Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4791/2024 15.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: abunə müqaviləsi, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-də 189,83 manat xidmət haqqının və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, tərəflər arasında imzalanmış 05 iyun 2014-cü il tarixli abunə müqaviləsinə əsasən iddiaçı cavabdehi nömrə ilə təmin edir, cavabdeh isə öz növbəsində bu müqavilədə və müvafiq tarif planı üzrə nəzərdə tutulmuş qaydada təqdim olunan xidmətlərdən istifadə edib müvafiq ödənişləri həyata keçirməyi öz üzərinə götürmüşdür. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliklərə əməl edərək nömrələr və rabitə xidmətləri ilə cavabdehi təmin etmişdir. Lakin cavabdeh öz üzərinə düşən öhdəliklərə əməl etməmiş, təqdim edilmiş xidmətlərdən istifadə etsə də, xidmət haqlarını ödəməkdən yayınmışdır. Buna görə də cavabdehin iddiaçıya 189,83 manat ödənilməmiş borcu qalmışdır. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443.9, 445.2, 448-ci maddələrinə istinad olunmuşdur. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən nümayəndəsi məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci madəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçının nümayəndəsi məhkəmə ərizə ilə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasını və qiyabi qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, buna görə də işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Tədqiq olunan sübutlar İş materiallarından görünür ki: İddiaçı MMC və Cavabdeh MMC arasında 05 iyun 2014-cü il tarixində abunə müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən tərəflər bununla razılaşırlar ki, İddiaçı Abunəçini siyahısı bu müqaviləyə qoşulmuş 01 saylı Əlavədə qeyd edilən nömrələrlə təmin edir, Abunəçi isə öz növbəsində bu müqavilə və müvafiq Tarif planı üzrə nəzərdə tutulmuş qaydada təqdim olunan Xidmətlərin istifadə edir və Xidmətlərdən istifadəyə görə müvafiq ödənişləri həyata keçirir. Müqavilənin 5.1-ci bəndinə əsasən xidmətin dəyəri icra olunma tarixinə qüvvədə olan Tarif Planına əsasən müəyyən olunur. Müqavilənin 5.2-ci bəndinə əsasən hesab-faktura aldıqda Abunəçi ödənişi hesabfakturada göstərilən son ödəmə tarixindən əvvəl həyata keçirməyə borcludur. Hesabfakturada göstərilən məbləğin tam olaraq vaxtında ödənilməməsi bu müqavilənin şərtlərinin kobud şəkildə pozulması kimi qəbul edilir. HH seriyalı 947856 nömrəli xx.xx.2014-cü il tarixli elektron vergi hesab-fakturasına əsasən 48,9200 manat dəyərində xidmətlər İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. Hİ seriyalı 535803 nömrəli xx.xx.2015-ci il tarixli elektron vergi hesab-fakturasına əsasən 19,31 manat dəyərində xidmətlər İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. Hİ seriyalı 419934 nömrəli xx.xx.2014-cü il tarixli elektron vergi hesab-fakturasına əsasən 63,67 manat dəyərində xidmətlər İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. Hİ seriyalı 250470 nömrəli xx.xx.2014-cü il tarixli elektron vergi hesab-fakturasına əsasən 36,03 manat dəyərində xidmətlər İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. xx.xx.2024-cü il tarixli hesab-faktura sənədindən görünür ki, Cavabdeh MMC-yə 189,83 manat məbləğində qalıq borc hesablanmışdır. xx.xx.2014-cü il tarixli təminat məktubundan görünür ki, Cavabdeh MMC tərəfindən Voice nömrələr üzrə göstərilən xidmətlərə görə ödənişlərin təyin edilmiş müddət ərzində edilməsinə zəmanət verilmişdir. xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı MMC 30 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, işin hallarından görünür ki, tərəflər arasında 05 iyun 2014-cü il tarixində abunə müqaviləsi bağlanmış, həmin müqavilə üzrə İddiaçı MMC Cavabdeh MMC-yə mobil rabitə xidmətlərinin göstərilməsini, Cavabdeh MMC isə danışıq haqqının vaxtında ödənilməsini təmin etmək öhdəliyini üzərinə götürmüşdür. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 241.5-ci maddəsinə əsasən iddiaçının dəlilləri iddia tələblərini tamamilə və ya qismən təsdiq etməsə, məhkəmə iddianın və ya onun hissəsinin rədd olunmasına dair qətnamə çıxarır və belə qətnamə, cavabdehin gəlməməsinə baxmayaraq, qiyabi hesab edilmir. Məhkəmənin mövqeyi: Beləliklə də, işdə olan materiallardan və işin faktiki hallarından görünür ki, borcun yaranması tərəflər arasında 05 iyun 2014-cü il tarixində abunə müqaviləsi üzrə yaranmış öhdəliklərin yerinə yetirilməməsi, yəni abunə haqqının ödənilməməsindən irəli gəlir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək, işin faktiki hallarını və qanunvericiliyin müddəalarını nəzərə alaraq hesab edir ki, iddiaçı tələbini əsaslandıra və bununla bağlı (tərəflər arasında bağlanmış abunə müqaviləsi üzrə cavabdehə cəmi 189,83 manat məbləğində xidmət göstərildiyini təsdiq edən) hər hansı mötəbər sübutlar təqdim edə bilmədiyindən iddia təmin edilməməlidir. Belə ki, iddiaçının tələbinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutlar qismində yalnız elektron vergi hesab-faktura əlavə edilmiş, həmin hesabfakturaya əsasən cavabdehin iddiaçıya olan borcu cəmi 189,83 manat qeyd edilmişdir. Halbuki iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş hesab-fakturada borcun hansı nömrələr üzrə, hansı müddətdə və nəyə görə yaranması, ödənişin hansı müddətdən ödənilmədiyi qeyd edilməmişdir. Sübutların qiymətləndirilməsi prosesində sübutun məzmununu təşkil edən dəlillər və faktlar qiymətləndirilməlidir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Heç bir sübutun əvvəlcədən sübutetmə qüvvəsi yoxdur. Ən mötəbər mənbədən alınmış sübuta da araşdırılıb, digər sübutlarla müqayisə edilərək, məcmu halda qiymət verilməlidir. Belə ki, Mülki–Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Ümumiyyətlə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən cavabdehin 189,83 manat borcu olduğu bildirilmiş, bu barədə hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə MPM-in 119-cu maddəsinə əsasən hesab edir ki, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddiası rədd edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-4791/2024
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4791/2024
15.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver