Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4559/2024 04.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər:) (müqavilə üzrə əsas borc, iddia müddəti) Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Daşdəmirova Ləman Şahlar qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 21391 manat xidmət haqqı və ödənilmiş 155 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azerfon” MMC ilə Cavabdeh MMC arasındaimzalanmış 15 aprel 2011-ci il tarixli abunə əsasən abunəçiyə müvafiq nömrələr təqdim edilmiş və telekommunikasiya xidmətləri göstərilmiş, Cavabdeh MMCisə müvafiq tarif planı üzrə nəzərdə tutulmuş qaydada təqdim olunan xidmətlərdən istifadə edib xidmətlərdən istifadəyə görə müvafiq ödənişləri həyata keçirməli idi. Xidmətlərdən istifadəyə görə abunəçinin İddiaçı MMC-yə cəmi 21.391 manat borcu yaranmışdır.
3. 24 iyun 2024-cü il tarixdə cavabdeh “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə iş üzrə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etmişdir.
4. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsini vermək üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulmuş müqavilə tələbləri üzrə iddia müddətini ötürməklə vermişdir. Bu səbəbdən iddia əsassızdır. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: 1. o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; 2. iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir;
3. iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qeyd edilənləri nəzərə alaraq iddia müddətinin tətbiq edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
5. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
6. xx.xx.2024-cü il tarixdə ərizə təqdim edərək məhkəmə baxış iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan, təqdim edilmiş sübutlar əsasında keçirilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil təqdim etdiyi iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə uyğun izahat verərək tələbin rədd edilməsini məhkəmədən xahiş etdi.
Məhkəmə baxışının hədləri:
8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. - III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. Azerfon MMC və NTC MMC arasında bağlanmış 15 aprel 2011-ci il tarixli abunə müqaviləsinin: 1.1-ci bəndinə əsasən, bu Müqavilədə nəzərdə tutulmuş şərtlər İddiaçıun mobil telefon şəbəkəsinə qoşulan bütün abunəçilərinə tətbiq olunur. 1.2-ci bəndinə əsasən, Abunəçi bu Müqaviləni imzalamaqla bu Müqavilənin bütün şərtlərini qəbul etdiyini təsdiq edir. 3-cü maddəsinə əsasən, Tərəflər müqaviləyə əlavə olunan siyahıda əks olunan nömrələri Azerfon tərəfindən xidmətlərdən istifadə üçün Abunəçiyə təqdim etməsinə, Abunəçi tərəfindən xidmətlərdən istifadə üçün Abunəçiyə təqdim etməsinə və müvafiq Tarif Planına uyğun olaraq xidmət haqqının ödənilməsinə razılaşırlar. 5.2-ci bəndinə əsasən, Abunəçiyə tarif planına uyğun istifadəsində olan xidmətlərə görə hesab-faktura təqdim olunur. Hesab-faktura aldıqda Abunəçi ödənişi hesab-fakturada göstərilən son ödəmə tarixindən əvvəl həyata keçirməyə borcludur. Hesab-fakturada göstərilən məbləğin tam olaraq vaxtında ödənilməməsi bu Müqavilənin şərtlərinin kobud şəkildə pozulması kimi hesab edilir. 5.4-cü bəndinə əsasən, Abunəçiyə göndərilən hər hansı bildirişin və ya hesabfakturada göstərilən hər hansı məlumat, məbləğ və ya tələbin Abunəçi tərəfindən anlaşılmaması, onu həmin hesab-fakturada göstərilən məbləği ödəmək və ya başqa tələbi yerinə yetirmək öhdəliyindən azad etmir. 5.8-ci bəndinə əsasən, hesab-faktura Azerfon tərəfindən müəyyən olunan formada tərtib edilir. 5.9-cü bəndinə əsasən, hesab-faktura növbəti hesablaşma dövrünün əvvəlində tərtib edilir.
10. NTC MMC tərəfindən Azerfon MMC-yə ünvanlanan, MMC-nin Baş direktoru tərəfindən imzalanan təminat məktubundan görünür ki (məktubda tarix qeyd olunmamışdır), NTC MMC bu məktubla təsdiqləyir ki, şirkətə ayrılan nömrələrin (siyahı əlavə olunmuşdur) dəyərini və həmin nömrələr üzrə göstərilən xidmətlərə görə ödənişlərin təyin olunmuş müddət ərzində ödənilməsinə zəmanət verilmişdir.
11. NTC MMC tərəfindən Azerfon MMC-yə ünvanlanan, MMC-nin Baş direktoru və Baş mühasibi tərəfindən imzalanan xx.xx.2012-ci il tarixli təminat məktubundan görünür ki, NTC MMC bu məktubla təsdiqləyir ki, şirkətə ayrılan nömrələrin (siyahı əlavə olunmuşdur) dəyərini və həmin nömrələr üzrə göstərilən xidmətlərə görə ödənişlərin təyin olunmuş müddət ərzində ödənilməsinə zəmanət verilmişdir. 12.Azerfon MMC tərəfindən təqdim edilən xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2011-ci il tarixli müqavilə üzrə abunəçinin Azefon MMC-yə 21391 manat borcu yaranmışdır. NGBSS sistemindən görünür ki, abunəçinin ******* və ******* saylı hesabları olmuşdur. Abunəçinin ******* saylı hesaba görə 13131 manat, ******* saylı hesaba görə 8260 manat borcu vardır.
13. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçı qarşısında təqdim edilmiş xidmətlər üzrə ödənişləri həyata keçirmək öhdəliyi tərəflər arasında bağlanan 15 aprel 2011-ci il tarixli abunə müqaviləsindən irəli gəlir. Belə ki, tərəflər arasında abunə müqaviləsindən gələn öhdəlik münasibəti yaranmış, iddiaçı müqaviləyə əlavədə müəyyən edilən nömrələri və telekommunikasiya xidmətlərini cavabdehə təmin etməyi, cavabdeh isə öz növbəsində müqavilə və müvafiq tarif planı üzrə nəzərdə tutulmuş qaydada təqdim olunan xidmətlərdən istifadə etməyi və xidmətlərdən istifadəyə görə müvafiq ödənişləri həyata keçirməyi öz öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunan təminat məktubları ilə təsdiq olunur ki, mobil nömrələr cavabdeh tərəfindən qəbul edilmişdir. Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək iddia müddəti keçdiyinə görə iddia tələbinin rədd edilməsini xahiş edir.
14. Məhkəmə iddiaçının tələbinə münasibətdə bildirir ki, tərəflər arasında bağlanmış 15 aprel 2011-ci il tarixli abunə müqaviləsinin 5.2-ci bəndinin tələblərinə əsasən Abunəçiyə, yəni cavabdehə tarif planına uyğun istifadəsində olan xidmətlərə görə hesab-faktura təqdim edilməsi və sonuncunun həmin hesab-fakturayə əsasən ödənişi həyata keçirməli olması nəzərdə tutulmuşdur. Lakin qeyd edilməlidir ki, iddiaçı qarşı tərəfə hesab-faktura göndərilməsi faktıını təsdiq edə bilməmiş, müvafiq fakturaları məhkəməyə təqdim etməmişdir. İddiaçı, tərəflər arasında bağlanmış 15 aprel 2011-ci il tarixli abunə müqaviləsi üzrə üzərinə düşən öhdəliyin lazımı qaydada icrasını məhkəmədə sübuta yetirə bilməmişdir.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
16. MM-in 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. MM-nin 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir.
17. MM-in 373.2-ci maddəsinə görə, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir.
18. MM-in 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
19. MM-in 377.1-ci maddəsinə görə, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il tarixli Qərarında qeyd etmişdir ki, “iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı.Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir”.
21. Hazırki iş üzrə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 25 may 2018-ci il tarixli, REF 106İNTL181450005 nömrəli ödəniş tapşırığına əsasən Cavabdeh MMC tərəfindən 15 aprel 2011-ci il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2018-ci il tarixdə 1000 manat məbləğində ödəniş edilmiş, həmin tarixdən sonra hər hansı ödəniş həyata keçirilməmiş, beləliklə də, iddiaçıya artıq hüququnun pozulma vaxtı məlum olmuşdur.
22. Qeyd edilməlidir ki, mübahisə tərəfin iddia müddətinin keçməsinin tətbiq edilməsi barədə verdiyi ərizə məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsas deyil. İddia hüququnun yaranması üçün subyektiv mülki hüququn pozulması faktı mövcud olmalıdır. Əgər iddiaçı öz hüququnun pozulmasını pozulma anı yox, daha gec müddətdə bilmişdirsə bunu sübut etməlidir. Məhkəmədə iddiaçı bunu sübut edə bilməmişdir və cavabdeh tərəfindən borcun ödənilmədiyini bildiyi halda məhkəməyə iddia ərizəsi ilə 21 iyun 2024-cü il tarixdə müraciət etmiş və bununla da iddia müddətini ötürmüşdür. 23.Beləliklə, məhkəmə işin sadalanan xüsusatlarına məcmu halda qiymət verərək hesab edir ki, iddiaçı 15 aprel 2011-ci il tarixli abunə müqaviləsi üzrə öhdəliyin icra edilməsi ilə bağlı iddianın qanunla müəyyən edilmiş 03 illik iddia müddətini ötürdükdən sonra məhkəməyə müraciət etdiyindən iddia tələbi əsassızdır və rədd olunmalıdır.
24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
25. İddia rədd edildiyindən məhkəmə hesab edir ki, dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən İlham Əhmədov