Məhkəmə qərarları › İş №e-2-2(113)-4567/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4567/2023

14.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4567/2023 14.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Şirkətinin cavabdehlər Nümayəndə2 və Cavabdeh2nə qarşı “mövcud borcun etirafı haqqında mücərrəd müqavilə üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: mövcud borcun etirafı haqqında mücərrəd müqavilə, zaminlik müqaviləsi, preyudisiallıq, dəbbə pulunun azaldılması) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı "xxxx" Şirkətinin cavabdehlər Nümayəndə2 və Cavabdeh2nə qarşı “mövcud borcun etirafı haqqında mücərrəd müqavilə üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı "xxxx" Şirkəti cavabdehlər Nümayəndə2 və Cavabdeh2nə (bundan sonra Cavabdeh2 MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh A & B Paint” MMC arasında bağlanmış 18 may 2019-cu il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqavilə üzrə 180 000 ABŞ dolları əsas borc, 119 880 ABŞ dolları dəbbə pulu olmaqla ümumilikdə 299 880 ABŞ dolları məbləğində pulun Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə Cavabdeh2 MMC arasında 18 may 2019-cu il tarixdə mövcud borcun etirafı haqqında mücərrəd müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, iddiaçı, aralarında bağlanmış xx.xx.2016-cı il tarixli boya və lak məhsullarının satışı üzrə distributorluq müqaviləsinə əsasən, Cavabdeh2 MMC-nin iddiaçıya 382 000 ABŞ dolları məbləğində borcu yarandığını bəyan etmiş, sonuncu isə yuxarıda qeyd olunan müqavilədən irəli gələn öhdəliklər üzrə iddiaçıya 382 000 ABŞ dolları məbləğində borcun olduğunu etiraf etmişdir. Həmçinin Cavabdeh2 MMC 382 000 ABŞ dolları məbləğində borc pulu sözügedən müqaviləyə 1 saylı əlavədə nəzərdə tutulmuş qaydada 15 aprel 2019-cu il tarixdən 15 dekabr 2022-ci il tarixədək hissələrlə iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən, cavabdeh Nümayəndə2 adıçəkilən mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsasən öhdəliklərin yerinə yetirilməsinə görə öz mülkiyyəti ilə tam cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. 2.2. Müqavilə şərtlərinə zidd olaraq, cavabdehlər öhdəliklərini icra etməmiş, Azərbaycan Respublikasının qanunvericiliyinə və tərəflər arasındakı razılaşmaya əsasən, iddiaçının sözügedən pul borcunu tələb etmək hüququ yaranmışdır. İddiaçı tərəfindən mübahisənin mediasiya vasitəsilə həll edilməsinə cəhd edilmişdir. Bakı 9 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli, MŞB/9/2023-01224 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışından görünür ki, ilkin mediasiya sessiyasında yalnız iddiaçının etibarnamə üzrə nümayəndəsi iştirak etmiş və 400 manat məbləğində mediasiya xərcini ödəmişdir. 2.3. İddiaçı tərəfindən cavabdehlərə qarşı “pul” tələbinə dair məhkəmədə daha əvvəl də iddia qaldırılmışdır. Cavabdehlər isə qarşılıqlı iddia ərizəsi verərək, 18 may 2019-cu il tarixində notariat qaydasında bağlanmış mövcud borcun etirafı haqqında müqavilənin, həmin müqaviləyə 1 saylı əlavənin və zaminlik müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1231/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2 MMC-dən və Nümayəndə2 müştərək qaydada 382 000 ABŞ dolları məbləğində əsas, 3820 ABŞ dolları məbləğində dəbbə pulu, ümumilikdə 385 820 ABŞ dolları məbləğində pulun Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq tutularaq "xxxx" Şirkətinin xeyrinə ödənilməsi qərara alınmış, ilkin iddia tələbi qalan hissədə təmin edilməmiş, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 MMC və Nümayəndə2 cavabdeh "xxxx" Şirkətinə qarşı “borcun etirafı haqqında müqavilə, əlavə razılaşma və zaminlik müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməmişdir. Həmin qətnamədən cavabdehlər tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının xx.xx.2021ci il tarixli xx.xx.2021-ci il nömrəli qətnaməsi ilə ilkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 MMC və Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1231/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmiş, ilkin iddia tələbi qismən təmin edilmiş, Cavabdeh2 MMC-dən və Nümayəndə2 müştərək qaydada 202 000,00 ABŞ dolları məbləğində əsas borc, 2020,00 ABŞ dolları məbləğində dəbbə pulu olmaqla, ümumilikdə, 204 020 ABŞ dolları məbləğində pulun Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsi ilə tutularaq, "xxxx" Şirkətinə ödənilməsi qərara alınmış, ilkin iddia tələbi qalan hissədə, habelə qarşılıqlı iddia təmin edilməmişdir. Həmin qətnamədən cavabdehlər tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının xx.xx.2022-ci il tarixli 2- 2(102)-1/2022 nömrəli qərarı ilə kassasiya şikayəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2021-ci il 29 aprel tarixli 2-2(103)-313/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi tərəfindən 05 aprel 2022-ci il tarixdə 2-2(103)-313/2021 saylı icra vərəqəsi verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin yuxarıda istinad olunan qətnaməsi ilə müəyyən edilmişdir ki, borclu 2019-2020-ci illərdə heç bir ödəniş etməmiş və onun qeyd olunan əlavəyə əsasən hazırkı günə icra edilməli olan borcu, cəmi 202 000,00 ABŞ dolları təşkil edir (borcun növbəti hissəsinin ödənilmə vaxtı 15 iyun 2021-ci il tarixində çatır). 2.4. 382 000 ABŞ dolları məbləğində ümumi borcun 15 iyun 2021-ci il tarixdən 15 dekabr 2022-ci il tarixədək hissələrlə ödənilməli olan 180 000 ABŞ dolları məbləğində olan qalan hissəsi də cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə müvafiq olaraq əsas borcla yanaşı, hər gecikdirilmiş gün üçün ödənilməli olan məbləğin 0,1% məbləğində dəbbə pulu da hesablanmalıdır.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 432.1, 445, 882-ci və s. maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli qərarı göstərilmişdir.

4. Cavabdehlər tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək göstərilmişdir ki: 4.1. iddiaçı bundan əvvəl də məhkəmədə aldatma və etibardan sui-istifadə etmə yolu ilə bağlanmış olan xx.xx.2019-cu il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə istinadən iddia qaldıraraq həmin məbləğdən 202 000 ABŞ dolları məbləğində əsas borc və 2020 ABŞ dolları məbləğində dəbbə pulu olmaqla, ümumilikdə 204 020 ABŞ dolları məbləğində pulun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manat məzənnəsi ilə tutulmasına dair qərar qəbul edilməsinə nail olmuşdur. Həmin məhkəmə mübahisəsi dövründə adıçəkilən mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin, müqaviləyə 1 saylı əlavənin və zaminlik müqaviləsinin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. 4.2. Həmin qarşılıqlı iddia ərizəsi onunla əsaslandırmışdır ki, iddiaçı qismində "xxxx" Şirkətinin istinad etdiyi 18 may 2019-cu ildə bağlanmış müqavilə, müqaviləyə 1 saylı əlavə və həmin tarixli zaminlik müqaviləsi real həqiqəti əks etdirmədiyindən və iddiaçının təmsilçilərinin xahişi əsasında Türkiyə Respublikasında bankdan kredit alınması üçün təqdim ediləcəyi ilə əlaqədar bağlandığından və formal xarakterli olduğundan həmin müqavilənin, müqaviləyə 1 saylı əlavənin və zaminlik müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia qaldırılması zərurəti yaranmışdır. Mübahisə üzrə işin qısa mahiyyəti ondan ibarətdir ki, "xxxx" Şirkətinin təsisçiləri və sahibləri Türkiyə Respublikası vətəndaşları Feyzoğlu Veysel və Küçükali Selçuk ilə 2000-ci ilin əvvəllərindən işgüzar münasibətlər yaranmış və bu illər ərzində etibarlı partnyorlar olaraq boya məhsullarının ticarəti həyata keçirilmişdir. Türkiyə Respublikasından onlar tərəfindən göndərilən boya məhsulları Azərbaycan Respublikasında realizə edilmiş və razılaşdırılmış qiymətlər əsasında hesablaşmalar həyata keçirilmişdir. Bu zaman hər hansı bir narazılıq və anlaşılmazlıq yaranmamışdır. 4.3. 01 yanvar 2016-cı ildə cavabdeh şirkətlə boya və lak satışı üzrə distributorluq müqaviləsi bağlanıb və həmin il üçün müqavilənin toplam dəyəri minimum 900 000 ABŞ dolları məbləğində müəyyənləşdirilib. Həmin müqaviləyə uyğun olaraq alınmış boya məhsullarının dəyəri 315 367,59 ABŞ dolları məbləğində ödənilmişdir. Sonradan iddiaçının yuxarıda qeyd edilən təsisçiləri və sahibləri Feyzoğlu Veysel və Küçükali Selçukun təklifi ilə Cavabdeh2 MMC-nin təsisçisi və mülkiyyətçisi Nümayəndə2 arasında əslində formal xarakter daşıyan və sadəcə kağız üstündə reallaşan 18 aprel 2017-ci il tarixli 1 533 000 manat məbləğində kredit müqaviləsi bağlanılmış və borc alana faktiki olaraq ödənilməmiş kreditin təminatı olaraq sonuncunun mülkiyyətində olan əmlak – Bakı şəhəri, Nərimanov rayonu, X2 prospekti, 69B ünvanında yerləşən 16 və 17 saylı mağazalar 1 788 000 manat məbləğində dəyərləndirilərək 18 aprel 2017-ci il tarixli ipoteka müqaviləsi əsasında ipotekaya qoyulmuşdur. Göstərilən şəxslərlə birgə fəaliyyət dövründə yaranmış olan borc məbləğinin bağlanması məqsədi ilə ipotekaya qoyulmuş həmin əmlak faktiki dəyərindən 5 dəfə ucuz qiymətə ipoteka saxlayan yuxarıda qeyd edilən şəxslərin razılığı əsasında iddiaçı "xxxx" Şirkətinin digər təsisçisi X3 bağlanılmış 13 iyun 2018-ci il tarixli AN-1 №0694681 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən sonradan qaytarmaq şərti ilə onlara verilmişdir. Yaranmış isti və etibarlı münasibətdən istifadə edən həmin şəxslər maddi durumlarının yaxşı olmaması ilə əlaqədar müraciət edərək Türkiyə Respublikasında banklardan kredit alınması üçün istifadə edəcəkləri adı ilə guya Cavabdeh2 MMC-nin "xxxx" Şirkətinə 382 000 ABŞ dolları məbləğində borcu olması barədə (həmin məbləğ əvvəllər müxtəlif vasitələrlə cavabdehə ödənilmişdir və bu barədə müvafiq sənədlər də mövcuddur) müqavilə bağlamağı xahiş etdilər və hazırda borc olaraq tələb etdikləri 18 may 2019-cu il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqavilə bağlandı. Həmin müqaviləyə daha dolğun hüquqi ifadə verilməsi üçün müqaviləyə 1 saylı əlavə və həmin tarixli zaminlik müqaviləsi bağlanılmışdır. 4.4. Qarşılıqlı iddia üzrə dəlillər kifayət qədər əsaslı olsa da, məhkəmə araşdırması dövründə mövcud borcun etirafı haqqında mücərrəd müqavilə bağlanılarkən iddiaçının nümayəndəsi tərəfindən aldadılmağının və etibardan sui-istifadə edilmələrinin guya sübuta yetirilməməsi və qanunvericiliklə müəyyən edilmiş müddətdə həmin müqavilənin mübahisələndirilmədiyi səbəbindən qarşılıqlı iddia ərizəsi təmin edilməmişdir. Birinci instansiyası məhkəməsi tərəfindən çıxarılmış qətnamədən verilən apellyasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin edilməsə də, qətnamə qismən dəyişdirilmiş, iddia tələbi qismən təmin edilərək iddia tələbi yuxarıda qeyd edilən həcmdə (ümumilikdə 509 206 ABŞ dolları məbləğində tələbdən 204 020 ABŞ dolları məbləğində) təmin edilmişdir. Məhkəmə tərəfindən təmin edilmiş məbləğlə bağlı icra mərhələsində müəyyən edilmişdir ki, iş üzrə Cavabdeh2 MMC və Nümayəndə2 ödəmə iqtidarında deyildirlər. 4.5. Hazırda qaldırılmış iddia tələbi ilə bağlı qeyd edilməsi zəruridir ki, iddiaçı əvvəlki məhkəmə qərarlarına əsaslansa da, “əsas borc”dan əlavə, 119 880 ABŞ dolları məbləğində dəbbə pulu da tələb etmişdir. Hazırkı iddia tələbi ilə bağlı iddiaçı tərəfindən qaldırılmış ilkin iddia ilə əlaqədar əvvəl keçirilmiş məhkəmə proseslərində obyektiv, ədalətli və hərtərəfli araşdırma aparılmadığından və təqdim edilən sübutlara düzgün hüquqi qiymət verilmədiyindən iddiaçı müəyyən nəticəyə nail olmuş və bu iddianı da əsassız qərarlara əsaslanaraq qaldırmışdır. İddiaçı ilə Cavabdeh2 MMC arasında boya məhsulları ilə bağlı distributorluq fəaliyyəti üzrə əməkdaşlıq olmuş və həmin fəaliyyətlə əlaqədar iddiaçı tərəfindən göndərilən və alınmış malların dəyəri tamamilə ödənilmiş və heç bir borc qalmamışdır. İddiaçının istinad etdiyi mücərrəd borcun etirafı haqqında müqavilə formal xarakter daşımışdır. Həmin müqavilənin formal xarakter daşımasının sübut edən hallar Bakı Kommersiya Məhkəməsinin əvvəlki iddia tələbi üzrə xx.xx.2020-ci il tarixli e-2-2(113)-1231/2020 nömrəli qətnaməsindən verilən apellyasiya şikayətinə əlavədə əsaslandırılmış formada göstərilmişdir.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddianın məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi.

6. Cavabdehlərin nümayəndə və vəkili Vəkil2 məhkəmə iclaslarında iştirak edərək yazılı etirazının məzmununa uyğun izahat verdi və iddianın rədd olunmasını xahiş etdi. III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Məhkəmənin beynəlxalq səlahiyyəti və tətbiq ediləcək hüquq ilə bağlı

8. Məhkəmə əvvəla hazırkı mübahisəyə baxmaqda səlahiyyətli olub-olmamasının müəyyən edilməsi və mübahisənin həllində tətbiq ediləcək maddi hüquq normalarının seçilməsini zəruri hesab edir.

9. Mülki prosessual qanunvericilikdə məhkəmənin beynəlxalq səlahiyyəti ilə bağlı ümumi norma və xüsusi normalar əks olunmuşdur.

10. Belə ki, Mülki Prosessual Məcəllənin 440.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun.

11. Ümumi norma kimi çıxış edən Mülki Prosessual Məcəllənin 440.1-ci maddəsi ilə qanunverici kommersiya mübahisələri üzrə məhkəmənin beynəlxalq səlahiyyətini ərazi prinsipi əsasında müəyyən etmiş, yalnız xarici şəxsin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olduğu halda məhkəməni işə baxmağa səlahiyyətli etmişdir.

12. Xüsusi norma kimi isə Mülki Prosessual Məcəllənin 443-450-ci maddələri çıxış edir. Həmin Məcəllənin 443.0. və 443.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan həmçinin iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yer olduqda işlərə baxmağa haqlıdır.

13. Cavabdehlərin Azərbaycan Respublikasının vətəndaşı və Azərbaycan Respublikasında qeydiyyata alınan hüquqi şəxs olduğunu nəzərə alan məhkəmə hesab edir ki, məhkəmə hazırkı mübahisəyə baxmaqda prosessual baxımdan səlahiyyətlidir.

14. Məhkəmə hazırkı mübahisənin həllində tətbiq ediləcək hüquq normalarının seçilməsi ilə bağlı qeyd edir ki, “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq bu Qanunla bərabər, həm də digər müvafiq qanunvericilik aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və ümumi qəbul olunmuş beynəlxalq adətlər, habelə tərəflərin razılığı əsasında müəyyən edilir (1.2.). Tətbiq ediləcək hüququ müəyyən etmək barədə tərəflərin razılığı aydın ifadə olunmalı və ya bütövlükdə götürülməklə müqavilənin şərtlərindən və işin hallarından bilavasitə irəli gəlməlidir (1.3).

15. Göründüyü kimi, xarici şəxslərin iştirakı ilə olan mübahisələrin düzgün həlli üçün hansı ölkənin hüquq normalarının tətbiqi məsələsi tərəflərin aydın ifadə edilən və ya bütövlükdə götürülməklə müqavilənin şərtlərindən və işin hallarından irəli gələn razılığı əsasında müəyyənləşdirilməlidir.

16. 18 may 2019-cu il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin 4.2-ci bəndinə əsasən, tərəflər arasında meydana gələn mübahisələr danışıqlar vasitəsilə həll edilməzsə, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq məhkəmə qaydasında baxılacaqdır. 18 may 2019-cu il tarixli zaminlik müqaviləsinin 5.2-ci bəndinə əsasən, tərəflər arasında bu müqavilənin icrası ilə bağlı yarana biləcək hər hansı fikir ayrılığı tərəflərin qarşılıqlı razılığı əsasında, belə razılıq əldə edilmədikdə isə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada həll edilir.

17. Tərəflərin tətbiq ediləcək hüquq olaraq 18 may 2019-cu il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin 4.2-ci, zaminlik müqaviləsinin 5.2-ci bəndində Azərbaycan Respublikasının qanunvericiliyini seçməsi ilə bağlı ifadə olunan razılığını nəzərə alan məhkəmə hesab edir ki, hazırkı mübahisə Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq edilməklə həll olunmalıdır.

b) Mövcud borcun etirafı haqqında mücərrəd müqavilə üzrə əsas borcun tutulması ilə bağlı

18. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

19. Hazırkı iş üzrə tərəflər arasında 18 may 2019-cu il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqavilədən irəli gələn mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur.

20. Belə ki, iddiaçı "xxxx" Şirkəti cavabdehlər Cavabdeh2 MMC və Nümayəndə2 qarşı “pul” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Şirkətinin xeyrinə cavabdehlər Cavabdeh2 MMC-dən və Nümayəndə2 müştərək qaydada 382 000 ABŞ dolları məbləğində əsas borc, 127 206 ABŞ dolları məbləğində dəbbə pulu, ümumilikdə 509 206 ABŞ dolları məbləğində pul borcunun tutulması barədə, qarşılıqlı iddiaçılar Cavabdeh2 MMC və Nümayəndə2 cavabdeh "xxxx" Şirkətinə qarşı “borcun etirafı haqqında müqavilə, əlavə razılaşma və zaminlik müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Şirkəti ilə Cavabdeh2 MMC adından Nümayəndə2 arasında 18 may 2019-cu ildə Bakı şəhəri 50 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilərək reyestrdə 3M-496 nömrə ilə qeydə alınmış “mövcud borcun etirafı haqqında mücərrəd müqavilə”nin, həmin müqaviləyə 1 saylı əlavənin və 18 may 2019-cu ildə Nümayəndə2 ilə həmin notariusda bağlanmış və reyestrdə 3M-497 nömrə ilə qeydə alınmış zaminlik müqaviləsinin etibarsız hesab edilməsi qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

21. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-1231/2020 nömrəli qətnaməsi ilə ilkin iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2 MMC-dən və Nümayəndə2 müştərək qaydada 382 000 ABŞ dolları məbləğində əsas, 3820 ABŞ dolları məbləğində dəbbə pulu, ümumilikdə 385 820 ABŞ dolları məbləğində pulun Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq tutularaq "xxxx" Şirkətinin xeyrinə ödənilməsi qərara alınmış, ilkin iddia tələbi qalan hissədə təmin edilməmiş, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 MMC və Nümayəndə2 cavabdeh "xxxx" Şirkətinə qarşı “borcun etirafı haqqında müqavilə, əlavə razılaşma və zaminlik müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməmişdir.

22. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, "xxxx" Şirkəti və Cavabdeh2 MMC arasında 18 may 2019-cu il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqavilə bağlanmışdır. Müqaviləyə əsasən "xxxx" Şirkəti aralarında bağlanmış xx.xx.2016-cı il tarixli boya və lak məhsullarının satışı üzrə distributorluq müqaviləsinə əsasən Cavabdeh2 MMC-nin ona 382 000 ABŞ dolları məbləğində borcu olduğunu bəyan etmiş və Cavabdeh2 MMC də qeyd olunan müqavilədən irəli gələn öhdəliklər üzrə "xxxx" Şirkətinə 382 000 ABŞ dolları məbləğində borcun olduğunu etiraf etmişdir. Eyni zamanda "xxxx" Şirkəti, Cavabdeh2 MMC və Nümayəndə2 arasında 18 may 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır ki, zamin Nümayəndə2 "xxxx" Şirkəti ilə Cavabdeh2 MMC arasında bağlanmış 18 may 2019-cu il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsasən öhdəliklərin yerinə yetirilməsinə görə öz mülkiyyəti ilə tam cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Həmçinin 18 may 2019-cu il tarixdə "xxxx" Şirkəti və Cavabdeh2 MMC arasında 18 may 2019-cu il tarixli müqaviləyə 1 saylı Əlavə imzalanmışdır ki, bu əlavə ilə borcun hissə-hissə ödənilməsi razılaşdırılmışdır.

23. Adıçəkilən qətnamədən ilkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 MMC-dən və Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-2(103)-313/2021 nömrəli qətnaməsi ilə təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1231/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmiş, ilkin iddia tələbi qismən təmin edilmiş, Cavabdeh2 MMC-dən və Nümayəndə2 müştərək qaydada 202 000,00 ABŞ dolları məbləğində əsas borc, 2020,00 ABŞ dolları məbləğində dəbbə pulu, ümumilikdə, 204020,00 ABŞ dolları məbləğində pulun Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsi ilə tutularaq, "xxxx" Şirkətinə ödənilməsi qərara alınmış, ilkin iddia tələbi qalan hissədə, habelə qarşılıqlı iddia təmin edilməmişdir.

24. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, müqavilənin qeyd olunan imperativ şərtindən göründüyü kimi, hər hansı ay üzrə ödəniş gecikdirildiyi təqdirdə, kreditor borcludan 382 000 ABŞ dolları ümumi borc məbləğinin həmin tarixə olan qalıq borcunu tələb edə bilər. İş materiallarından görünür ki, borclu 2019-2020-ci illərdə heç bir ödəniş etməmiş və onun qeyd olunan əlavəyə əsasən hazırkı günə icra edilməli olan borcu, cəmi 202.000,00 ABŞ dolları təşkil edir (borcun növbəti hissəsinin ödənilmə vaxtı 15 iyun 2021ci il tarixində çatır).

25. Sözügedən qətnamədən ilkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 MMC-dən və Nümayəndə2 tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(102)-1/2022 nömrəli qərarı ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2021-ci il 29 aprel tarixli 2-2(103)-313/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

26. Göründüyü kimi, tərəflər arasında digər məhkəmə mübahisəsi üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən edilmişdir ki, "xxxx" Şirkəti və Cavabdeh2 MMC arasında 18 may 2019-cu il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqavilə bağlanmışdır. Müqaviləyə əsasən "xxxx" Şirkəti” aralarında bağlanmış xx.xx.2016-cı il tarixli “Boya və lak məhsullarının satışı üzrə distributorluq müqaviləsi”nə əsasən Cavabdeh2 MMC-nin ona 382 000 ABŞ dolları məbləğində borcu olduğunu bəyan etmiş və Cavabdeh2 MMC də qeyd olunan müqavilədən irəli gələn öhdəliklər üzrə "xxxx" Şirkətinə 382 000 ABŞ dolları məbləğində borcun olduğunu etiraf etmişdir. Eyni zamanda "xxxx" Şirkəti, Cavabdeh2 MMC və Nümayəndə2 arasında 18 may 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır ki, zamin Nümayəndə2 "xxxx" Şirkəti ilə Cavabdeh2 MMC arasında bağlanmış 18 may 2019-cu il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsasən öhdəliklərin yerinə yetirilməsinə görə öz mülkiyyəti ilə tam cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Həmçinin 18 may 2019-cu il tarixdə "xxxx" Şirkəti və Cavabdeh2 MMC arasında 18 may 2019-cu il tarixli müqaviləyə 1 saylı Əlavə imzalanmışdır ki, bu əlavə ilə borcun hissə-hissə ödənilməsi razılaşdırılmışdır. Mövcud borcun etirafı haqqında mücərrəd müqavilə üzrə hər hansı ay üzrə ödəniş gecikdirildiyi təqdirdə, kreditor borcludan 382 000 ABŞ dolları ümumi borc məbləğinin həmin tarixə olan qalıq borcunu tələb edə bilər. Borclu 2019-2020-ci illərdə heç bir ödəniş etməmiş və onun qeyd olunan əlavəyə əsasən xx.xx.2021-ci il tarixə icra edilməli olan borcu, cəmi 202 000,00 ABŞ dolları təşkil etmişdir (borcun növbəti hissəsinin ödənilmə vaxtı 15 iyun 2021-ci il tarixində çatır).

27. İddiaçı digər məhkəmə mübahisəsi üzrə müəyyən edilmiş halların hazırkı iş üzrə preyudisial olduğuna istinad edərək 18 may 2019-cu il tarixli müqavilə üzrə cavabdehlərdən müştərək qaydada qalan 180 000 ABŞ dolları əsas borcun tutulmasını tələb edir.

28. Cavabdehlər iddiaya etiraz edərək 18 may 2019-cu il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin və zaminlik müqaviləsinin etibarsız olduğunu, ödəmə qabiliyyətlərinin olmadığını bildirərək iddianın rədd olunmasını xahiş edirlər.

29. Məhkəmə mübahisənin həlli üçün aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

30. Mülki Prosessual Məcəllənin bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

31. Konstitusiya Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli qərarları).

32. Bundan başqa, Konstitusiya Məhkəməsi göstərmişdir ki, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Belə ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsindən görünür ki, qətnamənin preyudisiallığı işdə iştirak edən şəxslərin dairəsi ilə məhdudlaşdırılır və yalnız aşağıdakı şərtlər daxilində mövcud olur: konkret fakt işdə iştirak edən şəxsin iştirak etdiyi başqa bir mülki iş üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş olmalıdır; bu fakt həmin işdə iştirak edən şəxslərin iştirak etdikləri başqa bir iş üzrə də sübutetmə predmetinə aid olmalıdır. Göründüyü kimi, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunvericiliklə müəyyən edilmiş hədlərə malikdir. Belə ki, məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusunun müəyyən edilməsi vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış və yeni baxılan işlərdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir (Konstitusiya Məhkəməsi Plenumunun G.Əhmədovanın şikayəti üzrə 24 iyul 2019-cu il tarixli qərarı).

33. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, hazırkı iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-1231/2020 nömrəli qətnaməsi və Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-2(103)-313/2021 nömrəli qətnaməsi preyudisialdır. Belə ki, həmin iş üzrə işdə iştirak edən şəxslər hazırkı iş üzrə iddiaçı və cavabdeh kimi çıxış edir (preyudisiallığın subyektiv həddi), 18 may 2019-cu il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin və zaminlik müqaviləsinin etibarlılığı, məzmunu hər iki üzrə sübutetmə predmetinə daxildir (preyudisiallığın obyektiv həddi).

34. Belə olan halda, hazırkı iş üzrə sübutetmə predmetini iddia olunan məbləğin cavabdeh tərəfindən ödənilib-ödənilməməsi təşkil edəcəkdir. Həmçinin cavabdehin hazırkı iş üzrə etirazının dəlillərinə qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə artıq qiymət verildiyindən və 18 may 2019-cu il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqavilə və zaminlik müqaviləsi etibarlı müqavilə hesab edildiyindən həmin arqumentlərə işin faktiki halları baxımından yenidən hüquqi qiymət verilməsi mümkün deyildir.

35. "xxxx" Şirkəti və Cavabdeh2 MMC arasında bağlanan 18 may 2019-cu il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə 1 saylı Əlavəyə əsasən, 15 iyun 2021-ci il tarixdən 15 dekabr 2022-ci il tarixədək ödənilməli olan məbləğ 182 000 ABŞ dolları təşkil edir.

36. Mülki Məcəllənin 882.1-ci maddəsinə əsasən, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.

37. Həmin Məcəllənin 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir

38. Göstərilənlər əsasən məhkəmə qeyd edir ki, iddiaçı 18 may 2019-cu il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqavilədən irəli gələn 182 000 ABŞ dolları pulun tutulması tələbini irəli sürür. Məhkəmə həmçinin nəzərə alır ki, cavabdehlər də həmin məbləği ödədiklərini irəli sürmür, əksinə ödəmə qabiliyyətlərinin olmamasına istinad edirlər.

39. Bundan başqa, Mülki Məcəllənin 470.1-ci maddəsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

40. Həmin Məcəllənin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.

41. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

42. Qeyd edilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi əsas borcun ödənilməsi hissəsində tam təmin edilməli, 18 may 2019-cu il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqavilə üzrə 182 000 ABŞ dolları cavabdehlər Nümayəndə2 və Cavabdeh2 MMC-dən müştərək qaydada tutularaq iddiaçı "xxxx" Şirkətinə ödənilməlidir. c) Mövcud borcun etirafı haqqında mücərrəd müqavilə üzrə dəbbə pulunun tutulması ilə bağlı

43. İddia ərizəsində iddiaçı həmçinin 119 880 ABŞ dolları məbləğində cərimənin cavabdehdən tutulmasını xahiş edir.

44. 18 may 2019-cu il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin 3.2-ci bəndinə əsasən, hazırkı müqavilənin 3.1-ci maddəsində nəzərdə tutulan borc məbləği müqavilənin 1 nömrəli əlavəsində nəzərdə tutulmuş vaxtlarda və təyin olunmuş həcmdə ödənilmədiyi təqdirdə hər gecikdirilmiş gün üçün ödənilməli məbləğin 0,1% məbləğində dəbbə pulu hesablanacaq.

45. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

46. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

47. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).

48. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl mübahisənin pretenziya qaydasında və mediasiya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə və yaxud mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır. Həmçinin məhkəmə nəzərə alır ki, cavabdehlər müqavilə üzrə öhdəliyini 15 iyun 2021-ci il tarixdən başlayaraq hər növbəti ay üçün sonuncusu 15 dekabr 2022-ci il olmaqla icra etməsələr də, iddiaçı uzun müddət sonra, yəni xx.xx.2023cü il tarixdə məhkəməyə müraciət etməklə dəbbə pulunun artmasına rəvac vermişdir.

49. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulmalı cərimə məbləğinin 5400 ABŞ dolları həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir.

50. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçının cərimənin tutulması tələbi qismən təmin edilməli, 5400 ABŞ dolları məbləğində cərimə cavabdehlər Nümayəndə2 və Cavabdeh2 MMC-dən müştərək qaydada tutularaq iddiaçı "xxxx" Şirkətinə ödənilməlidir.

d) İddia tələbinin xarici valyutada göstərilməsi ilə bağlı

51. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 10-cu bəndinə əsasən, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir.

52. Qeyd edilən qərara əsasən məhkəmə hesab edir ki, 18 may 2019-cu il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqavilə üzrə əsas borc və dəbbə pulu qətnamənin icra olunduğu günə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə tutulmalıdır.

e) Məhkəmə xərcləri ilə bağlı

53. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli MŞB/9/2023-01224 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı tərəf xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak etmiş, mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat mediasiya xərci ödəmişdir.

54. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafası əsasında müəyyən edilir ki, ********** nömrəli mədaxil qəbzi ilə 399,8 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.

55. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

56. Həmin Məcəllənin 115.0 və 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir.

57. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

58. Göründüyü kimi, bütün növdən olan kommersiya mübahisələri üzrə fiziki və hüquqi şəxslər üçün ilkin mediasiya sessiyasında iştirak mülki prosessual qanunvericiliyin tələbidir. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.

59. Mülki Prosessual Məcəllənin 119.3-cü maddəsinə əsasən, iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər.

60. Məhkəmə hesab edir ki, hazırkı mübahisə məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının pozulması nəticəsində meydana gəldiyindən məhkəmə xərcləri işin nəticəsindən asılı olmayaraq cavabdehlərdən tutulmalıdır.

61. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 399,8 manat məbləğində pul cavabdehlər Nümayəndə2 və Cavabdeh2 MMC-dən müştərək qaydada tutularaq iddiaçı "xxxx" Şirkətinə ödənilməlidir.

V. Nəticə:

62. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. "xxxx" Şirkəti ilə Cavabdeh2 arasında bağlanmış 18 may 2019-cu il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqavilə üzrə 180 000 (yüz səksən min) ABŞ dolları əsas borc, 5400 (beş min dörd yüz) ABŞ dolları dəbbə pulu olmaqla ümumilikdə 185 400 (yüz səksən beş min dörd yüz) ABŞ dolları məbləğində pul (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) cavabdehlər Nümayəndə2 və Cavabdeh2ndən müştərək qaydada tutularaq iddiaçı "xxxx" Şirkətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 (dörd yüz) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 399 (üç yüz doxsan doqquz) manat 80 (səksən) qəpik məbləğində pul cavabdehlər Nümayəndə2 və Cavabdeh2ndən müştərək qaydada tutularaq iddiaçı "xxxx" Şirkətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar