Məhkəmə qərarları › İş №e-2-2(113)-4860/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4860/2024

05.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4860/2024 05.07.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Hüseyn oğlu, İddiaçı MMC-nin müvəqqəti təminat tədbiri barədə ərizəsini Bakı Kommersiya Məhkəməsinin inzibati binasında iş materialları ilə birlikdə nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı MMC müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, e-2-2(113)-4351/2024 saylı kommersiya mübahisəsinə baxılıb qurtarana qədər Cavabdeh MMC-nin bank hesablarının üzərinə 72 518.97 (yetmiş iki min beş yüz on səkkiz manat doxsan yeddi qəpik) manat həcmində həbsin qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə geri qaytarılmalıdır. Belə ki, məhkəmə qeyd edir ki, müvəqqəti təminat tədbiri barədə ərizə iddia ərizəsi formasında məhkəməyə təqdim edilmişdir. “Elektron Məhkəmə” informasiya sisteminin “əsas məlumatlar” hissəsindən görünür ki, işin növü “müvəqqəti təminat tədbirləri” əvəzinə “kommersiya mübahisələri”, icraatın növü isə “iddia icraatı” qeyd olunmuşdur. Bundan başqa, məhkəmə qeyd edir ki, ərizənin nəticə hissəsində cavabdehdə və ya arbitraj mübahisəsi tərəfində və ya digər şəxslərdə olan cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə məxsus əmlak üzərinə həbs qoymaq (bank hesablarının üzərinə həbs qoyulması) növündə müvəqqəti təminat tədbirinin tədbiq edilməsi xahiş edilsə də, forma ilə bağlı qaydaya düzgün riayət edilməmiş, müvəqqəti təminat tədbiri barədə ərizə iddia ərizəsi formasında verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci bəndinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yekun olaraq, məhkəmə hesab edir ki, müvəqqəti təminat tədbiri barədə ərizə geri qaytarılmalıdır. İddiaçı MMC-yə izah edilsin ki, müvəqqəti təminat tədbirlərinin görülməsinə dair ərizə ilə nöqsanlar aradan qaldırıldıqdan sonra ayrıca şəkildə yenidən müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 159.5-ci maddəsinə əsasən, bu Məcəllənin 159.4.1-ci və 159.4.2-ci maddələrində göstərilən hallar aradan qaldırıldıqdan sonra yenidən ərizə ilə məhkəməyə müraciət edilə bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 268-269–cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı MMC-nin müvəqqəti təminat tədbiri barədə ərizəsi geri qaytarılsın. **********29 nömrəli qəbzə əsasən ödənilmiş 31 (otuz bir) manat məbləğində dövlət rüsumu İddiaçı MMC-yə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar