraz (chargeback) verilərək mübahisələndirilmişdir. Əməliyyatın həqiqətən kart sahibi tərəfindən aparıldığına dair təsdiqedici sənədləri Banka təqdim etməyiniz üçün X3 MASTERCARD tərəfindən kart sahibinin etirazı təmin edilmiş və aparılan əməliyyatların məbləği 13.507,85 ABŞ dolları, habelə etirazın baxılması üçün 14.724,99 ABŞ dolları məbləğində xidmət haqqı İddiaçı ASC-dən tutulmuşdur. Cavabdeh2 ilə bağlanan yuxarıda qeyd olunan Müqavilənin 2.3.19-cu bəndinə görə “Müəssisə POS-terminallar vasitəsilə Maestro və VİSA Elektron növlü kartlara xidmət göstərərkən müştərinin PİN-pad vasitəsilə ŞEN-kod yığmasını təmin etməlidir (ŞEN kod şəxsən müştərinin özü tərəfindən yığılmalıdır). Əks təqdirdə Chargback halları baş verərsə, (kart sahibi ödənişlərə etiraz edərsə) ödənişlər üzrə tam məsuliyyəti Müəssisə daşıyacaqdır”. Müqavilənin 2.1.1-ci bəndinə görə hər hansı mübahisələrə və ya ixtilaflara səbəb olan hesablar əsasında Bank tərəfindən Müəssisənin hesabına köçürülmüş məbləğləri tutmaq hüququna malikdir. Müqavilənin 5.1-ci bəndinə görə Müqavilədə nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsinə görə tərəflər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə və bu Müqavilənin şərtlərinə əsasən məsuliyyət daşıyırlar. Göstərilənləri nəzərə alaraq və Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli ******* nömrəli Müqavilənin şərtlərini, habelə xx.xx.2022-ci il tarixli ərizənizə əsaslanaraq İddiaçı ASC-dan tutulmuş 13.507,85ABŞ dolları əməliyyatlara görə məbləğin, habelə etirazın baxılması üçün 14.724,99 ABŞ dolları məbləğində xidmət haqqı, ümumilikdə 28.232,84 ABŞ dolları məbləğinin 3 iş günü ərizndə AFB Bank-a qaytarılmasını tələb edilir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 məhkəməyə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.

4. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında məlumatlandırılsa da məhkəmə iclasına gəlməmişlər, gəlməməklərinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdehlər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclasında iştirak etməmişlər və belə olan halda, cavabdehlər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər(yeni redaksiya). (borclu pul məbləğinin tutulmasını gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz tutulması yolverilməzdir. (əvvəlki redaksiya).

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

9. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı ASC (bank) ilə Cavabdeh2 (müəssisə) arasında xx.xx.2022-ci il tarixli müqavilə bağlanmışdır.

10. Müqavilnin 1.1-ci bəndinə əsasən MASTERCARD İNTERNATİONAL-ın və VİSA İNTERNATİONAL-ın üzvü kimi müvafiq hüquq və səlahiyyətlərə malik olan Bank, Müəssisəni vəkil edir ki, yuxarıda göstərilən kartları malların və xidmətlərin alınması müqabilində qəbul etsin. Bank kartlarla aparılmış əməliyyatların müqabilində bu Müqavilənin 3.1-ci və 3.4-cü bəndlərində göstərilən komisyon haqqını Müəssisəyə çatası pul məbləğindən çıxdıqdan sonra qalan məbləği Müəssisənin müvafiq bank hesabına köçürür.

11. Müqavilənin 2.3.19-cu bəndinə əsasən müəssisə “Müəssisə POS-terminallar vasitəsilə Maestro və VİSA Elektron növlü kartlara xidmət göstərərkən müştərinin PİN-pad vasitəsilə ŞEN-kod yığmasını təmin etməlidir (ŞENkod şəxsən müştərinin özü tərəfindən yığılmalıdır). Əks təqdirdə Chargback halları baş verərsə, (kart sahibi ödənişlərə etiraz edərsə) ödənişlər üzrə tam məsuliyyəti Müəssisə daşıyacaqdır.

12. Müqavilə və hər iki tərəfin imzası və bankın möhürü ilə təsdiq olunmuşdur.

13. Hazırda iddiaçı bank ilə Cavabdeh2 arasında pos-terminalın quraşdırılması haqqında müqavilənin imzalandığını, Pos-terminalın Quba rayonunda X5 hotelində quraşdırıldığın, Cavabdehin müraciəti əsasında terminala “manual entry” tətbiqinin yazıldığını, bu tətbiqin sahibkara imkan verir ki, kart fiziki olmadan da, həmin kartdan pul vəsaitini silə bilmək imkanını verdiyini, müştəriyə bununla bağlı 360000 manat limit ayrıldığını, cavabdehin bundan istifadə edərək, xarici ölkə vətəndaşlarının kart nömrələrindən istifadə edərək, onlara məxsus pul vəsaitini sildiyini və daha sonra nağdlaşdırdığını, xarici vətəndaşların MasterCard-a müraciət etdiyini, MasterCard-ın pul vəsaitini iddiaçıdan tələb etdiyini, pul vəsaitinin iddiaçının hesabından silindiyini, Quba Rayonu Polis İdarəsinə müraciət olunduqdan sonra cavabdeh və onun qardaşının borcun bir hissəsini ödədiyini bildirmişdir.

14. İş materiallarına iddiaçı tərəfindən əlavə edilmiş ərizəyə əsasən Cavabdeh2 banka 28.232 ABŞ dolları məbləğində maddi ziyan vurduğunu, həmin zərərdən xx.xx.2024cü il tarixdə 6.340 manat, xx.xx.2024-cü il tarixdə 3.000 manat olmaqla 9.340 manat ödəniş etdiyini öz imzası ilə təsdiq etmişdir.

15. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi cavabdeh tərəfindən 9.340 manat məbləğində ödəniş etdiyini qəbul etmişdir.

16. Məhkəmə qeyd edir ki, cavabdeh iddiaya münasibət (etiraz) bildirməmiş, borcunun ödənildiyini təsdiq edən hər hansı sənədi məhkəməyə təqdim etməmişdir.

17. Göründüyü kimi, müxtəlif şəxslər tərəfindən cavabdehin hesabına ödənişlər olunmuş, qeyd edilmiş pullar yəni 28.232,84 ABŞ dolları cavabdeh tərəfindən nağdlaşdırılmış, sonradan isə həmin şəxslər tərəfindən geri çağırılmalar olmuş və beynəlxalq ödəmə sistemi olan MasterCard tərəfindən Bankın hesabından silinmişdir. Qeyd edilmiş puldan cavabdeh iddiaçıya 9.340 mana ödəniş etsə də, qalan məbləği Banka qaytarmamışdır.

18. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsas borcun tələb edilməsi hissəsində qismən əsaslıdır və cavabdehdən 22.738,73 ABŞ dolları (28.232,84 ABŞ dolları – 9.340 manat (5.494ABŞ dolları)) məbləğində pul ödəniş günü Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun olaraq manatla alınaraq iddiaçıya verilməlidir.

19. Məhkəmə iddianın əsas borca illik 5 faiz hesablanmaqla 3.670 ABŞ dolları məbləğində pulun tələb edilməsi hissəsinə münasibətdə aşağıdakıları qeyd edir.

20. Məhkəmə qeyd edir ki, 2022-ci ilin noyabr ayından (kartdan vəsaitin silindiyi tarix) başlayaraq may 2025-ci il tarixədək (iddia ərizəsinin verildiyi tarix) hesabladıqda görünür ki, təxmini 29 ay keçmişdir.

21. Belə olan halda məhkəmə hesab edir ki, əsas borca illik 5 faiz hesablanmaqla 2.747,59 (22.738,73x5/100=1.136,936 (1 il üçün), 1.136,936/12=94,744 (1 ay üçün), 94,744x29=2.747,59 (29 ay üçün) ABŞ dolları məbləğində pul da ödəniş günü Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun olaraq manatla Cavabdeh2 tutularaq İddiaçı ASC-yə ödənilməlidir.

22. Ona görə də, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 219,98 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

23. Beləliklə məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

24. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 22.738 (iyirmi iki min yeddi yüz ouz səkkiz) ABŞ dolları 73 (yetmiş üç) sent məbləğində pul ödəniş günü Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun olaraq manatla Cavabdeh2 tutularaq İddiaçı ASC-yə ödənilsin. Əsas borca illik 5 faiz hesablanmaqla 2.747 (iki min yeddi yüz qırx yeddi) ABŞ dolları 59 (əlli doqquz)) sent məbləğində pul ödəniş günü Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun olaraq manatla Cavabdeh2 tutularaq İddiaçı ASC-yə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 219 (iki yüz on doqquz) manat 98 (doxsan səkkiz) qəpik məbləğində pul Cavabdeh2 tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar