Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4577/2024 09.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X1 İnstitutunun Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X1 İnstitutunun Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X1 İnstitutu Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanılmış 707/21 nömrəli müqavilə üzrə yaranmış 16.646,81 manat və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 139,94 manat dövlət rüsumunun, ümumilikdə 16.786,75 manat məbləğin Cavabdeh MMC-nin hesabından tutularaq, S.Ə. Dadaşov adına Elmi-Tədqiqat və Layihə- X1 İnstitutunun hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC tərəfindən Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S. Ə. Dadaşov adına Elmi- Tədqiqat və Layihə-X1 İnstitutuna müraciət edilərək, Bakı şəhəri, Nərimanov rayonu, X2 küçəsi, 945-ci məhəllə ünvanında inşa ediləcək 1(bir) ədəd, zirzəmili, 18(on səkkiz) mərtəbəli (+texmərtəbə) yaşayış binasının tikintisində istifadə olunan tikinti materiallarının keyfiyyətinin və konstruktiv elementlərin sınaq işləri aparılmışdır. Həmin müraciət əsasında yuxarıda qeyd edilən ünvanlarda aparılmış sınağlar ilə əlaqədar 707/21 nömrəli xx.xx.2021-ci il tarixli müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən, İnstitut tərəfindən öhdəliklər tam yerinə yetirilərək istifadə edilən inşaat materiallarının keyfiyyətinin sınaq işləri aparılmışdır. Aparılmış sınaq işləri ilə əlaqədar yaranmış borc məbləği 707/21 nömrəli müqavilə üzrə 16.646,81 manat bu günədək institutun hesabına ödənilməmişdir.
II. Tərəflərin mövqeləri:
3. Tərəflər məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, lakin iddiaçı tərəf elektron qaydada məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh isə məhkəmə iclasında iştirak etməməsi barədə məhkəməyə məlumat verməmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
5. Məhkəmə belə qənaətə gəlir ki, tərəflər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, tərəflər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
7. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. - 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. - 783.2-ci maddəsinin tələblərinə görə vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
8. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır.
9. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, S.Ə.Dadaşov adına Elmi- Tədqiqat və Layihə-X1 İnstitutu ilə Cavabdeh MMC arasında 707/21 nömrəli xx.xx.2021-ci il tarixli sınaq işlərinin aparılmasına dair müqavilə imzalanmışdır.
10. Müqavilənin 2.1-ci bəndinə əsasən sifarişçi həvalə edir, icraçı isə Bakı şəhəri, Nərimanov rayonu, X2 küçəsi, 945-ci məhəllə ünvanında inşa ediləcək 1(bir) ədəd, zirzəmili, 18 (on səkkiz) mərtəbəli (+texmərtəbə) yaşayış binasının tikintisində istifadə ediləcək inşaat materiallarının keyfiyyət göstəricilərinin və konstruktiv elementlərin betonunun naturada möhkəmlik göstəricilərinin layihəyə uyğunluğunun müəyyən edilməsi üçün sınaq işlərinin həyata keçirilməsini öz öhdəsinə götürür.
11. Müqavilənin 3.1-ci bəndinə əsasən bina üzrə ümumi sınaq sahəsi-21939,40 kvadrat meTrdir. Sınaq işlərinin qiyməti hər 1 kvadrat metr üçün-1,00 AZN dəyərində razılaşdırılır və (ƏDV-siz) – 21.939,40 manat, ƏDV-18%-3.949,09 manat, cəmi 25.888,49 manat təşkil edir.
12. Həmin müqavilənin 3.6-cı bəndinə əsasən icraçı tərəfindən sifarişçiyə 2 nüsxədə təqdim olunmuş təhvil-qəbul aktı 3 iş günü müddətində təsdiq olunaraq, 1 nüsxəsi icraçıya təhvil verilməlidir. Təhvil-qəbul aktı təsdiq edilib qeyd olunan müddətdə təqdim edilmədikdə sınaq işləri qəbul edilmiş hesab olunur və sifarişçi ödənişin həyata keçirilməsini öhdəsinə götürür.
13. Müqavilə hər iki hüquqi şəxsin imza və möhürü ilə təsdiq edilmişdir.
14. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin məzmununa və tərəflər arasında formalaşmış olan işgüzar münasibətlərə nəzər yetirildiyində aydın olur ki, tərəflər arasında bağlanmış müqaviləyə Xidmət müqaviləsi kimi qiymət verilməlidir. Lakin mülki qanunvericilikdə məhz xidmət müqaviləsi münasibətlərini tənzimləyən konkret hər hansı müddəa mövcud deyildir.
15. Ona görə də məhkəmə hesab edir ki, Ona görə də məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Belə ki, həmin maddənin tələblərinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmçinin Mülki Məcəllənin 11.1-ci maddəsində təsbit olunmuşdur ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
16. Qeyd olunanlara əsaslanaraq və işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə qeyd edir ki, hazırkı mübahisə Mülki Məcəllənin tapşırıq müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır.
17. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin həlli baxımından müəyyən edilməli olan ilk məqam, müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə xidmət göstərilibgöstərilməməsidir.
18. İş materiallarına əlavə olunmuş yoxlama sınaq işlərinin təhvil-qəbulu üçün aktdan görünür ki, S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X1 İnstitutu tərəfindən Cavabdeh MMC-yə cəmi 16.646,81 manat (ƏDV daxil) məbləğində xidmət (Bakı şəhəri, Nərimanov rayonu, X2 küçəsi, 945-ci məhəllə yaşayış binasının tikintisində istifadə edilən betonun və armaturun yoxlama-sınaq işləri) göstərilmiş, Cavabdeh MMC də həmin aktı imza və möhürü ilə təsdiq etməklə S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X1 İnstitutu tərəfindən xidmət göstərildiyini qəbul etmişdir.
19. Məhkəmə qeyd edir ki, müqavilənin 3.6-cı bəndindən də görünür ki, tərəflər arasında formalaşmış işgüzar münasibətlər məhz təhvil-qəbul aktı üzrə həyata keçirilmişdir.
20. Ona görə də, məhkəmə hesab edir ki, 16.646,81 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X1 İnstitutuna ödənilməlidir.
21. Bundan başqa, məhkəmə dövlət rüsuumunun əvəzi olaraq 139,94 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
22. İşdən görünür ki, iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq xx.xx.2024cü il tarixdə 139,94 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir.
23. Ona görə də, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 139,94 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
24. Belə olan halda məhkəmə hesab edir ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
25. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 16.646 (on altı min altı yüz qırx altı) manat, 81 (səksən bir) qəpik məbləğində pul Cavabdehndən tutularaq S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X1 İnstitutuna ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 139 (bir yüz otuz doqquz) manat, 94 (doxsan dörd) məbləğində pul Cavabdehndən tutularaq S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X1 İnstitutuna ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir
Hakim: Kənan Hüseynov