Məhkəmə qərarları › İş №e-2-2(113)-4991/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4991/2025

17.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4991/2025 17.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh2 qarşı “müqavilə üzrə pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi Hakim Zamanlı Pərviz Mirsiyaf oğlu, İddiaçı ASC-nin Cavabdeh2 qarşı “müqavilə üzrə pul” tələbi barədə ərizəsinə kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İŞİN FAKTİKİ HALLARİ:

1. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, CB 92 saylı kredit endirim kampaniyasında iştirak edilməsi haqqında müqaviləyə əsasən, bu müqavilə ilə müştərilərin təşkilatçıda (cavabdehdə) apardıqları əməliyyatlarla bağlı təşkilatçı tərəfindən müştərilərə endirim faizlərinin tətbiq edilməsi və bank (iddiaçı) tərəfindən bu müqavilənin şərtlərinə uyğun olaraq endirim kampaniyasının reklamının həyata keçirilməsi üzrə bank və təşkilatçı arasında yaranmış münasibətlər tənzimlənir. Müqavilənin: 1.1. 3.3-cü bəndinə əsasən, Tərəflər razılaşır ki, endirim kampaniyası Bankın kartları vasitəsi ilə ödəmə aparılan həm Bankın, həm də Digər bankların pos-terminallarını əhatə edəcəkdir; 1.2. 3.7-ci bəndinə əsasən, Endirim faizi nisbətində pul vəsaitinin Təşkilatçının Digər bankdakı bank hesabından Banka köçürülməsini təmin etmək üçün hər ayın 10-dək Təşkilatçı, onun pos-terminalının olduğu Digər bank və Bank arasında üzləşmə aktı tərtib edilir. Üzləşmə Aktı tərtib edildikdən sonra Təşkilatçı ən geci 3 gün ərzində, lakin istənilən halda ayn 10-dan gec olmamaq şərtilə vəsaitləri Bankın hesabına köçürməlidir; 1.3. 4.1.4-cü bəndinə əsasən, bankın Endirim kampaniyası çərçivəsində Təşkilatçının Digər banklarda olan pos-terminala bağlı hesabına köçürülmüş endirim faizi nisbətində pul vəsaitinin hər ayın ilk 10 (on) iş günü ərzində Bankın müxbir hesabına köçürülməsini və ya nağd qaydada ödənilməsini Təşkilatçıdan tələb etmək hüququ vardır; 1.4. 4.2.4-cü bəndinə əsasən, Müqavilənin qüvvədə olduğu müddət ərzində Bank kartlarının sahiblərinə bu Müqavilənin 1 saylı Əlavəsində göstərilən miqdarda və bu Müqavilənin 2 saylı Əlavəsində göstərilən qaydalara uyğun endirim təklif etmək təşkilatçının vəzifəsidir; 1.5. 4.2.12-ci bəndinə əsasən, Təkilatçının Endirim kampaniyası ilə əlaqədar hesabına daxil olmuş pul vəsaitinin, endirim faizi nisbətində hissəsinin akseptsiz qaydada silinməsini təmin etmək, silinməsinə və aidiyyatı üzrə köçürülməsinə maneəçilik törətməmək, bu məqsədlə vəsaitin Banka köçürülməsi üçün həmin banka əvvəlcədən yazılı razılıq vermək və hər aym ilk 10 iş günündən gec olmayaraq Banka ödəmək vəzifəsi vardır; 1.6. 8.1-ci bəndinə əsasən, Müqavilə, onu Tərəflərin hər ikisi imzaladığı və möhürlədiyi andan qüvvəyə minir və bir təqvim ili ərzində qüvvədə qalır. Əgər Tərəflərdən heç biri özünün Müqaviləyə xitam vermək istəyini, onun qüvvədə olma müddətinin bitməsinə 10 gün qalmışdan gec olmayaraq, bəyan etməzsə, Müqavilə avtomatik olaraq eyni şərtlərlə növbəti təqvim ili müddətinə uzadılır;

2. “Endirim kampaniyasında iştirak edilməsi haqqında” xx.xx.2019-cu il tarixli müqaviləyə 1 saylı Əlavə ilə endirimin miqdarı cəmi 5 %, endirimləri təqdim edən obyekt ünvanı kimi isə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ruhullah Axundov 2 (Terminal İD - ********) kimi göstərilmişdir;

3. “Endirim kampaniyasında iştirak edilməsi haqqında” xx.xx.2019-cu il tarixli müqaviləyə 2 saylı Əlavə ilə bank kartlarının sahiblərinə xidmətləri göstərilməsi zamanı endirimlərin təqdim edilməsi qaydaları müəyyən edilmişdir.

MƏHKƏMƏDƏ İCRAAT

a) İddia tələbi və iddia tələbinin dəlilləri

4. İddiaçı cavabdehdən xx.xx.2019-cu il tarixli Endirim Kampaniyasında iştirak edilməsi haqqında müqavilə üzrə 236,91 manat məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulması barədə idda ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2019-cu il tarixli Endirim Kampaniyasında iştirak edilməsi haqqında müqavilə bağlanmışdır. Müqavilənin 2.1ci bəndində göstərildiyi kimi bu müqavilə ilə Müştərilərin Təşkilatçıda apardıqları əməliyyatlarla bağlı Təşkilatçı tərəfindən Müştərilərə Endirim faizlərinin tətbiq edilməsi və Bank tərəfindən bu Müqavilənin şərtlərinə uyğun olaraq Endirim Kampaniyasının reklamının həyata keçirilməsi üzrə Bank və Təşkilatçı arasında yaranmış münasibətlər tənzimlənir. Müqavilənin 4.2.4-cü bəndinə əsasən Müqavilənin qüvvədə olduğu müddət ərzində Bank kartlarının sahiblərinə bu Müqavilənin 1 saylı Əlavəsində göstərilən miqdarda və bu Müqavilənin 2 saylı Əlavəsində göstərilən qaydalara uyğun endirim təklif edilir. Müqavilənin 1 saylı Əlavəsində endirimin miqdarı cəmi 5 %, endirimləri təqdim edən obyekt ünvanı kimi isə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ruhullah Axundov 2 (Terminal İD - ********) kimi göstərilmişdir. Müqavilənin 3.4-cü bəndinə əsasən Bankın müştəriləri Endirim kampaniyasından yararlanmaq üçün Bank kartlarını Təşkilatçının müştərilərə xidmət göstərən personalınatəqdim etməklə, Müqavilənin şərtlərinə uyğun endirimlər alır. Təqdim olunan arayışına əsasən Cavabdeh2 (VÖEN: **********) xx.xx.2019-cu il tarixli MD-CB 92N-li “Endirim kampaniyasında iştirak edilməsi haqqında” müqaviləyə əsasən AZ50RBTA******************** saylı hesabı üzrə borc aşağıdakı səbəblərdən yaranmışdır: Müqavilə şərtlərinə əsasən Kartmane kart müştəriləri X1 restoranında ödəniş zamanı iddiaçı ödəniş məbləğinin 5 % qədərini tərəfdaşın adından müştərilərə geri qaytarıb. Daha sonra qaytarılmış bu məbləğ Tərəfdaş tərəfindən banka geri ödəniş olunmalı idi. Lakin Tərəfdaş bu məbləği Banka geri ödəniş etməmiş və xx.xx.2025-ci il tarixinə banka 236,91 manat borcu yaranmışdır.

b) İddiaya qarşı etirazın dəlilləri

6. Cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə bildiriş göndərilsə də, cavabdeh etirazını məhkəməyə təqdim etməmişdir.

MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

7. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

8. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

TƏTBİQ EDİLƏN HÜQUQ

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

9. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kredit və bank hesabına) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

10. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

11. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

12. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

13. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

14. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

15. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MƏHKƏMƏNİN MÖVQEYİ

16. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır.

17. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.

18. Yuxarıda qeyd edilən müddəlardan da göründüyü kimi müqavilə iki və ya bir neçə şəxsin konkret münasibətlərindən irəli gələn hüquq və vəzifələrinin müəyyən edilməsi, dəyişdirilməsi və xitamı üçün, qanunla müəyyən edilmiş hallarda yazılı, yaxud şifahi formada öz iradə azadlıqları ilə, əldə etdikləri razılaşmadır. Müqavilə azadlığı əqli (şüuru) iradəyə söykənir və bu özünü müqaviləni bağlayan tərəflərin onun məzmununu sərbəst (iradə azadlığı çərçivəsində) müəyyən etməkdə ifadə edir. Müqavilənin məzmununa ümumi anlamda əsasən onun tərəfləri, bağlanması forması, predmeti, tərəflərin öhdəlikləri (məsuliyyəti), ödəniş qaydası və şərtləri, qüvvəsi, qiyməti və digər şərtlər daxildir. Eyni zamanda, hər bir sahəyə aid olan müqavilənin məzmununa həmin müqaviləyə aid olan özünəməxsus, yaxud elə xüsusi şərtlər daxil edilə bilər ki, müqavilənin əsas mahiyyəti həmin şərtlərdən asılı olar.

19. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli “Endirim kampaniyasında iştirak edilməsi haqqında” müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır.

20. İş materiallarına əlavə edilmiş 27.014.2020-xx.xx.2021-ci il dövrünə dair hesab üzrə əməliyyatlardan görünür ki, ödənişlərin 5%-i miqdarında hesablanmaqla, ümumilikdə 236,91 manat endirim məbləği bank tərəfindən cavabdehin adından müştərilərin hesabına geri qaytarılıb.

21. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş RB-02/1549 saylı, xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2019-cu il tarixli “Endirim kampaniyasında iştirak edilməsi haqqında” müqaviləyə əsasən xx.xx.2025-ci il tarixinə iddiaçıya olan borcu 236,91 manat təşkil edir.

22. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə hər iki tərəfin həmin müqavilənin icrası nəticəsində qarşılıqlı fayda əldə etməklə bağlı hüquq və öhdəliklərini tənzimləyən xüsusi şərtləri ehtiva edir. İddiaçının əsas öhdəliyi onun kartmane tipli kartına sahib olan müştəriləri tərəfindən cavabdehin restoranında etdikləri ödənişlərin müəyyən hissəsini onlara geri qaytarılmasını təmin etməkdən olmuş, iddiaçı bu öhdəliyini yerinə yetirmişdir. Cavabdehin öhdəliyi isə iddiaçı tərəfindən kartmane tipli kartı sahibi olan müştərilərinə ödənilmiş həmin vəsaiti sonradan iddiaçıya qaytarmaqdan ibarət olmuşdur. Cavabdehin bu münasibət çərçivəsində əldə etdiyi fayda restorana daha çox müştəri cəlb edərək qazanc əldə etmək olmuşdur. Lakin cavabdeh öhdəliyini yerinə yetirməmiş, iddiaçı tərəfindən müştərilərinə ödənilmiş pulun sonradan ona geri qaytarmamışdır. Göründüyü kimi, cavabdeh müqavilənin ona verdiyi üstünlükdən istifadə edərək, fayda götürməklə bağlı hüququndan yararlanmış, lakin müqavilə şərtlərinə görə iddiaçının müştərilərinə qaytardığı pulu sonradan Banka qaytarmaqla bağlı öhdəliyini yerinə yetirməyərək onu pozmuşdur. Odur ki, iddiaçı hazırkı iddianı irəli sürməkdə haqlıdır.

23. Məhkəmə həmçinin iddianın dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdehin müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində iddiaçı məhkəmədə iddia qaldırmış, bununla dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir. Odur ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (Mülki Məcəllənin 443.1-ci maddəsi). Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsində nəzərdə tutulur ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

24. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ:

İddia təmin edilsin. Cavabdeh2 xx.xx.2019-cu il tarixli Endirim Kampaniyasında iştirak edilməsi haqqında müqavilə üzrə 236,91 (iki yüz otuz altı manat doxsan bir qəpik) manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar