Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4599/2023 01.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, elektron qaimə) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı “X4 Limited” MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 30.000 manat pul məbləğinin və gecikdirilmiş günlər üçün əlavə 675 manat pul məbləğinin və mediasiya üçün çəkilmiş xərclərin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixində müqavilə bağlanmışdır. xx.xx.2023-cü il tarixində iddiaçı tərəfindən cavabdehə pul məbləğinin geri ödənilməsi ilə bağlı pretenziya məktubu göndərilsə belə cavabdeh tərəfindən öhdəliklər yerinə yetirilməmişdir. Müqaviləyə əsasən İddiaçı MMC 30.000 manatı cavabdehə ödəyir ondan ötrü ki, icraçı xx.xx.2023-cü il tarixində cari işlərə başlamaqla meydançanın tikintisini öz üzərinə götürür. Eyni zamanda işçilərin yemək, içmək və istirahətlərini həyata keçirə bilməsi üçün 1 ədəd konteynerin gətirilməsini icraçı öz üzərinə götürür. GAYK brendinə məxsus HRE 3000 modelli maşınların da Bakı şəhərinə gətirilməsini və 2 ədəd maşının gömrük rəsmiləşdirilməsi işlərini icraçı öz üzərinə götürür. İcraçı yuxarıda sadalanan işlərin və xidmətlərin icraçı tərəfindən vaxtında və düzgün qaydada yerinə yetirilmədiyi halda daha öncə ona verilən 30.000 manatı sifarişçiyə geri qaytaracağına razılıq verir. İddiaçı tərəfindən müqavilə məbləği tam şəkildə ödənilsə belə 15 may 2023-cü il tarixindən etibarən 7 avqust 2023-cü il tarixinədək cavabdeh tərəfindən heç bir xidmət göstərilməmişdir. Nəticədə isə müqaviləyə əsasən ödənilməmiş 30.000 manat, gecikdirilmiş hər gün üçün isə 675 manat, ümumilikdən 30.675 manat borc məbləği yaranmışdır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehə hazırlıq işlərinin başlanması üçün 30000 manat vəsait ödənilsə də, cavabdeh ümumiyyətlə hər hansı iş icra etməmiş, pulu da qaytarmaqdan imtina etmişdir.
4. Əvvəlki məhkəmə iclasında cavabdehin qanuni təmsilçisi İbrahim Arslan iddia tələbinə etiraz edib iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında əldə edilmiş razığa əsasən işlərə başlanması üçün cavabdehə iddiaçı tərəfindən 30000 manat vəsait ödənilmiş, lakin sonradan iddiaçı yazılı müqavilə bağlamaqdan imtina etmişdir. Bundan əlavə, həmin işlərin icra edilməməsinin təqsirkarı cavabdeh deyildir, belə ki, nəzərdə tutulmuş avadanlıqları İran İslam Respublikasından gətirmək üçün ora getsə də, həmin avadanlıqların gömrük yoxlanışından keçirilməsi, Azərbaycana gətirilməsi mümkün olmamış, bu səbəbdən həmin avadanlıqları Qazaxıstandan gətirməyə cəhd etmişlər. Bu da öz növbəsində cavabdehin təxminən 30000 manat zərərə uğramasına səbəb olmuşdur. Bu səbəbdən iddia tələbi əsassızdır.
5. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məhkəməyə məlumat verməmişdir.
6. Sonuncu məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. İddiaçı ilə cavabdeh arasında tərtib edilmiş xx.xx.2023-cü il tarixli ödəniş müqaviləsinə əsasən sifarişçi icraçı və Abadlıq şirkətini Qaradağ Günəş PV Zavodu (sahə 60) Layihəsində (“podrat”) svay işləri üçün müqavilə bağlamağa məcbur edəcək.
9. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli ilkin razılaşmaya əsasən razılaşma tikinti işləri aparılan “Qaradagh Solar PV Plant (Area 60) Project” layihəsində görüləcək işlər üçün nəzərdə tutulur.
10. Razılaşmanın 1-ci bəndinə əsasən cavabdeh işçilərin (bütün ixtisaslı işçilər) xx.xx.2023-cü il tarixində cari işlərə başlamaq üçün tikinti meydançasına gətirilməsi öhdəliyinə götürür.
11. Razılaşmanın 2-ci bəndinə əsasən cavabdeh eyni zamanda işçilərin yemək, içmək və istirahət saatlarında qalmalarını və vaxtlarının asudə keçməsi üçün 1 ədəd konteynerin gətirilməsini öhdəliyini götürür.
12. Razılaşmanın 3-cü bəndinə əsasən cavabdeh GAYK brendinə məxsus HRE3000 modelli “payling” maşınlarının xx.xx.2023-cü il tarixində Bakı şəhərinə gətirilməsini öhdəliyinə götürür. Göstərilən tarixdə bu 2 ədəd maşının Bakı şəhərində gömrük rəsmiləşdirilməsi işlərini cavabdeh öz üzərinə götürür.
13. Razılaşmanın 4-cü bəndinə əsasən yuxarıda göstərilən işlər və xidmətlər icraçı tərəfindən vaxtında və düzgün qaydada yerinə yetirməzsə daha öncə ona verilən 30000 manatı sifarişçiyə geri qaytaracağına razılıq verir.
14. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı tərəfindən cavabdehə tikinti meydançasında iddiaçının sifarişi əsasında işlərə başlanması üçün 30000 manat vəsait ödənilmiş, lakin həmin razılaşma üzrə hər hansı iş icra edilməmişdir.
15. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir (maddə 491.1). Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır (maddə 491.2). Müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır (maddə 491.3).
16. Belə ki, cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında i.v.35-də olan razılaşmada nəzərdə tutulmuş işlərə başlanmamasının səbəbini tərəflər arasında sonradan yazılı podrat müqaviləsinin imzalanmaması, habelə razılaşmada adı çəkilən avadanlıqların onların təqsiri olmadan iddiaçıya təhvil verilməməsi ilə əlaqəli olduğunu, habelə cavabdeh tərəfindən həmin razılaşmanın icrası ilə bağlı müəyyən xərclər çəkilməsi səbəbindən ödənilmiş avansın geri qaytarılmamalı olduğunu bildirmişdir.
17. Cavabdeh həmin razılaşma üzrə tərəflərindən müəyyən işlərə başlandığını, 30000 manat civarında xərc çəkildiyini bildirmiş, bunu təsdiq edən sübutların məhkəməyə təqdim etmək üçün məhkəmədən vaxt istəmiş, bu məqsədlə bir neçə dəfə məhkəmə hazırlıq iclası təxirə salınsa da, cavabdeh tərəfindən məhkəməyə ümumiyyətlə hər hansı sənəd, sübut təqdim edilməmiş, cavabdehin nümayəndəsi sonrakı məhkəmə iclaslarına ümumiyyətlə gəlməmiş, səbəbi barədə də məhkəməyə məlumat verməmişdir.
18. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Məhkəmə qeyd etmək istəyir ki, avans digər tərəfin qarşılıqlı öhdəliyin icra edilməsi üçün aparılan ödənişdir. Öhdəlik icra edilmədikdə bütün hallarda avans geri qaytarılmalıdır. Avansın öhdəliyi icra etməyən tərəfdə qalması əsassız varlanma kimi qiymətləndirilir.
20. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, məhkəmə araşdırması zamanı tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli yazılı razılaşma üzrə həmin tarixdə iddiaçı tərəfindən cavabdehə beh deyil, avans ödənildiyi, ödənilmiş avansın müqabilində cavabdeh tərəfindən iddiaçıya ümumiyyətlə hər hansı xidmətin göstərilmədiyi, razılaşmada nəzərdə tutulmuş işlərin icra edilmədiyi müəyyən edildiyindən iddia tələbi həmin hissədə əsaslıdır və təmin edilməlidir.
21. Materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5 faiz hesablanmaqla 675 manat məbləğində faiz borcunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
22. İddiaçı iddia tələbində cavabdehdən hər il üçün gecikdirilmiş illik beş faiz hesablanmaqla 675 manat faiz borcunun ödənilməsi tələbini irəli sürsə də, məhkəməyə tələb etdiyi faiz borcunun məbləğinin hesablanması düsturu və bunun üçün əsas götürülmüş müddət (günə-gün hesabı ilə) barədə heç bir sübut təqdim etməmişdir. Məhkəmənin yalnız iddia ərizəsində göstərilənlərə əsasən yuxarıda göstərilən qaydada qiymətləndirmə aparması və cavabdehdən 675 manat faiz borcu tutması mümkün deyil. Ona görə də məhkəmə hesab edir ki, hazırda tələb olunan bu məbləğin əsaslı olubolmaması barədə birmənalı nəticəyə gəlmək mümkün olmadığından və tələbin əsasına dair sübutlar təqdim edilmədiyindən bu hissədə iddia tələbi təmin olunmamalıdır.
23. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 30000 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
25. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 200 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.
V. Nəticə:
26. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 30000 manat məbləğində pul, ödənilmiş 200 manat dövlət rüsumu, ümumilikdə 30200 (otuz min iki yüz) manat məbləğində pul tutularaq iddiaçı “X4 Limited” MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova