Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4714/2025 08.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı2 Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair ilk, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı2 qarşı “pulun tutulması” tələbinə dair qarşılıqlı iddiaları üzrə kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçı2, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı2 Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair ilk, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı2 qarşı “pulun tutulması” tələbinə dair qarşılıqlı iddiaları üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı2 (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 04 aprel 2024-cü il tarixli 14 №li Xidmət müqaviləsi üzrə 17700.00 manat, həmin məbləğin gecikdirilməsinə görə 10% gecikmə faizi üzrə 1770 manat (17700 x 10%) olmaqla ümumilikdə 19470 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh MEH GROUP” MMC ilə iddiaçı fərdi sahibkar İddiaçı2 arasında bağlanmış 04 aprel 2024-cü il tarixli 14 №-li Xidmət müqaviləsinə, Cavabdeh MMC -yə Xidmət müqaviləsinin 1-ci bəndinə əsasən 2024-cü ilin may və iyun aylarında işçiləriniz, qonaqlarınız və tərəfdaşlarınız üçün konfrans və treninqlər keçirməyə xidmət haqqı ödənilməklə məkan və servis xidməti təqdim edilmişdir.Təqdim edilmiş xidmətlər Mülki qanunvericilik, Mühasibat uçotu , Vergi qanunvericiliyi, tələbləri əsasında 16 may 2024-cü il tarixli EBED seriyalı 263724 nömrəli Elektron Qaimə təqdim olunmuşdur. EBED seriyalı 263724 №-li E-qaimə üzrə 20000.00 manat ƏDV-siz, 3600 manat ƏDV məbləği olmaqla ümumilikdə 23600 manat borc məbləği yaranmışdır. İddiaçı tərəfindən təqdim edilən e-qaimə Cavabdeh tərəfindən qəbul edilmiş və təsdiqlənmişdir. 23600 mant borc məbləğindən 5900 manat məbləğ 15 avqust 2024-cü il tarixdə ödənilsə də, 17700 manat ( On yeddi min yeddi yüz manat, 00 qəpik) borc məbləği bugünədək ödənilməmişdir. 04 aprel 2024-cü il tarixli 14 №-li Xidmət müqaviləsinin 4-cü bəndinə əsasən göstərdiyim xidmətin dəyərinin ödənişi təqdim edilmiş elektron-qaiməyə əsasən iki dəfəyə 50 faizi 2024-cü ilin may ayında, 50 faizi isə 2024-cü ilin iyun ayında həyata ödənilməli idi. Lakin Cavabdeh müqavilə tarixindən 10 ay müddət keçməsinə baxmayaraq borc məbləğini bugünədək ödənilməmişdir.Həmin müqaviləyə əsasən Cavabdeh malların dəyərinin bu müqavilə ilə müəyyən edilmiş vaxtda ödəmək vəzifəsi daşıyır.Bundan əlavə təhvil verilmiş Xidmətlərin çeşidi, miqdarı, keyfiyyəti barədə Cavabdehin hər hansı etirazı olmamışdır. Keçən müddət ərzində dəfələrlə Cavabdehin rəhbərliyi və mühasibinə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Borcun ödənilməsi üçün İddiaçının etdiyi xəbərdarlıqlara hər dəfə tezliklə borcun ödəniləcəyi Cavabdeh tərəfindən bildirilmişdir. xx.xx.2025 cİ il tarixində Cavabdehə Elektron vergi kabineti vasitəsilə Pretenziya məktubu göndərilmişdir.Lakin Cavabdeh tərəfindən həmin məktuba cavab verilməmişdir.Cavabdehin belə hərəkəti (hərəkətsizliyi) və müqvilə öhdəliklərinin icrasının vaxtının ləngidilməsi İddiaçının maddi-iqtisadi fəaliyyətinə zərər vurmaqdadır. Yuxarıda qeyd olunanlara əsasən Cavabdeh tərəfindən Müqavilə öhdəliklərini yerinə yetirmədiyini əsas gətirərək Ona qarşı Müqavilədə üzərinə düşən öhdəlikləri yerinə yetirməsini tələb etmək üçün iddia qaldırmağımıza əsas verir; Cavabdeh ilə İddiaçı arasında bağlanmış 04 aprel 2024-cü il tarixli 14 №-li Xidmət müqaviləsi əsasında İddiaçının üzərinə düşən öhdəliklər tam şəkildə yerinə yetirilmişdir. Göstərilən Müqavilənin 2-ci bəndinə müvafiq olaraq İddiaçı Cavabdehə təyin edilən tarixlərdə Bakı şəhəri, Ş. İ. Xətai prospekti 67 ünvanda yerləşən “A.Y.F. Palace” hotelinin konfrans zalında işçilərin qarşılanması, yerləşdirilməsi, konfransların keçirilməsi üçün hər cür şərait yaradıb və servis xidməti göstərilmişdir. Cavabdeh malları təslim alması barədə “E-Qaimə ənədini imzalamışdır. Xidmətlər üzərində mülkiyyət hüququ və əhəmiyyətli risklərin Alıcıya ötürülməsi ilə Müqavilədə İddiaçının üzərinə düşən öhdəliklər icra olunmuşdur. Bundan əlavə təhvil verilmiş Xidmətlərin çeşidi, miqdarı, keyfiyyəti barədə Cavabdehin hər hansı etirazı olmamışdır. Lakin Cavabdeh Müqavilə ilə xidmətlərin dəyərinin ödənilməsi üzrə Onun üzərinə düşən öhdəlikləri yerinə yetirmir.Cavabdehə 17700.00 manat borc məbləğinin ödənilməsi ilə bağlı Müqavilə şərtlərinə əməl etməsi üçün dəfələrlə edilən şifahi xəbərdarlıqlara və Dövlət rüsumunun ödənilməsi haqqında məlumat xx.xx.2025-ci il tarixində Ona təqdim olunmuş pretenziya məktubuna cavab verməməsi müqavilə öhdəliyinin yerinə yetirilməsindən yayınması halıdır.Cavabdehin borc məbləğini Müqavilə üzrə mallar-xidmətlər təhvil verildikdən 2 ay müddətində hər dəfə 50 faiz olmaqla ödəməli olduğu halda, bu günədək ödəməməsi İddiaçının maddi təsərrüfat fəaliyyətinə zərər vurmuş, Pul vəsaitinin likvidliyi pozulmuş, kreditorlar qarşısında öhdəliklərin yerinə yetirilməsi çətinləşmiş və alternativ mənbələrə istifadəsinin məhdudlaşması ilə ödənilməli olan pul vəsaitləri dəyərini itirməkdədir.
3. İddiaçı Cavabdeh MMC xx.xx.2025-ci il tarixdə X1 ilə məhkəməyə müraciət edərək, müqavilə əsasında ödənilmiş 5900 (beş min doqquz yüz), hüquqi xidmət göstərilməsinə görə ödənilmiş 1500 (min beş yüz), işin məhkəmədə baxılması üçün ödənilmiş 94 (doxsan dörd) manat, ümumilikdə 7494 (yeddi min dörd yüz doxsan dörd) manat pulun fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olan qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı2 qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdehnə ödənilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir.
4. X1 onunla əsaslandırılmışdır ki, bildiririk ki, fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olan İddiaçı2 ilə Cavabdeh MMC arasında xx.xx.2024-cü il tarixdə bağlanmış xidmət müqaviləsinə əsasən 2024-cü ilin may-iyun aylarında cəmiyyətin işçiləri, tərəfdaşları və qonaqları üçün AYF Palace Hoteldə təlimlər (treninqlər) keçirilməsi ilə bağlı razılaşmaya gəldik. Müqavilənin şərti ondan ibarət idi ki, İddiaçı2 tərəfindən 2024-cü ilin may-iyun aylarında keçiriləcək təlimlərdə Bakı şəhəri, Nərimanov rayonu, Ş.İ.Xətai prospekti 67 ünvanında yerləşən AYF Palace Hoteldə Cəmiyyətin işçilərinin qarşılanması, yerləşdirilməsi, konfrans və yaxud treninq keçirilməsinə hər cür şərait yaradıb servis xidmətini də göstərir. Müqavilədə göstəriləcək xidmətin dəyəri 20.000 (iyirmi min) və həmin məbləğə əlavə olunacaq 3600 (üç min altı yüz), ümumilikdə 23600 (iyirmi üç min altı yüz) manat razılaşdırıldı. Qeyd olunan məbləğ iki dəfə olmaqla ödənilməli idi. Bildiririk ki, cavabdeh tərəfindən müqavilə üzrə öhdəlikləri bu günə qədər icra edilməmişdir və buna baxmayaraq bağlanmış müqavilə üzrə pulu tələb edi. 2024-cü ilin may-iyun aylarında AYF Palace Hoteldə nəzərə tutduğumuz tədbirin keçirilməsi ilə bağlı qabaqcadan tərəfə bildirsək də, müxtəlif bəhanələr gətirərək başqa tarixə keçmiməsin, xahiş etdi. Bununla bağlı tərəflə aramızda danışıqlar getdiyi müddətdə hətta müqavilə üzrə nəzərdə tutulmuş məbləğin 5900 manat hissəsi xx.xx.2024-cü il tarixdə ona ödənilmişdir. Buna baxmayaraq tərəf müqavilə üzrə, öhdəliklərini yerinə yetirməkdən yayınmaqda davam edərək hazırki vaxtadək AYF Palace Hotel-də Cavabdeh işçiləri üçün hər hansı təlim (trening) keçirilməsini təşkil etməmiş, bununla bağlı təşkilati məsələləri həyata keçirməmiş, yer ayırmamış, servis xidmətini təşkil etməmişdir. İlkin iddia tələbi üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olan İddiaçı2 xx.xx.2024-cü il tarixli müqavilədə nəzərdə tutulmuş müqavilə üzrə öhədliklərini yerinə yetirmədiyindən hesab edirik ki, həmin müqavilə əsasında ödənilmiş 5900 (beş min doqquz yüz), hüquqi xidmət göstərilməsinə görə ödənilmiş 1500 (min beş yüz), işin məhkəmədə baxılması üçün ödənilmiş 94 (doxsan dörd) ümumilikdə 7494 (yeddi min dörd yüz doxsan dörd) manat Cavabdeh xeyrinə ondan tutulmalıdır.
5. İlkin iddia üzrə iddiaçı yazılı etiraz təqdim edərək, X1nin rədd olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir.
6. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh fərdi sahibkar İddiaçı2 pul tələbinə dair “X1” heç bir sənədə, sübuta əsaslanmayan, faktları inkar edib üzərinə düşən öhdəliklərin icrasından yayınmaq üçün “Cavabdehin uydurduğu söz yığınından ibarət olduğu üçün təqdim edilmiş X1 qəbul edilməməli və rədd edilməlidir. Təqdim etdiyim Xidməti Müqavilə, elektron-qaimə, bank çıxarışları, ƏDV sub-uçot hesabından çıxarışlar, Pretenziya, telefon və vatsap yazışmalarından çıxarışlardan göründüyü kimi Cavabdeh MMC borc öhdəliyi yaranan gündən ilk məhkəmə baxış iclası keçirilən gündən sonrakı günədək heç vaxt nə yazılı, nə də telefon vasitəsilə borclu olduğunu inkar etməmiş əksinə hər dəfə müxtəlif çətinlikləri bəhanə gətirərək tezliklə borc öhdəliklərini ödəyəcəklərini bildiriblər. Mənim tərəfimdən guya xidmət göstərmədiyim halda 3 (üç) ay sonra ödəniş olaraq avans istəmək və Cavabdeh MMC tərəfindən avans ödənilməsini iddia etmək tam ağlasığmaz və absurd bir iddiadır.
İİİ. Tərəflərin mövqeləri:
7. Məhkəmə iclasında İddiaçı2 ilk iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək, ilk iddianın təmin edilməsi, X1nin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
8. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə X1ni müdafiə edib onun məzmununa uyğun izahat verib, X1nin təmin olunması, ilk iddia ərizəsinin təmin olunmaması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi.
II. Məhkəmə baxışının hədləri:
9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
10. İddiaçı (icraçı) ilə cavabdeh (sifarişçi) arasında bağlanmış 04 aprel 2024-cü il tarixli 14 saylı xidmət müqaviləsinə əsasən “Sifarişçi” 2024-cü ildə may-iyun aylarında işçiləri, tərəfdaşları və qonaqları üçün Konfrans və treninqlər keçirmək üçün xidmət haqqı ödənilməklə məkan və servis xidməti sifariş edir.
11. Müqavilənin 2-ci bəndinə əsasən “İcraçı” “Sifarişçi”nin təyin etdiyi tarixlərdə Bakı şəhəri, Ş.İ.Xətai prospekti 67 ünvanda yerləşən “AYF Palace” hotelin kofrans zalında “Sifarişçi”nin işçilərinin qarşılanması, yerləşdirilməsi konfrans və yaxud treninq keçirilməsinə hər cür şərait yaradır və servis xidməti göstərir.
12. Müqavilənin 3-cü bəndinə əsasən Müqavilə üzrə göstərilən xidmətin dəyəri 20000 (iyirmi min) manat, onun əlavə dəyər vergisi 3600 (üç min altı yüz) manatdır.
13. Müqavilənin 4-cü bəndinə əsasən ödəniş təqdim edilmiş elektron-qaiməyə əsasən iki dəfəyə - 50 faizi 2024-cü ilin may ayında, 50 faizi 2024-cü ilin iyun ayında həyata keçiriləcəkdir.
14. İddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli, EBED 263724 nömrəli 23600 manat məbləğində elektron qaimə faktura göndərilmişdir.
15. İddiaçıya məxsus hesabdan çıxarış məlumatlarından görünür ki, Cavabdeh MMC tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixdə 5000 manat pul vəsaiti köçürülmüşdür.
16. İddiaçıya məxsus ƏDV sub-uçot hesabından çıxarışdan görünür ki, Cavabdeh MMC tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixdə 900 manat ödəniş olunmuşdur.
17. İş materiallarında olan iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş whatsap yazışmalarından görünür ki, 08 may 2025-ci il tarixdə cavabdehin qanuni təmsilçisi iddiaçıya - “Salam İlqar müəllim. Qətiyyən unutmamışam. Ulu öndərin tədbiri ilə bağlı Xankəndindəyəm. Dünən tədbir bitən kimi çıxıb qayıtmalı idik. Ancaq mənim seçimim olmadan bu günə uzandı. Belə vəziyyətdə əlaqə qura bilmirəm üzürlü sayın. Ən pis halda 3 üçün ərazidən aralanacağam. Sizinlə mütləq əlaqə saxlayacağam. Ödənişlə bağlı da bütün məlumatları verəcəyəm” məzmununda mesaj göndərilmişdir.
18. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, ilk iddia qismən təmin olunmalı, qarşılıqlı iddia təmin edilməməlidir.
19. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin düzgün həlli ilk növbədə ilkin iddia tələbinin əsaslılığının yoxlanılmasından asılıdır, həmin tələbin təmin olunubolunmamasından asılı olaraq qarşılıqlı iddia tələbi araşdırılmalıdır.
20. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər arasında 04 aprel 2024-ci il tarixdə xidmət müqaviləsi bağlanmış, həmin müqavilə üzrə göstəriləcək xidmətlərin ümumi dəyəri 23600 manat olması razılaşdırılmış, iddiaçı tərəfindən təqdim edilmiş faktura üzrə cavabdeh ona 2024-cü ilin avqust ayında 5900 manat vəsait ödəmişdir.
21. Cavabdeh ilk iddiaya qarşı etirazında iddiaçı tərəfindən ona hər hansı xidmətin göstərilmədiyini bildirir.
22. Məhkəmə cavabdehin həmin dəlillərini əsassız hesab edir.
23. Belə ki, cavabdehin nümayəndəsi məhkəmə iclasında cavabdeh tərəfindən göstərilən müqavilə üzrə ödənişlərin hər hansı bir xidmət göstərilmədiyi halda, hansı səbəbdən bir il ərzində geri tələb edilməməsi, müqavilənin icra edilməsinin iddiaçıdan hansı qaydada tələb edilməsi, iddiaçıya bununla bağlı hansı qaydada irad bildirilməsi barədə suallara ağlabatan şəkildə cavab verə bilməmişdir.
24. Bundan əlavə, 08 may 2025-ci il tarixdə cavabdehin qanuni təmsilçisi iddiaçıya göndərdiyi vatsap yazışmasında ödənişlə bağlı da bütün məlumatları verəcəyini bildirmiş, xx.xx.2024-cü il tarixdə cavabdehin həmin vaxt mühasibi olmuş Sevinc adlı işçisi iddiaçının nümayəndəsinə ödəniş etmək istədiklərini, lakin vergi orqanı tərəfindən hesablarına sərəncam qoyulduqlarını, habelə Qarabağ layihələrindən pul vəsaiti daxil olan kimi qalan ödənişin həyata keçiriləcəyini bildirmişdir.
25. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
26. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
27. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;
28. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
29. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
30. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.
31. Həmin Məcəllənin 783.1-ci maddəsinə əsasən vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir.
32. Həmin Məcəllənin 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir.
33. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, ilk iddia əsas borcun tutulması hissəsində təmin edilməli, cavabdehdən 17700 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
34. Məhkəmə ilk iddia ərizəsini ikinci, 1770 manat pulun tələb edilməsi hissəsində əsassız hesab edir.
35. Belə ki, iddiaçının həmin tələbinin qanuni əsasını Mülki Məcəllənin 449.1-ci maddəsi təşkil edir.
36. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.
37. Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, “Mülki Məcəllənin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsini nəzərdə tutur. ...Həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur”.
38. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün kreditor sübut etməlidir ki, borclu onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyr əldə etmişdir.
39. Məhkəmə hesab edir ki, iddiaçı qeyd olunan halların təsdiqi barədə sübut təqdim etməməklə üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilmədiyindən, cavabdehdən Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən bank uçot faizi dərəcəsinə uyğun hesablanmış faizlər tutula bilməz.
40. Yuxarıda da qeyd olunduğu kimi, ilk iddianın əsas borcun tutulması hissəsində əsaslı olması müəyyən edildiyindən, qarşılıqlı iddia tələbinin təmin olunmamasının əlavə əsaslandırılmasına lüzum qalmır.
41. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ilk iddia qismən təmin edilməli, cavabdehdən 17700 manat əsas borc tutularaq iddiaçıya ödənilməli, ilk iddia qalan hissədə təmin edilməməli, qarşılıqlı iddia rədd edilməlidir.
42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
43. Məhkəmə hesab edir ki, ilk iddia qismən təmin edildiyindən 143,10 manat dövlət rüsumu (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 5,31 manat dövlət rüsumu isə ilk iddiaçının özünə aid edilməli, qarşılıqlı iddia təmin edilmədiyindən X1 verilərkən çəkilmiş xərclər (1500 manat hüquqi yardıma görə xərc, 94 manat dövlət rüsumu) qarşılıqlı iddiaçının özünə aid edilməlidir.
IV. Nəticə:
44. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:
İddiaçı2 Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair ilk iddiası qismən təmin edilsin. Cavabdeh MMC-dən 17700 manat əsas borc, 143,10 dövlət rüsumu, ümumilikdə 17843,10 (on yeddi min səkkiz yüz qırx üç manat on qəpik) manat məbləğində pul tutularaq İddiaçı2 ödənilsin. İlk iddia qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 5,31 manat dövlət rüsumu İddiaçı2 özünə aid edilsin. İddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı2 qarşı “pulun tutulması” tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. X1 verilərkən ödənilmiş 94 (doxsan dörd) manat dövlət rüsumu və 1500 (bir min beş yüz) manat hüquqi yardımla bağlı xərc qarşılıqlı iddiaçı Cavabdeh MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova