Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4793/2024 02.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borc” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, mal göndərmə müqaviləsi, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi X2, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdim: İşin halları İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən müqavilə üzrə qalan 1283,16 (bir min iki yüz səksən üç manat on altı qəpik) manat pul məbləğinin alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 05 yanvar 2022-ci ildə Cavabdeh MMC ilə aramızda 127 nömrəli təchizat müqaviləsi bağlanılıb. Serhat Yiğitler həmin MMC-nin direktorudur. Cavabdeh MMC ilə iddiaçı arasında bağlanan müqavilənin 1-ci bəndinə əsasən “Satıcı” hazırki müqavilənin şərtlərinə uyğun olaraq malları “Alıcı”ya təchiz etməyi, “Alıcı” isə həmin malları qəbul edib dəyərini ödəməyi öhdəsinə götürür. Bundan başqa, müqavilənin 6.3-cü bəndinə görə “Alıcı” alınmış malın ödəməsini malın təhvil-təslim aktı vəya elektron qaimənin imzalanması tarixindən etibarən 15 təqvim günü ərzində həyata keçirməyi öz öhdəsinə götürür. Lakin Cavabdeh MMC müvafiq maddələrdə nəzərdə tutulan şərtləri pozmuşdur. Belə ki, xx.xx.2022-ci il tarixli EBCA 962106 nömrəli elektron qaimə ilə 921.46 manat, xx.xx.2022-ci il tarixli EBCB 623224 nömrəli elektron qaimə ilə 765.94 manat, xx.xx.2022-ci il tarixli EBCG 044386 nömrəli elektron qaimə ilə 1283.16 manat, ümumilikdə isə 2970.56 manat dəyərində məhsul göndərilsə də, Cavabdeh MMC tərəfindən bunun müqabilində xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində ümumilikdə 1687,40 manat dəyərində ödəniş həyata keçirilmişdir. Son nəticədə isə “Alıcı” Cavabdeh MMC “Satıcı”ya 1283,16 manat borclu qalmışdır. Müvafiq borc Cavabdeh MMC-nin rəhbəri Serhat Yiğitler tərəfindən 30 mart 2023-cü il tarixli Təhvil-Təslim Aktındakı imzası ilə təsdiq edilmişdir, lakin daha sonra müxtəlif bəhanələrlə onun ödənilməsi yubadılmış, sonda isə iddiaçı tərəfindən dəfələrlə müraciət etməyimizə baxmayaraq, Cavabdeh MMC tərəfindən heç bir geri dönüş edilməmiş, ödəniş həyata keçirilməmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443.1, 448.2-ci maddələrinə istinad olunmuşdur. MPM-in 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar İş materiallarından görünür ki, İddiaçı MMC “satıcı”, Cavabdeh MMC “alıcı” olmaqla tərəflər arasında xx.xx.2022-ci il tarixli 707 nömrəli təchizat müqaviləsi imzalanmışdır. Bu müqavilənin 1.1-ci bəndinə əsasən “Satıcı” hazırkı Müqavilənin şərtlərinə uyğun olaraq malları “Alıcı”ya təchiz etməyi, “Alıcı” isə həmin malı qəbul edib dəyərini ödəməyi öhdəsinə götürür. Malın çeşidi və qiyməti tərəflər arasında razılaşdırılır və hazırki Müqavilənin ayrılmaz hissəsi olan Qiymət Cədvəlində (Əlavələrdə) göstərilir. Müqavilənin 3.1-ci bəndinə əsasən malın tərəflər arasında razılaşdırılmış Sifarişə uyğun təchizatı tərəflərin imzaladığı əlavə sazişdə digər şərtlər nəzərdə tutulmadığı halda “Satıcı”nın nəqliyyatından istifadə edilməklə “Satıcı”nın hesabına həyata keçirilir. Müqavilənin 3.3-cü bəndinə əsasən “Satıcı” malı aşağıdakı qaydada təchiz etdiyi halda Sifariş yerinə yetirilmiş, “Satıcı” isə öziiniin təchizat öhdəliklərini yerinə yetirmiş hesab olunur: Alıcı ilə razılaşdırılmış qiymətə; digər sənədləri əlavə etməklə: Malın Təhvil-Təslim AKT-ı və ya Elektron qaimə; hesabfaktura; malın keyfiyyətini təsdiq edən sənədlərin (keyfiyyət vəsiqələri, uyğunluq sertifikatları, keyfiyyət sertifikatları, gigiyena sertifikatları, baytarlıq şəhadətnamələri) surətləri. Həmin müqavilənin 6.3-ci bəndinə əsasən Alıcı alınmış Malın ödəməsini cari Müqavilənin 6.5-ci bənddə nəzərdə tutulmuş qaydada Malın Təhvil- Təslim AKT-ı və ya Elektron qaimə -nın imzalanmasından etibarən müqavilənin əlavəsində qeyd olunan müddət ərzində icra etməyi öhdəsinə götürür, əgər Alıcı malın qəbulu tarixini qeyd etməmişdirsə, malın qəbul tarixi Malın Təhvil-Təslim AKT-ı və ya Elektron qaimənin tarixi hesab edilir. EBCA seriyalı 962106 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 921,46 manat, EBCB seriyalı 623224 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 765,94 manat, EBCG seriyalı 044386 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 1283,15 manat müxtəlif çeşidli mallar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. xx.xx.2023-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh MMC-nin yekun borcu 1283,15 manat məbləğində müəyyən edilmiş, Cavabdeh MMC qeyd edilən borcu təsdiq etmişdir. 02.7.2024-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı MMC 33 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 634.1-ci maddəsinə əsasən alıcı (mal alan) göndərmə müqaviləsinə uyğun göndərilmiş malların qəbulunu təmin edən bütün zəruri hərəkətləri yerinə yetirməyə borcludur. 634.2-ci maddəsinə əsasən malların qüsurlarını gözdən keçirməklə müəyyən etmək mümkün olmayan hallar istisna olmaqla, alıcı bildiriş vermədikdə, mal qəbul olunmuş hesab edilir. 637.1-ci maddəsinə əsasən alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tərəflər arasında malların göndərilməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq müvafiq həcmdə malı təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək təhvil verilmiş malların dəyərini müyyən olunmuş müddətdə ödəməmişdir. Cavabdehin iddiaçıya borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla (təhvil-təslim aktı) öz təsdiqini tapmış, cavabdeh iddiaya qarşı heç bir etiraz etməmişdir. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 637.2-ci maddəsinə əsasən satdığı malların dəyərini tələb etmək hüququ yaranmışdır. Qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliklərin icrasını, satdığı malların dəyərini tələb etmək hüququna malik olmasını, iddiaçı tərəfindən malın cavabdehə təhvil verildiyini, cavabdehin öz öhdəliyini lazımi qaydada icra etməyərək təhvil aldığı malların dəyərini, 1283.16 manat pulu ödəmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 1283.16 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddia təmin olunduğundan məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 33 manat dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdim: İddia təmin edilsin. Cavabdeh MMC-dən 05 yanvar 2022-ci ildə 127 nömrəli təchizat müqaviləsinə əsasən 1283 (bir min iki yüz səksən üç) manat 16 (on altı) qəpik məbləğində əsas borcun və ödənilmiş 33 (otuz üç) manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-4793/2024
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4793/2024
02.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver