Məhkəmə qərarları › İş №e-2-2(113)-4688/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4688/2023

13.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4688/2023 13.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh ASC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: subroqasiya, sığorta hadisəsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh ASC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı "xxxx" ASC (bundan sonra – iddiaçı) cavabdeh Azərsu” ASC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 169.78 manat pul vəsaitinin, mediasiya xərci üçün ödənilmiş 20 manat məbləğin və dövlət rüsumu üçün ödənilmiş 10 manat məbləğin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, “əmtəə və s. (daşınar əmlak) üzrə işin faktiki hallar” hissəsində qeyd edilən 2; 2.1. 2.2, 2.3 bəndlərinin olmadan (daşınar hissəsi) qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, RAZ********** saylı xx.xx.2022-ci il tarixli sığorta şəhadətnaməsi ilə sığorta müqaviləsi bağlanmış və ünvan 1 ünvanında yerləşən X3 istifadəsində olan “Menar” Tədris Mərkəzi sığorta təminatı almışdır. xx.xx.2022-ci il tarixində ünvan 1 ünvanında yerləşən “Menar” Tədris Mərkəzinin yerləşdiyi qeyri-yaşayış sahəsindən keçən kanalizasiya borusunun partlaması nəticəsində qeyri-yaşayış sahəsini su basmış, nəticədə CFİ-0091/2022- AKT5781/22 saylı sığorta aktına əsasən 169.78 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Ödənilmiş 169.78 manat məbləğ, qanunvericiliklə nəzərdə tutulmuş subroqasiya tələbi qaydasında cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

4. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək iddianın rədd edilməsini xahiş etmişdir.

5. Etiraz onunla əsaslandırılmışdır ki, su basma hadisəsi sözügedən ünvanın daxilində baş verdiyindən həmin su xətləri istehlakçının balansındadır. Bu səbəbdən cavabdeh həmin hadisələrə görə hər hansı məsuliyyət daşımır. Cavabdeh yalnız onun balansında olan su və kanalizasiya xətlərinə görə məsuliyyət daşıyır. Bu səbəbdən iddia tələbi əsassızdır.

II. Tərəflərin mövqeləri:

6. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, sığorta hadisəsi qeyri-yaşayış sahəsindən keçən kanalizasiya borusunun partlaması nəticəsində baş verdiyi üçün hesab edirlər ki, baş vermiş hadisədə cavabdeh təqsirkardır, bu səbəbdən dəymiş zərər ödənilməlidir.

7. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məhkəməyə məlumat verməmişdir.

8. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

10. 29.08.2022-ci il tarixli CFİ-0091/2022-AKT5781/22 nömrəli sığorta aktından görünür ki, xx.xx.2022-ci il tarixdə baş vermiş su basma hadisəsi nəticəsində zərərçəkmiş X4 170 manat məbləğində zərər dəymiş və sığortalı X5 169,78 manat məbləğində pul ödənilmişdir.

11. 16.09.2022-ci il tarixli S-036/22 nömrəli dəymiş zərər məbləğinin razılaşdırılması barədə Sazişdən görünür ki, sığortalı (X7) və sığortaçı (iddiaçı) xx.xx.2022-ci il tarixdə ünvan 2 ünvanında yerləşən X3 istifadəsində olan qeyri-yaşayış obyektində baş vermiş subasma hadisəsini və daşınmaz əmlaka 320 manat məbləğində zərərin dəyməsini təsdiqləyirlər. Sığortalı və sığortaçı sığorta olunan əmlaka 320 manat məbləğində dəymiş zərərin ekspert tərəfindən müəyyən edilmiş həcmi və müqavilədə göstərilən 150 manat azadolma məbləği çıxıldıqdan sonra 170 manat məbləğində həyata keçiriləcək sığorta ödənişi barədə razılıq əldə edirlər.

12. "xxxx" MTK tərəfindən iddiaçıya göndərilmiş 19 avqust 2022-ci il tarixli 11 nömrəli məktubdan görünür ki, xx.xx.2022-ci il tarixdə ünvan 3 ünvanında yerləşən "xxxx" MTK tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən və H.H.Abdullayevin "xxxx" MTK tərəfindən alqı-satqı müqaviləsi əsasında aldığı, X5 müqavilə əsasında icarəyə verdiyi qeyri-yaşayış sahəsində subasma hadisəsi baş vermişdir. Hadisə ilə bağlı sözügedən qeyri-yaşayış sahəsinə tərəflərindən baxış keçirilmiş və hadisənin xx.xx.2022-ci il tarixdə saat 09:00 radələrində həmin binanın 1-ci mərtəbəsində X7 tərəfindən icarəyə götürülmüş qeyri-yaşayış sahəsindən keçən kanalzasiya turbasının partlaması nəticəsində baş verdiyi müəyyən edilmişdir.

13. Bakı şəhər İcra Hakimiyyəti Başçısının aparatı yanında mənzil məsələləri üzrə ictimai komissiyasının iclasının 3B saylı xx.xx.2006-cı il tarixli protokolundan görünür ki, "xxxx" MTK Bakı şəhəri, Xətai rayonu, 2942-ci məhəllə, M.Hadi küçəsi, 53 saylı yaşayış binasının 3-cü girişin 1-ci mərtəbəsində 167,1 kv.m qeyri-yaşayış sahəsini vətəndaş X1 verilməsi barədə MTK-nın ümumi iclasının 02.03.06-cı il tarixli qərarı baxılmaq üçün komissiyaya çıxarılır.

14. X6 (icarəyəverən) və X7 (icarəçi) arasında bağlanmış 14 noyabr 2021-ci il tarixli 16-11/21 nömrəli icarə müqaviləsinə əsasən icarəyə verən Bakı şəhəri, Xətai rayonu, 2942-ci məhəllə, M.Hadi küçəsi, 53 saylı yaşayış binasının 3-cü girişin 1-vi mərtəbəsində 167,1 kv.m qeyri-yaşayış sahəsinin 100 kv.m-i icarəyə götürənə 5 illik müddətinə (15 noyabr 2026-cı ilədək qüvvədədir) icarəyə vermişdir.

15. X2 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli dəymiş zərərin hesabatından görünür ki, Əbilova Gülmira - “X12”nə 320 manat məbləğində zərər dəyməsi müəyyən edilmişdir.

16. RAZ2210 nömrəli sığorta şəhadətnaməsindən görünür ki, X5 məxsus Xətai rayonu, M.Hadi 53 ünvanında yerləşən əmlak 69079 manat məbləğində sığorta edilmişdir.

17. 09.09.2022-ci il tarixli 005XOH********** nömrəli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən X3 hesabına 169,78 manat ödəniş edilmişdir.

18. xx.xx.2022-ci il tarixli hadisə barədə məlumatdan görünür ki, Xətai rayonu, M.Hadi küçəsi 53 ünvanında Memar Tədris mərkəzində sanitar qovşaqda kanalizasiya suyu çölə çıxarkən divarın alt hissəsi və qapının alt çərçivəsinə ziyan dəymişdir.

19. İddiaçı cavabdehə xəbərdarlıq ünvanlayaraq yaranmış borcun ödənilməsini tələb etmiş, cavabdeh cavab olaraq iddiaçıya bildirmişdir ki, müraciətaraşdırılmış, “X12”nə baxış keçirilmiş, baxış zamanı aydın olmuşdur ki, həmin tədris mərkəzi "xxxx" MTK-nın balansındadır. Cavabdeh tərəfindən hər hansı xidmət göstərilmir. Baş vermiş qəzalar MTK-nın özü tərəfindən aradan qaldırılır. Baş vermiş hadisə ilə bağlı "xxxx" MTKya müraciət edilməsi tövsiyə edilmişdir.

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

21. 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.

22. 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.

23. 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir.

24. 922.3-cü maddəsinə əsasən sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır.

25. 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.

26. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.

27. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.

28. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.

29. İşin araşdırılan hallarından məlum olur ki, xx.xx.2022-ci il tarixdə sığorta hadisəsi baş vermiş, sığortalıya iddiaçı tərəfindən 169,78 manat sığorta ödənişi verilmişdir. İddiaçı hazırda həmin vəsaiti subroqasiya qaydasında cavabdehdən tələb edir.

30. Belə ki, iddiaçı baş vermiş hadisənin cavabdehin təqsiri nəticəsində baş verdiyini, cavabdeh isə həmin hadisəyə görə hər hansı məsuliyyət daşımadığını, qəzanın baş verməsinə əsas olmuş kanalizasiya xəttinin cavabdehin deyil, istehlakçının balansında olduğunu bildirir.

31. “Sudan istifadə Qaydaları”nın:

32. 2.1.1-ci bəndinə əsasən balansında olan su təchizatı və kanalizasiya sistemlərinin və qurğularının lazımi səviyyədə istismarı, təmiri, saxlanması və mühafizəsini təmin etmək su təchizatı və kanalizasiya müəssisəsinin (STKM) vəzifəsidir.

33. 9.6-cı bəndinə əsasən istehlakçılar kanalizasiya şəbəkə və qurğularının normal istismarı üçün aşağıdakılara əməl etməlidirlər: 9.6.1. özlərinə məxsus olan kanalizasiya şəbəkələrinin düzgün istismarına və mühafizəsinə; 9.6.2. STKM-in kanalizasiya şəbəkəsindən istifadəyə qoyduğu qadağalara; 9.6.3. istifadə edilmiş tullantı sularının axıdılması üzrə xidmətin dəyərinin vaxtında və tam ödənilməsinə; 9.6.4. suqəbuledici avadanlıqlara bərk əşyaların atılmamasına və zərərli (tezalışan) mayelərin axıdılmamasına; 9.6.5. suqəbuledici avadanlıqların, aidiyyəti üzrə kanalizasiya baxış quyularının normal (normalara uyğun) saxlanılmasına və istismarına; 9.6.6. zirzəmilərdə kanalizasiya dayaqlarının və axıtma borularının sazlığına; 9.6.7. binanın damındakı kanalizasiya dayağına aid ventilyasiya nəfəsliyinin bağlanmamasına.

34. 9.7-ci bəndinə əsasən istehlakçılar balanslarında olan kanalizasiya baxış quyularının müvafiq qapaqlarla bağlanmasına və qapaqların mühafizəsinə cavabdehlik daşıyırlar.

35. 9.13-cü bəndinə əsasən istehlakçının kanalizasiya sistemindən düzgün istifadə etməməsi nəticəsində kanalizasiya qurğuları sıradan çıxdıqda, onların təmiri və ya tam bərpası istehlakçı tərəfindən təmin edilməlidir. Həmin işlər istehlakçının qüvvəsi ilə STKM-in texniki nəzarəti altında aparıla və ya istehlakçının vəsaiti ilə STKM tərəfindən yerinə yetirilə bilər.

36. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir.

37. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.

38. Belə ki, Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

39. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

40. Beləliklə, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər:

41. törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması;

42. törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması;

43. ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu.

44. Göründüyü kimi, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir.

45. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir.

46. Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir. Bu zaman yuxarıda qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır.

47. “Məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər”. (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2021-ci il 14 aprel tarixli Qərarı).

48. İşin araşdırılan hallarından delikt üzrə məsuliyyətin yaranmasının şərti – zərər vuranın təqsirli və hüquqa zidd əməli, habelə əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu öz təsdiqini tapmır.

49. Belə ki, materiallardan (sığorta ödənişinin verilməsi ilə bağlı müraciət, hadisə barədə məlumat, zərər aktı və sairə) görünür ki, sığorta hadisəsi “X12”nin (qeyri-yaşayış sahəsi) daxilində olan sanitar qovşaqdan keçən kanalizasiya xəttinin partlaması nəticəsində baş vermişdir.

50. Məhkəmə hesab edir ki, qeyri-yaşayış sahəsindən keçən kanalizasiya xətti cavabdehin balansında olmadığından, habelə həmin xətlərin salamatlığına, lazımi səviyyədə istismarı, təmiri, saxlanması və mühafizəsinə cavabdeh məsuliyyət daşımadığından baş vermiş hadisəyə görə dəymiş zərərin cavabdehdən tələb edilməsi barədə iddia tələbi təmin edilməməlidir.

51. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.

52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

53. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

V. Nəticə:

56. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:

İddiaçı "xxxx" ASC-nin Cavabdeh ASC-yə qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar