Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4581/2024 24.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə- X1 İnstitutunun Cavabdeh MMC-yə qarşı "müqavilə üzrə ödənilməmiş borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: podrat müqaviləsi, pul tələbi) X3 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi iştirakı, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə- X1 İnstitutunun Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə ödənilməmiş borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X1 İnstitutu iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək ümumi müqavilə dəyəri 12239,27 olan 801/18 nömrəli müqavilə üzrə görülmüş işlərə görə 9626,34 manat və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 117,40 manat dövlət rüsumunun Cavabdeh MMC-nin hesabından tutularaq onun hesabına köçürülməsi qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC tərəfindən Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X1 İnstitutuna müraciət edilərək, Bakı şəhəri, Binəqədi rayonu, M. Davudoğlu küçəsində inşa olunacaq zirzəmili, 16 mərtəbəli (+mansard) yaşayış binasının tikintisində istifadə olunan tikinti materiallarının keyfiyyətinin və konstruktiv elementlərin sınaq işləri aparılmışdır. Həmin müraciət əsasında yuxarıda qeyd edilən ünvanlarda aparılmış sınağlar ilə əlaqədar 801/18 nömrəli xx.xx.2018-ci il tarixli müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən, İnstitut tərəfindən öhdəliklər tam yerinə yetirilərək istifadə edilən inşaat materiallarının keyfiyyətinin sınaq işləri aparılmışdır. Sınaq işlərinin aparılması ilə əlaqədar qalıq borc məbləği 801/18 nömrəli müqavilə üzrə 9739,26 manat bu günədək institutun hesabına ödənilməmişdir. Cavabdeh ilə görülmüş işlərin qalıq dəyərinin ödənilməsi barədə uzun müddət aparılan danışıqlar nəticəsiz qalmışdır. Mövcud problem uzun müddətdir ki, davam edir və S.Ə.Dadaşov adına Elmi Tədqiqat və Layihə-X1 İnstitutu təsərrüfat hesablı müəssisə olduğu üçün debitor borcların yığılması İnstitutun üçüncü şəxslər qarşısında öz öhdəliklərini vaxtında və lazımınca yerinə yetirməməsinə səbəb olub ki, bu da müəssisənin mənafeyinə və işgüzar nüfuzuna mənfi təsir göstərir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin, 442, 448-ci maddələrinə istinad olunmuşdur. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə münasibətində qeyd etmişdir ki, iddia tələbini qismən qəbul edir. İddiaçının tələb etdiyi məbləğlə bağlı etirazı yoxdur. Lakin həmin məbləğ yüksək olduğundan, ödənişlər hissə-hissə aparıla bilər. Sonda qərarı məhkəmənin mülahizəsinə buraxmışdır. Tədqiq olunan sübutlar İş materiallarında olan: “Sifarişçi” Cavabdeh MMC ilə “İcraçı" Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X1 İnstitutu arasında bağlanmış xx.xx.2018-ci il tarixli 801/18 nömrəli sınaq işlərinin aparılmasına dair müqavilənin predmetindən görünür ki, “Sifarişçi” həvalə etmiş, “İcraçı” isə Bakı şəhəri, Binəqədi rayonu, M.Davudoğlu küçəsində inşa olunacaq zirzəmili, 16 (on altı) mərtəbəli (+ mansard) yaşayış binasının tikintisində istifadə olunacaq tikinti materiallarının keyfiyyət göstəricilərinin və konstruktiv elementlərin betonunun naturada möhkəmlik göstəricilərinin layihəyə uyğunluğunun təyin edilməsi üçün Azərbaycan Respublikasında qüvvədə olan standartlara uyğun olaraq sınaq işlərinin həyata keçirilməsini öz öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə əsasən bina və su anbarları üzrə ümumi sahəsi 10372,26 m2dir, o cümlədən bina üzrə 10276,56 m2, 83 m3-luq su anbarı üzrə 74,00 m2, 40 m3-luq su anbarı üzrə 21,70 m2. Sınaq işlərinin qiyməti hər 1 (bir) m2 üçün - 1.00 AZN (bir manat, 00 qəpik) dəyərində razılaşdırılır və bu Müqavilənin 2.1-ci bəndi üzrə ümumi qiymət (ƏDVsiz) - 10372,26 manat təşkil edir. Müqavilənin 3.2-ci bəndinə əsasən “Sifarişçi” bu Müqavilənin 2.1-ci bəndi üzrə görüləcək sınaq işlərinə görə “İcraçı”nın hesabına ümumi məbləğin 30%-ni avans şəklində əvvəlcədən ödəyir. Ödənilən avansın həcmində işlər “İcraçı” tərəfindən yerinə yetirildikdən sonra “Sifarişçi” onları təhvil-qəbul aktı ilə qəbul edir. Müqavilənin 3.3-cü bəndinə əsasən müqavilənin 2.1-ci bəndi üzrə müqavilə qiymətinin qalan hissəsinin (70%-i) ödənişi görülmüş işlərin həcmindən asılı olaraq ayrı-ayrılıqda təqdim edilmiş təhvil-qəbul aktına və hesab-fakturaya uyğun aparılır. Müqavilənin 3.6-cı bəndinə əsasən “İcraçı” tərəfindən “Sifarişçi”yə 2 (iki) nüsxədə təqdim olunmuş təhvilqəbul aktı 3 (üç) iş günü müddətində təsdiq olunaraq, 1 (bir) nüsxəsi “İcraçı”ya təhvil verilməlidir. Təhvil-qəbul aktı təsdiq edilib qeyd olunan müddətdə təqdim edilmədikdə sınaq işləri qəbul edilmiş hesab olunur və “Sifarişçi” ödənişin həyata keçirilməsini öhdəsinə götürür. xx.xx.2018-ci il tarixli 801/18 nömrəli sınaq işlərinin aparılmasına dair müqavilə üzrə 300/20 nömrəli 19 may 2020-ci il tarixli Yoxlama sınaq işlərinin təhvil-qəbulu üçün akta əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Davudoğlu küçəsində inşa olunacaq zirzəmili, 16 (on altı) mərtəbəli (+mansard) yaşayış binasının tikintisində istifadə olunacaq tikinti materiallarının keyfiyyət göstəriciləri yoxlanılmış, görülən işlərin dəyəri 12126,34 manat müəyyən edilmiş və Cavabdeh MMC tərəfindən təhvil alınmışdır. 27 sentyabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh MMC tərəfindən son ödəniş xx.xx.2022-ci il tarixdə ƏDV-ilə birlikdə 500 manat ödənilmişdir. xx.xx.2024-cü il tarixədək həmin müqavilə üzrə cəmi ƏDV-18% daxil olmaqla 2500.00 manat ödəniş olunmuşdur. Sifarişçinin görülmüş işlərə görə (ƏDV-18%)-ilə birlikdə 9626,34 manat manat borcu qalmışdır. 12 iyun 2024-cü il tarixli ***-*******-8 saylı ödəniş qəbzindən görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin S.Ə.Dadaşov adına Elmi- Tədqiqat və Layihə-X1 İnstitutu tərəfindən dövlət büdcəsinə 117,40 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 113.1-ci maddəsinə əsasən iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda, 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında podrat müqaviləsi üzrə münasibətlər mövcud olmuşdur. Belə ki, iddiaçı müqavilədə nəzər tutulmuş xidməti göstərsə də, cavabdeh tərəfindən nəzərdə tutulmuş xidmət haqqı iddiaçıya ödənilməmişdir. Bununla da cavabdeh müqavilə ilə üzərinə götürmüş öhdəlikləri yerinə yetirməmiş, qarşı tərəfin gördüyü işi qəbul etsə də, şərtləşdirilmiş xidmət haqqını ödəməmişdir. Cavabdehin iddiaçıya borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla, həmçinin cavabdehin nümayəndəsinin etirafı ilə öz təsdiqini tapır. Buna görə də iddiaçının icra etdiyi işin müqabilində cavabdehdən muzdun ödənilməsini tələb etmək hüququ vardır. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, iddiaçı tərəfindən xidmətlərin cavabdehə göstərildiyini, cavabdehin öz öhdəliyini lazımi qaydada icra etməyərək göstərilmiş xidmətlərə görə 9626,34 manat pulu ödəmədiyini, iddiaçının göstərilən xidmətin dəyərinin ödənilməsini tələb etmək hüququnun olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 9626,34 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddianın təmin olunmasını, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən 9626,34 manat iddia tələbi üçün 116,27 manat rüsum ödənilməli olduğunu nəzərə alaraq hesab edir ki, ödənilmiş 117,4 manat rüsumun 116,27 manatının əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh MMC-dən 801/18 saylı müqaviləsinə əsasən 9626 (doqquz min altı yüz iyirmi altı) manat 34 (otuz dörd) qəpik borc, habelə ödənilmiş dövlət rüsumunun 116 (bir yüz on altı) manat 27 (iyirmi yeddi) qəpik hissəsinin əvəzi tutularaq iddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin S.Ə.Dadaşov adına Elmi- Tədqiqat və Layihə-X1 İnstitutuna ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-4581/2024
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4581/2024
24.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver