Məhkəmə qərarları › İş №e-2-2(113)-4918/2025

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-4918/2025

14.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4918/2025 14.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: podrat müqaviləsi, prosessual maraq, qüsurlu icra) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 600 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumu, 60 manat hüquqi xidmət xərcinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı cavabdehi tanışları vasitəsilə avtomobil ustası kimi tanımışdır. İddiaçı avtomobilinin ABS sisteminin dəyişdirilməsinə ehtiyacı olduğundan 2025-ci ilin mart ayında cavabdehə müraciət etmiş, ABS-in dəyişdirilməsi müqabilində ona 600 manat ödəmişdir. Lakin iki dəfə dəyişdirilsə də, ABS işləməmiş və nəticədə cavabdeh ödənilən 600 manat məbləğində pulu geri qaytarmağı öhdəsinə götürmüşdür. Xeyli müddət keçsə də, cavabdeh hər hansı ödəniş etməmişdir. Buna görə iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmış və hazırkı iddia ərizəsinin yazılmasına görə əlavə olaraq 60 manat məbləğində xidmət haqqı ödəmişdir.

3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385, 442, 1091-ci və s. maddələri göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır.

II. Tərəflərin mövqeləri:

6. İddiaçı məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda göstərdi ki, cavabdeh usta olduğundan ona maşının əyləc sistemində olan nasazlıqla bağlı müraciət edilmiş, ehtiyat hissənin dəyişdirilməsi tapşırılmışdır. Lakin cavabdeh 2 dəfə dəyişdirmə aparsa da, avtomobil işləməmişdir.

7. Məhkəmə bildirişləri cavabdehin “Elektron məhkəmə” informasiya sistemində elektron kabinetində yerləşdirilməklə, onun yaşayış yeri üzrə qeydiyyata alındığı ünvana göndərilməklə, mobil telefon nömrələrinə “SMS” bildirişlər çatdırılmaqla məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mübahisəyə cavabdehin iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi: a) Podrat müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı

9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi aidiyyəti, mümkün və mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

11. İş materiallarında görünür ki, iddiaçı tərəfindən 600 manat məbləğində pul köçürülmüşdür. İddiaçı ilə ***-***-**-** mobil nömrəsi ilə aparılan danışıqlara əsasən iddiaçı 16 mart 2025-ci il tarixdən 06 may 2025-ci il tarixədək maşının təmiri üçün ödənilmiş 600 manat məbləğində pulun qaytarılmasını tələb etmiş, cavabdeh isə qeyd edilən məbləği ödəyəcəyini bildirsə də, digər şəxslərin ona olan borcunu ödməməsi əsası ilə ödənişi yubatmışdır.

12. İddiaçı cavabdehə ödədəyi 600 manat məbləğində pulun tutulmasını tələb edir.

13. Cavabdeh tərəf hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən məhkəmə iclaslarında iştirak etmir.

14. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

15. Mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir.

16. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.

17. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına, özünün “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabineti vasitəsilə təqdim edilən sübutlarla real vaxt rejimində tanış olmaq imkanına malik olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə edilməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.

18. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

19. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

20. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

21. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

22. Məhkəmə qeyd edir ki, tərəflər arasında şifahi qaydada formalaşmış podrat münasibətlərinə əsasən iddiaçı cavabdehə nəqliyyat vasitəsinin təmirinin həyata keçirilməsini həvalə etmiş, cavabdehə qabaqcadan 600 manat ödəniş etmişdir. Lakin cavabdeh qeyd edilən nəqliyyat vasitəsinin təmirini lazımınca həyata keçirməmiş, ödənilən 600 manat məbləğində pulun qaytarılmasını öhdəsinə götürmüşdür.

23. Mülki Məcəllənin 752-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir.

24. Podrat müqaviləsinin əsas xüsusiyyətlərindən biri müqavilənin tərəfi olan podratçının həmin müqavilənin digər tərəfi olan sifarişçinin xeyrinə hər hansı bir işi görməsidir. Belə ki, podrat müqaviləsindən irəli gələn öhdəlik təkcə hər hansı əmlakın verilməsini deyil, həm də həmin əmlakın yaradılması üzrə podratçının iş fəaliyyətini də ehtiva edir. Podrat müqaviləsi bağlanarkən tərəflərin məqsədi müəyyən hüquqi nəticənin əldə edilməsi ilə birbaşa əlaqəlidir. Məhz bu səbəbdən podrat müqavilələrinin əsasını hüquqi məqsəd və hüquqi nəticə təşkil edir (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarı).

25. Hazırkı halda iddiaçını tələb hüququnun əsası qismində Mülki Məcəllənin 765-ci maddəsi çıxış edir. Belə ki, həmin maddəyə əsasən, məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur.

26. Hazırda cavabdeh iddiaçıya qüsurlu icra ilə bağlı 600 manat məbləğində pulu qaytarmağa razılıq ifadə etdiyindən məhkəmə hesab edir ki, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

27. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

28. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

29. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

30. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

31. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

32. Həmin Məcəllənin 448.3-cü maddəsinə əsasən borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır.

33. Beləliklə, məhkəmə cavabdehin podrat müqaviləsi üzrə işləri qüsursuz icra etmək ilə bağlı öhdəliyini pozduğunu, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıdığını nəzərə alaraq hesab edir ki, iddia tələbi 600 manat məbləğində pulun tutulması hissəsində əsaslı olduğundan təmin edilməli, həmin məbləğ Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.

b) Məhkəmə xərcinin tutulması ilə bağlı

34. İddiaçı eyni zamanda ödənilmiş 30 manat dövlət rüsumunun, 60 manat hüquqi yardım xərcinin tutulmasını tələb etmişdir.

35. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, **********14 nömrəli mədaxil qəbzi ilə 30 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.

36. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

37. Həmin Məcəllənin 115.0 və 115.0.6-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə, o cümlədən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir.

38. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

39. Məhkəmə iddiaçı tərəfindən istinad etdiyi xərcin ödənilməsi ilə bağlı hər hansı sübutun təqdim edilmədiyini nəzərə alaraq hesab edir ki, 60 manat məbləğində hüquqi yardım xərci cavabdehdən tutula bilməz.

40. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

41. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.

V. Nəticə:

42. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 233, 242- 244, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh 600 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar