Məhkəmə qərarları › İş №e-2-2(113)-4590/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4590/2025

04.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4590/2025 04.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Qanuni nümayəndə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: müqavilə öhdəliklərinin lazımınca icra olunmaması, pul tələbi) Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh1 və Qanuni nümayəndə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı (İddiaçı MMC) cavabdehlər Cavabdeh1 (Cavabdeh1 MMC) və Qanuni nümayəndə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 33949,58 manat qalıq borc, 2916,09 manat cərimə olmaqla, ümumilikdə 36865,67 manat (otuz altı min səkkiz yüz altmış beş manat altmış yeddi qəpik), o cümlədən iddiaçı tərəfindən ödənilmiş 201 (iki yüz bir) manat dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 (bundan sonra - şirkət) ilə İddiaçı (bundan sonra - iddiaçı) arasında 16 oktyabr 2024-cü il tarixli, FF-C009 saylı faktorinq müqaviləsi (bundan sonra – müqavilə) bağlanmışdır. İddiaçı müqavilə üzrə “faktor”, şirkət isə “müştəri” olaraq çıxış etmişdir. Müqaviləyə əsasən şirkət "X1 Sanayi Ve Ticaret Anonim Şirketi"nin Azərbaycan Respublikasındakı Filialı (VÖEN:**********) ilə arasında bağlanan 08 yanvar 2024-cü il tarixli, XQL-2021-089 nömrəli müqavilədən irəli gələn pul tələbini iddiaçıya güzəşt etməyi öhdəsinə götürmüşdür. Müqaviləyə və 16 oktyabr 2024-cü il tarixli, FF-C009/01 nömrəli qiymətlərin razılaşdırılması protokoluna əsasən iddiaçı tərəfindən şirkətə 30375,94 manat (otuz min üç yüz yetmiş beş manat doxsan dörd qəpik) məbləğində maliyyə vəsaiti təqdim edilmişdir. Müqaviləyə əsasən iddiaçıya ödənilməli olan birdəfəlik xidmət haqqı məbləği şirkət tərəfindən ödənilməli məbləğin (30375,94 manat) 15%-i (on beşi faizi), yəni 5360,46 manat (beş min üç yüz altmış manat qırx altı qəpik) olmaqla, şirkət tərəfindən iddiaçıya ödənilməli olan ümumi məbləğ (bundan sonra – maliyyə vəsaiti) 35736,41 manat (otuz beş min yeddi yüz otuz altı manat qırx bir qəpik) olmuşdur. Tərəflər arasında bağlanan müqavilənin 1 saylı əlavəsində (ödəniş cədvəli) maliyyə vəsaitinin şirkət tərəfindən iddiaçıya 16 yanvar 2025-ci il tarixinədək 3 (üç) hissəli ödəmə şəklində geri qaytarılması nəzərdə tutulmuşdur. Daha sonra tərəflərin qarşılıqlı razılığı ilə şirkət tərəfindən ödənişin geri qaytarılması müddəti 07 fevral 2025-ci il tarixinədək uzadılmışdır, lakin şirkət hazırkı tarixədək maliyyə vəsaitinin bir qismini iddiaçıya ödəsə də, qalıq borcunu, yəni 33949,58 manatı (otuz üç min doqquz yüz qırx doqquz manat əlli səkkiz qəpik) iddiaçıya geri qaytarmamışdır. Müqavilənin 1 saylı əlavəsinə əsasən şirkət ödənişlərin gecikdirilmiş hər günü üçün iddiaçıya ümumi məbləğin 0.1%-i (sıfır tam onda bir faizi) həcmində cərimə ödəmək öhdəliyi daşıyır. Şirkət 07 fevral 2025-ci il tarixindən hazırkı – 13 may 2025-ci il tarixinədək iddiaçıya maliyyə vəsaitini tam şəkildə geri qaytarmaq öhdəliyini icra etməmişdir. Buna uyğun olaraq şirkət iddiaçiya 2916,09 manat (iki min doqquz yüz on altı manat doqquz qəpik) cərimə ödəmək öhdəliyi daşıyır. Bundan başqa, iddiaçı ilə Qanuni nümayəndə (bundan sonra - zamin) arasında 16 oktyabr 2024-cü il tarixli zaminlik müqaviləsi (bundan sonra – zaminlik müqaviləsi) bağlanmışdır. Zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən zamin şəxs FF-C009 saylı faktorinq müqaviləsinə əsasən öhdəliklərin yerinə yetirilməməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürür. Zaminlik müqaviləsinin 2.1-ci bəndinə əsasən zamin şirkətin iddiaçı qarşısında olan öhdəliklərinin icrasına görə tam məsuliyyət daşıyır. Zaminlik müqaviləsinin 2.2-ci bəndinə əsasən zamin şirkətin iddiaçı qarşısındakı öhdəliklərinin yerinə yetirilməməsi və lazımınca yerinə yetirilməməsi haqqında iddiaçının bildirişini aldığı gündən 5 (beş) gün ərzində şirkətin iddiaçı qarşısındakı öhdəliklərini yerinə yetirməyə borcludur. Zaminlik müqaviləsinin 2.3-cü bəndinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər mülki qanunvericilikdə və ya bu müqavilədə və ya ona əlavədə zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmamışdırsa, zamin və borclu birgə məsuliyyət daşıyırlar. Zaminlik müqaviləsinin şərtlərinə uyğun olaraq iddiaçı tərəfindən zaminə dəfələrlə şifahi, o cümlədən rəsmi müraciət olunmuş, lakin müraciətlər heç bir nəticə verməmişdir. Məsələnin məhkəməyə qədər nizamlama (pretenziya) qaydasında həlli üçün həm şirkətə, həm də zaminə rəsmi müraciət edilsə də, nə şirkət, nə də zamin tərəfindən məsələyə münasibət bildirilməmiş, buna görə də mübahisənin məhkəmə qaydasında həlli üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdehlər tərəfindən iddiaçıya ödənilməli məbləğ 2916,09 manat cərimə, 33949,58 manat (otuz üç min doqquz yüz qırx doqquz manat əlli səkkiz qəpik) qalıq borc olmaqla, ümumilikdə 36865,67 manat (otuz altı min səkkiz yüz altmış beş manat altmış yeddi qəpik) təşkil edir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425, 442, 443, 449, 472.2, 655-ci maddələrinə istinad edilmişdir.

4. Cavabdehlər tərəfindən iddiaya etiraz daxil olmamışdır.

5. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

6. İddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdi, iddianın təmin olunmasını, həmçinin qeyd olunan məbləğlərin hər iki cavabdehdən birgə qaydada tutulmasını məhkəmədən xahiş etdi.

7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, faktor qismində İddiaçı MMC ilə müştəri qismində Cavabdeh1 MMC (direktor- Qanuni nümayəndə) arasında 16 oktyabr 2024-cü il tarixli, FF-C009 nömrəli faktorinq müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən müştəri "xxxx" MMC ilə bağlanan xx.xx.2024-cü tarixli, XQL-2021-089 saylı və "X1 Sanayi və Ticaret Anonim Şirketi" Azərbaycan Respublikası Filialı (VÖEN **********) ilə müqavilədən irəli gələn pul tələbini faktora güzəşt etməyi öhdəsinə götürür. Pul tələbinin məbləği müştərinin fəaliyyəti ilə nəzərdə tutulmuş ümumi maliyyə dövriyəsi əsasında, öncədən razılaşdırılmış olunan invoice, qaimə və digər maliyyə sənədi əsasında razılaşma protokolu ilə müəyyən edilir; 1.2-ci bəndinə əsasən bu müqavilə bağlandığı gündən qanuni qüvvəyə minir və müqavilədə qeyd olunan müddətə qədər etibarlı sayılır. Bu səbəblə, müştəri "Azyol Tikinti Təmir” MMC tərəfindən icra edilmiş olan hər bir maliyyə dövriyyəsi, bu müqaviləyə əsasən faktora qeyd olunmuş razılaşma ilə ödənişlər olunur; 1.3-cü bəndinə əsasən ödənişin məbləği qiymətlərin Razılaşdırma Protokollarına əsasən tənzimlənir. Razılaşdırılma Protokolu bu Müqavilənin ayrılmaz hissəsi hesab olunur; 1.4-cü bəndinə əsasən faktor müştərinin pul tələbini təmin etmək məqsədilə 3 (üç) ay müddətinə fazilərin ödənişi hər ay olmaqla 35736,41 manat (otuz beş min yeddi yüz otuz altı manat qırx bir qəpik) həddində faktorinq ayırır və borclar ödənilir. Faktor müştərinin göstərdiyi xidmətləri tam həcmdə maliyyələşdirir və pul tələbi tam həcmdə faktora güzəşt edilir. Müştərinin göstərdiyi xidmətlərə görə haqq invoice və ya qaimə əsasında müəyyən edildikdən sonra 85% (səksən beş faiz) hissəsi faktor tərəfindən maliyyələşdirilir, qalıq 15% isə faktorun gəlirinə hesablanır. Faktor tərəfindən müştəriyə vəsaitin verilməsi H/H-na köçürmə yolu ilə həyata keçirilir. Faktor müştəriyə mühasibat uçotunun aparılması, hesabların işlənməsi və s. əlavə maliyyə xidmətləri də göstərə bilər; 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə faktorun əldə etdiyi gəlir müştərinin göstərdiyi xidmətlərə görə ona güzəşt edilmiş və "Azyol Tikinti Təmir” MMC tərəfindən ödənilməli olan pul məbləğinin (15%) hissəsindən ibarətdir; 3.3-cü bəndinə əsasən güzəştin predmeti olan tələbin borclu tərəfindən icra edilməməsi və ya lazımınca icra edilməməsi riskini müştəri çəkir; 3.5-ci bəndinə əsasən borclu müştərinin göstərdiyi xidmətlərə görə ödənişi müştərinin hesabına köçürür. Müştəri isə hesabına məbləğ köçürüldükdən 3 (üç) ay həmin aya müvafiq iş günü ərzində bu müqavilənin 1.2-ci bəndinə əsasən faktor tərəfındən ona ödənilmiş xidmət haqqı olaraq bu müqavilənin ayrılmaz hissəsi olan qiymət razılaşdırılma protokoluna əsasən, göstərilən məbləğ tam olmaqla, həmin miqdarda pulu faktorun hesabına köçürməlidir. Müştəri tərəfindən qeyd edilən müddət ərzində faktora ödənişlər edilmədikdə gecikdirilən hər gün üçün faktora ödənilməli məbləğin 0,1% həcmində dəbbə pulu hesablanacaq. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

8. İddiaçı MMC ilə zamin qismində Qanuni nümayəndə arasında imzalanmış xx.xx.2024-cü il tarixli zaminlik müqaviləsinin məzmunundan müəyyən olunur ki, zamin İddiaçı MMC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, FF-C009 nömrəli faktorinq müqaviləsinə əsasən öhdəliklərin yerinə yetirilməsinə görə cavabdehlik öhdəliyini öz üzərinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən müqaviləyə görə borclu İddiaçı MMC qarşısında öz öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə zamin şəxs borclunun öhdəliklərinə görə tam həcmdə məsuliyyət daşıyır; 2.2-ci bəndinə əsasən zamin borclunun İddiaçı MMC qarşısındakı öhdəliklərinin yerinə yetirilməməsi və lazımınca yerinə yetirilməməsi haqqında bildirişi aldığı gündən 5 gün ərzində borclunun İddiaçı MMC qarşısındakı öhdəliklərini yerinə yetirməyə borcludur. Müqavilə tərəflərin imzası və İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmişdir.

9. xx.xx.2024-cü il tarixli, FF-C009/01 nömrəli qiymətlərin razılaşdırılması protokolunun məzmunundan müəyyən olunur ki, İddiaçı MMC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, FF-C009 nömrəli faktorinq müqaviləsinə əsasən xidmətlərin dəyəri 35736,41 manat müəyyən edilmişdir. Protokol tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

10. xx.xx.2024-cü il tarixli, 08 nömrəli hesab-fakturanın məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh1 MMC-yə ödəniləcək məbləğ 35736,41 manat təşkil edir.

11. xx.xx.2024-cü il tarixli, FF-C009 saylı faktorinq müqaviləsinə 1 nömrəli əlavə olan ödəniş cədvəlinin məzmunundan müəyyən olunur ki, müqavilə üzrə Cavabdeh1 MMC tərəfindən xx.xx.2024-cü il tarixində 1786,82 manat, xx.xx.2024-cü il tarixində 1786,82 manat, xx.xx.2025-ci il tarixində 32162,77 manat (30375,95 manat əsas, 1786,82 manat faiz borcu) olmaqla, ümumilikdə 35736,41 manat ödəniş edilməli idi. Qeyd edilmişdir ki, gecikdirilmiş ödənişlərə görə hər gün üçün ümumi məbləğin 0,1%-i həcmində müştəri cərimə ödəyir. Əlavə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

12. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, İB**********- 827166-241018 nömrəli ödəniş tapşırığının məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh1 MMC-nin bank hesabına 15187,97 manat köçürülmüşdür. Ödənişin təyinatı kimi xx.xx.2024-cü il tarixli, FF-C009 nömrəli faktorinq müqaviləsi qeyd edilmişdir.

13. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, İB**********- 827166-241104 nömrəli ödəniş tapşırığının məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh1 MMC-nin bank hesabına 5187,97 manat köçürülmüşdür. Ödənişin təyinatı kimi xx.xx.2024-cü il tarixli, FF-C009 nömrəli faktorinq müqaviləsinə əsasən tərtib edilmiş FF-C009/01 nömrəli qiymət razılaşma protokolu qeyd edilmişdir.

14. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, İB**********- 827166-241107 nömrəli ödəniş tapşırığının məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh1 MMC-nin bank hesabına 10000 manat köçürülmüşdür. Ödənişin təyinatı kimi xx.xx.2024-cü il tarixli, FF-C009 nömrəli faktorinq müqaviləsinə əsasən tərtib edilmiş FF-C009/01 nömrəli qiymət razılaşma protokolu qeyd edilmişdir.

15. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2025-ci il tarixli hesabdan çıxarışın məzmunundan müəyyən olunur ki, xx.xx.2024-cü il tarixində Cavabdeh1 MMC tərəfindən İddiaçı MMC-nin bank hesabına 1786,82 manat ödəniş edilmişdir.

16. İddiaçı MMC tərəfindən Qanuni nümayəndə göndərilmiş xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, borc məbləğinin 5 gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

17. İddiaçı MMC tərəfindən Cavabdeh1 MMC-yə göndərilmiş xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, borc məbləğinin 3 iş günü müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.1-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 655.1-ci maddəsinə əsasən faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. 655.5-ci maddəsinə əsasən faktorinq müqaviləsi yazılı formada bağlanır. 656-cı maddəsinə əsasən əgər bu məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, faktorinq müqaviləsinə tələblərin alğı-satqısı və verilməsi haqqında müddəalar tətbiq edilir. 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmənin mövqeyi

20. İşin faktiki hallarından göründüyü kimi, faktor qismində İddiaçı MMC ilə müştəri qismində Cavabdeh1 MMC arasında bağlanan 16 oktyabr 2024-cü il tarixli, FF-C009 nömrəli faktorinq müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı MMC ilə zamin qismində Qanuni nümayəndə arasında bağlanmış xx.xx.2024-cü il tarixli zaminlik müqaviləsinin məzmunundan müəyyən olunur ki, Qanuni nümayəndə İddiaçı MMC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, FF-C009 nömrəli faktorinq müqaviləsinə əsasən öhdəliklərin yerinə yetirilməsinə görə birgə məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Müqavilə üzrə iddiaçı öz öhdəliklərini yerinə yetirsə də, cavabdehlər öz öhdəliklərini lazımınca yerinə yetirməmiş və nəticədə iddiaçının hazırkı tələb hüququ yaranmışdır.

21. İddia tələbinin bir hissəsini 33949,58 manat pul vəsaitinin Cavabdeh1 MMC və Qanuni nümayəndə birgə qaydada tutulması təşkil edir.

22. Məhkəmə qanunvericilik normalarını, cavabdehlərin (müştəri və zamin) müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini, müştərinin hesabına məbləğ köçürüldükdən 3 (üç) ay müvafiq iş günü ərzində (həmin müddət keçmişdir) faktor tərəfındən müqavilənin ayrılmaz hissəsi olan qiymət razılaşdırılma protokoluna əsasən göstərilən məbləği tam olmaqla iddiaçının hesabına köçürmək vəzifəsi daşımasını, belə olan halda isə iddiaçının ödənilməmiş qalan məbləğin ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə təmin edilməli və cavabdehlər Cavabdeh1 və Qanuni nümayəndə birgə qaydada 33949,58 manat (otuz üç min doqquz yüz qırx doqquz manat əlli səkkiz qəpik) tutularaq İddiaçınə ödənilməlidir. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, FF-C009/01 nömrəli qiymətlərin razılaşdırılması protokolundan göründüyü kimi, İddiaçı MMC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, FF-C009 nömrəli faktorinq müqaviləsinə əsasən xidmətlərin dəyəri 35736,41 manat təşkil edir. Həmin məbləğlər iddiaçı tərəfindən cavabdeh cəmiyyətin bank hesabına köçürülmüşdür. Həmin hal yuxarıda qeyd olunan ödəniş sənədləri ilə öz təsdiqini tapır. xx.xx.2024-cü il tarixli, FF-C009 saylı faktorinq müqaviləsinə 1 nömrəli əlavə olan ödəniş cədvəlindən müəyyən olunur ki, müqavilə üzrə Cavabdeh1 MMC tərəfindən xx.xx.2024-cü il tarixində 1786,82 manat, xx.xx.2024-cü il tarixində 1786,82 manat, xx.xx.2025-ci il tarixində 32162,77 manat (30375,95 manat əsas, 1786,82 manat faiz məbləği) olmaqla, ümumilikdə 35736,41 manat ödəniş edilməsi ilə bağlı razılıq əldə edilmişdir. Protokol və əlavə Cavabdeh1 MMC-nin imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş hesabdan çıxarışdan müəyyən olunur ki, Cavabdeh1 MMC tərəfindən İddiaçı MMC-nin bank hesabına 1786,82 manat ödəniş edilmişdir. Belə olan halda cavabdehlər tərəfindən ödənilməli olan məbləğ 33949,59 manat (35736,41- 1786,82=33949,59) təşkil edəcəkdir.

23. İddia tələbinin digər hissəsini 2916,09 manat cərimə məbləğinin cavabdehlərdən müştərək qaydada tutulması təşkil edir.

24. Məhkəmə hesab edir ki, pul vəsaiti cavabdehlər tərəfindən razılaşdırılmış müddətdə ödənilmədiyindən iddiaçının cərimə məbləğinin ödənilməsini tələb etmək hüququ vardır. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, FF-C009 saylı faktorinq müqaviləsinin 3.5-ci bəndinə əsasən müştəri tərəfindən qeyd edilən müddət ərzində faktora ödənişlər edilmədikdə gecikdirilən hər gün üçün faktora ödənilməli məbləğin 0,1% həcmində dəbbə pulu hesablanacaq.

25. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən müştərək qaydada 1700 (min yeddi yüz) manat cərimə tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

26. Eləcə də, iddiaçı 201 manat dövlət rüsumunun müştərək qaydada onun xeyrinə tutulmasını xahiş etmişdir.

27. Məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilmiş hissəsinə uyğun olaraq ödənilmiş dövlət rüsumuna görə 194 (yüz doxsan dörd) manat cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır.

28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 və Qanuni nümayəndə birgə qaydada 33949,58 manat (otuz üç min doqquz yüz qırx doqquz manat əlli səkkiz qəpik) borc, 1700 (min yeddi yüz) manat cərimə, ödənilmiş dövlət rüsumuna görə 194 (yüz doxsan dörd) manat olmaqla, ümumilikdə 35843,58 manat (otuz beş min səkkiz yüz qırx üç manat əlli səkkiz qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar