Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4556/2023 20.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “müqavilədən irəli gələn borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, borc, vəkil xərci, mediasiya xərci) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, İddiaçının nümayəndəsi/vəkili Vəkil və nümayəndəsi X1 iştirakı ilə, Cavabdehin nümayəndəsi/vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “müqavilədən irəli gələn borcun ödənilməsi” barədə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi, daha sonra dəqiqləşmə ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən icra olunmamış müqavilənin icrası təmin olunaraq 11.892,50 manatı və gecikdirilmiş 159 gün üçün 1890,51 manat cərimə məbləğini, hüquqlarını bərpa etmək üçün hüquqi yardıma görə ödənilmiş 1520 manatı, mediasiya xərclərinə görə ödənilmiş 200 manatı Cavabdeh MMCdən tutaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 25 iyul 2022-ci il tarixli, BHT-354890 saylı korporativ səyahət və kompleks turizm xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanılmışdır. Müqavilənin şərtlərinə əsasən İcraçı İddiaçı MMC Sifarişçi Cavabdeh MMC-nin, habelə onunla korporativ şəkildə əlaqəli olan tərəfdaşlarının və təşkilatların əməkdaşlarının işgüzar səfərlərinin təmin edilməsi üzrə bir sıra kompleks turizm xidmətlərini (biletlərin və mehmanxanaların bronlaşdırılması, viza xidmətləri, transferin təşkil edilməsi, xaricə gedənlər üçün tibbi sığortaların rəsmiləşdirilməsi və s.) həyata keçirmişdir. Həmin müqavilənin 3.8-ci bəndinə əsasən Sifarişçi göstərilən xidmətlərin dəyərini İcraçıya ödəməyi öhdəsinə götürür. Lakin göstərilən xidmətlərin müqabilində cavabdeh tərəfindən 15248 manat məbləğində pul vəsaiti ödənilməmişdir. İddiaçı 15248 manat məbləğində pul vəsaitinin ödənilməməsi nəticəsində hüquqlarını bərpa etmək üçün 1520 manat hüquqi yardıma görə ödəyərək xərc çəkmişdir. Həmçinin Cavabdeh MMC-yə mediasiya təklifi və mediasiyaya dəvət məktubu göndərilmişdir. Lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat məbləğində mediasiya xərci ödənilmişdir.
3. İddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə onunla əsaslandırılmışdır ki, 25 iyul 2022-ci il tarixli, BHT-354890 saylı müqavilə üzrə ümumi borc məbləği 17792.50 manat təşkil etmişdir. Cavabdeh MMC tərəfindən ayrı-ayrılıqda 2900 və 3000 manat məbləğində ödənişlər edilmişdir. Hazırda 25 iyul 2022-ci il tarixli, BHT-354890 saylı müqavilə üzrə qalıq borc məbləği 11892.50 manat, həmçinin 17 oktyabr 2023-cü il tarixinə qədər 159 gecikdirilmiş gün üçün fazi borcu – 1890.51 manat təşkil edir. Eyni zamanda iddiaçı hüquqlarını bərpa etmək üçün 1520 manat hüquqi yardıma görə ödəyərək xərc çəkmiş, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat məbləğində mediasiya xərci ödənmişdir.
4. Cavabdehin nümayəndəsinin etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 25 iyul 2022-ci il tarixli, BHT354890 saylı korporativ səyahət və kompleks turizm xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanılmışdır. Göstərilən xidmətlərin müqabilində cavabdeh kimi tərəflərindən 15248 manat məbləğində pul vəsaitinin ödənilməməsi barədə hazırkı iddia ilə məhkəməyə müraciət edilərək “Cavabdeh tərəfindən icra olunmamış müqavilənin icrası təmin olunaraq 15248 manatın və 1326,57 manat cərimə məbləğinin, hüquqlarını bərpa etmək üçün hüquqi yardıma görə ödənilmiş 1520 manatın, mediasiya xərclərinə görə ödənilmiş 200 manatın Cavabdeh MMC-dən tutaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Belə ki, müqavilənin şərtlərinə əsasən İcraçı İddiaçı MMC Sifarişçi Cavabdeh MMC-nin, habelə onunla korporativ şəkildə əlaqəli olan tərəfdaşlarının və təşkilatların əməkdaşlarının işgüzar səfərlərinin təmin edilməsi üzrə bir sıra kompleks turizm xidmətlərini (biletlərin və mehmanxanaların bronlaşdırılması, viza xidmətləri, transferin təşkil edilməsi, xaricə gedənlər üçün tibbi sığortaların rəsmiləşdirilməsi və s.) həyata keçirməli idi. Həmin müqavilənin 3.8-ci bəndinə əsasən Sifarişçi göstərilən xidmətlərin dəyərini İcraçıya ödəməyi öhdəsinə götürmüşdür. Lakin nəzərə alınması zəruridir ki, həmin zaman Cavabdeh MMC-nin əməkdaşları və onlarla birlikdə səfərdə olan şəxslər müqavilə üzrə əvvəlcədən razılaşdırılmış şərtlərdən kənar hallarla qarşılaşmışlar. Belə ki qoşmaya əlavə edilmiş İddiaçı MMC-nin əməkdaşı Sabina xanımla əməkdaş (səfərdə olan şəxs) arasında olan whatsapp yazışmasından da göründüyü kimi tur bələdçisi kimi çıxış edən şəxsin İngilis dili bilməsi əvvəlcədən razılaşdırıldığı halda Rus dilində bilən bələdçi göndərilmişdir ki, burada da əməkdaşlar həmin dil biliyinə sahib olmadıqlarına görə ciddi şəkildə çətinlik çəkmişdir. Əməkdaş səfərdə olarkən onlarla birlikdə olan azyaşlı uşaqların yemək və digər təminatları düşünülməyib, onlar üçün hər hansısa xidmətlər təmin edilməmişdir ki, nəticədə də gəmi gəzintisidə olarkən uşaqlara yemək verilməmişdir. Uşaqlar üçün digər masalarda uşaq yeməkləri verilsə də Sabina xanım bu halı “biz bilməmişik uşaqlar üçün ayrıca menyu var” formasında cavab vermişdir. Göründüyü kimi iddiaçı tərəfindən səfər planına konkret laqeyd şəkildə yanaşılmış və individual yanaşmalar həyata keçirilməmişdir. Bununla da həm azyaşlı uşaqlar ac qalmış həm də böyük şəxslər uşaqların ac qalmasına görə istirahət edə bilməmişlər. Nəticədə bir neçə saatlıq gəmi gəzintisi onlar üçün vaxt itkisindən başqa heçnə olmamışdır. Transfer üçün əvvəlcədən razılaşdırılmış qaydada Land Cruiser markalı avtomobil qərarlaşdırılsa da sonradan Jaquar markalı istək və tələblərə uyğun olmayan bir avtomobil təyin edilmişdir. Halbuki bunun təyinatından heçbir formada məlumat verilməmişdir. Land Cruiser markalı avtomobili seçilməyinə rəğmən iddiaçı vəya iddiaçının əməkdaşları tərəfindən öz şəxsi mülahizə və fikirləri ilə planda razılaşdırılmamış dəyişikliklər etmişlər. Bununla da səfər edən əməkdaşların planları və gözləntiləri mənfi olmuşdur. Bundan başqa Parisdə suit otaq sifariş verilsə də standart otaq verilmişdir. İddiaçı şirkətin əməkdaşı Sabina xanıma 1ci qeyd edilən faktı bildirdikdə isə öz şəxsi mülahizələrini ortaya ataraq “düşündüm ki ingilis dilli göndərərlər orda hamı ingilis dilində olur” kimi əsassız bir izah vermişdir. İddiaçı şirkətin əməkdaşı Sabina xanıma 2-ci qeyd edilən faktı bildirdikdə o əsassız bir formada cavab verərək “hər qala şam yeməyinin öz ayrı menyusu olur onlar öncədən tərtib edirlər, o haqda məlumatım yox idi ki, uşaqlar üçün ayrıca menyu var, partnyor mənə nə göndəribsə məndə onu sizə göndərmişəm” kimi əsassız bir izah vermişdir. Əslində elə iddiaçının əməkdaşı özü də etiraf edir ki, bu iddiaçının partyorunun günahıdır. Bizim isə burada heçbir təqsirimiz yoxdur. Hazır paket alıb səfərə gedən insanın belə bir xoşagəlməz surprizlərlə qarşılaşmasının birmənalı günahkarı elə iddiaçı özüdür. İddiaçı bu hallarla bağlı günahı özündə görmürsə o zaman partnyor şirkətə müraciət edib zərərinin əvəzini tələb etməlidir. İddiaçı şirkətin əməkdaşı Sabina xanıma 3-cü qeyd edilən faktı bildirdikdə isə o yenə də öz şəxsi mülahizələrini ortaya ataraq “X5 bildirilib Jaquar göndəriblər amma Jaquar da aşağı kateqoriya deyil” məzmununda əsassız bir fikir bildirmişdir. Göründüyü kimi iddiaçı tərəfindən müqavilə natamam və səfər edən əməkdaşların əvvəlcədən razılaşdırılmış qaydada tələblərinə uyğun olmayan şəkildə təmin edilmişdir. Bütün bu faktlar iddia ərizəsi verilərkən məhkəmədən gizlədilmişdir. Qeyd edilənlərə əsasən yekun olaraq iddiaçı 15004 manat qarşılığında qeyd edilən xidmətlərin göstərilməsində cavabdeh razılığa gəlmişdir. Həmin məbləğdən 2403 manat gəmi siyahəti+1146 manat Parisdəki otelə görə istifadə edilməmiş məbləğ = 3549 manat dəyərində xidmətlər göstərilmədiyindən həmin xidmətlərin dəyəri ödənilməli deyil. Eyni zamanda 5900 manat məbləğində ödəniş tərəflərindən edilmişdir. Ödənilməməli olan xidmətlərin məbləği-3549 manat ilə ödənilən 5900 manat məbləğdən sonra geridə qalan 5555 manat məbləğində də yarısını cavabdeh ödəməyə razıdır. Belə ki, yarısının ödənilməsinə səbəb müqavilənin şərtlərinə əsasən səyahət planının tam həyata keçirilməməsi və dəymiş mənəvi zərərin əvəzidir. İddiaçı MMC-nin iddiasının qismən 2777 manat hissədə təmin edilməsi, qalan hissədə təmin edilməməsi barədə qətnamə qəbul edilməlidir.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndələri iddia və dəqiqləşmə ərizələrinə uyğun olaraq izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Əlavə olaraq cavabdeh tərəfin etiraz etdiyi məqamlara dair bildirdilər ki, transfer şirkəti aviakompaniyanın gecikməsinə görə məsuliyyət daşımır və onların gözləmə limiti vardır. Cavabdeh bununla bağlı aviaşirkətdən kompensasiya tələb edə bilər. Bələdçinin rusdilli olması ilə bağlı qeyd edir ki, cavabdeh tərəf Watsapp yazışmasında dil fərqinin olmadığını bildirmişdir. Bununla bağlı vatsap yazışması təqdim edilib. Təqdim edilmiş Jaquar avtomobil ilə bağlı bildirir ki, bu avtomobil də Land Cruser ilə eyni təsnifatdan olan avtomobildir. Standart otağın təqdim edilməsi ilə bağlı qeyd etdi ki, Parisdəki Adele&Jules Paris oteli tərəfindən rezervasiya edilmiş suit otağın təqdim edilməməsi üçün turizm şirkəti məsuliyyət daşımır, çünki iddiaçı tərəfindən həmin oteldə məhz suit otağı rezervasiya olunmuşdur. Buna dair sübut təqdim edilmişdir. Və cavabdehin argumenti ki, həmin oteldə umumiyyətlə 32 kv.m otağın olmaması yalnışdır, həmin otelin saytına daxil olanda belə 32 kv.m otaqların mövcüdluğu görsənir. Digər tərəfdən, cavabdeh tərəfindən 15 kv.m otaqda qalmasına dair sübut təqdim olunmayıb.
6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi bildirdi ki, biletlərin alışı, X4, Disneyland biletləri ilə bağlı göstərilmiş xidmətləri qəbul edirlər. Parisdə Adele&Jules Paris oteli ilə bağlı onu qeyd edirlər ki, iddiaçı tərəf 32 kv.m olan otağın bron edildiyini bildirsə də, lakin araşdıranda müəyyən ediblər ki, bu ölçüdə ümumiyyətlə otaq olmayıb, oteldə yalnız 15 kv.m ölçülü otaqlar olub. Buna görə də həmin xidmətə görə 1674 ABŞ doları məbləğini qəbul etmir. Hesab edir ki, bu xidmətin dəyəri 1000 ABŞ doları məbləğində olmuşdur və bu məbləği ödəməyə razıdırlar. Lakin, təqdim edilmiş otağın məhz 15 m2 olmasına dair sübutun olmadığını bildirdi. Yeni il Gala Şam yeməyi ilə əlaqədar xidmətin göstərilməsini də qəbul etmir. Belə ki, gəmi gəzintisidə olarkən uşaqlara yemək verilməmişdir. Bununla da həm azyaşlı uşaqlar ac qalmış həm də böyük şəxslər uşaqlar ac qalmasın deyə gəmi limana yaxınlaşan kimi, gəmidən düşüb başqa restorana getdilər. Transfer xidmətini də qəbul etmir. Belə ki, transfer üçün əvvəlcədən razılaşdırılmış qaydada Land Cruiser markalı avtomobil gəlməli olduğu halda Jaquar markalı bir avtomobil gəlmişdir. Bununla bağlı iddiaçı şirkətinə irad bildirildikdə Sabina adlı əməkdaşı cavabında bildirdi ki, transfer şirkəti aviakompaniyanın gecikməsinə görə məsuliyyət daşımır və maksimum 45 dəqiqə gözləyə bilər. Halbuki, gecikmə cavabdehin günahı üzündən olmamışdır. Hesab edir ki, bu problem turizm şirkəti ilə daşıma xidmətinin arasında olan problemdir. Buna görə də bu xidmətə görə cavabdehdən pul tələb edilə bilməz. Bundan başqa Cenevrədə ekskursiya xidmətlərini də qəbul etmir. Whatsapp yazışmasından da göründüyü kimi tur bələdçisi kimi çıxış edən şəxsin İngilis dili bilməsi əvvəlcədən razılaşdırıldığı halda göndərilən bələdçi ancaq rus dilini bilirdi, halbuki səfərdə olan şəxslər ümumiyyətlə rus dilini bilmirdilər. Lakin gəmi gəzintisindən istifadə edildiyi üçün bunun müqabilində müəyyən ödəniş edilə bilər. Jaquar avtomobili ilə 1 saatlıq gəzinti üçün ortalama 150 avro ödəməyə də razırdır. Belə ki, vatsap yazışmasında iddiaçı qeyd etmişdir ki, Jaquar avtomobilinin 2 saatlıq qiyməti 240 avrodur. Beləliklə cavabdehin hesablamalarına əsasən iddiaçıya 11.727 manat, bu məbləğdən də 2900 və 3000 manat ödəniş etmişdir. Cavabdeh ödənilmiş məbləğlər çıxıldıqdan sonra qalan məbləğin yarısını ödəməyə razıdır. Həmin məbləğin yalnız yarısını ödəmək istəyinin səbəbi isə müqavilənin şərtlərinə əsasən səyahət planının tam həyata keçirilməməsi və dəymiş mənəvi zərərin əvəzi kimi qəbul etməsidir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixli, BHT-358490 saylı korporativ səyahət və kompleks turizm xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən:
9. Müqavilənin 1.1.-ci bəndinə əsasən İcraçı Sifarişçinin, habelə onunla korporativ şəkildə əlaqəli olan tərəfdaşlarının və təşkilatlarının əməkdaşlarının işgüzar səfərlərinin təmin edilməsi üzrə kompleks xidmətlər göstərir; yəni sifarişçiyə daxili və beynəlxalq daşımalara dair təyyara və dəmir yol biletlərinin bronlaşdırılması, satışı və çatdırılması, mehmanxanaların bronlaşdırılması, tranzit məntəqələrində trasferin təşkil edilməsi, viza xidmətləri, xaricə gedənlər üçün tibbi sığortaların rəsmiləşdirilməsi üzrə və tərəflər arasında yazılı şəkildə razılaşdırılan digər xidmətləri göstərmək öhdəliyini qəbul edir. Xidmətlər sifarişçinin yazılı (həmçinin elektron vasitələrlə göndərilmiş) sifarişi əsasında göstəriləcək.
10. Müqavilənin 2.1-ci bəndinə əsasən icraçı sifarişçi tərəfindən hər bir konkret halda təqdim olunmuş sifarişçiyə müvafiq olaraq, öz üzərinə aşağıdakı öhdəlikləri götürür: - sifarişçilərin əlavə tələbi əsasında mehmanxanaların bronlaşdırılması, transferin təşkili, avtomobillərin icarəsi kimi səfərlərlə əlaqəli olan xidmətlərin sifarişini və satışını həyata keçirmək; - Xidmətlər üzrə əlaqələndirmək üçün əlaqələndirici şəxs təyin etmək; - Əvvəlcədən məlumatı olduğu halda, sifaişçini təyyarə və dəmiryol nəqliyyatının hərəkət cədvəlində, daşıma tarifləri və şərtlərində, mehmanxana qiymətlərində, təyyarə və dəmiryol daşımalarına, habelə digər xidmətlərə dair xüsusi güzəştli tariflərin tətbiq olunmasında yaranan dəyişikliklər barədə məlumatlandırmaq; İcraçının bu hallar barədə əvvəlcədən məlumatı olmadığı təqdirdə və bu səbəbdən icraçı sifarişçiyə məlumat verə bilmədikdə, icraçı sifarişçi qarşısında heç bir məsuliyyət daşımır; - rəsmiləşdirilmiş sənədlərin sifarişçiyə çatdırılmasını həyata keçirmək və sifarişçiyə icraçının xidmətlərinin ödənişinə dair hesab-fakturanı təqdim etmək.
11. Müqavilənin 2.2-ci bəndinə əsasən sifarişçi öz üzərinə aşağıdakı öhdəlikləri götürür: - bu müqavilə və ona əlavələrdə göstərilən şərtlərə uyğun ödəniş etmək.
12. Müqavilənin 3.1-ci bəndinə əsasən hazırkı müqavilə üzrə xidmət haqqı sifarişçi tərəfindən sifariş olunan xidmətlərdən asılı olaraq vergilər daxil olmaqla aşağıdakılardan ibarət olacaq: daşıyıcılar, mehmanxanalar üzrə göstərdiyi xidmətlərə görə ödənişlər, icraçının xidmət haqqı və tətbiq edilən qanunla müəyyən olunan vergilər.
13. Müqavilənin 3.4-cü bəndinə əsasən sifarişçi göstərilmiş xidmətlər üçün xidmət haqqını icraçı tərəfindən təqdim olunan hesab faktura əsasında ödəyəcək.
14. Müqavilənin 3.7-ci bəndinə əsasən hazırkı müqavilə üzrə hər hansı bir ödəniş bank köçürməsi ilə və ya müvafiq təhvil/təslim aktı üzrə nağd şəkildə ödəniləcək.
15. Müqavilənin 3.8-ci bəndinə əsasən icraçı göstərdiyi xidmətlər üçün hesab fakturaları təqdim edəcək və sifarişçi hesab fakturanı aldığı andan 1 bank günü ərzində onları ödəyəcək.
16. Müqavilənin 3.9-cu bəndinə əsasən sifarişçinin xidmətlərin ödənişi üzrə öhdəliy yalnız vəsaitlərin icraçının bank hesabına daxil olması və ya müvafiq təhvil-təslim aktının imzalanması ilə icra olunmuş hesab olunur.
17. Müqavilənin 3.10-cu bəndinə əsasən sifarişçi tərəfindən ödənişlər gecikdirildiyi halda, icraçı yaranmış borc məbləği üzrə hər gecikmə gününə görə 0.1% həcmində cərimə sanksiyası tətbiq ediləcəkdir.
18. Müqavilənin 7.2-ci bəndinə əsasən sifarişçi tərəfindən ödənişlər gecikdirildiyi halda, icraçı öz digər hüquqlarına və hüquq müdafiə üsullarına xələl gəlmədən yaranış borc məbləği üzrə hər gecikmə gününə görə 0.1% həcmində cərimə sanksiyası tətbiq edəcəkdir.
19. Müqavilənin 7.3-cü bəndinə əsasən icraçı daşıyıcılar, mehmanxanalar, yaxud otellər və digər nəqliyyat təşkilatları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinə və ya onlar tərəfindən xidmət göstərilməməsinə görə məsuliyyət daşımır.
20. 28.12.202-ci il tarixli, T-107443 saylı sifariş bildirişinə əsasən Paris, hava limanından otel transferi üçün 115 ABŞ dolları məbləğində xidmət haqqı ödənilmişdir.
21. xx.xx.2023-cü il tarixli, 2921 saylı invoysa əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə cəmi 17.792,50 məbləğində, o cümlədən təyarə biletləri (1660 manat, 1660 manat, 1498 manat, 1498 manat), qatar bileti (1190 manat), oturacaq yeri xərci (39,10 manat), hotel Adele and Jules Paris (4241,50 manat), X3 (1270 manat), disneyland giriş biletləri (980 manat), yeni il Gala Şam yemeyi (2812 manat), T-107443 transver (238 manat), Cenevrədə ekskursiya (705,9 manat) xidmətlər göstərilmişdir.
22. 17.01.2023-cü il tarixli, EBCN seriyalı, 079555 saylı elektron qaiməyə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 8167 manat məbləğində turizm xidmətləri, xx.xx.2023-cü il tarixli, EBDC seriyalı, 506011 saylı elektron qaiməyə əsasən transfer, ekskursiya və qidalanma üzrə 1913 manat məbləğində və xx.xx.2023-cü il tarixli EBDD seriyalı 171250 saylı elektron qaiməyə əsasən aviabilet sifarişləri üzrə 5168 manat dəyərində xidmətlər göstərilmişdir.
23. 09.02.2023-cü il tarixli ödəniş qəbzinə əsasən EBCN 078833 saylı qaiməyə əsasən 3000 manat dəyərində və xx.xx.2023-cü il tarixli ödəniş qəbzinə əsasən isə 412369 saylı qaimə üzrə 2900 manat dəyərində Cavabdeh MMC tərəfindən ödəniş həyata keçirilmişdir.
24. 23.06.2023-cü il tarixli, BD1 saylı ödəniş tapşırığına əsasən İddiaçı MMC tərəfindən “De Fendo” vəkil bürosuna 1520 manat məlbəğində xidmət haqqı ödənilmişdir.
25. Məhkəmə qeyd edir ki, sübutetmə predmetinə daxil olan iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi, daha sonra həmin hallara tətbiq edilən hüquq normalarının şərh edilməsi məhkəmə araşdırmasının obyektivliyi və ədalətliliyi üçün zəruridir.
26. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
27. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 25 iyul 2022-ci il tarixli, BHT-354890 saylı korporativ səyahət və kompleks turizm xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanılmışdır. Müqavilənin şərtlərinə əsasən İcraçı İddiaçı MMC Sifarişçi Cavabdeh MMC-nin, habelə onunla korporativ şəkildə əlaqəli olan tərəfdaşlarının və təşkilatların əməkdaşlarının işgüzar səfərlərinin təmin edilməsi üzrə bir sıra kompleks turizm xidmətlərini (biletlərin və mehmanxanaların bronlaşdırılması, viza xidmətləri, transferin təşkil edilməsi, xaricə gedənlər üçün tibbi sığortaların rəsmiləşdirilməsi və s.) həyata keçirmişdir. Həmin müqavilənin 3.8-ci bəndinə əsasən Sifarişçi göstərilən xidmətlərin dəyərini İcraçıya ödəməyi öhdəsinə götürmüşdür. Lakin göstərilən xidmətlərin müqabilində cavabdeh tərəfindən xidmət haqqı tam ödənilməmişdir.
28. Beləliklə, tərəflər arasında xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır.
29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
30. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
31. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
33. Məhkəmə araşdırlması zamanı iddiaçı tərəfindən xidmətlərin göstərilməsi cavabdeh tərəfindən qismən qəbul edildi: göstərilən aşağıdakı xidmətlərdən “təyarə biletləri, qatar bileti, oturacaq yeri xərci, hotel Adele and Jules Paris, X3, disneyland giriş biletləri, yeni il Gala Şam yemeyi, T-107443 transver, Cenevrədə ekskursiya” adlı xidmətlərdən cavabdeh tərəfindən dörd təyarə biletləri(1660 manat, 1660 manat, 1498 manat, 1498 manat) və bir qatar bileti (1190 manat), X3 (1270 manat), disneyland giriş biletləri (980 manat) qəbul edilir.
34. Beləliklə, xx.xx.2023-cü il tarixli invoice-da göstərilən dörd təyarə biletləri (1660 manat, 1660 manat, 1498 manat, 1498 manat) və bir qatar bileti (1190 manat), X3 (1270 manat), disneyland giriş biletləri (980 manat) adlı xidmətlərin (cəmi 9756 manat dəyərində) iddiaçı tərəfindən cavabdehə tam göstərilməsi cavabdehin nümayəndəsinin izahatı (xx.xx.2023-cü il tarixli məhkəmə iclası) ilə təsdiq və qəbul olunduğu üçün məhkəmə tərəfindən işin mübahisə edilməyən halı kimi qiymətləndirilir.
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir
36. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən ...Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.
37. Aşağıda qeyd olunan xidmətləri cavabdeh tərəf mübahisələndirdiyi üçün (təyarədə ön sırada oturmağa görə əlavə 39,10 manat dəyərində xidmət haqqını tam qəbul etmədiyini, hotel Adele and Jules Paris xidmətinin dəyərindən yalnız 1000 ABŞ dolları məbləği ilə razılaşa biləcəyini, “Yeni il Gala Şam yeməyi” xidmət haqqını tam qəbul etmədiyini, T-107443 transfer - xidmət haqqını tam qəbul etmədiyini, Cenevrədə ekskursiya” adlı xidmətinin dəyərindən yalnız 150 avro məbləği ilə razılaşa biləcəyini bildirdiyi) məhkəmə yalnız bu hallara dair gəldiyi nəticələri aşağıda qeyd olunanlara əsasən giymətləndirir.
38. Birincisi, 39.10 manat dəyərində olan **********686 seat adlı (ön sırada oturmağa görə əlavə xərc) hissəsində məhkəmə qeyd edir ki, bu cür xidmətin cavabdeh tərəfindən sifariş verilməsi, razılaşdırılması və həmin xidmətdən istifadə edilməsi iş materialları ilə sübuta yetirilmədiyi üçün bu hissədə iddia tələbi təmin edilməməlidir.
39. Cavabdeh tərəfindən qismən mübahisələndirilən ikinci “hotel Adele and Jules Paris xidmətinin” dəyərinə gəldikdə isə məhkəmə hesab edir ki, cavabdehin etirazı əsassız olduğu üçün həmin xidmətin dəyəri olan 4241,50 manat pul tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, cavabdeh tərəf bildirir ki, hotel Adele and Jules Paris-də onlara 32 kv.m sahəsi olan otaq deyil, 15 kv.m otaq verilmişdir və öz araşdırmalarına görə 15 kv.m otağın dəyəri 1000 ABŞ dolları təşkil etdiyi üçün, yalnız həmin məbləği ödəyə biləcəklərini qeyd edir. Lakin, qeyd olunan oteldə 32 kv.m deyil, məhz 15 kv.m sahəsi olan otaqda qaldıqlarını və həmin otağın dəyərinin 1000 ABŞ dolları olmasını təsdiq edən heç bir sübut təqdim edilməmişdir. Əksinə, iddiaçı tərəfindən təqdim olunan invoice və whatsapp yazışmasından görünür ki, iddiaçı şirkət tərəfindən Hotel Adele and Jules üçün Qanuni nümayəndə adına üç gecəlik otel rezervasiya edilmiş və həmin xidmətin dəyəri tərəflər arasında 2495 ABŞ dolları (4241,5 manat) məbləğində razılaşdırılmışdır.
40. Cavabdeh tərəfindən mübahisələndirdiyi digər xidmət – “Yeni il qala şam yeməyi” ilə bağlıdır. Araşdırma zamaı müəyyən olundu ki, həmin xidmətə gəmi gəzintisi, şam yeməyi və yeni il şənliyi daxil idi. Cavabdeh tərəf təqdim olunan şam yeməyi ilə razı qalmadığı üçün (uşaq menyusunun verilməməsi) həmin xidmətin dəyərinin ödənilməsinə etiraz edir. Lakin, məhkəmə qeyd edir ki, cavabdeh tərəf həmin xidmətdən istifadə etdiyi (gəmidə gəzinti, whatsapp-yazışmasına əsasən yeməklərə rəy verməsi, yeni il şənliyinə qalmamasını bildirsə də sübuta yetirə bilməməsi) və xidmət kompleks şəklində (gəmi gəzintisi, şam yeməyi və yeni il şənliyi) təqdim olunduğu üçün həmin xidməti dəyəri olan 2812 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
41. Mübahisələndirilən digər xidmət – 238 manat dəyərində olan transfer dəyəridir. Məhkəmə bu xidmətlə bağlı cavabdeh tərəfin irəli sürdüyü arqumentlərini əsaslı hesab edir və həmin hissədə iddianın təmin edilməməsi gənayətinə gəlir. Belə ki, məhkəmə iclaslarında həm iddiaçı, həm cavabdeh tərəf təsdiq etdilər ki, təyarənin enişi gecikdiyi üçün cavabdeh tərəf təyarədən enən zaman transfer xidmətini göstərməli nəqliyyat şirkətini görməmiş və həmin xidmətdən istifadə edə bilməmişdir.
42. xx.xx.2023-cü il tarixli invoiceda göstərilən və cavabdeh tərəfindən mübahisələndirilən “Cenevrədə ekskursiya” xidmətinə gəldikdə məhkəmə hesab edir ki, bu hissədə iddia tələbi əsaslı olduğu üçün həmin xidmətin dəyəri olan 705,9 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, cavabdeh tərəf bildirir ki, həmin xidmətdən həqiqətən də istifadə olunmuş, lakin bələdçi rus dilli olduğu (cavabdeh tərəfin dili başa düşmədikləri) üçün həmin xidmətin dəyərindən cəmi 150 avro ödəməyə razılaşa bilərlər. Lakin, iş materiallarına əlavə olunmuş whatsapp-yazışmasından görünür ki, xidmətlər razılaşdırılarkən cavabdeh tərəfindən ekskursiya zamanı ümumiyyətlə “bələdçi dil fərqi yoxdur” bildirilmişdir, rus dilini bilmədikləri bildirilməmiş və ya ingilis dilli bələdçi olması istənilməmişdir.
43. Göründüyü kimi cavabdeh tərəf iddia ərizəsi üzrə qəbul etmədiyi bəzi xidmətlərə dair tutarlı sənəd-sübut təqdim etməmişdir.
44. Məhkəmə qeyd edir ki, MPM-də çəkişmə prinsipi və bir başa göstərilməyən, lakin nəzərdə tutulan dispozitivlik prinsipi xüsusi yer tutur və həmin prinsiplərə əsasən, məhkəmə icraatı zamanı işin halları yalnız tərəflərin bildirdikləri faktlar və təqdim etdikləri sübutlar əsasında müəyyən edilir.
45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
46. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
47. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
48. Beləliklə, xx.xx.2023-cü il tarixli invoice-de göstərilən xidmətlərin cəmi 17792,5 manat dəyərindən (39,10 manat və 238 manat istisna olmaqla və cavabdeh tərəfindən ödənilmiş 3000 manat və 2900 manat çıxılmaqla) 11615,40 manat xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
49. Bununla yanaşı, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BHT-358490 saylı korporativ səyahət və kompleks turizm xidmətlərinin göstərilməsinə dair müqavilənin müqavilənin 7.2-ci bəndinə əsasən hesablanmış 1890,51 manat dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
50. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
51. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
52. Cavabdehdən tutulacaq dəbbə pulunun məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
53. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən müqavilə üzrə tutulacaq dəbbə pulu 580 manat məbləğində müəyyən edilməlidir.
54. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 200 manat məbləğində mediasiya xərcləri ödənilmişdir.
55. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
56. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
57. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
58. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, hüquqi yardımla bağlı ödənilmiş pul vəsaitinin əvəzi qismində 350 manat, ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 200 manat məbləğində pul vəsaitləri cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
V. Nəticə:
59. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2022-ci il tarixli BHT-358490 saylı korporativ səyahət və kompleks turizm xidmətləri göstərilməsinə dair müqavilə üzrə 11615,4 manat borc əsas borc məbləği, 580 manat məbləğində cərimə pulu olmaqla cəmi 12195,40 (on iki min yüz döxsan beş manat, 40 qəpik) manat və ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 200 (iki yüz) manat və vəkil xərcinin əvəzi olaraq 350 (üç yüz əlli) manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova