Məhkəmə qərarları › İş №e-2-2(113)-4657/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4657/2023

05.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4657/2023 05.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “zərərin ödənilməsi” barədə kiçik iddiaya dair kommersiya mübahisəsi (açar sözlər: zərər, sığorta) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdеh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı cavabdehdən 4239,57 manat pul vəsaitinin və mediasiya xərci üçün ödənilmiş 200 manat məbləğin iddiaçının xeyrinə tutulması tələbinə dair kiçik iddia üzrə sadələşdirilmiş qaydada verdiyi ərizəsinə dair kommersiya işinə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı cavabdehə qarşı cavabdehdən 4239,57 manat pul vəsaitinin və mediasiya xərci üçün ödənilmiş 200 manat məbləğin iddiaçının xeyrinə tutulması tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, RAZ********** nömrəli xx.xx.2021-ci il tarixli “Daşınmaz əmlakın icbari sığortası” ilə sığorta müqaviləsi bağlanmış və Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 20/22 ünvanında yerləşən obyekt sığorta təminatı almışdır. xx.xx.2021-ci il tarixində qeyd edilən ünvanda, su basma hadisəsi baş vermiş və 499,32 manat sığorta ödənişi həyata keçirilmişdir. RAZ********** nömrəli xx.xx.2021-ci il tarixli “Daşınmaz əmlakın icbari sığortası” ilə sığorta müqaviləsi bağlanmış və ünvan 2 ünvanında yerləşən obyekt sığorta təminatı almışdır. xx.xx.2021-ci il tarixində qeyd edilən ünvanda, su basma hadisəsi baş vermiş və 700 manat sığorta ödənişi həyata keçirilmişdir. RAZ211106006 nömrəli xx.xx.2021-ci il tarixli “Daşınmaz əmlakın icbari sığortası” ilə sığorta müqaviləsi bağlanmış və ünvan 3 ünvanında yerləşən obyekt sığorta təminatı almışdır. xx.xx.2021-ci il tarixində qeyd edilən ünvanda, su basma hadisəsi baş vermiş və 1177.18 manat sığorta ödənişi həyata keçirilmişdir. RAZ********** nömrəli xx.xx.2019-cu il tarixli “Daşınmaz əmlakın icbari sığortası” ilə sığorta müqaviləsi bağlanmış və ünvan 4 ünvanında yerləşən obyekt sığorta təminatı almışdır. xx.xx.2019-cu il tarixində qeyd edilən ünvanda, su basma hadisəsi baş vermiş və 507 manat sığorta ödənişi həyata keçirilmişdir. BA659330 nömrəli xx.xx.2016-cı il tarixli “Daşınmaz əmlakın icbari sığortası” ilə sığorta müqaviləsi bağlanmış və Bakı şəhəri, Nərimanov rayonu, K.Atatürk prospekti, 37 A ünvanında yerləşən obyekt sığorta təminatı almışdır. xx.xx.2017-ci il tarixində qeyd edilən ünvanda, su basma hadisəsi baş vermiş və 154 manat sığorta ödənişi həyata keçirilmişdir. BA664991 nömrəli xx.xx.2016-cı il tarixli “Daşınmaz əmlakın icbari sığortası” ilə sığorta müqaviləsi bağlanmış və ünvan 6 ünvanında yerləşən obyekt sığorta təminatı almışdır. xx.xx.2016-cı il tarixində qeyd edilən ünvanda, su basma hadisəsi baş vermiş və 952 manat sığorta ödənişi həyata keçirilmişdir. RAZ********** nömrəli xx.xx.2020-ci il tarixli “Daşınmaz əmlakın icbari sığortası” ilə sığorta müqaviləsi bağlanmış və Bakı şəhəri, Xətai rayonu, Zığ yolu 32 ünvanında yerləşən obyekt sığorta təminatı almışdır. xx.xx.2021-ci il tarixində qeyd edilən ünvanda, su basma hadisəsi baş vermiş və 250 manat sığorta ödənişi həyata keçirilmişdir. Hesab edir ki, ödənilmiş 4239,57 manat məbləğ, qanunvericiliklə nəzərdə tutulmuş subroqasiya tələbi qaydasında cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

II. Tərəflərin mövqeləri:

3. Cavabdeh iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək, etirazını onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC iddia ərizəsində müxtəlif vaxtlarda müxtəlif ünvanlarda baş vermiş su basma hadisələri ilə bağlı sığorta ödənişlərini cavabdeh "xxxx" ASC-dən tələb etmişdir. Qeyd olunan su basma hadisələri ilə bağlı ümumi məlumat versə də, həmin hadisələrin "xxxx" ASC ilə bağlılığına dair heç bir sübut təqdim etməmişdir. Qeyd olunan su basma hadisələri sözügedən ünvanların daxilində baş verdiyindən həmin su xətləri istehlakçının balans mənsubiyyətinə aid edilir. Bu səbəbdən Cəmiyyət istehlakçının mülkiyyətində yerləşən su xətlərin baş vermiş hər hansı su basma hadisəsinə görə məsuliyyət daşımır. "xxxx" ASC yalnız balansında olan su təchizatı və kanalizasiya qurğularına xidmət göstərir və onlara görə məsuliyyət daşıyır. Ona görə də hesab edir ki, istehlakçının mülkiyyətində yerləşən su xətlərinə nəzarəti özü həyata keçirdiyindən bununla bağlı yaranan problemlərə görə cavabdehlik ona məxsusdur.

III. Məhkəmə baxışının hədləri:

4. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.

IV. Tətbiq edilən hüquq:

5. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1114-cü maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.

6. “Dövlət rüsumu haqqında” Qanun: 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

7. “Mediasiya haqqında” Qanun: 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

8. İşin müəyyən və mübahisələndirilməyən halları ondan ibarətdir ki, iddiaçı ilə sığortalılar arasında sığorta müqavilələri bağlanmış, sığorta müqavilələrinin qüvvədə olduğu dövrlərdə sığorta hadisələri baş vermiş, sığortalılara dəymiş zərər qismində RAZ********** nömrəli xx.xx.2021-ci il tarixli sığorta müqaviləsi üzrə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 20/22 ünvanında yerləşən obyektə görə 499,32 manat, RAZ********** nömrəli xx.xx.2021-ci il tarixli sığorta müqaviləsi üzrə ünvan 2 ünvanında yerləşən obyektə görə 700 manat, RAZ211106006 nömrəli xx.xx.2021-ci il tarixli sığorta müqaviləsi üzrə ünvan 3 ünvanında yerləşən obyektə görə 1177.18 manat, RAZ********** nömrəli xx.xx.2019-cu il tarixli sığorta müqaviləsi üzrə ünvan 4 ünvanında yerləşən obyektə görə 507 manat, BA659330 nömrəli xx.xx.2016-cı il tarixli sığorta müqaviləsi üzrə Bakı şəhəri, Nərimanov rayonu, K.Atatürk prospekti, 37 A ünvanında yerləşən obyektə görə 154 manat, BA664991 nömrəli xx.xx.2016-cı il tarixli sığorta müqaviləsi üzrə ünvan 6 ünvanında yerləşən obyektə 952 manat, RAZ********** nömrəli xx.xx.2020-ci il tarixli sığorta müqaviləsi üzrə Bakı şəhəri, Xətai rayonu, Zığ yolu 32 ünvanında yerləşən obyektə 250 manat sığorta ödənişləri həyata keçirilmişdir.

9. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

10. Məlum olduğu kimi, zərərin əvəzinin ödənilməsinin əsas məqsədi hər hansı bir şəxsin əmlakda onun iradəsi xaricində əmələ gələn azalmayı, yəni zərəri eynilə və ya pulla aradan qaldırmaq, zərər verən hadisə nəticəsində zərər çəkənin əmlakında azalmış olan dəyər yerinə keyfiyyət və ya kəmiyyət baxımından eyni olan dəyər qoymaqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (1096 və 1097-ci maddələr). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün zərərin özünün varlığı və borclunun hüquqa zidd əməli ilə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. Bu mənada zərər mülki-hüquqi məsuliyyətin ən önəmli ünsürünü təşkil edir.

11. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsini tələb edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir.

12. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi).

13. Məhkəmə iddiaçının cavabdeh tərəfindən maddi zərərin vurulmasına dair iddia tələbinin dəlili ilə razılaşmır. Zərərin ödənilməsi ilə bağlı tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. İddiaçı, subroqasiya qaydasında ödənilməsini tələb etdiyi zərərlərin məhz cavabdehin təqsiri üzündən baş verməsini, eyni zamanda su basmanın baş verdiyi su borularının cavabdehin məsuliyyəti dairəsində olmasını təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir.

15. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia rədd edilməlidir.

VI. Nəticə:

16. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdеh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı cavabdehdən 4239,57 manat pul vəsaitinin və mediasiya xərci üçün ödənilmiş 200 manat məbləğin iddiaçının xeyrinə tutulması barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar