Məhkəmə qərarları › İş №e-2-2(113)-4973/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4973/2022

09.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4973/2022 09.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı "xxxx" MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 9,377.08 manat əsas məbləğ və 1,687.88 manat ƏDV məbləği olmaqla, ümumilikdə 11064,96 manat məbləğində pulun, eləcə də 124 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə müxtəlif texnikalar, onların ehtiyat hissələri və sürtkü yağları təhvil verilmişdir. İddia ərizəsinə əlavə edilən e-qaimələrə əsasən müəyyən edilir ki, xx.xx.2017-xx.xx.2020 tarixləri arasında təqdim olumuş e-qaimələr əsasında satıcı tərəfindən alıcıya 41,380.98 manat əsas məbləğ, 7,448.58 manat ƏDV məbləği dəyərində mallar təhvil verilmişdir. Alıcı tərəfindən satıcıya təhvil verilmiş malların 32,003.90 manat əsas məbləğ və 5,760.70 manat ƏDV məbləği dəyəri ödənilmişdir. Hal-hazırda cavabdehin iddiaçıya 9,377.08 azn əsas məbləğ və 1,687.88 manat ƏDV məbləğində borcu mövcuddur. Qeyd edilən borclar əsasən EAAE 603637 saylı, xx.xx.2017-ci il tarixli elektron qaimə (qaimə üzrə ödənilməli məbləğ 7176,76 manat) müvafiq qaimələr əsasında yaranmış borclardır. Cavabdeh ilə aparılan rəsmi e-mail yazışmalarında, cavabdehin təhvil verilmiş mallar üzrə borcunun olduğu bildirilərək, qeyd edilən borc məbləğini ödəməsi tələb edilmişdir. Cavabdehə məxsus Elektron ünvan adresindən yazılmış 28 oktyabr 2020-ci il tarixli cavab məktubunda o, EAAE 603637 saylı, xx.xx.2017-ci il tarixli e-qaimə üzrə yaranmış borcu nağd şəkildə ödədiyini bildirmişdir. Belə ki, cavabdeh borcu etiraf etməsinə baxmayaraq, onun ödənilməsi barədə hər hansı sənəd təqdim etməmişdir. Həmçinin, tərəflər ödənişlərin yalnız hesaba köçürmə yolu ilə həyata keçiriləcəyi barədə razılığa gəlmişlər. Bundan əlavə, Azərbaycan Respublikası qanunvericiliyinə səasən hüquqi şəxslər arasında köçürmələr yalnız nağdsız qaydada aparılır. Göstərilənlərə əsasən, cavabdehin iddiaçıya 9,377.08 manat əsas məbləğ və 1,687.88 manat ƏDV məbləğində borcu bu günə qədər ödənilməmiş qalır. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının özü tərəfindən ləğv edilmiş xx.xx.2017ci il tarixli, EAAE seriyalı 603637 nömrəli qaimənin ödənişini (həmin qaiməyə görə heç bir mal alınmayıb) və bundan başqa da mal almadıqlarına görə geri qaytardıqları (yəni düzəlişə göndərilmiş) xx.xx.2020-ci il tarixli EBAG seriyalı 269576 №-li qaiməyə əsasən 9377,08 manat əsas məbləğ, 1687,88 manat ƏDV məbləği olmaqla ümumilikdə 11064,96 manat məbləğdə pulun ödənişini tələb edirlər. Həmin şirkətlə 2015-ci ildən dekabr 2017-ci ilə kimi əməkdaşlıq edilmişdir. Ödənilməmiş heç bir EVHF və ya elektron qaimə qalmayıb. Yəni iddiaçıya heç bir borcları yoxdur. Bu tələbi əsassız olduğu, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsindən sorğu nəticəsində aldıqları məktubda da öz əksini taparaq sübut olunur. İddiaçı Abşeron rayon Polis İdarəsinə verdiyi şikayət ərizəsində cavabdehdən tələb etdiyi həmin pulu şirkətin işçisi olmuş Əbdülrəhmanov Mehmandan tələb etmişdir. Lakin Abşeron rayon Polis İdarəsi 08 noyabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qəbul etdiyi qərardan sonra iddiaçı təşkilat Mehman Əbdülrəhmanovu məhkəməyə verərək pulu tələb etmək əvəzinə, əsassız olaraq cavabdehi pul tələbi ilə bağlı məhkəməyə vermişdir. Belə ki, xx.xx.2015-ci il tarixdə "xxxx" MMC ilə Cavabdeh MMC arasında avtomobillərə və iş texnikasına sürtkü yağlarının təchiz edilməsi barədə müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən "xxxx" MMC tərəfindən ilk öncə e-qaimə göndərilir və həmin eqaiməyə əsasən Cavabdeh MMC tərəfindən köçürmə yolu ilə təhvil verilmiş malların dəyərinin ödənişi təmin edilir. İddiaçı və cavabdeh hər ikisi əlavə dəyər vergisi ödəyicisidir. İddiaçı tərəfindən ərizəyə əlavə edilmiş maliyyə arayışının 2-ci səhifəsində e-qaimənin verilmə tarixində bilərəkdən məhkəməni çaşdırmaq məqsədi ilə xx.xx.2017-ci il və xx.xx.2020-ci il əvəzinə hər ikisində xx.xx.2020-ci il göstərmişdirlər. Sözügedən e-qaimə də Cavabdeh MMC tərəfindən qəbul edilməmiş və geri qaytarılmışdır. Bunu Vergi Xidmətlərinin təqdim etdiyi məktubdan da görünür. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş, oxunması mümkün olmayan bəzi sənədlər iş materiallarına əlavə edilmişdir ki, həmin sənədlərin hansı dildə yazılması da məlum deyil və həmin sənədlər nəyi təsdiq edir ki, o da məlum deyil. Bundan başqa iddiaçı 3885 manat dəyərində 754 saylı hesab vərəqi iş materiallarına əlavə edib ki, həmin hesab vərəqi nəyə aid olduğu barədə Cavabdeh MMC məlumatsızdır ki, göstərilən hesab vərəqi Cavabdeh MMC mühasibatlıq sənədlərində qeydiyyatdan keçməyib. Bundan başqa iddiaçı tərəfindən heç bir nağd şəkildə hesablaşma aparılmamışdır. "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə qarşı verilən iddia ərizəsi əsassız olduğu üçün etiraz bildirərək, iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi E.Cəfərov iddia ərizəsini müdafiə edib, onun məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə mallar 2017-ci ildə cavabdehə təhvil verilmiş, təhvil verilən mallara dair elektron qaimələr cavabdehə təqdim edildidkdən sonra bir neçə gün ərzində bank hesabı vasitəsilə ödənişlər edilmişdir. Belə ki, tərəflər arasında mövcud olan bütün təsdiqlənmiş elektron qaimələr əsasında ödənişlər bütünlüklə yalnız bank köçürməsi yolu ilə cavabdehə tərəfindən ödənilmişdir. 2020-ci ildə iddiaçı şirkətin rəhbərliyi dəyişilmiş, bununla əlaqədar şirkətdə audit yoxlaması müəyyən edilmiş, aşkar olunmuşdur ki, xx.xx.2017-ci ildə cavabdehə 9,377.08 manat əsas məbləğ və 1,687.88 manat ƏDV məbləği olmaqla, ümumilikdə 11064,96 manat məbləğində malın təhvil verilməsi ilə bağlı elektron qaimə göndərilmiş, lakin həmin qaimə onlara məlum olmayan səbəbə görə iddiaçının özü tərəfindən xx.xx.2017-ci ildə sistemdə ləğv edilmişdir. Bununla əlaqədar olaraq 2020-ci ildə cavabdehə məlumat verilmiş, cavabdeh təqdim etdikləri elekton yazışmada həmin vəsaitin nağd qaydada ödənildiyini bildirmişdir. Bu səbəbdən mühasibləri barəsində Abşeron Rayon Polis İdarəsinə şikayət ərizəsi verilmiş, lakin yaranmış mübahisə mülki xarakterli olduğu üçün cinayət işinin başlanması rədd edilmişdir. Daha sonra cavabdehə xx.xx.2020-ci il tarixdə göstərilən məbləğlə bağlı yenidən elektron qaimə təqdim edilmiş, lakin cavabdeh tərəfindən həmin qaimə düzəlişə göndərilmişdir. Hazırda borcun tələb edilməsinin səbəbi odur ki, həmin məbləğdə mallar cavabdehə 2017ci ildə təhvil verilmiş, lakin dəyəri ödənilməmişdir. Öz hüquqlarının pozulduğunu 2020-ci ildə müəyyən etdikləri üçün iddia müddəti keçməmişdir. Bundan əlavə, cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə verməklə iddianı qəbul etdiyini nümayiş etdirir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi A.Gözəlov iddia tələbinə etiraz edib iddiaya yazılı etirazın məzmununa uyğun izahat verib iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, 2020-ci ildə iddiaçı tərəfindən onlara hər hansı mal təhvil verilməmiş, xx.xx.2017-ci ildə tarixdə iddiaçı tərəfindən səhvən göndərilmiş elektron qaimə onun özü tərəfindən bir neçə gün sonra ləğv edilmişdir. Həmin qaimə təkrarən 2020-ci ildə göndərilmiş, lakin cavabdeh tərəfindən sistemdə ləğv edilə bilmədiyi üçün qaimə düzəlişə göndərilmiş, hazırda da düzəlişə göndərilmiş statusundadır. Onlara iddia edilən məbləğdə malın təhvil verildiyini təsdiq edən hər hansı sübut yoxdur. Belə ki, iddiaçıya cavabdeh tərəfindən bütün ödənişlər yalnız nağd qaydada edilmiş, bunu təsdiq edən sübutları Məhkəməyə təqdim etmişlər. İddia əsassız olduğu üçün rədd edilməlidir. Əlavə olaraq iddia müddətinin tətbiqi barədə ərizə verməklərinin məqsədi odur ki, həmin borc yalnız 2020-ci ilə qədər tələb edilə bilərdi. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsinin xx.xx.2021-ci il tarixli 12889967 nömrəli məktubundan görünür ki, "xxxx" MMC-nin baş direktoru Qanuni nümayəndə1 müraciəti əsasında Abşeron RPİ-nin İŞ-də araşdırılmış HK- 1/8655 saylı material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. 08 noyabr 2021-ci il tarixli Abşeron rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi, polis kapitanı X1 icraatında olan HK-1/8655 saylı material üzrə "xxxx" MMC-nin ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığı üçün material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İddiaçı tərəfindən cavabdehə EAAE nömrəli 603637 nömrəli xx.xx.2017-ci il tarixli 7176,76 manat məbləğində elektron qaimə göndərilmişdir. İddiaçının E-VHF sistemindən çıxarışa əsasən həmin qaimə səhv olması səbəbindən iddiaçı tərəfindən xx.xx.2017-ci ildə saat 17:38-də ləğv edilmişdir. İddiaçının E-VHF sistemindən çıxarışa əsasən cavabdehə göndərilmiş EBAG seriyalı 269576 nömrəli xx.xx.2020-ci il tarixli elektron qaimə (11083,50 manat) düzəlişə göndərilmiş statusundadır. İddiaçı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2017-xx.xx.2020-ci il tarixləri arasında təqdim olunmuş e-qaimələr əsasında satıcı tərəfindən alıcıya 41380,98 manat əsas məbləğ, 7448,58 manat ƏDV məbləği dəyərində mallar təhvil verilmişdir. Alıcı tərəfindən satıcıya təhvil verilmiş malların 32003,90 manat əsas məbləğ və 5760,70 manat ƏDV məbləği dəyəri ödənilmişdir. Hal-hazırda cavabdehin iddiaçıya 9377,08 manat əsas məbləğ və 1687,88 manat ƏDV məbləği borcu mövcuddur. Cavabdeh tərəfindən iddiaçıya 04 mart 2016-ci il tarixli 017 nömrəli ödəniş tapşırığı ilə 5500 manat, 06 iyul 2017-ci il tarixli 138 nömrəli ödəniş tapşırığı ilə 33854,94 manat, xx.xx.2015-ci il tarixli 18 nömrəli ödəniş tapşırığı ilə 20010 manat, xx.xx.2020-ci il tarixli 172378 nömrəli ödəniş tapşırığı ilə 32003,90 manat, 10 iyun 2016-cı il tarixli 052 nömrəli ödəniş tapşırığı ilə 6005 manat, 13 noyabr 2015-ci il tarixli 269 nömrəli ödəniş tapşırığı ilə 11410 manat, 14 sentyabr 2015-ci il tarixli 220 nömrəli ödəniş tapşırığı ilə 18600 manat, xx.xx.2016-cı il tarixli 47 nömrəli ödəniş tapşırığı ilə 13287,71 manat, xx.xx.2016-cı il tarixli 128 nömrəli ödəniş tapşırığı ilə 5204,66 manat, 18 avqust 2017-ci il tarixli 210 nömrəli ödəniş tapşırığı ilə 10.000 manat, 18 sentyabr 2017-ci il tarixli 244 nömrəli ödəniş tapşırığı ilə 25697,45 manat, 21 iyul 2016-cı il tarixli 072 nömrəli ödəniş tapşırığı ilə 8962,71 manat, 21 avqust 2015-ci il tarixli 190 nömrəli ödəniş tapşırığı ilə 11160 manat, 23 noyabr 2017-ci il tarixli 337 nömrəli ödəniş tapşırığı ilə 16142,89 manat, xx.xx.2016-cı il tarixli 32 nömrəli ödəniş tapşırığı ilə 9265 manat, 27 oktyabr 2015-ci il tarixli 251 nömrəli ödəniş tapşırığı ilə 12837 manat, 27 oktyabr 2017-ci il tarixli 298 nömrəli ödəniş tapşırığı ilə 9108,30 manat, xx.xx.2016-cı il tarixli 81 nömrəli ödəniş tapşırığı ilə 11190 manat, xx.xx.2015-ci il tarixli 33 nömrəli ödəniş tapşırığı ilə 14420 manat, xx.xx.2016-cı il tarixli 169 nömrəli ödəniş tapşırığı ilə 15407,20 manat pul göndərilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ƏDV sub-uçot hesabından köçürmənin aparılması haqqında xx.xx.2017-ci il tarixli bildirişlə 2205 manat, xx.xx.2016-cı il tarixli bildirişlə 990 manat, xx.xx.2017-ci il tarixli bildirişlə 6093,88 manat, xx.xx.2015-ci il tarixli bildirişlə 3601,80 manat, xx.xx.2020-ci il tarixli 5760,70 manat, xx.xx.2016-cı il tarixli bildirişlə 1080,90 manat, xx.xx.2015-ci il tarixli bildirişlə 2053,80 manat, xx.xx.2015-ci il tarixli bildirşlə 3348 manat, xx.xx.2016-cı il tarixli bildirişlə 2391,79 manat, xx.xx.2016-cı il tarixli bildirişlə 936,84 manat, xx.xx.2017-ci il tarixli bildirişlə 1800 manat, xx.xx.2017-ci il tarixli bildirişlə 4625,54 manat, xx.xx.2016-cı il tarixli bildirişlə 1613,29 manat, xx.xx.2015-ci il tarixli bildirişlə 2008,80 manat, xx.xx.2017-ci il tarixli bildirişlə 2905,73 manat, xx.xx.2016cı il tarixli bildirişlə 1667,70 manat, xx.xx.2016-cı il tarixli bildirişlə 2014,20 manat, xx.xx.2015-ci il tarixli bildirişlə 2310,66 manat, xx.xx.2017-ci il tarixli bildirişlə 1639,49 manat, xx.xx.2015-ci il tarixli bildirişlə 1595,60 manat köçürmə aparılmışdır. Hüquqi dəyərləndirmə: Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olundu ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri olmuşdur. İddiaçı tərəflər arasında 2017-ci ildə bağlanmış alqı-satqı müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etdiyini, cavabdehə 9,377.08 manat əsas məbləğ və 1,687.88 manat ƏDV məbləği olmaqla, ümumilikdə 11064,96 manat məbləğində malların təhvil verildiyini, lakin 2020-ci ildə həmin malların dəyərinin ödənilmədiyinin aşkar edildiyini, hazırkı günədək borcun ödənilməmiş qaldığını bildirərək həmin borcun ödənilməli olduğunu iddia edir. Cavabdeh iddiaya etiraz edərək tərəflər arasında həqiqətən 2017-ci ildə alqı-satqı müqaviləsinin bağlandığını, lakin iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş bütün malların dəyərinin nağdsız qaydada ödənildiyini, hazırda cavabdehə ödənilməli olan hər hansı borcunun olmadığını bildirir. İddiaçı tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübutlar qismində xx.xx.2017-ci ildə cavabdehə təqdim edilmiş və xx.xx.2017-ci ildə iddiaçının özü tərəfindən ləğv edilmiş elektron qaiməni, habelə xx.xx.2020-ci ildə cavabdehə təkrarən göndərilmiş, hazırda düzəlişə göndərilmiş statusunda olan elektron qaiməni təqdim etmişdir. Məhkəmə həmin qaimələrə əsasən cavabdehin hazırda iddiaçıya 9,377.08 manat əsas məbləğ və 1,687.88 manat ƏDV məbləği olmaqla, ümumilikdə 11064,96 manat məbləğində borcun olması barədə iddiaçının mövqeyi ilə razılaşmır. Belə ki, materiallarda olan iddiaçının E-VHF sistemindən çıxarışa əsasən iddiaçı tərəfindən cavabdehə EAAE nömrəli 603637 nömrəli xx.xx.2017-ci il tarixli 7176,76 manat məbləğində göndərilmiş elektron qaimə səhv olması səbəbindən iddiaçı tərəfindən xx.xx.2017-ci ildə saat 17:38-də ləğv edilmişdir. İddiaçının E-VHF sistemindən çıxarışa əsasən cavabdehə göndərilmiş EBAG seriyalı 269576 nömrəli xx.xx.2020-ci il tarixli elektron qaimə (11083,50 manat) düzəlişə göndərilmiş statusundadır. Belə ki, “Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə” Qaydalarının 2ci bəndinə əsasən ƏDV ödəyicisi kimi qeydiyyatdan keçmiş və vergi tutulan əməliyyat aparan şəxs vergi ödəyicisi (satıcı) malları (işləri, xidmətləri) alan şəxsə (alıcıya, yaxud sifarişçiyə) elektron vergi hesab-fakturasını elektron formatda təqdim etməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən vergi ödəyicisi (satıcı) malın (işin, xidmətin) alıcısına (sifarişçisinə) elektron vergi hesab-fakturasını Azərbaycan Respublikası Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq mal (iş, xidmət) təqdim edildikdən sonra 5 gün müddətində verməlidir. Həmin Qaydaların 5.4-cü bəndinə əsasən Elektron vergi hesab-fakturanın ləğvi fakturanı təqdim edən vergi ödəyicisi (satıcı) tərəfindən aparılır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında 2017-ci ild tarixdə alqısatqı müqaviləsi bağlanılmış və cavabdeh tərəfindən qeyd olunan müqavilə üzrə iddiaçıya ümumilikdə 32003,90 manat əsas vəsait, 5760,70 manat ƏDV ödəniş edilmişdir. İddiaçı iddia ərizəsində göstərilən məbləğdən savayı 11064,96 manat məbləğində malların təhvil verildiyini, lakin həmin malların dəyərinin cavabdeh tərəfindən ödənilmədiyini göstərsə də, həmin məbləğdə malların təhvil verildiyini təsdiq edən sənəd təqdim edə bilməmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində göstərilən 11064,96 manat məbləğində pulun xx.xx.2017-ci il tarixli elektron qaimə əsasında yarandığını bildirsə də, həmin elektron qaimədə iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş mallarının dəyərinin 11064,96 manat deyil, 6082 manat, ƏDV borcu kimi isə 1094,76 manat, ümumilikdə 7176,76 manat olması göstərilmiş, materiallarda olan cinayət işinin başlanmasının rədd qərarında da iddiaçının şikayət ərizəsində mənimsənilən məbləğin 7176,76 manat olması öz əksini tapmışdır. İddiaçının nümayəndəsi həmin borcun ödənilməsi üçün təkrarən cavabdehə xx.xx.2020-ci ildə elektron qaimə göndərildiyini bildirsə də, həmin qaimədə ödənilməli olan məbləğ kimi 7176,76 manat deyil, 11064,96 manat göstərilməsinin səbəbini ağlabatan şəkildə izah edə bilməmişdir. İddiaçının hazırkı iş üzrə təqdim etdiyi xx.xx.2017-ci il tarixli hesab fakturanı (təhvil aktını) Məhkəmə mötəbər sübut qismində qəbul etmir. Belə ki, həmin sənəd iddiaçının özü tərəfindən tərtib edilmiş, cavabdehin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmamış, cavabdeh tərəfindən möhürlə təsdiq edilməmişdir. İddiaçı tərəfindən öz tələblərini əsaslandıra biləcək başqa sübutlar Məhkəməyə təqdim edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən şəxslərin üzərinə qoyulması mülki mühakimə icraatının çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Tərəflərin hər biri bu qaydadan istifadə edərək öz tələb və etirazlarının əsaslılığını sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 6 noyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarında göstərmişdir ki, MPM-in mülki məhkəmə icraatının həyata keçirilməsinə dair tələblərinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 9.3, 88 və 217-ci maddələri). Konstitusiya Məhkəməsinin Plenumu “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarında isə qeyd etmişdir ki, MPMə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün o, işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirir (MPM-in 9.1-ci, 14.1-ci, 88-ci maddələri). Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarında göstərmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti non neganti incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərarında isə qeyd etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, əsaslı şübhədən kənar sübut standartları tətbiq edilir (§93). Beləliklə, işin faktiki hallarını və qanunvericiliyin müddəalarını nəzərə alan Məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsinə əsasən iddiaçıya ödənilməli olan 11064,96 manat məbləğində borcun tutulması hissəsində iddiaçı tələbini əsaslandıra və bununla bağlı (malların alıcıya təhvil verildiyini təsdiq edən) hər hansı mötəbər sübutlar təqdim edə bilmədiyindən, iddia təmin edilməməlidir. Məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiqi barədə ərizə ilə bağlı aşağıdakıları qeyd edir. Belə ki, “L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli Qərarına əsasən hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. İddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür (MM-in 375.1-ci maddəsi). İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür (MM-in 375.2-ci maddəsi). Həmin Qərara əsasən iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə hesab edir ki, hazırkı işdə iddiaçı müvafiq subyektiv hüquqa malik olmadığından iddia müddətinin təbiq edilməli olması barədə ərizə də əsassızdır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının müvafiq subyektiv hüquqa malik olması işin araşdırılan halları ilə də öz təsdiqini tapsaydı, iddiaçı həmin hüququnun müdafiəsi ilə bağlı Məhkəməyə xx.xx.2020-ci il tarixə qədər məhkəməyə müraciət edə bilərdi. Lakin materiallardan görünür ki, iddiaçı hazırkı iddia ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Nəticə: Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş 124 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 124 (bir yüz iyirmi dörd) manat dövlət rüsumu iddiaçı "xxxx" MMC-yə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar