Məhkəmə qərarları › İş №e-2-2(113)-4571/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4571/2023

31.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4571/2023 31.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, borcun tutulması) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanan xx.xx.2022-ci il tarixli TOP2022/01107 saylı müqaviləyə əsasən alıcı tərəfindən sifariş əsasında sifariş edilən malları alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin malı qəbul edib əvəzində müəyyən edilmiş 13703 (on üç min yeddi yüz üç) manat pul məbləğinin, hüquqi xidmət göstərilməsi üçün ödənilən 1300 (bir min üç yüz) manat pulun, ilkin mediasiya xərci üçün ödənilən 200 (iki yüz) manat dövlət rüsumunun, məhkəmə üçün ödənilən 5 (beş) manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanan xx.xx.2022-ci il tarixli, TOP2022/01107 saylı müqaviləyə əsasən satıcı alıcı tərəfindən sifariş əsasında sifariş edilən malları alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin malı qəbul edib, əvəzində müəyyən edilmiş 13703 (on üç min yeddi yüz üç) manat pul məbləğini ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən müqavilə öhdəlikləri tam şəkildə yerinə yetirilmişdir. Qeyd olunan müqavilə öhdəliyi üzrə xx.xx.2023-cü il tarixinə qədər olan ümumi borc məbləği 13703 (on üç min yeddi yüz üç) manat müəyyən edilmiş, bununla bağlı Cavabdeh MMC-yə pretenziya qaydasında xx.xx.2023-cü il tarixdə müraciət edərək, xx.xx.2022-ci il tarixli, TOP2022/01107 saylı müqaviləyə əsasən 13703 (on üç min yeddi yz üç) manat pul məbləğinin 15 (on beş) gün ərzində iddiaçıya qaytarılmasını tələb etmiş, əks halda pozulmuş hüquqların müdafiəsi üçün məhkəməyə və hüquq-mühafizə orqanlarına müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Müraciətə cavab verilmədiyi üçün xx.xx.2022-ci il tarixdə Cavabdeh MMC-yə mediasiya prosesinin tətbiqi barədə təklif göndərmiş, təklifə cavab verilmədiyinə görə mediasiya təşkilatına müracət etmişdir. Bakı şəhəri 03 saylı Mediasiya Təşkilatı tərəfindən İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 04 iyul 2023-ci il tarixli arayış təqdim edilmişdir. Bu günə qədər təqdim edilən müraciətlərə cavabdeh tərəfindən heç bir etiraz təqdim edilməmişdir. Ümumiyyətlə tərəflər arasında işgüzar münasibətlər yalnız elektron qaimələr vasitəsi ilə həyata keçirilmişdir.

3. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, TOP2022/01107 saylı müqaviləyə əsasən 13703 (on üç min yeddi yüz üç) manat pul məbləğinin, hüquqi xidmət göstərilməsi üçün ödənilən 1300 (bir min üç yüz) manat pulun Cavabdeh MMC-dən tutularaq, İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1-ci maddələrinə istinad olunmuşdur.

5. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmuşdır. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı pulun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinə əsasən iddiaçı 13703 (on üç min yeddi yüz üç) manat pul tələb edir. İddianı qəbul etmir və aşağıdakılara əsasən iddia təmin edilməməlidir. İlk olaraq, iddiaçı tərəfindən təqdim edilən müqaviləni qəbul etmir. Müqavilədəki imza birmənalı olaraq direktor tərəfindən imzalanmamışdır. İlk növbədə həmin müqaviləni mübahisələndirir. Digər məsələ isə iddiaçı tərəfindən təqdim edilən elektron qaimələr sübut kimi qəbul edilə bilməz. Belə ki, həmin elektron qaimələrin təhvil-təslim aktları olmalıdır. Satılmış malın təhvil təslimi barədə aktların da təqdim edilməməsi iddianın əsassız olduğuna əsasdır. Elektron qaimələrin alt sənədlərinin əsilləri təqdim edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli Qərarı ilə təsdiq edilmiş “Elektron qaiməfakturanın tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 2.2.4-cü bəndinə əsasən elektron qaimə fakturada onun verilməsinə əsas olmuş qaimələr, qəbzlər, çeklər, müqavilələr, təhvil-təslim aktları, ödəniş sənədləri, malların alınması üçün vəkalətnamə və s. əks olunması nəzərdə tutulmuşdur.

6. İş üzrə Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tədqiq olunan sübutlar:

7. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması, cavabdehdən 13703 (on üç min yeddi yüz üç) manat borc, 200 (iki yüz) manat mediasiya xərci və hüquqi yardım göstərilməsi üçün ödənilən 1300 (bir min üç yüz) manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi.

8. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, təchizatçı qismində İddiaçı ilə alıcı qismində Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixli, TOP2022/01107 nömrəli təchizat müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən təchizatçı alıcı tərəfindən sifariş əsasında sifariş edilən malları alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin malı qəbul edib, əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən alıcı müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən Xüsusi Şərtlərə (Kommersiya Şərtlərinə) uyğun olaraq malın təchizatı müqabilində ödəniş edəcək. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən bütün ödənişlər hesab-faktura əsasında alıcı tərəfindən təchizatçının hesabına bank köçürmə yolu ilə manatla həyata keçilir. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən hesab-fakturada göstərilən ödəniş günləri təqvim günüdür. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən ödəniş elektron qaiməyə əsasən yerinə yetirilir. Həmin müqavilənin 3.7-ci bəndinə əsasən mal sifarişi qiymətlər və qəbuletmə ilə bağlı aşağıdakı müddəaları əhatə etməlidir: 1) hesab-fakturada qeyd olunan qiymətlərlə mal sifarişlərində qeyd olunan qiymətlər arasında hər hansı uyğunsuzluq olarsa, fərq alıcının mənafeyinə uyğun şəkildə (sifarişdə göstərilən qiymətlər əsas götürülməklə) həll ediləcəkdir. Mübahisə yarandığı halda mal alıcı tərəfindən qəbul edilməyəcəkdir; 2) çatdırılmış malın miqdarı mal sifarişində razılaşdırılmiş miqdardan az olduğu təqdirdə, dövriyyə və bütün endirimlər mal sifarişində göstərilən miqdar əsasında hesablanacaqdır.

9. İddiaçı tərəfindən sübut qismində məhkəməyə cavabdehə göndərilmiş elektron qaimələr təqdim edilmişdir.

10. xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən müəyyən edilir ki, Bakı 3 saylı Mediasiya Təşkilatının hesabına 200 manat məbləğində ödəniş edilmişdir.

11. İddiaçı tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, borc məbləğinin 15 (on beş) gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

12. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. Borcun mövcudluğu iş materialları ilə öz təsdiqini tapır.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

15. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

Məhkəmənin mövqeyi

16. İddia tələbinin bir hissəsini cavabdehdən tərəflər arasında bağlanmış xx.xx.2022ci il tarixli, TOP2022/01107 saylı müqaviləyə əsasən 13703 (on üç min yeddi yüz üç) manat pul məbləğinin tutulması təşkil edir.

17. Məhkəmə qanunvericilik normalarını, cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia göstərilən hissədə qismən təmin edilməli və Cavabdehndən 11003,57 manat (on bir min üç manat əlli yeddi qəpik) əsas borc tutularaq iddiaçıya ödənilməlidir.

18. Cavabdehin etirazda müqavilənin direktor tərəfindən imzalanmadığını bildirməsinə münasibətdə qeyd olunmalıdır ki, əvvəla məhkəmə iclasları cavabdehin nümayəndəsinin iştirakının təmin edilməsinə görə bir neçə dəfə təxirə salınsa da, nümayəndə məhkəmə iclasına gəlməmişdir. Bundan başqa, müqavilə imza ilə yanaşı, cavabdehin möhürü ilə də təsdiqlənmişdir. Ona görə də məhkəmə həmin hissə ilə bağlı cavabdehin etirazını əsassız sayır.

19. İddiaçı tərəflər arasında işgüzar münasibətlərin yalnız elektron qaimələr vasitəsi ilə həyata keçirildiyini bildirmişdir. Cavabdeh isə etirazda qeyd etmişdir ki, iddiaçı tərəfindən təqdim edilən elektron qaimələr sübut kimi qəbul edilə bilməz, belə ki, həmin elektron qaimələrin təhvil-təslim aktları olmalıdır, satılmış malın təhvil-təslimi barədə aktların təqdim edilməməsi iddianın əsassız olduğunu göstərir, elektron qaimələrin alt sənədlərinin əsilləri təqdim edilməmişdir.

20. Məhkəmə həmin hissədə də etirazı əsassız sayır. Belə ki, göründüyü kimi, cavabdeh etirazında birbaşa malların ona təhvil verilmədiyini bildirməyərək, yalnız “elektron qaimələrin təhvil-təslim aktları olmalıdır, satılmış malın təhvil-təslimi barədə aktların təqdim edilməməsi iddianın əsassız olduğunu göstərir, elektron qaimələrin alt sənədlərinin əsilləri təqdim edilməmişdir” kimi ifadələrdən istifadə edərək, iddiaya etiraz etmişdir. Məhkəmə qəbul edir ki, tərəflər aralarında heç də müqavilənin bütün şərtlərinə uyğun hərəkət etməmişdir. Müqavilənin 3.4-cü bəndinə əsasən ödəniş elektron qaiməyə əsasən yerinə yetirilir. Buna uyğun olaraq iddiaçı cavabdehə elektron qaimələr göndərmişdir. Qaimələrdə göndərilmiş malların adları, miqdarı, qiyməti öz əksini tapmışdır. Elektron qaimələrlə bağlı cavabdehin bildirdikləri ona görə inandırıcı görünmür ki, cavabdeh tərəfindən göndərilən bəzi qaimələr geri qaytarılmış, qalanları isə qəbul edilmişdir, yəni cavabdeh tərəfindən iddiaçıya düzəlişlərlə geri qaytarılan qaimələr olmuşdur.

21. Belə ki, iddiaçı tərəfindən satılmış mallara görə xx.xx.2023-cü il tarixə hesablaşmaların vəziyyəti barədə məhkəməyə təqdim edilən cədvəldən görünür ki, cavabdehə 68 elektron qaimə (tarix, seriya, nömrə göstərilməklə) göndərilmiş, həmin qaimələrin 5-i sistem tərəfindən, qalanları cavabdeh tərəfindən təsdiqlənmiş, 4 elektron qaimə isə düzəlişə qaytarılmışdır. Həmin qaimələr üzrə cəmi borc 17668,45 manat (14973,24 manat əsas məbləğ, 2695,21 manat ƏDV məbləği) olmuş, həmin məbləğdən 3360,22 manat əsas, 604,84 manat ƏDV məbləği ödənilmiş, qalıq məbləğ 13703,39 manat (11613,02 manat əsas, 2090,37 manat ƏDV məbləğ) olmuşdur. Düzəlişə göndərilmiş 4 elektron qaimə üzrə məbləğ 2699,82 manat olmuşdur. Məhkəmənin qənaətinə əsasən 13703,39 manatdan həmin 4 qaimə üzrə məbləğ çıxılmaqla, qalan 11003,57 manat (13703,39-2699,82=11003,57) məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

22. Eləcə də, iddiaçı 1300 (min üç yüz) manat hüquqi yardım xərci (ödəmə ilə bağlı sübut təqdim olunmuşdir) və 200 (iki yüz) manat mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir.

23. Məhkəmə qanunvericilik normalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, göstərilmiş hüquqi yardıma görə cavabdehdən ağlabatan məbləğ olaraq 400 (dörd yüz) manat və mediasiyaya görə 200 (iki yüz) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən xx.xx.2022-ci il tarixli, TOP2022/01107 nömrəli müqavilə üzrə 11003,57 manat (on bir min üç manat əlli yeddi qəpik) əsas borc, 400 (dörd yüz) manat hüquqi yardım, 200 (iki yüz) manat mediasiya xərci olmaqla, cəmi 11603,57 manat (on bir min altı yüz üç manat əlli yeddi qəpik) məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar