Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-456/2025 15.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC "xxxx" Bankının Cavabdeh qarşı borcun tutulması və s. tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit və ipoteka müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı ASC "xxxx" Bankının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC "xxxx" Bankının Cavabdeh qarşı “borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı ASC "xxxx" Bankı Cavabdeh qarşı iddia və iddianın dəyişdirilməsi barədə ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli **********13219/İM №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Cavabdeh məxsus olan ünvan 1 ünvanında olan 0.04312 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 2587.3 kv.m ümumi sahədən ibarət 5 mərtəbəli qeyri-yaşayış binasına tutmanın yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və həmin əmlak obyektinin satışından əldə olunan vəsait hesabına borc alan X1 25 sentyabr 2019-cu il tarixli **********13219 №-li Kredit müqaviləsi üzrə iddiaçı ASC "xxxx" Bankı qarşısındakı 889.808,46 manat məbləğində əsas borcu, xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % (beş faiz) dərəcəsi ilə hesablanmış 299.445,43 (iki yüz doxsan doqquz min dörd yüz qırx beş manat 43 qəpik) manat məbləğində əldən çıxmış faydanın əvəzi və xx.xx.2025-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 30% (otuz) dərəcəsi ilə hesablanmış 1.479.877,18 (bir milyon dörd yüz yetmiş doqquz min səkkiz yüz yetmiş yeddi manat 18 qəpik) manat məbləğində penya, cəmi 2.669.131,07 (iki milyon altı yüz altmış doqquz min bir manat 07 qəpik) manat məbləğində pul vəsaitinin və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 135 (bir yüz otuz beş) manat məbləğində çəkilmiş xərcin, ASC "xxxx" Bankının xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 2 748,49 (ikimin yeddi yüz qırx səkkiz manat 49 qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərcin Cavabdeh iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" Bank ASC ilə X3 arasında bağlanmış 25 sentyabr 2019-cu il tarixli **********13219 №-li kredit müqaviləsinə əsasən, iddiaçı tərəfindən borcalana 120 ay müddətinə, kreditdən istifadəyə görə illik 4% ödənilməsi şərtilə, 4 000 000 manat məbləğində kredit verilmişdir. Borcalanın Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə ASC "xxxx" Bankı, X4 və Cavabdeh arasında sonuncuya məxsus olan ünvan 1 ünvanında olan 0.04312 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 2587.3 kv.m ümumi sahədən ibarət 5 mərtəbəli qeyri-yaşayış binasının ipoteka qoyulması barədə xx.xx.2019-cu il tarixli **********13219/İM №-li İpoteka müqaviləsi (bundan sonra «İpoteka müqaviləsi» adlandırılacaq) bağlanmışdır. Qeyd edilən İpoteka predmetinə dair ipoteka hüququnun qeydiyyata alınması barədə ASC "xxxx" Bankına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli ********** qeydiyyat №-li Çıxarış verilmişdir. Borc alan T.Ə.İsmayılova Kredit müqaviləsinin 2.3-cü və 2.4-cü bəndlərinə və həmin müqavilənin 1 №-li Əlavəsi olan Klassik Ödəniş cədvəlinə əsasən kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin ödənilməsini kreditin verildiyi təqvim ayından etibarən, əsas borc məbləğinin qaytarılmasını isə kreditləşmə müddətinin ilk 60 (altmış) ayını əhatə edən güzəşt müddəti bitdikdən sonra növbəti aydan başlayaraq qalan müddət ərzində bərabər hissələrlə hər təqvim ayının sonuncu günü həyata keçirməyi öhdəsinə götürmüşdür. Lakin borc alan T.Ə.İsmayılova öz öhdəliklərinin icrasına laqeyd yanaşmaqla onları kobud şəkildə pozmuş, Kredit müqaviləsi üzrə əsas borc məbləğini tam şəkildə banka qaytarmamış və əsas borc məbləğinə hesablanmış faizlərin mühüm hissəsini ödəməmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən ASC "xxxx" Bankının nümayəndəsi X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.
4. Cavabdehin nümayəndəsi məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən İİİ şəxs X4 məhkəmə iclasına gəlməmişdir.
5. Məhkəmə iş üzrə digər şəxlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
7. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
8. Məhkəmə iş materiallarını tədqiq edib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən, iddia rədd edilməlidir.
9. İş materiallarından görünür ki, "xxxx" Bank ASC ilə X3 arasında 25 sentyabr 2019-cu il tarixli **********13219 №-li kredit müqaviləsi bağlanmışdır.
10. Qeyd edilmiş kredit müqaviləsinə əsasən, bank tərəfindən borcalana 120 ay müddətinə, kreditdən istifadəyə görə illik 4% ödənilməsi şərtilə, 4 000 000 manat məbləğində kredit verilmişdir.
11. Qeyd edilmiş kredit müqaviləsinin təminatı olaraq "xxxx" Bank ASC ilə X4 və Cavabdeh arasında xx.xx.2019-cu il tarixli **********13219/İM №-li ipoteka müqaviləsi bağlanmışdır.
12. İpoteka müqaviləsinə əsasən Cavabdeh məxsus ünvan 1 ünvanında olan 0.04312 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 2587.3 kv.m ümumi sahədən ibarət 5 mərtəbəli qeyri-yaşayış binası 25 sentyabr 2019-cu il tarixli **********13219 №-li kredit müqaviləsi üzrə öhdəliyin icrasını təminatı olaraq ipoteka ilə yüklü edilmişdir.
13. Hazırda, bank qeyd edilmiş kredit müqaviləsi üzrə borcun olduğunu və borc üzrə tutmanın ipoteka predmetinə yönəldilməsini xahiş edir.
14. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin həlli baxımından müəyyən edilməli ilk məqam qeyd edilmiş kredit müqaviləsi üzrə borcun olub-olmamasıdır.
15. İş üzrə təyin edilmiş sonuncu məhkəmə-mühasibatlıq ekspertizası üzrə, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, xx.xx.2025-ci il tarixə qeyd edilmiş kredit müqaviləsi üzrə əsas borc 1.710.529,60 manat təşkil edir, faiz borcu isə yoxdur.
16. Qeyd edilmiş ekspert rəyindən həmçinin görünür ki, 200.000 manat məbləğində pul qərardadda göstərilmiş tarixdən sonra yəni xx.xx.2025-ci il tarixdə edildiyindən, hesablama aparılarkən nəzərə alınmamışdır.
17. Bundan başqa cavabdeh tərəfindən işə əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, qeyd edilmiş kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixdə 340.000 manat, xx.xx.2025-ci il tarixdə isə 170.000 manat məbləğində pul ödənilmişdir.
18. Bundan başqa iddiaçı tərəfinin özü iddia tələbini azaldaraq qeyd etmişdir ki, kredit müqaviləsi üzrə cəmi 889.808,46 manat əsas borcu qalmışdır.
19. Məhkəmə iclasında iddiaçı tərəfdən qeyd edilmiş əsas borcun hansı tarixədək hesablanması dəqiqləşdirilmiş, iddiaçı tərəf də, kredit müqaviləsinin son tarixinədək hesablanmış borcun olduğunu qeyd etmişdir.
20. Qeyd edilənlərə əsasən Məhkəmə qeyd edir ki, kredit müqaviləsi üzrə hazırkı tarixə borc yoxdur.
21. Belə ki, işə əlavə edilmiş kredit müqaviləsinin ödəniş qrafikindən də, göründüyü kimi, kreditin qaytarılmasının qrafikdə əks olunmuş son müddəti xx.xx.2029-cü il tarixidir və hətta xx.xx.2025-ci il tarixədək ödənilməli pulu hesablasaq görünür ki, borclu tərəfidən 733.333,37 (66.666,67x11) ödənilməli idi. Ancaq hazırkı halda, borclu tərəf qrafikdə nəzərdə tutulmuş tarixdən kifayət qədər sonrakı tarixləri belə, təxmini 2 milyon manatdan artıq vəsaiti sonrakı tarixlər üçün ödəmişdir.
22. Ona görə də, Məhkəmə hesab edir ki, iddianın təmin edilməsi üçün heç bir əsas yoxdur və qeyd edilən iddia izah edilə bilən deyildir.
23. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
24. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
ASC "xxxx" Bankının Cavabdeh qarşı “borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov