Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4972/2022 27.09.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızı, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (İddiaçı MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin borclu olduğu 8614 (səkkiz min altı yüz on dörd) manat məbləğində pul, vəkilə ödənilən 1100 (bir min yüz) manat məbləğində pul, mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 200 (iki yüz) manat olmaqla, ümumilikdə 9914 (doqquz min doqquz yüz on dörd) manat məbləğində pulun cavabdehdən tutularaq, İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ”Texsafe” MMC ilə İddiaçı MMC arasında xx.xx.2020-ci il tarixli, C-113-2020 saylı müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən “Sifarişçi”, yəni Cavabdeh MMC ona lazım olan malları “İcraçı”ya, yəni İddiaçı MMC-yə sifariş etməyi, “İcraçı” isə öz növbəsində həmin sifarişlərə əsasən tələb olunan malları “Sifarişçi”yə təhvil verməyi öhdəsinə götürmüşdür. Həmçinin müqavilənin 2.2-ci bəndinə əsasən “Sifarişçi” “Qiymətlərin razılaşdırma protokolu”nda göstərilmiş məbləğin “İcraçı” tərəfindən mallar təhvil verildikdən sonra 30 gün ərzində 100% ödənilməsini təmin etməli idi. İddiaçı tərəfindən bağlanmış müqavilənin şərtləri yerinə yetirilərək, Cavabdeh MMC-yə sifariş edilmiş mallar təqdim edilmişdir. Təhvil verilən mallara görə ”Texsafe” MMC-nin İddiaçı MMC-yə 22491,30 manat (iyirmi iki min dörd yüz doxsan bir manat otuz qəpik) məbləğində borcu yaranmış, həmin borcun 11517,30 (on bir min beş yüz on yeddi manat otuz qəpik) manatı ödənilmiş və 10974 (on min doqquz yüz yetmiş dörd) manat məbləğində borc qalmışdır. Göstərilən borcun ödənilməsi təklifi ilə ”Texsafe” MMC-yə dəfələrlə müraciət edilsə də, borc məbləği ödənilməmiş, cavabdeh şirkət tərəfindən üzərinə götürdüyü öhdəlik icra edilməmişdir. İddiaçı tərəfindən müvafiq pretenziya ilə ”Texsafe” MMC-yə bir daha müraciət edilərək, borclu olduqları 10974 (on min doqquz yüz yetmiş dörd) manat məbləğində pulun 03 (üç) gün ərzində İddiaçı MMC-yə ödəmələri təklif edilmiş, əks halda mövcud qanunvericiliyə əsasən məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Lakin müraciətə hər hansı cavab verilməmiş, eləcə də iddiaçıya ödənilməli məbləğ ödənilməmişdir. Bundan sonra iddiaçı tərəfindən cavabdeh ”Texsafe” MMC ilə aralarındakı kommersiya mübahisəsinin qarşılıqlı razılaşma əsasında həll edilməsi üçün mediasiya təşkilatına müraciət edilmiş, lakin qarşılıqlı razılaşma əsasında aralıarında olan mübahisənin həll edilməsi mümkün olmamışdır. Mediasiya mərhələsindən sonra Cavabdeh MMC-nin iddiaçıya ödəməli olduğu borc məbləğindən 2360 (iki min üç yüz altmış) manat məbləğində pul ödənilmişdir. Hal-hazırda Cavabdeh MMC-nin İddiaçı MMCyə borcu 8614 (səkkiz min altı yüz on dörd) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İş materiallarından görünür ki: - İcraçı qismində İddiaçı ilə sifarişçi qismində Cavabdeh arasında xx.xx.2020-ci il tarixli, C-113-2020 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən müqavilənin bağlandığı müddət ərzində sifarişçi ona lazım olan malları icraçıya sifariş edir, icraçı isə öz növbəsində həmin sifarişlərə əsasən tələb olunan malları sifarişçiyə təhvil verir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən təchiz olunacaq malların siyahısı, miqdarları, qiymətləri və çatdırılma müddətləri "Tərəflərin aralarında imzaladığı "Qiymətlərin razılaşdırılma protokolu"nda göstərilir. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən tərəflər arasında imzalanmış “Qiymətlərin razılaşdırılma protokolu" sifarişçi tərəfindən müvafiq sifarişin verildiyini və icraçı tərəfindən həmin sifarişin qəbul olunduğunu təsdiq edir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən sifarişçi "Qiymətlərin razılaşdırılma protokolu"nda göstərilmiş məbləğin icraçı tərəfindən mallar təhvil verildikdən sonra 30 gün ərzində 100 % (faiz) ödənilməsini təmin edir. - xx.xx.2021-ci il tarixdə tərəflər arasında tərtib edilmiş öhdəliklərin qarşılıqlı borcların üzləşdirilməsi barədə sənəddən görünür ki, Cavabdeh MMC-nin hazırkı vaxta İddiaçı MMC-yə ödənilməmiş 22491,30 (ƏDV daxil) manat borcu olduğunu bildirmiş, qeyd olunan akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. - "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, ********** nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC-nin AZ89NİCB**********0001A40040 nömrəli hesabına 2061,20 manat məbləğində ödəniş həyata keçirilmişdir. - "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, ********** nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC-nin AZ89NİCB**********0001A40040 nömrəli hesabına 2500 manat məbləğində ödəniş həyata keçirilmişdir. - "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, ********** nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC-nin AZ89NİCB**********0001A40040 nömrəli hesabına 2000 manat məbləğində ödəniş həyata keçirilmişdir. - "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixdə təsdiq edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı MMC-nin AZ89NİCB**********0001A40040 nömrəli hesabına 3000 manat məbləğində ödəniş həyata keçirilmişdir. - "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixdə təsdiq edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı MMC-nin AZ89NİCB**********0001A40040 nömrəli hesabına 2000 manat məbləğində ödəniş həyata keçirilmişdir. - İddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş sənəddən görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə xx.xx.2021-ci il tarixdə 235,08 manat, xx.xx.2021-ci il tarixdə 116,64 manat, xx.xx.2021-ci il tarixdə 254,38 manat, xx.xx.2021-ci il tarixdə 450 manat, xx.xx.2022-ci il tarixdə 360 manat, xx.xx.2022-ci il tarixdə 540 manat və xx.xx.2022-ci il tarixdə 360 manat olmaqla, ümumilikdə 2316,10 manat məbləğində ödəniş edilmişdir. - Cavabdeh tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə ünvanlanaraq bildirilmişdir ki, Cavabdeh MMC-nin qanuni təmsilçisi olaraq e-2-2(113)-4972/2022 saylı iş üzrə bildirişə cavab olaraq, Debet Safety MMC-dən alınmış 27981,58 manat müqabilində malın dəyərindən 19367,58 manatı ödənilmişdir. Kreditorlar tərəfindən Cavabdeh MMC-yə olan borcların ödənilməməsi səbəbindən şirkətdə yaranmış maliyyə çətinliyinə görə İddiaçı MMC-dən alınmış mallar üzrə qalıq borcun ödənilməsi gecikdirilmişdir. Kreditorlar tərəfindən vəsait hesaba daxil olduqca borcun qalıq hissəsinin ödənilməsi təmin ediləcəkdir. - İddiaçı tərəfindən cavabdehə ünvanlanmış 18 avqust 2022-ci il tarixli pretenziya məktubundan görünür ki, cavabdehə müraciət edilərək borcun 3 (üç) gün müddətində ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətdən irəli gələn digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, işin hallarından görünür ki, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliklərə əməl etməyərək, yaranmış borcu ödəmədiyinə görə iddiaçının tələbi aşkardır. Həmin tələb cavabdehin mübahisə edilməyən vəzifələrinə və sadə yazılı qaydada təsdiq edilmiş əqdlərə əsaslanır. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun cavabdehdən tutulması hissəsində tam təmin olunmalı, Cavabdeh MMC-dən 8614 (səkkiz min altı yüz on dörd) manat borc məbləği İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, ödənilmiş 200 (iki yüz) manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı hüquqi yardıma görə ödənilmiş 1100 (min yüz) manat məbləğin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli və göstərilmiş hüquqi yardıma görə cavabdehdən 300 (üç yüz) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 8614 (səkkiz min altı yüz on dörd) manat məbləğində əsas borc, 300 (üç yüz) manat hüquqi yardım, 200 (iki yüz) manat mediasiya xərci olmaqla, cəmi 9114 (doqquz min yüz on dörd) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-4972/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4972/2022
27.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver