Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4757/2021 16.11.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Mustafayev Ramil Elbrus oğlunun katibliyi, iddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, “İddiaçı” Hüquq Şirkətinin Cavabdehnə qarşı müflis elan edilmə və əmlak inzibatçısının təyin edilməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: “İddiaçı” Hüquq Şirkəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, "xxxx" MMC Şirkətlər qrupu, İTP Group şirkəti və “İddiaçı” hüquq şirkəti 30 may 2020-ci il tarixində aralarında müqavilə bağlamışlar. "xxxx" MMC Şirkətlər qrupu və İTP Group şirkəti köməkçi avadanlığa və infrastruktura malik 40MV gücündə bir qaz turbinli elektrik stansiyasının inşasını özündə ehtiva edən layihəni həyata keçirmək üçün bu müqaviləni bağlamışdır. Bu layihənin həyata keçirilməsi üçün tələb olunan məbləğ 50000000 avro təşkil edirdi. “İddiaçı” hüquq şirkəti isə qeyd olunan fəaliyyətin icrası üçün öz xidmətlərini təqdim etmişdir. 30 may 2020-ci il tarixli müqavilənin 1-ci bəndinə əsasən kömək üçün aşağıdakı təyinat təklifi təqdim olunurdu: müqavilə sənədlərinin hazırlanması və müqavilənin girişində göstərilən məqsədlərə çatmaq qüçün lazım olan maliyyəni əldə etmək üçün cəlb edilməsinə yönəlmiş danışıqların sonunda İtaliya və xarici bank və maliyyə tərəflərin cəlb edilməsi, bir və ya daha çox orta uzun müddətli kreditin açılması və ya mövcud və ya yeni kredit xətlərinin uzadılması yolu ilə maliyyənin əldə edilməsinə yönəlmiş sözügedən tərəflərlə əlaqədar əməliyyat, bank daxilolmaları və ya xarici fakturalar üzrə danışıqlar aparılması və danışıqların yekunlaşdırılması, bu əməliyyatla bağlı müqavilələrin strukturlaşdırılması, danışıqların və zəruri görüşlərin təşkil edilməsi üzərinə götürmüşdür. Müqavilə üzrə iddiaçı “İddiaçı” hüquq şirkəti üzərinə düşən öhdəliyi – cavabdeh üçün 50000000 avro məbləğində kredit xəttinin açılması öhdəliyini icra etmişdir. "xxxx" MMC Şirkətlər qrupu üçün 120 ay müddətinə 50000000 avro məbləğində kredit xəttinin açılması nəzərdə tutulmuşdur. 30 may 2020-ci il tarixli müqavilənin 4-cü bəndinə əsasən əməliyyatın müvəffəqiyyətli olduğu halda iddiaçıya 3%-ə bərabər olan və cavabdehin xeyrinə açılan və ya iştirak etdiyi kredit xətlərinin məbləğinə bərabər olan pul məbləği ödənilməli idi. Hesablanmış pul məbləği ******* avro təşkil edirdi. İddiaçının həyata keçirdiyi fəaliyyəti nəticəsində cavabdehə 50000000 avro məbləğində kredit xəttinin açılması təmin olunmuşdur. Yəni, müqavilə üzrə iddiaçı üzərinə düşdüyü öhdəliyi yerinə yetirmişdir. Cavabdehə təqdim olunmuş 047/2020 nömrəli invoysa görə ümumi ödənilməli olan məbləğ ******* avro təşkil edir. Lakin bu müddətin keçməsinə baxmayaraq cavabdeh razılaşdırılmış xidmət haqqını ödəməmişdir. Tərəflərindən cavabdehə pretenziya göndərilsə də sonuncu maddi durumunu əsas gətirərək öhdəliyi yerinə yetirməkdən imtina etmişdir. “İddiaçı” hüquq şirkətində digər kreditorlar barədə və borclunun aktivləri barədə hər hansı məlumat mövcud deyil. Bundan başqa "xxxx" MMC Şirkətlər qrupu kreditor “İddiaçı” hüquq şirkəti qarşısında öhdəliyini müəyyən edilmiş müddətdə icra etməmişdir. Bununla da, "xxxx" MMC Şirkətlər qrupunun ödəmə qabiliyyəti olmaması anlamına gəlməlidir. Belə ki, Müflisləşmə və iflas haqqında Qanununun 3-cü maddəsinin c) bəndinə əsasən borclu o halda ödəmə qabiliyyəti olmayan sayılır ki, bunu özü təsdiq etsin, yaxud məhkəmə və ya kreditorlar müəyyən etsin ki, borclu digər kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməmişdir. "xxxx" MMC Şirkətlər qrupu ödəmə qabiliyyətinin olmaması hazırkı ərizə üzrə bununla sübut olunur ki, borclu “İddiaçı” hüquq şirkəti qarşısında olan öhdəliyini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməmişdir. Çünki, borcluya təqdim olunmuş 08.09.2020-ci il tarixli ödəniş tapşırığı bu günə kimi icra olunmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil ərizə ilə eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə ərizənin təmin olunmasına etiraz etdiyini bildirərək izahatında göstərdi ki, 30 may 2020-ci tarixli müqavilə üzrə öhdəliklər yerinə yetirilməmiş, yəni, kreditin verilməsi baş tutmamışdır. Buna görə də "xxxx" MMC Şirkətlər qrupunun həmin müqavilə üzrə öhdəlikləri yoxdur. Bundan başqa, razılaşmaya əsasən 1 layihənin həyata keçirilməsi üçün tələb olunan məbləğ 50000000 dollar təşkil edirdi. "xxxx" MMC Şirkətlər qrupunun razılığı olmadan valyuta avroya dəyişdirilmişdir. Həmçinin, razılaşdırılmışdır ki, müqavilə üçtərəfli bağlanacaqdır. Lakin, müqaviləni yalnız iki tərəf telefon vasitəsilə bağlamış, rəsmi imzalanmamışdır. Müqavilə faks və ya poçt vasitəsilə göndərilməmişdir, müqavilənin əsli ümumiyyətlə yoxdur və olmamışdır. Müqavilənin şərtlərinə əsasən, müştərək müəssisə yaradılmalı idi. Lakin, həmin qurum da yaradılmamışdır. Buna görə də müqavilənin hüquqi qüvvəsi yoxdur. "xxxx" MMC Şirkətlər qrupundan o vaxt pul tələb oluna bilər ki, öhdəlik müvəffəqiyyətlə yerinə yetirilmiş olsun. Müqavilənin nəticəsi olaraq “İddiaçı” hüquq şirkəti "xxxx" MMC Şirkətlər qrupuna pul vəsaitinin əldə olunmasını təşkil etməli idi. Lakin, bu öhdəliyi yerinə yetirməmişdir. Borclunun nümayəndəsi göstərilənlərə əsasən iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə rədd edilməlidir. “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə müflisləşmə – borclunun öz öhdəliklərinin ödəmə qabiliyyətinin olmamasıdır. Həmin Qanunun 2-ci maddəsinə görə iflas haqqında işlərə başlanması və həmin işlərə baxılması qaydası bu Qanunun spesifik tələbləri nəzərə alınmaqla, qüvvədə olan prosessual qanunvericiliklə tənzimlənir. Bu Qanun bütün kommersiya (banklar istisna olmaqla) və qeyri-kommersiya təşkilatlarına şamil edilir. İflas haqqında işin qaldırılması üçün kreditorun (kreditorların) və ya borclunun məhkəməyə təqdim olunan ərizəsi əsas sayılır. Həmin ərizənin məhkəməyə təqdim edilməsi tarixi iflas prosesinə məhkəmə vasitəsilə başlanmasının məqamıdır. Məhkəməyə iflas haqqında iddia ərizəsi borclu müəssisənin idarəetmə orqanının qəbul etdiyi qərar (əgər borclu dövlət müəssisəsidirsə, müvafiq icra hakimiyyəti orqanının qəbul etdiyi qərar) əsasında təqdim oluna bilər. Həmin Qanunun 3-cü maddəsinə görə borclu ödəmə qabiliyyəti olmadığı halda iflas prosesinə məruz qalır. Borclu o halda ödəmə qabiliyyəti olmayan sayılır ki, bunu özü təsdiq etsin, yaxud məhkəmə və ya kreditorlar müəyyən etsin ki: a) borclu həyata və ya sağlamlığa vurulmuş zərərin ödənilməsi, alimentin tutulması, əmək və onunla bağlı münasibətlərindən yaranan öhdəliklər üzrə, müəlliflik müqaviləsinə görə ödənilən haqlar ilə bağlı kreditorlar qarşısında öhdəliklərini icra müddəti başladığı andan etibarən ardıcıl 2 (iki) ay ərzində tam icra etməmişdir; b) borclu vergilər (faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları) və başqa dövlət ödənişlərini onların hesablandığı gündən etibarən ardıcıl 10 (on) ay ərzində tam icra etməmişdir; c) borclu digər kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməmişdir. Qeyd olunan normaların məzmununa əsasən müflis elan olunma üçün borclunun öz öhdəliklərinin ödəmə qabiliyyətinin olmaması təsdiqini tapmalıdır. Hazırkı tələb “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun “c” bəndi ilə əsaslandırıldığına görə iddiaçı tərəfindən borclunun öhdəliklərini icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməməsi və borclunun aktivlərinin tələbin ödəniləsi üçün kifayət etməməsi sübuta yetirilməlidir. Lakin iddiaçı tərəfindən məhkəməyə qeyd olunan xüsusatlarla bağlı hər hansı sübut təqdim olunmamışdır. Həmçinin, “İddiaçı” Hüquq Şirkəti tərəfindən Cavabdeh MMC-yə qarşı pul tələbi barədə iddia da irəli sürülməmişdir və cavabdehin izahatında göstərilən xüsusatlar nəzərə alınmaqla tələb olunan pul məbləğinin tutulub – tutulmaması məsələsi də həmin iddia üzrə araşdırmanın predmeti ola bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda qeyd olunan normaları və işin yuxarıda göstərilən hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, “İddiaçı” hüquq şirkətinin tələbinin əsaslı olmasını təsdiq etmək üçün istinad etdiyi sübutlar MMC-nin öhdəliklərini icra etməyə qadir olmaması, yəni ödəmə qabiliyyətinin olmaması barədə əsaslı nəticəyə gəlmək üçün kifayət etmir. Həmçinin tələbin ikinci hissəsini təşkil edən “cəmiyyətin iflas prosesinin həyata keçirilməsi üçün əmlak inzibatçısı təyin edilməsi” tələbi ilə bağlı qeyd edir ki, həmin tələbin təmin edilməsi ərizənin ilkin hissəsi ilə bağlı olduğundan və ərizə ilk hissədə təmin edilmədiyindən bu tələbin də təmin olunması üçün əsaslar mövcud deyildir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: “İddiaçı” Hüquq Şirkətinin Cavabdehnə qarşı müflis elan edilmə və əmlak inzibatçısının təyin edilməsi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-4757/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4757/2021
16.11.2021 · Hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə mübahisələr (müflisləşmə (iflas)) - Hüquqi şəxsin müflis olması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver