Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4624/2024 22.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı “İddiaçı” şirkətinin nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “İddiaçı” şirkətinin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı “İddiaçı” şirkəti Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 105.197 ABŞ dolları məbləğində əsas və 2.386,26 ABŞ dolları əlavə borc olmaqla, ümumilikdə 107.583,26 ABŞ dolları borcun və 473 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməs barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, “X7 Lojistik Sanayi ve Ticaret” Anonim Şirketi ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə Distribyutorluq müqaviləsi bağlanmışdır. Müqaviləyə uyğun olaraq cavabdehlə işgüzar əlaqələr formalaşmış və cavabdehə müxtəlif çeşiddə malların Azərbaycanda satışını həyata keçirilməsi üçün imkanlar yaratmış, mallar təqdim etmişdir. Bağlanmış müqaviləyə uyğun olaraq, malların Türkiyə Respublikasındakı satış anbarında alıcıya göndərilməsi, cavabdeh tərəfindən də, fakturaya əsasən malların ödənişlərinin 60 gün ərzində həyata keçirilməsi qərara alınmışdır. İddiaçı müqavilələrdə göstərilən şərtlərə uyğun olaraq üzərinə götürdüyü öhdəliyi tam icra etmiş, müəyyən edilmiş qaydada malları təhvil vermiş, lakin həmin müddətdən xeyli vaxt keçməsinə baxmayaraq cavabdeh müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyə uyğun olaraq malların dəyərini ödəməmiş, bununla da o, müqavilə şərtlərini, həmçinin qüvvədə olan mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Cavabdeh İddiaçıya ödəməli olduğu pulu vaxtında geri qaytarmamaqla həmin vəsaitdən yararlanmışdır. Beləliklə, Cavabdehin yuxarıda qeyd olunan müqavilə çərçivəsində DİSERA şirkətinə 105,197 ABŞ dolları borcu yaranmışdır. xx.xx.2024-cü il tarixdə Cavabdeh iddia ərizəsinə etiraz göndərərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsində malları siyahı üzrə sadalayıb göstərib ki, cavabdeh onunla bağladığı distryubyutorluq müqaviləsinə əsasən aldığı malların ödənişini gecikdirmişdir. Lakin həmin 05 yanvar 2023-cü il tarixli müqavilə iddiaçı ilə bağlanan ilk müqavilə deyildir. Belə ki, həmin müqavilə 2021-ci il və 2022-ci il tarixlərdə də hər il uzadılmaq şərti ilə tərəflər arasında hər il bağlanmışdır və həmin illər boyu aparılan bütün əməliyyatlar qeyd edilmiş müqavilə üzrə aparılmışdır. Həmin müqavilə aparılan işgüzar münasibətlərin əsası kimi vacib rol oynamışdır. Müqavilənin 15-ci “İdarəedici hüquq və müqavilənin aidiyyatı” maddəsində hazırki müqavilə üzrə yaranmış və ya yarana biləcək mübahisə və ziddiyyətlərin hansı məhkəmə aidiyyatına və hansı qanunvericilik əsasında baxılmalı olması açıq şəkildə öz əksini tapmışdır. Belə ki, həmin maddədə deyilir; 15.1 Bu müqavilə Türkiyə qanunları ilə tənzimlənir və müqavilədən irəli gələn ziddiyyətlər eyni məhkəmə təcrübəsi və qanunları ilə həll edilməlidir. 15.2 Tərəflər razılaşırlar ki, bu müqavilədən irəli gələn və ya onunla bağlı olan bütün və istənilən növ mübahisələr X1ydalarına əsasən həll olunacaq. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Arbitraj haqqında Qanunun 16.1-ci maddəsinə əsasən arbitraj sazişi müqavilədə arbitraj qeyd-şərti kimi və ya ayrıca müqavilə formasında ola bilər. Həmin qanunun 16.2.-ci madəsinə əsasən arbitraj sazişi yazılı formada bağlanılır. Həmin qanunun 16.3-cü maddəsinə əsasən arbitraj sazişinin və ya müqavilənin bağlanılması formasından asılı olmayaraq arbitraj sazişinin məzmunu hər hansı formada qeydə alındıqda, arbitraj sazişi yazılı formada bağlanılmış hesab olunur. Həmin qanunun 16.7-ci maddəsinə əsasən arbitraj sazişində istinad olunan arbitraj qaydaları arbitraj sazişinin tərkib hissəsi hesab edilir. Həmin qanunun 16.8-ci maddəsinə əsasən arbitraj sazişinin təfsiri zamanı hər hansı qeyri-müəyyənlik arbitraj sazişinin etibarlılığı və mövcudluğunun xeyrinə təfsir edilməlidir. Həmin qanunun 17.1-ci maddəsinə əsasən arbitraj sazişinin predmeti olan məsələ ilə bağlı qarşısında iddia qaldırılmış məhkəmə, işə mahiyyəti üzrə baxılmasından əvvəl tərəflərdən hər hansı birindən mübahisənin məhkəmədə həll edilməsinə dair etiraz daxil olduqda, arbitraj sazişi aşkar şəkildə etibarsız deyildirsə, aşkar şəkildə qüvvəsini itirməmişdirsə və ya onun icrasını qeyri-mümkün edən hallar yoxdursa, işi baxılmamış saxlayıb tərəfləri arbitraja yönləndirməlidir. Belə etiraz işə mahiyyəti üzrə baxılmasından əvvəl daxil olmadıqda məhkəmə işə mahiyyəti üzrə baxmalıdır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 29-cu maddəsinə əsasən Məhkəməyə aid olan mübahisə qanunla, beynəlxalq müqavilələrlə və ya tərəflərin sazişi ilə nəzərdə tutulan hallarda arbitraj məhkəməsinin həllinə verilə bilər. Həmin Məcəllənin 259.0.5-ci maddəsinə əsasən qanuna müvafiq olaraq tərəflər arasında həmin mübahisənin arbitraj məhkəməsində baxılması üçün arbitraj sazişi bağlanmışsa və işə mahiyyəti üzrə baxılmasından əvvəl mübahisənin məhkəmədə həll edilməsinə dair tərəflərdən hər hansı biri tərəfindən etiraz daxil olarsa, yaxud belə etiraz məhkəmə baxışı zamanı daxil olarsa, o şərtlə ki, tərəflər işə baxılmasına qədər etirazın edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırdıqda Məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı tərəf iddia ərizəsində tələbinin faktiki əsası kimi, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixdə Distribyutorluq müqaviləsinə istinad etmişdir. Ona görə də, qeyd edilmiş müqavilənin bəndləri təhlil edilməlidir. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixdə Distribyutorluq müqaviləsinin 15.1-ci bəndinə əsasən müqavilə Türkiyə qanunları ilə tənzimlənir və müqavilədən irəli gələn ziddiyyətlər eyni məhkəmə təcrübəsinin qanunları və qaydaları əsasında həll edilir. Həmin müqavilənin 15.2-ci maddəsinə əsasən tərəflər razılaşmışlar ki, bu müqavilədən irəli gələn və ya onunla bağlı olan bütün istənilən növ mübahisələr Beynəlxalq Ticarət Palatasının Arbitraj qaydalarına (The rules of Arbitration of the İnternational Chamber of Commerce (İCC Rules) uyğun həll edilməlidir. Məhkəmə qeyd edir ki, Beynəlxalq Ticarət Palatası (İnternational Chamber of Commerce (İCC Rules)) 1919-cu ildə qurulmuş, hal-hazırda da, əsas funksiyalarında biri də, arbitraj və mübahisələrin həllindən ibarətidir. Həmçinin qeyd edilən arbitraj qurumu Fransanın Paris şəhərində yerləşir. Göründüyü kimi, tərəflər öz aralarında bağlamış olduqları xx.xx.2023-cü il tarixli Distribyutorluq müqaviləsində qeyd edilmiş müqavilədən yaranan mübahisələrə arbitrajda baxılması ilə bağlı, aydın ifadə olunmuş şəkildə razılığa gəlmişlər. Ona görə də, Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı tərəfindən ödənilmiş olan dövlət rüsumu geri qaytarılmamalıdır. Belə ki, cavabdeh tərəf mübahisənin burada deyil, arbitrajda baxılması ilə bağlı etirazını təqdim etdikdən sonra belə, iddiaçı tərəf hazırkı işin, bu Məhkəmədə baxılmalı olmasında israrlılıq nümayiş etdirmiş və bu da, kifayət qədər Məhkəmə iclaslarının keçirilməsi ilə nəticələnmişdir. Nəzərə alınmalıdır ki, dövlət rüsumunun əsas məqsədi dövlət orqanları tərəfindən göstərilən xidmətlərə və ya hüquqi hərəkətlərə görə ödənilən məbləğ vasitəsi ilə dövlətin xərclərinin qismən maliyyələşməsidir. Hazırda da, görünür ki, iddiaçı tərəfindən təqdim edilmiş iddia üzrə 4 hazırlıq və 1 baxış iclası keçirilməklə kifayət qədər iş saatı sərf edilmiş və digər xərclər çəkilmişdir. Ona görə də, əks yanaşma gələcəkdə sui istifadə hallarına gətirib çıxara və çəkilmiş xərclərdən yayınma ilə nəticələnə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.5, 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: “İddiaçı” şirkətinin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-4624/2024
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4624/2024
22.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver