Məhkəmə qərarları › İş №e-2-2(113)-4912/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4912/2023

08.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4912/2023 08.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh “Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxsinə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: abuna haqqı, rabitə xidməti, internet xidmət haqqı, cərimə borcu, mediasiya xərci ) Məhkəmənin hakimi Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 Şəmsəddin oğlunun iştirakı ilə, Сavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı MMC-nin cavabdeh “Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxsə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC iddia ərizəsi, daha sonra isə dəqiqləşmə ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "Bakı Baş Səhiyyə Mərkəzi" Publik hüquqi şəxsindən 2037.35 manat abunə haqqı borcunun, 126.22 manat rabitə xidmətlərinə görə borcun, 1.28 manat internet xidmətinə görə borcun, 590,35 manat ödənişin gecikdirilməsinə görə hesablanmış cərimə məbləğinin, 60 manat ödənilmiş mediasiya xərcinin - cəmi 2,815.22 manat pulun tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsinə dair barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh Bakı Baş Səhiyyə İdarəsinin 7 saylı şəhər Poliklinikası (hüquqi varisi “Bakı Baş Səhiyyə Mərkəzi” Publik hüquqi şəxsi) arasında imzalanmış xx.xx.2014-cü il tarixli abunə müqaviləsinə əsasən iddiaçı siyahısı müqaviləyə əlavə edilmiş 1 saylı qoşmada müəyyən edilmiş nömrələri və telekommunikasiya xidmətlərini cavabdehə təqdim edir, cavabdeh isə xidmətlərdən istifadə edib müəyyən edilmiş xidmət haqqını ödəyir. Lakin cavabdeh öz üzərinə düşən öhdəlikləri yerinə yetriməmiş, xidmətlərdən istifadə nəticəsində yaranmış 2755.21 manat borcu bu günə kimi ödəməmişdir. Borcun ödənilməsi ilə bağlı Bakı Baş Səhiyyə Mərkəzi” Publik hüquqi şəxsinə müraciət ünvanlasa da, bu günə kimi borc məbləği ödənilməmişdir

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi.

4. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. "xxxx" MMC ilə Bakı Baş Səhiyyə İdarəsinin 7 saylı şəhər Poliklinikası arasında bağlanmış xx.xx.2024-cü il tarixli abunə müqaviləsinə əsasən:

8. Müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilədə nəzərdə tutulmuş şərtlər İddiaçı mobil telefon şəbəkəsinə qoşulan bütün abunəçilərinə tətbiq olunur.

9. Müqavilənin 1.2-ci bəndinə əsasən abunəçi bu müqaviləni imzalamaqla bu müqavilənin bütün şərtlərini qəbul etdiyini təsdiq edir.

10. Müqavilənin 3.1-ci bəndinə əsasən hazırkı müqaviləyə əsasən İddiaçı siyahısı bu müqaviləyə olan 1 saylı əlavədə müəyyən edilən nömrələri və telekommunikasiya xidmətlərini abunəçiyə təmin edir, Abunəçi isə öz növbəsində bu müqavilədə və müvafiq tarif planı üzrə nəzərdə tutulmuş qaydada təqdim olunan xidmətlərdən istifadə edir və xidmətlərən istifadəyə görə müvafiq ödənişləri həyata keçirir.

11. Müqavilənin 5.2-ci bəndinə əsasən abunəçiyə tarif planına uyğun istifadəsində olan xidmətlərə görə hesab-faktura təqdim olunur. Hesab-faktura aldıqda abunəçi ödənişi hesab-fakturada göstərilən son ödəmə tarixindən əvvəl həyata keçirməyə borcludur. Hesabfakurada göstərilən məbləğin tam olaraq vaxtında ödənilməməsi bu müqavilənin şərltərinin kobud şəkildə pozulması kimi hesab edilir.

12. Müqavilənin 5.3-cü bəndinə əsasən abunəçi İddiaçı tərəfindən müəyyən olunan və bu müqavilə ilə nəzərdə tutulmuş qaydada vaxtaşırı olaraq dəyişdirilən tarif planı və qaydalarda nəzərdə tutulan ödəniş şərtlərinin pozulmasına görə gecikdirilmiş hər təqvim günü üçün ödəniləcək məbləğin 01.% həcmində, lakin ümumilikdə 30% çox olmamaq şərti ilə, cərimə ödəyir. Abunəçiyə təqdim olunan cərimələr, onun istifadə etdiyi nömrə hesabından və ya depozit hesabından İddiaçı tərəfindən birtərəfli qaydada tutulur.

13. Bakı Baş Səhiyyə İdarəsinin 7 saylı şəhər Poliklinikasının "xxxx" MMC-yə təqdim etdiyi təminat məktubunda ona ayrılan 151 ədəd möbil nömrələr üzrə göstərilən xidmətlərə görə ödənişlərin təyin olunmuş müddət ərzində ödənilməsinə zəmanət verilmişdir.

14. "xxxx" MMC tərəfindən təqdim olunan Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-ə aid hesabdan çıxarışdan görünür ki,abunətçinin abunə haqqı, xidmət üzrə abunə haqqı və internet xidmətinə borc və gecikmə faizi yaranmışdır.

15. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən MMC ilə Bakı Baş Səhiyyə İdarəsinin 7 saylı şəhər Poliklinikası (hüquqi varisi Bakı Baş Səhiyyə Mərkəzi Publik hüquqi şəxsdir) arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən cavabdehin iddiaçıya cari tarixə ödənilməmiş borcu 2755,22 manat təşkil edir. Borcun 2037,35 manatı bərabər hissə abunə haqqı borcu, 126.22 manata bərabər hissə rabitə xidmətləriə görə borc, 1.28 manat bərabər hissəsi internet xidmətinə görə borc və 590,35 manata bərabər hissəsi ödənişin gecikdirilməsinə görə hesablanmış cərimə məbləği təşkil edir. (borc məblği xx.xx.2024-cü il tarixdən xx.xx.2018-ci il tarixə olan dövr üzrə hesablanıb).

16. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

17. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

18. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

19. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

20. İşdən göründüyü kimi xx.xx.2024-cü il tarixli abunə müqaviləsi bağlamış və həmin müqaviləyə əsasən cavabdeh istifadə edilən xidmətlərə görə ödənişləri vaxtı-vaxtında etməyi öhdəsinə götürmüşdür.

21. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini pozaraq göstərilmiş xidmət haqlarını ödməkdən yayınmışdır.

22. Bundan əlavə, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış xx.xx.2014-cu il tarixli abunə müqaviləsinin 5.3-cü bəndinə əsasən hesablanmış 590,35 manat dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

23. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

24. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

25. Cavabdehdən tutulacaq dəbbə pulunun məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

26. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən müqavilə üzrə tutulacaq dəbbə pulu 102 manat məbləğində müəyyən edilməlidir.

27. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 60 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

V. Nəticə:

29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh “Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxsindən xx.xx.2014-cü il tarixli müqavilə üzrə abunə haqqı borcu - 2037,35 manat, rabitə xidmətlərinə görə borc məbləği - 126,22 manat, internet xidmətinə görə - 1,28 manat, 102 manat dəbbə pulu və mediasiya xərcinin əvəzi olaraq 60 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar