Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-457/2023 17.03.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi ilə, Mehdiyeva Hafizə Etibar qızının katibliyi iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16061,50 manat ödənilməmiş pulun, 138,22 manat dövlət rüsumunun, hüquqi xidmət üçün ödənilmiş 250 manat və mediasiya üçün çəkilmiş 200 manat xərcin, ümumilikdə 16649,72 manat pulun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC bir qayda olaraq mülki dövriyyədə turizm agenti olaraq fəaliyyət göstərir. İddiaçı Cavabdeh MMC ilə xx.xx.2022-ci il tarixdə #8 saylı xidmət müqaviləsi bağlamışdır. Həmin xidmət müqaviləsinə əsasən iddiaçı təyyarə biletlərini cavabdehin sifarişi əsasında hazırlayıb ona verməyi, cavabdeh isə həmin biletləri qəbul edib əvəzində onun dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı cavabdehə müqaviləyə əsasən 29264,02 AZN dəyərində olan biletləri cavabdehin sifarişi əsasında verməklə müqavilə üzrə öhdəliyini tam şəkildə yerinə yetirmişdir. Lakin cavabdeh razılaşdırılmış məbləğin 13202,52 AZN hissəsini ödəmiş, geri qalan 16061,50 AZN hissəsini isə indiyə qədər ödəməmişdir. Biletlərlə bağlı sifarişlər cavabdeh tərəfindən “Whatsapp” tətbiqi vasitəsilə SMS göndərilməklə verilmişdir. İddiaçı da hazırladığı elektron biletləri “Whatsapp” tətbiqi vasitəsilə cavabdehə təqdim etmişdir. Cavabdeh öz əməkdaşları üçün biletləri əldə etmiş və onlar satılan biletlər üzrə uçuşlarda iştirak etmişdir. Buna baxmayaraq xidmət haqqının bir hissəsi ödənilməmişdir. İddiaçı tərəfindən elektron qaimələr də göndərilmişdir. İddiaçı borcun ödənilməsi üçün cavabdehə xəbərdarlıq məktubu da göndərmişdir. Cavabdehdən pulun alınması bundan sonra da mümkün olmamışdır. Mübahisənin həll edilməsi üçün cavabdeh mediator vasitəsilə xx.xx.2022-ci il tarixdə ilkin mediasiya sessiyasında iştirak etmək üçün dəvət edilsə də o, ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Bundan sonra mediator iddiaçıya cavabdehin ilkin mediasiya sessiyasında iştirak etməməsi barədə arayış təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq qeyd etmişdir ki, tərəflər arasında müqavilə münasibətləri və işgüzar münasibətlərdə sifarişlərin elektron qaydada verilməsi bir qayda olaraq razılaşdırılmışdır. Bundan əlavə məhkəməyə sübut qismində daha əvvəlki tarixə olan qaimələr də təqdim edilmişdir ki, bu da tərəflər arasında münasibətlərin daha əvvəldən mövcud olduğunu sübut edir. Hazırki müqavilə üzrə heç bir ödəniş olmamışdır. İddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəf məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş üzrə cavabdehin üzrlü səbəblərdən məhkəmə iclasına gəlmədiyinə dair hər hansı bir hallar müəyyən olunmadığına görə və onun gəlməməsi işə baxılmasına mane olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: Cavabdeh MMC “şirkət” və İddiaçı MMC “agent” olmaqla arasında imzalanmış 8 nömrəli xidmət müqaviləsinə əsasən şirkət, bununla hazırki müqaviləyə əsasən, turist xidmətlərinin göstərilməsi üçün X1 turizm şirkətinin nümayəndəliyini təyin edir. 1.4 bəndə əsasən biletlər, səyahət sənədləri, dəvətnamə məktubları, öncədən yer sifariş edilməsi və ya hazırki müqavilə çərçivəsində göstərilən digər xidmətlərin göstərilməsi İddiaçı şirkətinin öhdəlikləri hesab olunur, lakin deyilən xidmətlərin təmin olunması hər bir vaxt onların mümkünlüyü halda şərti xarakter daşıyır. 2.4 bəndə əsasən səyahət sorğusu forması PO (ödəniş tapşırığının nömrəsi) və ya səyahət xidməti sorğusu elektron poçtla və/və ya hər hansı digər formada əldə etdikdən sonra, İddiaçı təyyarə biletlərini və ya sorğu edilən istənilən digər xidməti və/və ya məhsulu təşkil edib şirkətin səlahiyyətli şəxsinə çatdırır. 4.1 bəndə əsasən hazırki müqavilə 28 yanvar 2022-ci il tarixində qüvvəyə minir, Hazırki müqavilə 1 (bir) il ərzində etibarlıdır və müqavilənin sonuna 30 gün qalmış yazılı etiraz təqdim olunmadığı halda, növbəti bir ilə uzadıla bilər. xx.xx.2022 tarixli ödəniş qəbzinə əsasən 250 manat İddiaçı MMC tərəfindən “Ədalət” Vəkil bürosunun bank hesabına köçürülmüşdür. EBBG seriyalı, 487173 nömrəli xx.xx.2021 tarixli elektron qaiməyə əsasən 2.402 manat, EBBP seriyalı, 552979 nömrəli xx.xx.2022 tarixli elektron qaiməyə əsasən 2.039,22 manat, EBBK seriyalı, 906616 nömrəli xx.xx.2021 tarixli elektron qaiməyə əsasən 1.257,41 manat, EBBH seriyalı, 631139 nömrəli xx.xx.2021 tarixli elektron qaiməyə əsasən 7.503,82 manat, EBBZ seriyalı, 526612 nömrəli xx.xx.2022 tarixli elektron qaiməyə əsasən 8.122,77 manat 28 yanvar 2022-ci il tarixli 8 nömrəli müqavilə üzrə, EBBQ seriyalı, 559900 nömrəli xx.xx.2022 tarixli elektron qaiməyə əsasən 7.938,73 manat 28 yanvar 2022-ci il tarixli 8 nömrəli müqavilə üzrə, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə aviabiletlərin satışı və xidmət haqqı təyinatı üzrə ödənilməsi üçün təqdim edilmişdir. xx.xx.2022 tarixli AZ0010195 nömrəli ödəniş tapşırığına əsasən 200 manat İddiaçı MMC tərəfindən Bakı 4 saylı Mediasiya Təşkilatının bank hesabına köçürülmüşdür. +994 50 *** ** ** nömrəli istifadəçi ilə “whatsapp” mesajlaşma xidməti üzərindən aparılmış danışıqlardan məlum olur ki, müxtəlif tarixlərdə ayrı-ayrı istiqamətlərə aviabilet sifarişləri verilmiş, danışıqlara əlavə edilmiş elektron aviabiletlərdən məlum olur ki, sifarişlər əsasında müvafiq aviabiletlər ayrı-ayrı şəxslərin adlarına alınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləinin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneəçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin iddiaçıya göstərilmiş xidmətin dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya müqavilədən və Mülki Məcəllənin normalarından çıxış etməklə iddia tələbini irəli sürmək hüququ vermişdir. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək, müqavilənin şərtlərini pozmuşdur. Nəticədə cavabdehin iddiaçıya göstərilmiş xidmət üzrə borcu yaranmışdır. Məhkəmə qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, müqavilə üzrə ödənilməmiş 16061,50 manat borc cavabdehdən tutularaq, iddiaçıya ödənilməlidir. Belə ki, tərəflər arasında imzalanmış xidmət müqaviləsinin mövcudluğu, eyni zamanda qarşı tərəfə həmin müqavilə üzrə elektron qaimələrin təqdim edilməsi və həmin qaimələrin sonuncu tərəfindən ləğv edilməməsi iddiaçı tərəfindən təqdim edilmiş sübutlar əsasında iddia tələbinin əsaslı olmasını təsdiqləyir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Yuxarıda qeyd edilən qanunvericilik normalarını və mediasiya xərcinin işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu nəzərə alıb məhkəmə hesab edir ki, 200 manat mediasiya xərci və hüquqi yardımla bağlı ödənilmiş 250 manat cavabdehdən tutulmalıdır. Digər tərəfdən iddiaçı iddia tələbində eyni zamanda 138,22 manat dövlət rüsumunun da cavabdehdən tutulmasını tələb etmişdir. Məhkəmə qeyd edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən hazırki iddia tələbi üzrə 138,22 manat dövlət rüsumu ödənilməlidir. Bununla belə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunundan da məlumdur ki, iddiaçı 200 manat mediasiya xərci ödədiyindən dövlət rüsumunun ödənilməsindən azaddır. Belə olan halda məhkəmə hesab edir ki, 138,22 manat dövlət rüsumunun cavabdehdən tutulması əsassızdır. İddiaçı artıq ödənilmiş dövlət rüsumunun geri qaytarılması üçün məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 16061,50 (on altı min altımış bir manat əlli qəpik) manat, hüquqi xidmət üçün ödənilmiş 250 (iki yüz əlli) manat və mediasiya xərci 200 (iki yüz) manat İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-457/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-457/2023
17.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver