Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4934/2024 21.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdehnə qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli, TZLM050524 saylı Xidmətlərin göstərilməsi haqqında müqavilənin ləğv edilməsi, Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə ƏDV xaric 750 (yeddi yüz əlli) manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulmasına barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC İddiaçı MMC ilə arasında bağlanmış xx.xx.2024-cü il tarixli, TZLM050524 saylı Xidmətlərin göstərilməsi haqqında müqavilənin 1.1-ci bəndinin tələbinə əsasən 13 may 2024-cü il tarixdə keçiriləcək “X2 Zirvəsi 2024” forumunda məhsul və xidmətlərin sərgilənməsi üçün masa, rolap yerləşdirilməsi, sərgi masası ətrafında video monitor yerləşdirilməsi, məhsul və xidmətlər haqqında müştərilərə məlumat verilməsi üçün əməkdaş xidmətinin göstərilməsini öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilə əsasında şirkətə göstərilməli olan xidmətlər üzrə bir gün öncədən müəyyən yer təyin edilmiş, həmin yerdə iddiaçıya aid rolap yerləşdirilmişdir. Həmin yerləşmə üzrə çəkiliş də aparılmışdır. Lakin, forum keçirilən zaman heç bir məlumat verilmədən iddiaçıya aid rolapın yeri dəyişdirilmişdir. Bununla da, reklam xarakterli rolapların istənilən şəkildə əlverişli görüntüsü Cavabdeh MMC tərəfindən təmin edilməmişdir. Bununla bağlı Cavabdeh MMC-nin məsul şəxsi ilə əlaqə saxlanılmış və vatsap tətbiqi üzrə göndərilən səsli mesajlarda həmin şəxs rolapların yerinin dəyişdirilməsini etiraf etmişdir. Eyni zamanda, həmin şəxs etiraf etmişdir ki, dəyişiklik və maneənin yaranması barədə iddiaçıya məlumat verilməmişdir. Halbuki, xx.xx.2024-cü il tarixli, TZLM050524 saylı Xidmətlərin göstərilməsi haqqında müqavilənin 2.1.3-cü bəndinə əsasən bu müqavilənin nəzərdə tutduğu xidmətlərin hər hansı birinin yerinə yetirilməsi üçün “İcraçı”-dan asılı olmayan maneələr meydana çıxdıqda, “Sifarişçi”-yə bu barədə məlumat verməlidir. Yuxarıda qeyd olunan müqavilə üzrə xidmət haqqı iddiaçı tərəfindən tam şəkildə Cavabdeh MMC-yə ödənilsə də, həmin şirkət üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Bununla da, iddiaçının həmin xidmətlərə marağımız qalmamışdır. Marağın qalmaması barədə dərhal Cavabdeh MMC-nin aidiyyatı şəxslərinə bildirilmiş və edilmiş ödənişin geri qaytarılması tələb edilmişdir. Lakin,Cavabdeh MMC tərəfindən ödənişin geri qaytarılması təmin edilməmişdir. Qeyd edilməsi zəruridir ki,Cavabdeh MMC-nin yuxarıda qeyd olunan müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsi və ödənilmiş xidmət haqqını geri qaytarmaması İddiaçı MMC-nin qanunla qorunan hüquqlarının kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir. Ümumilikdə Cavabdeh MMC-nin İddiaçı MMC-yə qaytarılmalı olan ödəniş məbləği ƏDV xaric 750 (yeddi yüz əlli) manat təşkil edir.
3. İddia ərizəsində iddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385.1, 425.1, 425.2, 442, 445.2-ci və s. maddələrinə istinad etmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4934/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbi barədə kiçik iddiaya dair kommersiya işi iddia icraatına keçirilmişdir.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X3 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
6. Məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh nümayəndəsi Qanuni nümayəndə iddiaya etiraz edərək rədd edilməsini məhkəmədən xahiş etmişdir.
7. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməklərinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər.
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
9. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
- 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. - 421.1-ci maddəsinə əsasən Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. - 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. - 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. - 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. - 783.2-ci maddəsinin tələblərinə görə vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
11. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd olunmalıdır.
12. İşin müəyyən olunmuş və mübahisələndirilməyən halları ondan ibarətdir ki, İddiaçı (sifarişçi) ilə Cavabdeh (icraçı) arasında TZLM050524 saylı xx.xx.2024-cü il tarixli müqavilə bağlanmışdır.
13. Müqavilənin 1.1-ci bəndinə əsasən icraçı sifarişçi üçün 13 may 2024-cü il tarixində keçiriləcək “X2 Zirvəsi 2024” forumunda məhsul və xidmətlərin sərgilənməsi üçün masa (1 ədəd), rollup yerləşdirilməsi, sərgi masası ətrafında video monitor yerləşdirilməsi (1ədəd), məhsul və xidmətlər haqqında iştirakçılara məlumat verilməsi üçün əməkdaşı (2ədəd) xidməti göstərməyi, “Sifarişçi” isə yerinə yetirilmiş xidmətlərin dəyərini “İraçı”ya ödəməyi öhdəsinə götürmüşdür.
14. Müqavilənin 3.1-ci bəndinə əsasən yerinə yetiriləcək işlərin dəyəri ƏDV-siz 1000 (bir min) manat müəyyən edilmişdir.
15. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
16. İşin mübahisələndirilməyən digər halı isə ondan ibarətdir ki, yekun olaraq iddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli ödəniş sənədinə əsasən 1000 manat məbləğində pul ödənilmişdir.
17. Tərəflər arasında imzalanmış müqavilənin məzmunundan və tərəflər arasında olan işgüzar münasibətlərdən görünür ki, tərəflər arasında xidmət müqaviləsindən irəli gələn münasibətlər yaranmışdır. Belə ki, müqavilənin predmetinin məhz nədən ibarət olması məhkəmə iclasında aydınlaşdırılmış və hər iki tərəf müqavilənin predmetinin iddiaçıya aid rollupların yerləşdirilməsindən ibarət olması və 1 nəfər üçün tədbirdə iştirak üçün haqqın 250 manat, rollupun yerləşdirilməsi yəni, reklam xidmətinin göstərilməsinin dəyərinin isə 750 manat olması qeyd edilmişdir.
18. Lakin mülki qanunvericilikdə məhz xidmət müqaviləsi münasibətlərini tənzimləyən konkret hər hansı müddəa mövcud deyildir.
19. Ona görə də məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Belə ki, həmin maddənin tələblərinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmçinin Mülki Məcəllənin 11.1-ci maddəsində təsbit olunmuşdur ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
20. Qeyd olunanlara əsaslanaraq və işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə qeyd edir ki, hazırki mübahisə Mülki Məcəllənin tapşırıq müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır.
21. Məhkəmə qeyd edir ki, iddiaçı tərəf müqavilə üzrə öhdəliklərin razılaşdırılmış qaydada icra edilmədiyini yəni, rollup tədbir zalında yerləşdirilsə də, şərtləşdirilmiş yerdə yerləşdirilmədiyini bildirmişdir.
22. İddiaya etiraz olaraq cavabdeh tərəf müqavilə üzrə rollapların yerləşdirilməsi üçün hər hansı bir şəxsə xüsusi yer ayrılmadığını, bütün reklamlar üçün bir yer müəyyən olunduğunu, heç bir pozuntuya yol vermədiklərini bildirmişdir.
23. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilənin predmeti 1.1-ci bənddə göstərilmiş və həmin bənddə icraçı tərəfindən rollapların yerləşdirilməsi üçün dəqiq yer göstərilməmişdir.
24. Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
25. Qeyd olunan hallar isə onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiçıya razılaşdırılmış xidmət göstərilmiş və xidmətə görə də, pul ödənilmişdir.
26. Belə ki, təqdim edilmiş fotoşəkildən görünür ki, iddiaçıya aid olan rollup tədbir zalına, digər rolluplarla eyni yerə qoyulmuşdur.
27. Bu xüsusda Məhkəmə bir daha qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilədə, iddiaçıya aid rollupun məhz tədbir zalının hansı hissəsinə yerləşdirilməsi ilə bağlı razılıq olmadığından, cavabdeh tərəfindən rollupun zalda yerləşdirilməsi ilə bağlı, sonuncu müqavilə üzrə öz öhdəliyini icra etmişdir.
28. Ona görə də, Məhkəmə hesab edir ki, iddiaçının müqavilənin ləğvi və ödənilmiş pulun qaytarılması ilə bağlı iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
29. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi və s.” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov