Məhkəmə qərarları › İş №e-2-2(113)-4832/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4832/2023

12.09.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Daşınmaz əmlak üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4832/2023 12.09.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəmənin hakim Namazova Günay Rüstəm qızı, İddiaçı "xxxx" MMC-nin direktoru İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (ASC) qarşı ümumi istifadə sahələri, köməkçi və digər sahələrdən istifadə hüququnun tanınması, istifadə qaydalarının müəyyən edilməsi tələbi barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri Bakı Kommersiya Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nin direktoru İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanlı, 237 m2 tikinti altı torpaq sahəsinin Tello” MMC-yə aid hesab edilməsi və 120 m2 həyət sahəsi, 2 sanitar qovşağı, 1 həyətə giriş darvazasının ümumi istifadə sahələri kimi tanınması haqqında qətnamə çıxarılmasını xahiş etmişdi. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. İlk olaraq məhkəmə qeyd edir ki, iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizənin surətinin və ona əlavə edilmiş sənədlərin cavabdehə çatdırılmasını təsdiq edən sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. - 150.1.4-cü maddəsinə əsasən, iddia ərizəsinə bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd əlavə edilir. Bundan başqa iddia tələbindən göründüyü kimi iddiaçının tələbinin əsasını daşınmaz əşyalara dair hüquqlarının həyata keçirilməsi təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Belə ki, Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: - daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; - daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; - mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 iyun 2021-ci il tarixli Qərarında izah olunmuşdur ki, müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, həmin halların dairəsi qanunvericilikdə dəqiq müəyyən edildiyinə görə geniş təfsir edilə bilməz. İddiaçının iddia tələbindən də göründüyü kimi daşınmaz əşyanın olduğu yer kimi Sumqayıt şəhəri qeyd olunmuşdur. Və iddia tələbi də daşınmaz əmlaka dair hüquqların tanınması ilə bağlıdır. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi və inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 saylı qərarına əsasən Sumqayıt Sumqayıt Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Buna görə də məhkəmə tərəfindən hazırkı iddianın Sumqaıt Kommersiya Məhkəməsinə verilməsi qanunamüvafiq hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 152.1.3-ci maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; - 152.1.4-cü maddəsinin tələbinə görə, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; Belə olan halda məhkəmə hazırkı iddiaya ərazi aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsində baxılmalı olmadığını nəzərə alaraq hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya qeyd edilən nöqsan aradan qaldırıldıqdan sonra müvafiq məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Bundan əlavə, iddia ərizəsində iddiaçı və cavabdeh qismində qeyd olunmuş şəxslərə (hüquqi və fiziki şəxslərə) aid şəxsi məlumatlar tam qeyd edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) ərizədə göstərilməlidir. - 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. - 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə son olaraq aşağıdakı məqamları da vurğulamağı zəruri hesab edir. İşdə olan elektron iddia ərizəsinin “tərəflər” bölməsində iddiaçı kimi İddiaçı adı qeyd olunmuş, ərizənin mətni bölməsində isə iddiaçı kimi "xxxx" MMC qeyd olunmuş, lakin elektron ərizəni imzalayan fərdi sahibkar İddiaçı və ********** nömrəli VÖEN qeyd olunmuşdur. Halbuki "xxxx" MMC-nin VÖEN-i ********** kimi qeyd olunmuşdur. Göründüyü kimi iddiaçı bu hissədə də bir sıra ziddiyətlərə yol vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu, 152, 268-269–cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı "xxxx" MMC-nin direktoru İddiaçı Cavabdeh ASC-yə qarşı ümumi istifadə sahələri, köməkçi və digər sahələrdən istifadə hüququnun tanınması, istifadə qaydalarının müəyyən edilməsi tələbi barədə iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə müvafiq məhkəməyə müraciət etməyə mane olmur. ********** nömrəli qəbzə əsasən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində ondan elektron kabinet vasitəsi ilə Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar