Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-453/2023 06.03.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı QSC-nin Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı QSC (bundan sonra – iddiaçı) Cavabdeh İB-yə (bundan sonra – cavabdeh) qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya aktlar əsasında hesablanmış 90700,72 manat məbləğində ümumi borcun 37786,49 manat hissəsinin **********00000 nömrəli abonent hesabından silinməsi, həmin borcdan ödənilmiş 52914,23 manat hissəsinin isə **********00000 nömrəli abonent hesabına geri qaytarılması və rüsuma görə ödənilmiş 362,10 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Xəzər rayonu, Dübəndi qəsəbəsi ünvanda yerləşən, iddiaçıya məxsus qeyri yaşayış sahəsi (İstixana) xx.xx.2021-ci il tarixli, AMX- 4560/21 saylı müqavilə əsasında **********00000 saylı abonent hesabı verilərək təbii qazla təchiz edilmişdir. 2022-ci ilin yanvar ayına qədər tərəflər arasında hər-hansı mübahisə olmamışdır. İstifadə edilmiş qazın dəyəri daim iddiaçı tərəfindən vaxtlı vaxtında ödənilmişdir. 2022-ci ildə isə cavabdehlə aralarında mübahisə yaranmışdır. Belə ki, xx.xx.2022-ci il tarixdə cavabdeh təşkilat tərəfindən ******* saylı akt tərtib edilərək sayğac göstəricisindən əlavə 32284,56 manat, xx.xx.2022-ci il tarixli, ******* saylı akt tərtib edilərək sayğac göstəricisindən əlavə 56041,92 manat, 2022-ci ilin oktyabr ayında isə iddiaçıya təqdim edilməmiş akta əsasən 2374,24 manat məbləğində sayğac göstəricisindən əlavə borc hesablanmışdır. Göründüyü kimi üç akt əsasında iddiaçıya ümumilikdə 90700,72 manat məbləğində borc hesablanmışdır. Sözügedən ilk iki aktla bağlı tərəflərindən cavabdeh təşkilata müraciət edildikdə onlara bildirmişlər ki, guya aktlar tərtib edilən aylarda istifadələrində olan qaz sayğacının elektron hissəsi işləmədiyi üçün cavabdeh təşkilat tərəfindən sayğac göstəricisindən əlavə hesabat aparılmış və əlavə borc müəyyən edilərək iddiaçının qaz hesabına işlənmişdir. Bundan başqa aktlar əsasında hesablanmış borcun tərəflərindən ödənilməsi tələb edilirdi. Belə bir halın mümkün olmadığını və anlaşılmazlıq olduğu tərəflərindən bildirildi. Cavabdeh təşkilatın əməkdaşları məsələ ilə bağlı araşdırma aparacaqlarını və araşdırmanın nəticələrinə uyğun olaraq müvafiq tədbirlərin görüləcəyini bildirdilər, lakin hesablanmış borc hazırda ödənilməsə qazın verilməsinin dayandıracaqlarını da qeyd etdilər. Havaların soyuq olduğu bir vaxtda istixanaya qazın verilməsinin dayandırılması məhsulun məhv olması deməkdir. Bu səbəbdən çıxılmaz vəziyyətdə olduqları üçün məcbur qalıb hesablanmış borcun ümumilikdə 52914,23 manat hissəsini ödəmişlər. Göründüyü kimi cavabdeh təşkilat öz inhisarçı mövqeyindən sui istifadə edərək borcun bir hissəsini iddiaçıya ödətdirmişdir. Cavabdeh təşkilat tərəfindən hər hansı araşdırmanın aparılmadığı və onların aldadıldığı onlara 2022-ci ilin oktyabr ayında aydın oldu. Belə ki, ilk iki akt azmış kimi onlara üçüncü akt (iddiaçıya təqdim edilməyib) əsasında 2374,24 manat məbləğində əlavə borc hesabladılar. Belə ki, aktlar guya qaz sayğacının işləmədiyi üçün tərtib edilmişdir, lakin abonent saldosuna baxdıqda aydın görmək olar ki, qaz sayğacının göstəriciləri hər ay dəyişir. Qaz sayğacı işləməsəydi təbii ki, bu göstəricilər dəyişməz qalardı. Digər tərəfdən xx.xx.2022-ci il tarixli ******* saylı aktın “digər qeydlər” hissəsində göstərilmişdir ki, “2021-ci ilin dekabr sərfiyyatına uyğun olaraq” 2022-ci ilin yanvar ayı üçün 32284,56 manat əlavə borc hesablanmışdır. Abonent saldosundan göründüyü kimi, 2022-ci ilin yanvar ayında istifadələrində olan sayğacın göstəricilərinə əsasən 24630,10 manat məbləğində təbii qazdan istifadə etmişlər. Sual olunur yanvar ayı sərfiyyatı sayğac vasitəsi ilə müəyyən olunduğu halda niyə ötən ilin dekabr ayının sərfiyyatı nəzərə alınmalıdır və əlavə borc hesablanmalıdır. Bu axı absurddur və heç bir hüquqi məntiqə sığmır. Sayğac tam saz vəziyyətdə olmuş və göstəricilərinə əsasən sərf edilən qazın həcmi müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli, ******* saylı aktın tərtibatında eyni tendensiya davam etdirilmişdir. Bu aktda isə 2022-ci ilin mart ayı üçün 2021-ci ilin fevral ayının sərfiyyatı nəzərə alınmışdır. Bütün bunlardan göründüyü kimi cavabdeh təşkilatın əməkdaşları öz qanunsuz və əsassız hərəkətləri nəticəsində istehlakçıya əlavə borc hesablamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı qərarı ilə təsdiq edilmiş “X1”nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smartkart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Tərtib edilmiş saxta aktlardan göründüyü kimi cavabdeh təşkilat 2022-ci ildə özlərinin müəyyən etdiyi tərzdə iddiaçıya ümumilikdə əlavə 90700,72 manat məbləğində borc hesablamışlar. Belə bir hesablama düsturu və hüququ hansı qanunla müəyyən olunduğu məlum deyil. Cavabdeh təşkilat özü bildiyi kimi qanunlara riayət etmədən hərəkət edir, külli miqdarda əsassız borclar hesablayır və öz inhisarçı mövqeyindən istifadə edərək həmin borcları ödətdirmək istəyir. Belə tendensiya isə hüquqi şəxsin müflisləşməsinə səbəb olur. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbinə etiraz edərək iddianın rədd edilməsini xahiş etdi, əlavə olaraq bildirdi ki, sayğac iddiaçının balansındadır, belə ki, cavabdehin əməkdaşları tərəfindən müəyyən edilmişdir ki, sayğacın mexaniki hissəsi işləkdir, lakin elektron hissədə problem olduğu üçün qaz sərfiyyatını düzgün qeydə almır. Bu səbəbdən xx.xx.2022-ci il tarixli akt əsasında iddiaçıya əlavə olaraq 32284,56 manat, xx.xx.2022-ci il tarixli akt əsasında iddiaçıya əlavə olaraq 56041,92 manat, 2022-ci ilin oktyabr ayı üzrə isə əlavə olaraq 2374,24 manat məbləğində sərfiyyat borcu hesablanmış, bu barədə iddiaçıya hesab-fakturalar təqdim edilmiş, iddia ərizəsində göstərildiyi kimi borcun bir qismi, yəni 52914,23 manat artıq iddiaçı tərəfindən onlara ödənilmişdir. xx.xx.2022-ci il tarixdə nasaz olan sayğac təmir edilməsi məqsədilə çıxarılmış, iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə müvəqqəti sayğac quraşdırılmışdır. Sayğacda olan qüsurların yaranmasında iddiaçının təqsiri yoxdur. Bundan əlavə, sayğacda problemin olması barədə vaxtında iddiaçıya məlumat verilmiş, lakin sayğacın təmir xərcləri iddiaçı tərəfindən ödənilmədiyi üçün vaxtında sayğac təmir edilməmişdir. Əlavə olaraq bildirdi ki, 2022-ci ilin oktyabr ayı üzrə iddiaçıya 2374,24 manat məbləğində borc hesablansa da, bu barədə aktı təqdim edə bilmir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı ilə cavabdeh Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Müqavilənin 2.1.8-ci bəndinə əsasən istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamaq və hər ay istehlakçıya hesab təqdim etmək (göndərmək) qaz paylayıcısının vəzifəsidir. Müqavilənin 2.1.12-ci bəndinə əsasən “X1”nın 4.9-cu bəndinə uyğun olaraq istehlakçının zədələnmiş qaz sayğacını təmir etmək, həmin qaz sayğacını təmir etmək mümkün olmadıqda dəyişdirmək və quraşdırmaq, habelə dövlət yoxlanılmasından keçirmək qaz paylayıcısının vəzifəsidir. Cavabdehin Bakı Regional Qazın Satış Departamenti tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli ******* nömrəli qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında aktdan görünür ki, Xəzər rayonu Pirallahı qəsəbəsində yerləşən İddiaçı QSC-də qaz sayğacı işləmədiyi dövr ərzində istifadə olunan qazın günlük sərfiyyatı 2021-ci ilin dekabr ayının sərfiyyatına uyğun olaraq 8855***-*******=111006 m3, 257754-111006=146748 m3 2022-ci ilin yanvar ayı üçün hesablanmış qaz sərfinin miqdarı 146748 m3, hesablanmış qaz sərfinin məbləği 32284,56 manat müəyyən edilmişdir. Cavabdehin Bakı Regional Qazın Satış Departamenti tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli ******* nömrəli qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında aktdan görünür ki, Xəzər rayonu Pirallahı qəsəbəsində yerləşən İddiaçı QSC-də qaz sayğacı işləmədiyi dövr ərzində istifadə olunan qazın günlük sərfiyyatı 2021-ci ilin fevral ayının sərfiyyatına uyğun olaraq 230086:28*31=254736, 2022ci ilin mart ayı üçün hesablanmış qaz sərfinin miqdarı 254736 m3, hesablanmış qaz sərfinin məbləği 56041,92 manat müəyyən edilmişdir. Cavabdehin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, həqiqətən Xəzər rayonu, Dübəndi şossesi ünvanında yerləşən İddiaçı QSC müəssisəsinə gedilmiş, müəssisənin nümayəndəsi Nəcəfov Həsənağa ilə birgə baxış zamanı məlum olmuşdur ki, sayğacdan qaz keçir, lakin sərfiyyatı qeyd etmir. Cavabdeh tərəfindən tərtib edilmiş qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul edilməsi barədə xx.xx.2022-ci il tarixli ******* nömrəli aktdan görünür ki, İddiaçı QSC-də olan sayğac müvəqqəti olaraq G-400 80102134 saylı qaz sayğacının əvəzinə quraşdırılmışdır. Cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli SS 29/1640-01560-1 nömrəli qeyri-əhali qaz sayğacının yoxlanması haqqında aktdan görünür ki, ilk baxış zamanı sayğacın daxili çirkli olduğu müəyyən edilmiş, korrektor sönmüş, impuls ötürücüsünün qulaqcığı qırıqdır. Sayğaca hava vuruldu, hesablayıcı mexanizm işləyir. Ekranda A işarəsi var. Sayğac yuyuldu, təmizləndi, hava vuruldu, mexaniki hissə işləkdir. xx.xx.2022xx.xx.2022-ci il tarixləri əhatə edən saatlıq arxivə əsasən maksimal mütləq təzyiq P=5.11 bar, korreksiya olunmuş maksimal qaz həcmi 422 m3, korreksiya olunmamış qaz həcmi 236 m3 qeydə alınmışdır. Alarm zamanı sərfiyyat qeydə alınmamışdır. Arxivə əsasən son sərfiyyat xx.xx.2022-ci il tarixində qeydə alınmışdır. Sonrakı tarixlərdə xəttdə təzyiq 1.83- 1.90 bar civarında dəyişmişdir. Batareyanın istismar müddətinin sonuna 17 ay qalıb. Təyziq borusu yoxlanıldı, sızma yoxdur. Temperatur və təyziq çeviriliciləri normaldır. Elektron göstərici Vt mexanik göstəcidən 49 m3 çoxdur. Xətalar normaya uyğun deyil. Batareya və impuls ötürücüsü tələb olunur. İddiaçının abonent saldosundan görünür ki, cavabdeh tərəfindən iddiaçıya 2022-ci ilin yanvar ayında 32284,56 manat, mart ayında 56041,92 manat, oktyabr ayında 2374,24 manat məbləğində akt əsasında borc hesablanmışdır. Hüquqi dəyərləndirmə: Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2021-ci il tarixli “Qazın alqı-satqısı barədə” müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçını təbii qazla təmin etməyi, iddiaçı isə istehlak etdiyi təbii qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq cavabdehə ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli ******* nömrəli qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında aktdan görünür ki, xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixədək hesablanmış qaz sərfinin məbləği 32284,56 manat, xx.xx.2022-ci il tarixli ******* nömrəli qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında aktdan görünür ki, xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixədək hesablanmış qaz sərfinin məbləği 56041,92 manat müəyyən edilmişdir. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi iddiaçının silinməsini tələb etdiyi borc məbləği cavabdeh tərəfindən “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli aktlara əsasən hesablanmış, cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında borcun hesablanmasına əsas kimi qaz sayğacının nasazlığı səbəbindən elektron göstəricinin mexaniki göstəricidən az olması olduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, cavabdehin göstərilən aktlarda istinad etdiyi hallar borcun hesablanmasının düzgün hesab edilməsi üçün əsas vermir. Belə ki, Mülki Məcəllənin 443.7-cü maddəsinə görə əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Həmin maddənin məzmunundan göründüyü kimi, tərəflər arasında müqavilədə ayrı qayda nəzərdə tutulduğu hallar istisna olmaqla, öhdəliyin icra edilməməsi ilə əlaqədar yaranmış zərərə görə məsuliyyət yalnız o zaman borclunun üzərinə qoyula bilər ki, həmin zərər borclunun qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində yaranmış olsun, başqa sözlə desək, borclu həmin zərərin yaranmasında təqsirli olsun. Materiallardan görünür ki, cavabdeh xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli aktlarla sayğacın yararlı olmaması ilə əlaqədar qaz paylayıcıya dəymiş maddi ziyan üçün məsuliyyəti iddiaçının üzərinə qoysa da, tərəflər arasında bağlanılmış müqavilədə istehlakçının sayğacda mövcud qüsurlara görə təqsirindən asılı olmayaraq məsuliyyət daşımalı olmasını nəzərdə tutan müddəa yer almamış, sayğacın yararsız vəziyyətə düşməsinin və belə olan halda ziyanın yaranmasının iddiaçının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verməsi isə iş materiallarında olan sənədlərlə öz təsdiqini tapmamışdır. Əksinə cavabdehin qeyri-əhali qaz sayğacının yoxlanılması haqqında xx.xx.2022-ci il tarixli və qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli aktları ilə müəyyən edilir ki, qaz sayğacında mövcud qüsur (elektron göstəricinin mexaniki göstəricidən az olması) sayğacın impuls ötürücüsünün nasazlığı üzündən yaranmış, yəni sayğaca kənar müdaxilə ilə bağlı olmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, “X1”nın 5.2-ci maddəsinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Materiallarda olan abonent saldosundan isə görünür ki, sayğac göstəricilərinə əsasən qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında xx.xx.2022-ci il tarixli aktda göstərilən müddət üçün (xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək) iddiaçıya sayğac göstəricilərinə əsasən 24630,10 manat, xx.xx.2022-ci il tarixli aktda göstərilən müddət üçün (xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək) iddiaçıya sayğac göstəricilərinə əsasən 2199,56 manat borc hesablanmış və həmin borclar iddiaçı tərəfindən ödənilmişdir. Belə olan halda istehlakçının təqsiri olmadan düzgün hesablanmamış qazın dəyərinin yenidən hesablanaraq istehlakçıdan tələb edilməsi “X1”nın 5.2-ci maddəsinə və tərəflər arasında bağlanmış müqavilənin yuxarıda göstərilən 3.3-cü bəndinin tələblərinə ziddir. Bundan əlavə, cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında iddiaçıya 2022-ci ilin oktyabr ayı üzrə əlavə olaraq akt əsasında 2374,24 manat məbləğində sərfiyyat borcunun hesablandığını göstərmiş, lakin həmin aktı əldə edə bilmədiyi üçün təqdim edə bilməyəcəyini bildirmiş, həmin borcun da sayğacda olan nasazlıq səbəbindən hesablandığını göstərsə də, təmirə ehtiyacı olan sayğacın xx.xx.2022-ci il tarixdə çıxarılıb yeni sayğacın quraşdırıldığı halda, bunun səbəbini izah edə bilməmiş, həmin borcun yaranmasının əsasını göstərə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, cavabdeh 2022-ci ilin oktyabr ayı üzrə hesablanmış borcun əsaslı olduğunu bildirsə də, bununla bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçıya məxsus qeyriyaşayış sahəsində quraşdırılmış və xx.xx.2022-ci il tarixdə çıxarılmış sayğacın nasazlığının istehlakçının təqsiri üzündən yaranması materiallar ilə təsdiqlənmədiyindən, eyni zamanda həmin borcun hesablandığı müddətlər üçün iddiaçıya “X1” və müqavilənin tələblərinə əsasən istifadə edilmiş qaza görə hesablanmış borc iddiaçı tərəfindən ödənildiyindən iddiaçıya cavabdeh tərəfindən həmin müddət üçün əlavə borcun hesablanması qanunsuz və əsassızdır. Bundan əlavə, materiallardan və tərəflərin nümayəndələrinin izahatlarından məlum olmuşdur ki, cavabdeh tərəfindən iddiaçıya əsassız olaraq hesablanmış 90700,72 manat məbləğində ümumi borcdan 52914,23 manat hissəsi iddiaçı tərəfindən cavabdehə ödənilmiş, hazırda iddiaçı həmin vəsaitin geri qaytarılmasını da xahiş edir. Məhkəmə qeyd edir ki, işin araşdırılan hallarından cavabdeh tərəfindən iddiaçıya əlavə olaraq hesablanmış 90700,72 manat məbləğində borc əsassız olduğundan həmin borcun ödənilmiş 52914,23 manat hissəsinin geri qaytarılması barədə iddiaçının tələbi əsaslıdır və həmin hissədə də təmin edilməlidir. Nəticə: Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya əsassız olaraq hesablanmış 37786,49 manat məbləğində borc silinməli və əsassız olaraq hesablanmış borca görə ödənilmiş 52914,23 manat məbləğində pulun qaytarılması öhdəliyi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 400 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı QSC-yə əsassız olaraq hesablanmış 37786,49 (otuz yeddi min yeddi yüz səksən altı manat qırx doqquz qəpik) manat məbləğində borcun silinməsi və əsassız olaraq hesablanmış borca görə ödənilmiş 52914,23 (əlli iki min doqquz yüz on dörd manat iyirmi üç qəpik) manat məbləğində pulun qaytarılması öhdəliyi Cavabdehnə həvalə edilsin. Ödənilmiş 400 (dörd yüz) manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq İddiaçı QSC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-453/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-453/2023
06.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver