Məhkəmə qərarları › İş №e-2-2(113)-4687/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4687/2023

17.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4687/2023 17.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, X1 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (İddiaçı QSC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1848,39 manat (min səkkiz yüz qırx səkkiz manat otuz doqquz qəpik) əsas borc məbləği, gecikdirilmiş dövr üçün 46 (qırx altı) manat, hüquqi xidmətin göstərilməsi üçün vəkilə ödənilən haqq 110 (yüz on) manat, hüquqi xidmətin göstərilməsi üçün vəkilə ödənilən haqq 150 (yüz əlli) manat və 70 (yetmiş) manat ilkin mediasiya sessiyası üzrə ödənilən məbləğ olmaqla, cəmi 2114,39 manat (iki min yüz on dörd manat otuz doqquz qəpik) pulun tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməməsinə görə iddia ərizəsinin baxılmamış saxlanmasına etiraz etdiyini bildirərək qeyd etdi ki, iddiaçı tərəfin cavadehin Cəfərov Məmməd və ya Cavabdeh olmasını bilinmədiyindən və bu halın keçən məhkəmə iclasında Cavabdeh izahatından sonra müəyyən edildiyindən hesab edir ki, mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilsə də, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, iddiaçı ilə onun arasında müqavilə bağlanmış və həmin müqaviləyə əsasən onunla iddiaçı arasında müqaqvilə münasibətlərindən irəli gələn öhdəliklər mövcud olmuşdur. Cəfərov Məmməd onun işçisi olmuşdur. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, iddia ərizəsinə cavabdehə ünvanlanmış pretenziya məktubu əlavə edilsə də, tərəflər arasında bağlanmış müqavilənin 3.2.1-ci bəndinə riayət edilməmişdir. Müqavilənin 3.2.1-ci bəndində qeyd edilir ki, bu müqavilədən irəli gələn va ya ona uyğun olaraq va ya onun pozulması ilə bağlı hər hansı bir narazılıq va ya iddia birbaşa danışıqlar yolu ilə həll oluna bilməzsə, bu, tərəflərin səlahiyyətli nümayəndələrindən təşkil olunmuş müvafiq barışıq komissiyasının qərarı əsasında həll olunur. Yuxarıda göstərilən birbaşa danışıqların gedişində tərəflər narazılıq va ya iddiaların barışıq yolunu tapmaq istəyirlərsə, bu barışıq tərəflərin qarşılıqlı razılığı ilə baş verməlidir. Tərəflər arasında yaranmış narazılıq va ya iddiaların son həllinə dair barışıq komissiyasının əldə etdiyi qərar qəti və həlledici hesab olunur. Əgər tərəflər barışıq komissiyasının narazılıq va ya iddiaların həllinə dair çıxardığı qərara da əməl etmədikləri təqdirdə, tərəflər müvafiq məhkəmə orqanlarına müraciət edə bilərlər. Beləliklə, müqavilənin sözügedən bəndində qeyd olunan prosedurlara iddiaçı tərəfindən əməl edilməsi iddia ərizəsinə əlavə edilmiş sənədlərdən müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə, məhkəmə ərizəni baxılmamış saxlayır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 12 nömrəli Qərarının 5-ci bəndində qeyd edilmişdir ki, “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin: 5.1) 2-ci bənd aşağıdakı redaksiyada verilsin: “Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.” Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 259.0.1, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar