Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4725/2022 19.09.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsi Hakim Həsənova Ülkər Təhmasib qızı İddiaçı MMC-nin cavabdeh «İntroduction of X1» MMC-yə qarşı “pul” tələbinə dair iddiasına kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC (bundan sonra – iddiaçı) cavabdeh «İntroduction of X1» MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbi barədə kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən xidmət haqqı borcuna görə 2587,01 manat borcun və mediasiya proseduru üçün ödənilmiş 61 manat məhkəmə məsrəfinin, ümumilikdə, 2648.01 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xidmət müqaviləsi imzalanmışdır. xx.xx.2022-ci il tarixdə tərəflər Xidmət Müqaviləsini qarşılıqlı razılıq əsasında ləğv etmiş və eyni tarixli Xidmət müqaviləsinin ləğvinə dair Saziş imzalamışlar. Sazişin 2. a) bəndinə əsasən cavabdeh 2587.01 AZN borcunun olduğunu etiraf etmiş və xx.xx.2022-ci il tarixədək borc məbləğini ödəyəcəyini bildirmişdir. Dəfələrlə müraciət olunmasına baxmayaraq, yuxarıda qeyd olunan məbləğ cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. Sonuncu dəfə borcun ödənilməsi barədə müraciət 03 avqust 2022-ci il tarixdə Pretenziya qaydasında edilmiş, lakin hal-hazıradək 2587.01 AZN borc cavabdeh tərəfindən ödənilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Materiallara əlavə edilmiş tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli HM- ARMM3HUQ101-000649 nömrəli xidmət müqaviləsinə əsasən müqavilənin 2 saylı əlavəsində göstərilmiş qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın saxlanılması və normalara uyğun istismarı üzrə bu müqavilənin ayrılmaz hissəsi olan 1 saylı Əlavədə qeyd olunmuş xidmətləri göstərməyi öhdəsinə götürür. Müştəri isə göstərilən xidmətlərə görə xidmət haqqını xidmət göstərənə ödəməyi öhdəsinə götürür. Müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə müştəri xidmət haqqının ödənilməsinə müqavilənin 2 saylı Əlavəsində göstərilmiş tarixdən başlamalıdır. Müqaviləyə 1 saylı Əlavəyə əsasən tərəflər göstəriləcək xidmətlərin siyahısı barədə razılığa gəlmişlər. Müqaviləyə 2 saylı Əlavəyə əsasən tərəflər müqavilə üzrə ödəniləcək xidmət haqqı barədə razılığa gəlmişlər. Müqaviləyə 3 saylı Əlavəyə əsasən tərəflər saziş əsasında müştəriyə mülkiyyətində və ya hüquqi əsaslarla istifadəsində olan qeyri-yaşayış sahəsinin yerləşdiyi Bakı şəhəri, Nobel prospekti, 15 ünvanında yerləşən kompleksin texniki normalara uyğun təhlükəsizliyinin təmini üçün birgə əməkdaşlıq edəcəklərini bəyan etmişlər. "xxxx" MMC ilə (İntroduction of X1” MMC-nin hüquqi varisi) "xxxx" MMC arasında bağlanmış 11 mart 2022-ci il tarixli xidmət müqaviləsinin ləğvinə dair razılaşmaya əsasən tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli HM-ARMM3HUQ101-000649 nömrəli xidmət müqaviləsi xx.xx.2022-ci il tarixdən qarşılıqlı razılıq əsasında ləğv edilmişdir. Sifarişçinin müqavilə üzrə xx.xx.2022-ci il tarixə 2587,01 manat borcu mövcuddur. Borc məbləğinin ödənişi xx.xx.2022-ci il tarixədək həyata keçiriləcəkdir. İddiaçı tərəfindən cavabdehə göndərilmiş 03 avqust 2022-ci il tarixli pretenziya məktubuna əsasən iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli HM- ARMM3HUQ101-000649 saylı xidmət müqaviləsinə əsasən yaranmış 2587,01 manat məbləğində borcun 5 iş günü ərzində ödənilməsini tələb etmiş, əks halda məhkəməyə müraciət olunacağını bildirmişdir. İddiaçı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cari hesab kartı haqqında çıxarışdan görünür ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2021-ci il tarixli HM-ARMM3HUQ101- 000649 nömrəli xidmət müqaviləsinə əsasən ödənilməli olan borcunun məbləği 2587,01 manat təşkil edir. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun iddiaçıya borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 2587,01 manat borc tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Materiallardan da göründüyü kimi “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” MŞB/10-00094 nömrəli, 10 avqust 2022-ci il tarixli arayışa əsasən, cavabdeh mediasiya sessiyasında iştirak etməmiş, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “İntroduction of X1” MMC-dən 2587,01 (iki min beş yüz səksən yeddi manat bir qəpik) manat əsas borc və ödənilmiş 60 (altmış) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-4725/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4725/2022
19.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver