Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-474/2023 02.02.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı cavabdehdən 103158 manatın, 10500 manat zərərin, vəkilə xidmət haqqı olaraq ödənilmiş 310 manat pulun, ümumilikdə 113968 manat pulun və iş üzrə ödənilmiş 400 manat mediasiya xərcinin alınıb iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehdən 103158 manatın, 10500 manat zərərin, vəkilə xidmət haqqı olaraq ödənilmiş 310 manat pulun, ümumilikdə 113968 manat pulun və iş üzrə ödənilmiş 400 manat mediasiya xərcinin alınıb iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı kənd təsərrüfatı sahəsində dərman pereparatlarının satışı ilə məşğul olmaqla, sahibkarlıq fəyaliyyəti ilə məşğul olur. İddiaçı kənd təsərrüfatı sahəsində istifadə olunan dərman pereparatlarını xarici dövlətlərdən alaraq Azərbaycan Respublikasına gətirir və satışını həyata keçirir. İddiaçı 2019-cu ilin avqust ayından başlayaraq 2020-ci ilin mart ayınadək müxtəlif vaxtlarda cavabdehə kənd təsərrüfatı üçün lazım olan dərman pereparatlarını satmışdır. Cavabdehə ümumilikdə 103158 manat dəyərində məhsul vermişdir. Həmin məbləğdən cavabdeh bu günə qədər hər-hansı bir ödəniş etməmişdir. Cavabdehlə aralarında xx.xx.2020-ci il tarixdə qarşılıqlı borcların üzləşdirilməsi barədə akt tərtib edilmiş və hər iki tərəf üzləşməni imzalamaqla möhürləmişdir. Dəfələrlə cavabdehə iddiaçıya olan 103158 manat borcunu ödəməsini bildirilsə də, cavabdeh bu günə qədər borcunu ödəməmişdir. Borcun ödənilməsi ilə əlaqədar qanunvericiliyin tələbinə əsasən Bakı 1 saylı Mediasiya təşkilatına müraciət edilmişdir. Mediasiya ilkin iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş, cavabdeh mediasiya iclasında iştirak etməmiş və mediator Samir Babayev tərəfindən xx.xx.2022-ci il tarixli İlkin mediasiya iclasında iştirak edilməməsi barədə MŞB/1-00611 saylı arayış təqdim edilmişdir. Mediasiya xidmətinin göstərilməsinə görə 400 manat haqq ödənilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: xx.xx.2020-ci il tarixli Qarşılıqlı borcların üzləşdirilməsi barədə aktdan görünür ki, cavabdehin iddiaçıya xx.xx.2020-ci il tarixinə 103158 manat borcu vardır. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, tərəflər arasında alqı-satqı münasibətləri olmuş, bu barədə üzləşdirmə aktı tərtib olunmuş və həmin akta əsasən cavabdehin iddiaçıya xx.xx.2020-ci il tarixinə 103158 manat borclu olması müəyyən edilərək akt tərəflər tərəfindən imza və möhürlərlə təsdiq edilmişdir. Məhkəmə tərtib olunmuş üzləşdirmə aktı ilə müəyyən edilən hallar baxımından belə qənaətə gəlir ki, tərəflər arasındakı hüquq münasibətləri alqı-satqı müqaviləsinin qanunla müəyyən edilən ünsürlərinə (şərtələrinə) uyğun gəlir. Alqı-satqı müqaviləsindən irəli gələn münasibətlər isə Mülki Məcəllənin 29-cu fəslinin normaları ilə tənzimlənir ki, həmin fəslin normalarında da alqı-satqı müqaviləsinin forması qanunverici tərəfindən müəyyənləşdirilməmişdir. Bu da öz növbəsində onu deməyə əsas verir ki, alqı-satqı müqaviləsi şifahi formada da bağlana bilər. İş materiallarında olan ikitərəfli qaydada tərtib edilmiş üzləşdirmə aktından görünür ki, iddiaçı tərəfindən ümumilikdə 103158 manat dəyərində malların cavabdehə təhvil verilməsi, sonuncu tərəfindən həmin malların təhvil alınması və borc məbləğinin ödənilməsinə təminat verilməsi cavabdeh tərəfindən direktor və baş mühasib tərəfindən imza qoyulmaqla, Cavabdeh möhürü ilə təsdiq olunmuşdur. Belə olan halda, yəni nə qədər ki, cavabdeh aktı təsdiq etmişdir, o, iddiaçı ilə aralarında malların alqı-satqısı barədə şifahi razılaşmanın olmadığını, bununla da üzləşdirmə aktını mübahisələndirmək hüququnu itirmiş olur. Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 351.3-cü maddəsinin tələbidir ki, əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla da o, mübahisə etmək hüququnu itirir. Beləliklə də, işin qeyd olunan halları ilə birmənalı olaraq sübuta yetirilir ki, iddiaçı ilə cavabdeh arasında üzləşdirmə aktında göstərilən malların alqı-satqısı ilə bağlı aralarındakı şifahi razılıq (müqavilə) mövcud olmuş, həmin razılığa (müqaviləyə) əsasən də iddiaçı tərəfindən cavabdehin sifarişi əsasında 103158 manat dəyərində müxtəlif adda mal sonuncuya satılmış və alqı-satqının nəticələri ikitərəfli aktla rəsmiləşdirilərək cavabdeh sözügedən pul vəsaitini iddiaçıya ödənilməsinə təminat vermiş, lakin üzərinə götürdüyü bu öhdəliyini yerinə yetirməkdən yayınmışdır. Belə olan halda isə Mülki Məcəllənin 441.4-cü maddəsinin tələbinə görə əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyini həyata keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilmişdirsə, digər tərəf öz öhdəliyini icra etməlidir. Məcəllənin qeyd olunan müddəasının mənası baxımından iddiaçı üzərində düşən öhdəliyini yerinə yetirdiyi halda, cavabdeh də üzərinə düşən qarşılıqlı öhdəliyini yerinə yetirməlidir, yəni iddiaçının satdığı malların dəyərini ödəməyə borcludur. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, hüquqi şəxsin adından təsdiq edilmiş hər bir sənəd onun möhürü ilə təsdiq edilməli olduğundan və hüquqi şəxsin möhürü yalnız qanuni təmsilçidə və ya onun tərəfindən səlahiyyət verilmiş şəxsdə saxlanılmalı olduğundan, iş üzrə iddiaçı tərəfindən təqdim edilmiş, üzərində Cavabdeh möhürü olan üzləşdirmə aktı tərəflər arasında şifahi alqı-satqı müqaviləsi bağlandığını və həmin müqavilə üzrə cavabdehin iddiaçıya 103158 manat borcu yarandığını təsdiq edən mötəbər sübut kimi qəbul edilməlidir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli Qarşılıqlı borcların üzləşdirilməsi barədə akta əsasən ödənilməmiş 103158 manat borc iş materialları ilə təsdiq olunduğundan cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin zərərin ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). İddiaçı həmin əsasa görə cavabdehdən pul tələb etsə də, tələbi əsaslandıran hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi göstərilən hissədə əsaslı olmadığından təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İddiaçı iddia tələbində vəkilə xidmət haqqı olaraq ödənilmiş 310 manat pulun ödənilməsini tələb etsə də, bu barədə hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, vəkilin göstəridiyi yardıma görə xərc cavabdehdən tutula bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İş üzrə dövlət rüsumu məbləğinin 403,66 manat olmasını, iddiaçı tərəfindən mediasiya xərcinə görə 400 manat ödənilməsini, iddianın təmin edilmiş hissəsinin iddia tələbinin 90,76 faizini təşkil etdiyini nəzərə aldıqda, məhkəmə hesab edir ki, mediasiya xərcinə görə 362,7 manat (400 manat (mediasiya xərci) – 37,3 manat (dövlət rüsumunun iddiaçıya aid edilməli olan hissəsi) = 362,7 manat) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 103158 manat və mediasiya xərcinə görə 362,7 manat tutularaq iddiaçıya ödənilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 103158 manat və mediasiya xərcinə görə 362,7 manat tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-474/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-474/2023
02.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver