Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4771/2023 17.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı xx.xx.2022-ci il tarixli müqavilə üzrə pulun ödənilməsi və texnikanın geri qaytarılması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 11.182,5 manat (ƏDV xaric) vəsaitin tutulub ona ödənilməsi və müqavilə üzrə cavabdehə təhvil verilmiş CAT 320 D tirtill ekskavatoru, qeydiyyat nişanı 10 V 957 ona texnikanın ona geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında xx.xx.2022-ci il tarixində xidmət göstərənin texnikasının (CAT 320 D tirtill ekskavatoru,qeydiyyat nişanı 10 V 957) sifarişçiyə verilməsi əsasında xidmət müqaviləsi (No 56) bağlanmışdır. Bağlanmış xidmət müqaviləsinə əsasən xidmət göstərənin göstərdiyi xidmətinə görə sentyabr (2022) və oktyabr (2022) ayları üçün xidmət müqaviləsinə əlavə edilmiş razılaşma protokolunda hesablanmış 11.182,5 manat (ƏDV xaric) ödəməyi sifarişçi öz öhdəsinə götürmüşdür. Lakin,sifarișçi bu müqavilə üzrə yaranmış öhdəlikləri lazımınca yerinə yetirmir. Belə ki, sifarișci sentyabr (2022) və oktyabr (2022) ayları üçün yaranmış borc öhdəliyini indiyə kimi həyata keçirməmişdir. Bundan əlavə, "Sifarișçi" müqavilə əsasında götürdüyü texnikanı (CAT 320 D tırtıllı ekskovatoru, qeydiyyat nișanı 10 V 957) işin dayanmasının üzərindən xeyli vaxt keçməsinə baxmayaraq hələ də "Xidmət göstərən"ə təhvil verməmişdir Bu müqaviləyə əsasən 11.182,5 manat (ƏDV xaric) məbləğində borc yaranmışdır. Borcun ödənilməməsi ilə yanaşı, cavabdeh texnikanın təhvil verilməsindən imtina edir. Cavabdehə pretenziya qaydasında müraciət olunub, lakin həmin müraciət cavabsız qalmışdır. Eyni zamanda, mediasiya qaydada ona müraciət olunmuşdur və 22 may 2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Vəkil1 həmçinin izahatında bildirmişdir ki, avadanlığı onların işçiləri təhvil verib. Eyni zamanda müqavilənin 3-cü bəndinə əsasən xidmət haqqı razılaşma protokolunda göstərilir. Bildirmək istəyir ki, razılaşma protokolunda 100.000 manat məbləğində xidmət haqqı da nəzərdə tutula bilər. Cavabdeh xidmət haqqını ödəməyi öz öhdəsinə götürüb. Müqavilədə avdanlıqdan istifadə edilməsi müddətinə uyğun olaraq ödəniş edilməsi və ya ümummiyyətlə texnikanın işlədilibişlədilməməsindən asılı olaraq ödəniş edilməsi nəzərdə tutulmayıb. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirmişdir ki, mübahisə ilə bağlı cavabdehin ona verdiyi şifahi məlumata əsasən bildirməlidir ki, texnika Kəlbəcər rayonundadır və iddiaçı istənilən vaxt gəlib texnikanı təhvil ala bilər. İddiaçı texnikanı özü gəlib götürməlidir. Qiymətlərin razılaşma protokolunda istənilən məbləğdə xidmət göstərilməsi nəzərdə tutula bilər. Əsas olan faktiki hansı dəyərdə xidmət göstərilməsidir və bununla bağlı məlumat təhvil-təslim aktında göstərilib. Onlar 8780 manat hissədə borcu etiraf edirlər. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı (xidmət göstərən) ilə Cavabdeh MMC (sifarişçi) arasında bağlanmış xx.xx.2022-ci il tarixli 56 saylı xidmət müqaviləyə əsasən müəyyən edilir ki, həmin müqavilənin 1-ci bəndinə əsasən xidmət göstərənin mülkiyyətində olan texnikasının (Əlavə 1) (bundan sonra “Avadanlıq”) bu müqavilədə müəyyən edilən şərtlər daxilində xidmətə verilməsi müqavilənin predmetini təşkil edir. Həmin müqavilənin: 2-ci bəndinə əsasən xidmət müddəti, avadanlığın sifarişçiyə təhvil verildiyi tarixdən etibarən başlayır. 3-cü bəndinə əsasən avadanlığın xidmət haqqı razılaşma protokoluna əsasən tərtib edilir. Müqavilə üzrə xidmət haqqı görülmüş işlərə dair tərəflər arasında təhvil-təslim aktı imzalandıqdan sonra növbəti ayın ilk 10 iş günü ərzində bank köçürmə yolu ilə həyata keçir. 4-cü bəndinə sifarişçi hər cür yoxlama və təftişləri apararaq avadanlığın mövcud vəziyyətini görüb bəyəndiyini, ehtiyaclarına cavab verdiyini, işlək və saz vəziyyətdə olduğunu, təmizləndiyini, tam təchiz edildiyini, servis, istismar və texniki məlumatları haqqında sənədlər və istismar təlimatları ilə birlikdə tam və qüsursuz olaraq təhvil götürdüyünü, habelə eyni şəkildə təhvil verəcəyini qəbul edir. 9-cu bəndinə əsasən xidmət müddəti başa çatdıqda və ya müqavilə ləğv edildikdə, sifarişçi, iş vaxtı müddətində dərhal avadanlığı sənədləri ilə birlikdə tərəflər arası imzalanmış müvafiq təhvil-təslim aktı əsasında geri qaytarmalıdır. Müqavilə tərəflərin imzası və sifarişçinin möhürü ilə təsdiq edilmişdir. xx.xx.2022-ci il tarixli 1 nömrəli razılaşma protokoluna əsasən tərəflər xx.xx.2022-ci il tarixli 56 saylı xidmət müqaviləsi üzrə Cat 320 D markalı 10-V-957 dövlət qeydiyyat nişanlı texnikanın göstərəcəyi xidmətin dəyərini 11.182,50 manat olaraq razılaşdırmışlar. Razılaşma protokolu iki tərəfin imzası və sifarişçinin möhürü ilə təsdiq edilmişdir. İddiaçı (xidmət göstərən) ilə Cavabdeh MMC (sifarişçi) arasında imzlanaraq möhürlə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına əsasən müəyyən edilir ki, xx.xx.2022-ci il tarixli 56 saylı xidmət müqaviləsi üzrə Cat 320 D markalı 10-V-957 dövlət qeydiyyat nişanlı texnika sentyabr ayı üçün 21 gün 2 saat çalışıb və göstərilmiş xidmətin haqqı cəmi 8.780,33 manat təşkil edir. İddiaçı pretenziya qaydasında məktubla Cavabdeh MMC-yə müraciət edərək, borcun ödənilməsi ilə yanaşı texnikanın geri təhvil verilməsinin 5 gün müddətində yerinə yetirilməsi tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağını bildirmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh MMC arasında xidmət müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında xidmət müqaviləsi üzrə İddiaçı 8.780,33 manat məbləğində borcunun olması faktını etiraf etmişdir. Azərbaycan Respublikası MPM-in 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məhkəmə cavabdehdən 11.182,5 manat tutulması barədə iddiaya daha dəqiq desək iddianın yerdə qalan hisəssinə (11.182,5 -8.780,33=2.402,17) münasibətdə qeyd edir ki, iddiaçı cavabdehə göstərilmiş xidmətin dəyərinin ümumilikdə 11.182,5 manat olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Xidmətlərin göstərilməsini təsdiq edən yeganə sübut tərəflərin də imzalayaraq təsdiq etdikləri xx.xx.2022-ci il tarixli təhvil-təslim aktı olmuşdur ki, həmin aktdan da görünür ki, xx.xx.2022-ci il tarixli 56 saylı xidmət müqaviləsi üzrə Cat 320 D markalı 10-V-957 dövlət qeydiyyat nişanlı texnika sentyabr ayı üçün 21 gün 2 saat çalışıb və göstərilmiş xidmətin haqqı cəmi 8.780,33 manat təşkil edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 1 nömrəli razılaşma protokoluna gəldikdə məhkəmə qeyd edir ki, həmin protokolun məzmunundan da göründüyü kimi həmin protokolla tərəflər xx.xx.2022-ci il tarixli 56 saylı xidmət müqaviləsi üzrə gələcəkdə göstəriləcək xidmətin dəyərini müəyyən etmişlər. Odur ki, sözügedən sənədin 11.182,5 manat məbləğində xidmət göstərilməsi faktını təsdiq edən sübut kimi nəzərə alınması üçün əsas yoxdur. MPM-in: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Digər tərəfdən işin mübahisəsiz hallarından həmçinin görünür ki, xidmət müqaviləsində xidmət müddəti başa çatdıqdan sonra (hazırkı halda hər iki tərəf xidmətin 2022-ci ildə göstərilib başa çatmasını təsdiq edir) texnikanın sifarişçi (cavabdeh) tərəfindən xidmət göstərənə (iddiaçıya) qaytarılmalı olması öhdəliyi nəzərdə tutulduğu halda mübahisəli texnika hal-hazıradək iddiaçıya qaytarılmamışdır. Mülki Məcəllənin 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən 8780,33 manat manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, eləcə də Cat 320 D markalı 10-V-957 dövlət qeydiyyat nişanlı texnika iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 200 manat məbləğində mediasiya xərcləri ilə yanaşı 10 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 123,55 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinə dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in: 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 113.1-ci maddəsinə görə iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 150 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən alınaraq iddiaçıya ödənilməlidir. İddiaçı tərəfindən 10 manat məbləğində dövlət rüsumu artıq ödənildiyindən həmin məbləğ iddiaçıya qaytarılmalıdır. Nəticə hissəsi Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 8780,33 manat məbləğində borc, mediasiya xərclərinin əvəzi olaraq 150 manat pul vəsaiti tutularaq iddiaçı Cəbrayılov İddiaçı ödənilsin. Cavabdeh MMC-dən 10-V-957 dövlət qeydiyyat nişanlı, CAT 320 D ekskavatoru alınaraq İddiaçı qaytarılsın. İddiaçı tərəfindən 10 manat məbləğində dövlət rüsumu artıq ödənildiyindən həmin məbləğ iddiaçıya qaytarılsın. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-4771/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4771/2023
17.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver