Məhkəmə qərarları › İş №e-2-2(113)-4867/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4867/2023

17.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4867/2023 17.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun tutulması tələbinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən akkreditiv müqaviləsi üzrə 827500 (səkkiz yüz iyirmi yeddi min beş yüz) ABŞ dolları, öhdəliklərinin icrasını gecikdirilməsinə görə 103437 (yüz üç min dörd yüz otuz yeddi) ABŞ dolları olmaqla, cəmi 930937 (doqquz yüz otuz min doqquz yüz otuz yeddi) ABŞ dolları məbləğində vəsaitin ödəniş gününə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş məzənnəyə uyğun olaraq, məhkəməyə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 1182 (min yüz səksən iki) manat dövlət rüsumunun və 400 (dörd yüz) manat mediasiya xərcinin tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iş üzrə icraata xitam verilməsinə etiraz etmədi. Məhkəmə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, hazırki iş üzrə icraata xitam verilməlidir. Belə ki, müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-3(103)-54/2023 saylı qərarı ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin müflis elan olunması qərara alınmışdır. “Müflisləşmə və iflas” haqqında Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin 1-ci hissəsinə əsasən borclunun müflis elan olunmasının məqamları aşağıdakılardır: a) borclunun müflis elan olunması haqqında məhkəmə qərarının qanuni qüvvəyə minməsi tarixi və ya; b) bu Qanunun tələblərinə uyğun olaraq kreditorların ilkin yığıncağında borclu müəssisənin müflis elan olunması barədə müvafiq qərarın qəbul edilməsi tarixi. Həmin Qanunun 18-ci maddəsinin 2-ci hissəsinə əsasən borclunun müflis elan olunması məqamından etibarən: a) bütün məhkəmə araşdırmalarına və borcludan alınmalı məbləğlərin tutulması üçün digər hərəkətlərə son qoyulur; b) borcluya qarşı tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas prosesi çərçivəsində irəli sürülə bilər. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinə əsasən bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır; bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 13 iyun 2017-ci il tarixli Qərarında deyilir ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2-ci maddəsinin “dayandırma” ifadəsi bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatının dayandırılmasını deyil, bu Məcəllənin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini nəzərdə tutur. Həmin andan daxil olan ərizələrin qəbul edilməsindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən imtina olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinin tələbinə görə iş məhkəmədə baxılmalı deyildirsə, iş üzrə icraata xitam verilir; 262.1-ci maddəsinə əsasən məhkəmə iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarır; 262.3-cü maddəsinə əsasən işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı iş məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. İddiaçıya izah edilməlidir ki, cavabdehə qarşı tələblər yalnız “Müflisləşmə və iflas” haqqında Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan iflas prosesi çərçivəsində irəli sürülə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 262.4-cü mаddəsinə əsаsən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci mаddəsinə əsаsən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun tutulması tələbinə dair iş üzrə icraata xitam verilsin. İzah edilsin ki, cavabdehə qarşı tələblər yalnız “Müflisləşmə və iflas” haqqında Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan iflas prosesi çərçivəsində irəli sürülə bilər. İzah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar