Məhkəmə qərarları › İş №e-2-2(113)-4764/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4764/2023

27.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4764/2023 27.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “müqavilədən irəli gələn borc” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: sponsorluq müqaviləsi, əsas borc, cərimə, əldən çıxmış fayda və mediasiya xərci) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi/vəkili Vəkil, Cavabdehin nümayəndəsi/vəkili X1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “müqavilədən irəli gələn borc” tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən 7080 manat (ƏDV daxil) əsas borcun, 796 manat cərimə borcunun, 110 manat mediasiya xərcinin, ümumilikdə 7986 manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və "xxxx" MMC arasında İM/011/21 saylı, 01 dekabr 2021-ci il tarixli “Sponsorluq Müqaviləsi” bağlanmışdır. Müqavilənin 4.2-ci bəndində qeyd olunmuşdur ki, “Layihə üzrə aylıq sponsorluq dəstəyinin ƏDV-siz dəyəri ilk 2 ay üçün 5000 manat, növbəti 11 ay ərzində isə ƏDV-siz 6000 manat təşkil edir.” Cavabdeh ilk aylar ödənişləri hissə-hissə olsa da ödəmişlər. Sonradan ən sonuncu ayın ödənişi (yayımlanmış xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022 buraxılışları ilə bağlı) olan 6000 manat + ƏDV ödənməmişdir. Qarşı tərəfə bu öhdəliklərini yerinə yetirmələri üçün çox saylı tələblər olsa da Cavabdehin nümayəndələri bildirmişlər ki, maliyyə sıxıntıları olduqları üçün qalmış borcu ödəyə bilmirlər, sonra isə qısa zamanda ödəyəcəklərini vəd etsələr də mediasiya sesssiyasına belə gəlməmişlər. Bundan başqa, AR Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən gecikdirilmiş günə görə Mərkəzi Bankın müəyyən etdiyi bank uçot faiz dərəcəsi (7,5 %) nəzərə alınaraq bu mübahisə üzrə məhkəmə qətnaməsinin təxminən cari ilin oktaybr ayının sonlarında çıxacağını ehtimal edib 1 il 6 ay gecikdirilmiş gün üçün əsas borcdan əlavə 796 (yeddi yüz doxsan altı) manat (faiz borcu) cərimə cavabdeh tərəfindən ödənilməlidir.

3. Daha sonra iddiaçının nümayəndəsi xx.xx.2023-cü il tarixində ərizə təqdim edərək 796 manat cərimə borcu ifadəsində mexaniki səhv olduğunu və cərimə sözünü əldən çıxmış fayda kimi nəzərə alınmasını məhkəmədən xahiş etmişdir.

4. Cavabdehin nümayəndəsinin etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və "xxxx" MMC arasında İM/011/21 saylı, 01 dekabr 2021-ci il tarixli “Sponsorluq Müqaviləsi” bağlanmışdır. Müqavilənin 4.2.-ci bəndində qeyd olunmuşdur ki, “Layihə üzrə aylıq sponsorluq dəstəyinin ƏDV-siz dəyəri ilk 2 ay üçün 5000 manat, növbəti 11 ay ərzində isə ƏDV-siz 6000 manat təşkil edir.” Qaldırılmış iddia tələbinin heç bir əsası yoxdur və şəxsi qərəzlikdən doğan subyektiv münasibətin nəticəsidir. Belə ki, görülən xidmətin müqabilində ödənişlər tam olaraq həyata keçirilmişdir. İddiaçının tələb etdiyi pulun heç bir əsası yoxdur. Adıçəkilən müqavilə üzrə son ayın buraxılışları zamanı yayım qüsurlu və qənaətbəxş olmadığı üçün cavabdeh cəmiyyətin direktoru Qanuni nümayəndə iddiaçı cəmiyyətin rəhbəri İlkin Həsənliyə yayımın keyfiyyətindən narazı olduğunu və yayımın dayandırılmasını bildirmiş və bu barədə xəbərdarlıq etmişdir. İddiaçının vəkilinin də məhkəməyə təqdim etdiyi səs yazılarında bu hal aşkar şəkildə öz əksini tapmışdır. Sponsorluq müqaviləsinə görə tanıtım reklamı həyata keçirilməli, cavabdeh cəmiyyətin tanıtımının tam şəkildə qüsursuz formada yayımı təmin edilməli idi. Sonuncu iki buraxılışla razı olmayaraq məqbul hesab etməmiş və yayımın dayandırılmasını bildirmişdir. Bu hal işin mübahisəsiz halıdır və qarşı tərəfin sübutları ilə öz təsdiqini tapır.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək iddia tələbinin tam təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, “Layihə üzrə aylıq sponsorluq dəstəyinin ƏDV-siz dəyəri ilk 2 ay üçün 5000 manat, növbəti 11 ay ərzində isə ƏDV-siz 6000 manat təşkil edir. Əvvəliki ödənişlər nəğd şəkildə olmuşdur. Əvvəlki aylar üzrə qarşı tərəfdən ödənişlər edilib, yalnız sonuncu ayın ödənişi qalmışdır. Danışıqların səs yazısından da müəyyən edilir ki, qarşı tərəf sonuncu 4 buraxılışdan ikisində olan reklamın onları qane etmədiyini bildirir. Lakin, qanə etməməklərinin səbəblərini izah edə bilmirlər. Heç qəbul etdikləri iki reklamın pulunu ödəməyiblər. Cavabdehin arqumentləri əsassızdır.

6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi bildirdi ki, müqavilədə reklamın kifayət qədər aydın olması ilə bağlı şərt nəzərdə tutulmuşdur, qarşı tərəf isə müqavilənin bu şərtini pozaraq axırıncı iki buraxılışlarda reklamı kifayət qədər aydın, keyfiyyətli həyata keçirməmişdir və tərəflərindən iddiaçıya bununla bağlı iradlar bildirilmiş, reklamın dayandırılması xahiş olunmuşdur. Lakin iddiaçı tərəf bunu aradan qaldırılacağını bildirmişdir. Sonradan isə məlum oldu ki, iddiaçı bu məsələ ilə bağlı artıq məhkəməyə müraciət edib. İddia tələbinin rədd olunmasını xahiş edir. III.Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış İM/011/21 saylı, 01 dekabr 2021-ci il tarixli “Sponsorluq Müqaviləsi”nə əsasən:

9. Müqavilənin 1.1-ci bəninə əsasən hazırlanmış və tərəflər arasında təsdiqlənmiş şərtlərə əsasən sponsor bu müqavilənin müəyyən etdiyi müddət ərzində və şərtləri əsasında İlk Media və Space TV istehsalı olan “Buğlama” televiziya layihəsinə maddi dəstəyini verir, bunun əvəzində isə icraçı layihə çərçivəsində sifarişçinin məhsulunun tanıtımını həyata keçirir.

10. Müqavilənin 2.1-ci bəndinə əsasən xidmətin göstərilməsi ilkin sifariş üzrə sponsorluq paketinə əsasən həyata keçirilir. Göstəriləcək xidmətin sifarişi tərəfindən verilir.

11. Müqavilənin 2.2-ci bəndinə əsasən icraçı müqavilədə göstərilən müddət ərzində sifarişə əsasən sponsorluq paketində tutulan xidmətləri icra etməlidir.

12. Müqavilənin 2.3-cü bəndinə əsasən icraçının yerinə yetirdiyi işlər işlərin icra olunma aktı imzalanmaqla sifarişçi tərəfindən təhvil alınır.

13. Müqavilənin 4.2-ci bəndinə əsasən layihə üzrə aylıq sponsoluq dəstəyinin ƏDV-siz dəyəri ilk 2 ay üçün 5000 manat, növbəti 11 ay ərzində isə ƏDV-siz 6000 manat təşkil edir.

14. Məhkəmə tərəflərin nümayəndələrinin izahatını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

15. Məhkəmə qeyd edir ki, sübutetmə predmetinə daxil olan iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi, daha sonra həmin hallara tətbiq edilən hüquq normalarının şərh edilməsi məhkəmə araşdırmasının obyektivliyi və ədalətliliyi üçün zəruridir.

16. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

17. İşdən göründüyü kimi tərəfər arasında İM/011/21 saylı, 01 dekabr 2021-ci il tarixli “Sponsorluq Müqaviləsi” bağlanmışdır. Həmin müqavilə əsasında cavabdeh “Buğlama” televiziya layihəsinə maddi dəstəyini verir, bunun əvəzində isə icraçı layihə çərçivəsində sifarişçinin məhsulunun tanıtımını həyata keçirir.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

19. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

20. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər;

21. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

22. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

23. Qeyd olunan müqavilə üzrə iddiaçı tərəf öhdəliklərini yerinə yetirdiyi halda cavabdeh hüquqi şəxs isə iddiaçı tərəfindən son dörd yayımdan iki yayımın qüsurlu şəkildə yerinə yetirilməsi səbəbi ilə ödəniş edilməsindən imtina etmişdir.

24. Məhkəmə iclasında tərəflərin iştirakı ilə sadalanan faktların araşdırılması məqsədi ilə iddiaçı tərəfindən CD-diskdə təqdim olunan mübahisəli reklam çarxının yayımlandığı 4 yayıma baxış keçilirdi və cavabdehin mübahisələndirdiyi son iki ( xx.xx.2022 və xx.xx.2022 tarixli) yayımın 1-ci və 2-ci yayımla (cavabdehin mübahisələndirmədiyi xx.xx.2022 və xx.xx.2022 tarixli) eynilik təşkil edildiyi müəyyən edildi.

25. Cavabdeh tərəf isə etiraz etdikləri halları (nəyə görə dəyəri ödənilməyən dörd yayım çarxının ilk iki yayımını bəyənərək qəbul etdiklərini, digər ikisini isə qəbul etmədiklərini, fərqlərin nədən ibarət olmasını, iddiaçı tərəfindən müqavilənin hansı şərtinin pozulmasını, yayımda olan qüsurların nədən ibarət olması və s.) nə şifahi əsaslandıra, nə də sübuta yetirə bilməmişdir.

26. Bundan əlavə, cavabdehin nümayəndəsi məhkəmə iclaslarında son iki yayımın dayandırılması barədə iddiaçıya əvvəlcədən xəbərdarlıq edildiyini bildirsə də, buna dair sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının isə məhkəməyə CD-diskdə təqdim etdiyi whatsapp-səs-mesajından görünür ki, cavabdehin direktoru xx.xx.2023-cü il tarixində iddiaçı şirkətinin direktoruna səs-mesajı göndərərək onlar tərəfindən alınmış pretenziya məktubuna cavab olaraq dörd yayımdan ilk iki yayıma görə 3000 manat borcun olduğunu bildirmiş, son iki yayıma etiraz etmişdir. Lakin, mübahisələndirilən yayımlar 2022-ci il tarixlidir. Beləliklə, cavabdehin etirazı (yayımların dayandırılması) mübahisələndirilən (xx.xx.2022 və xx.xx.2022 tarixli) yayımlardan öncə deyil, üstündən 11 ay keçəndən sonra, sadəcə pretenziya məktubuna cavab olaraq bildirilmişdir.

27. Beləliklə, məhkəmə cavabdeh MMC-nin etiraz arqumentlərini formal mülahizə və ödənişlərin həyata keçirilməsindən əsassız olaraq yayınma kimi qiymətləndirərək hesab edir ki, ƏDV daxil 7080 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

28. Bundan başqa məhkəmə iddia tələbinin 796 manat məlbəğində əldən çıxmış fayda hissədində təmin edilməməsi qənaətinə gəlir.

29. Belə ki, Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

30. Həmin Məcəllənin 443.4-cü maddəsinə görə əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır.

31. Məhkəmə ilk növbədə qeyd edir ki, əldən çıxmış fayda formasında maddi zərərin tutulması tələbinə dair işlərə baxılarkən məhkəmə tərəfindən cavabdehin hüquqazidd əməlləri nəticəsində iddiaçının hüquqlarının pozulması, əldən çıxmış faydanın mövcudluğu faktı və məbləği, eləcə də cavabdehin hüquqazidd əməlləri ilə əldə çıxmış faydanın yaranması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir. Bu zaman iddiaçı onun əldən çıxmış faydanı əldə etməsi üçün zəruri olan bütün hərəkətləri etdiyini, lakin cavabdehin hüquqazidd əməllərinin həmin faydanı əldə etməyə mane olduğunu sübuta yetirməlidir.

32. Göstərilən müddəaların məzmunundan da göründüyü kimi əldən çıxmış fayda dedikdə zərərin əvəzinin ödənilməsini tələb edən şəxsin hüquqları pozulmadığı halda adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Əldən çıxmış faydanın tutulması barədə iddialara baxılarkən iddiaçı tərəfindən həmin faydanı əldə etmək üçün görülmüş tədbirlər və bu məqsədlə aparılmış hazırlıq işləri nəzərə alınmalıdır.

33. İddiaçı hüquqları pozulmadığı təqdirdə adi mülki dövriyyə şəraitində gəlir əldə edə biləcəyini, bunun üçün tədbirlər görməsini və bu məqsədlə hazırlıq işləri aparmasını sübuta yetirə bilməmişdir.

34. Azərbaycan Respublikası MPM-in:

35. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

36. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

38. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarında qeyd olunmuşdur ki, hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir.

42. Məhkəmə xərclərinə gəldikdə isə iş materiallarından görünür ki, hazırkı iş üzrə 110 manat məbləğində mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir.

43. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

44. Digər tərəfdən MPM-in:

45. 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

46. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

47. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir.

48. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir.

49. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

50. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən mediasiya xərclərinin əvəzi olaraq 110 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

V. Nəticə:

51. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 01 dekabr 2021-ci il tarixli İM/011/21 saylı “Sponsorluq Müqaviləsi” üzrə 7080 (yeddi min səksən) manat (ƏDV daxil) məbləğində pul vəsaiti və ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 110 (yüz on) manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar