Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4785/2023 23.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı “müqavilədən irəli gələn borc” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, dəbbə pulu, mediasiya xərci) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan İddiaçı "xxxx" MMC-nin Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı “müqavilədən irəli gələn borc” tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" MMC Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı iddia ərizəsi, daha sonra dəqiqləşmə ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən yaranmış əsas borca görə 17204,40 manat, dəbbə puluna görə 2793,92 manat, mübahisənin mediasiya vasitəsi ilə həll edilməsi məqsədi ilə ödənilmiş 205,00 manat, cəmi 20203,32 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlə aralarında “Müqavilə və Öhdəliklər barədə məlumat” cədvəli (bundan sonra “cədvəl” adlandırılacaq) üzrə məlumatları qeyd olunan xidmət müqaviləsi (bundan sonra “müqavilə” adlandırılacaq) bağlanmışdır. Cavabdeh tərəfindən müqavilənin cədvəldə qeyd olunan bəndinin tələbləri pozulmuş nəticədə müqavilədən irəli gələn öhdəliklər üzrə borc yaranmışdır. Bu pulun ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə dəfələrlə cavabdehə şifahi və yazılı qaydada xəbərdarlıq edilsə də, Cavabdeh tərəfindən borc ödənilməmişdir. Mübahisənin mediasiya vasitəsi ilə həll edilməsi də mümkün olmamışdır. Ona görə də iddiaçı olaraq bu barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalınmışdır. Xidmətlərin təhvil verilməsinə baxmayaraq Cavabdeh tərəfindən hər hansı ödəniş həyata keçirilməmişdir. Dəfələrlə cavabdehə şifahi və yazılı qaydada xəbərdarlıq edilsə də, Cavabdeh tərəfindən borc ödənilməmiş və öhdəlik icra olunmamışdır. Qeyd olunan müqavilənin 6.3-cü bəndinin tələblərinə əsasən İcraçı icranın gecikdirildiyi hər təqvim həftəsi üçün bu gecikdirilən ödənişin 0.1%cərimə tətbiq edə bilər. Qeyd olunan bəndin tələblərinə əsasən Cavabdeh 2793,92 manat məbləğində hesablanmış cərimə məbləğini ödəməlidir. Mübahisənin mediasiya vasitəsi ilə həll edilməsi məqsədi ilə İddiaçı tərəfindən 205 manat mediasiya xərci ödənilmişdir. Əlavə olaraq mediasiya prosesi ilə əlaqədar iddiaçı tərəfindən 205 manat mediasiya xərci ödənildiyinə görə, o, qanunvericiliyin tələbinə əsasən hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmək üçün dövlət rüsumunu ödəməkdən azad olunmuşdur.
3. İddiaçının nümayəndəsi xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək yaranış əsas borca görə 2000 manat, dəbbə puluna görə 729 manat və mübahisənin mediasiya vasitəsi ilə həll edilməsi məqsədi ilə ödənilmiş 205 manat cəmi 2934 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi.
5. Məhkəmə iclasının vaxtı yeri barədə lazımı qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
6. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. İddiaçı ilə Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialı arasında bağlanmış xx.xx.2021-ci il tarixli xidmət müqaviləsinə əsasən:
9. Müqavilənin 1.1-ci bəndinə əsasən bu müqaviləyə görə icraçı bu müqavilə ilə müəyyən olunmuş qaydada tibb xidmətlərini göstərməyi, sifarişçi isə xidmətləri qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öz öhdəsinə götürür.
10. Müqavilənin 1.2-ci bəndinə əsasən xidmətlərə aşağıdakılar daxildir. 11.Müqavilənin 1.2.1-ci bəndinə əsasən həftənin beş günü (bazar günü, istirahət günləri və dövlət tərəfindən müəyyən olunan qeyri-iş günləri istisna olmaqla) gündüz üzrə müvafiq olaraq saat 07:30-18:00-dək və şənbə günü gündüz növbələri üzrə müvafiq olaraq 07:30-15:30-dək Heydər Əliyev adına Neft emalı zavodu ünvanında yerləşən sahədə növbətçilik daşımaq və sahədə çalışan sifarişçinin işçilərinə lazımi tibbi yardım göstərmək;
12. Müqavilənin 1.2.2-ci bəndinə əsasən sahədə tibb məntəqəsinin təşkil olunması.
13. Müqavilənin 1.2.3-cü bəndinə əsasən gündüz növbəsi ərzində sahəni 1 ədəd nəqliyyat vasitəsi, ambulans sürücüsü və feldşer ilə təmin etmək;
14. Müqavilənin 1.2.4-cü bəndinə əsasən sifarişçinin işçilərini ilk təcili tibbi yardım üçün lazım olan dərman və tibbi sərtlərlə etmək (istifadə olunan məhsulların dəyəri ödənməklə);
15. Müqavilənin 1.2.5-ci bəndinə əsasən sifarişçiyə məxsus inventarların düzgün istifadəsini təmin etmək;
16. Müqavilənin 1.2.6-cı bəndinə əsasən sifarişçinin işçilərini icraçının ünvan 1 ünvanında yerləşən klinikaya çatdırmaq.
17. Müqavilənin 2.2-ci bəndinə əsasən icraçı hər ay yerinə yetirilmiş Xidmətlərə görə tərəflər arasında imzalanmış təhvil-təslim aktı əsasında sifarişçiyə hesab-faktura və elektron qaimə-faktura təqdim edir. Sifarişçi hesab-fakturanı və elektron qaimə fakturanı aldıqda, 30 təqvim günü ərzində ödənişi həyata keçirir.
18. Müqavilənin 3.1-ci bəndinə əsasən xidmətlər xx.xx.2022-ci il tarixdən həftənin beş günü (bazar günləri, istirahət günləri və dövlət tərəfindən müəyyən olunan qeyri-iş günləri istisna olmaqla) gündüz növbəsi saat 07:30-18:00 kimi (bundan sonra iş saatları adlanacaqdır) və zəruriyyət yaranarsa gecə növbəsi 18:30-dan 04:30-dək şənbə günü saat 07:30-15:30-dək və zəruriyyət yaranarsa gecə növbəsi 18:30-dan 23:30-dək xx.xx.2022-ci il tarixinədək yerinə yetirirlir.
19. Müqavilənin 5.2.1-ci bəndinə əsasən sifarişçi bu müqavilənin şərtlərinə uyğun, xidmətlərin dəyərini təhvil-təslim aktı əsasında icraçıdan qəbul etməlidir.
20. Müqavilənin 5.2.5-ci bəndinə əsasən icraçının xidmətini vaxtında ödəməlidir.
21. Müqavilənin 6.3-cü bəndinə əsasən sifarişçi bu Müqavilənin 2.1-ci bəndi ilə müəyyən olunmuş öhdəliyini bu Müqavilədə nəzərdə tutulmuş müddətdə yerinə yetirməzsə, icraçı icranı gecikdirildiyi hər təqvim həftəsi üçün bu gecikdirilən ödənişin 0.1% həddində cərimə ödənilməsini tələb edə bilər.
22. 13.01.2022-ci il tarixli 11 saylı hesab faktura üzrə "xxxx" MMC tərəfindən Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialına 8206,90 manat dəyərində xidmət göstərildiyi qeyd olunmuşdur.
23. 25.11.2022-ci il tarixli 10 saylı hesab faktura üzrə "xxxx" MMC tərəfindən Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialına 9122,50 manat dəyərində xidmət göstərildiyi qeyd olunmuşdur.
24. 25.11.2022-ci il tarixli EBCJ, 864862 saylı elektron qaiməyə əsasən "xxxx" MMC tərəfindən Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialına 9233,50 manat dəyərində, xx.xx.2023-cü il tarixli, EBCN seriyalı, 566596 saylı eletkron qaimə üzrə isə 8206 manat dəyərində xidmət göstərilməsi qeyd olunmuşdur.
25. 20.06.2023-cü il tarixli qarşılıqlı borcların üzləşdirməsi barədə akta əsasən xx.xx.2023-cü il tarixinə Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialının borcu 17204,4 manat təşkil etmiş və iddiaçı tərəfindən imza və möhürlə təsdiqlənmişdir.
26. 18.08.2023-cü il tarixli, 000İPX********** saylı ödəniş qəbzinə əsasən Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən EBCJ seriyalı 114985 elektron qaimə üzrə 7290 manat məbləğində pul vəsaiti "xxxx" MMC-nin hesabına keçirilmişdir.
27. 15.09.2023-cü il tarixli, 000İPX12325816C6 saylı ödəniş qəbzinə əsasən Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən EBDJ seriyalı 114985 elektron qaimə üzrə 3645 manat məbləğində pul vəsaiti "xxxx" MMC-nin hesabına keçirilmişdir.
28. 21.11.2023-cü il tarixli, 000İPX12332509D9 saylı ödəniş qəbzinə əsasən Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən EBCJ seriyalı 114985 elektron qaimə üzrə 1645 manat məbləğində pul vəsaiti "xxxx" MMC-nin hesabına keçirilmişdir.
29. Məhkəmə qeyd edir ki, sübutetmə predmetinə daxil olan iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi, daha sonra həmin hallara tətbiq edilən hüquq normalarının şərh edilməsi məhkəmə araşdırmasının obyektivliyi və ədalətliliyi üçün zəruridir.
30. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
31. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialı arasında xx.xx.2021-ci il tarixli xidmət müqaviləsi bağlanmış və müqavilənin 1.1-ci bəndinə əsasən bu müqaviləyə görə icraçı bu müqavilə ilə müəyyən olunmuş qaydada tibb xidmətlərini göstərməyi, sifarişçi isə xidmətləri qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin göstərilən xidmətlərin müqabilində cavabdeh tərəfindən xidmət haqqı tam ödənilməmişdir.
32. Beləliklə, tərəflər arasında xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır.
33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
34. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
35. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
36. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
37. Göründüyü kimi, tərəflər arasında xidmət müqaviləsinin bağlanılması işin mübahisəsiz halını təşkil edir.
38. İlk olaraq məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən müqavilə ilə nəzərdə tutulmuş öhdəliklər icra edilmiş və göstərilmiş xidmətlər müqabilində xidmət haqqının ödənilməsinin tələb etmə hüququ yaranmışdır.
39. Bundan əlavə xidmətin göstərilməsinə dair sübut qismində iddiaçı elektron qaimə faktura, hesab faktura təqdim etmişdir. Həmçinin məhkəmə prosesi gedən zaman da cavabdeh tərəfindən ödənişlər edilməsi iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə dəlalət etmişdir.
40. Məhkəmə qeyd edir ki, MPM-də çəkişmə prinsipi və bir başa göstərilməyən, lakin nəzərdə tutulan dispozitivlik prinsipi xüsusi yer tutur və həmin prinsiplərə əsasən, məhkəmə icraatı zamanı işin halları yalnız tərəflərin bildirdikləri faktlar və təqdim etdikləri sübutlar əsasında müəyyən edilir.
41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
43. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Yuxarıda sadalanan halları məhkəmə nəzərə alaraq hesab edir ki, iddia 2000 manat borcun tutulması hissəsində təmin edilməlidir.
45. Bununla yanaşı, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli xidmət müqaviləsinin müqavilənin 6.3-cü bəndinə əsasən hesablanmış 729 manat dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
46. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
47. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
48. Cavabdehdən tutulacaq dəbbə pulunun məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
49. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən müqavilə üzrə tutulacaq dəbbə pulu 100 manat məbləğində müəyyən edilməlidir.
50. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 205 manat məbləğində mediasiya xərcləri ödənilmişdir.
51. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
52. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
53. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 205 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
V. Nəticə:
54. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialından xx.xx.2021-ci il tarixli müqavilə üzrə 2000 manat əsas borc və 100 manat dəbbə pulu olmaqla cəmi 2100 (iki min yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 205 (iki yüz beş) manat tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova