Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-500/2025 01.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" QSC-yə qarşı dəymiş ziyanın əvəzinin ödənilməsi tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, Cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" QSC-yə qarşı dəymiş ziyanın əvəzinin ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" MMC cavabdeh "xxxx" QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəymiş ziyanın əvəzi olaraq 85000 manat məbləğində pulun və ödənilmiş 345 manat məbləğində dövlət rüsumunun "xxxx" QSC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, “Fatiyev Company MMC” 2022-ci ilin may ayından "xxxx" MMC ilə uğurlu əməkdaşlıq etmiş, indiyədək Həmin MMC-yə 140222,45 manat ödəmə etmişdir. "xxxx" MMC-nin yeni rəhbərliyi xx.xx.2023-cü il tarixdən bizimlə birtərəfli qaydada fəaliyyətimizi dayandırmış və fəaliyyət göstərə bilməmişik. Çünki fəliyyətimiz ADY Əmlak MMc ilə bağlı idi. 10 noyabr 2023-cü il tarixdə ödənilməli olan aylıq ödənişləri 27.10. 2023- cü il tarixdə tələb etmiş və tələbini yerinə yetirə bilmədiyimiz üçün müqaviləni birtərəfli qaydad ləğv etmişdir. Ümumiyyətlə həmin tarixdən “Fatiyev Company MMC”-nin əməkdaşlarını binaya buraxmamış, müştərilərini qəbul edə bilməmişlər. Ümumiyyətlə müştərilərdən bu səbəblərdən ödənişləri ala bilməmişlər. Çünki onları daimi ofisdə görən müştərilərlə başqa yerlərdə görüşülməsi mümkün deyildir. Bu baxımdan da artıq "xxxx" MMC-nin əməkdaşlaının etdiyi qanunsuzluqlar nəticəsində müştərilərlə “Fatiyev Company MMC” arasında etimasılıq yaranmışdır. “Fatiyev Company MMC” də ödənişləri qəbul edərək "xxxx" MMC-yə ödəyə bilməmişdir. Bütün bu maliyyə itkisinə səbəb elə "xxxx" MMC-nin özü olmuşdur. "xxxx" MMC-nin etdiyi qanunsuzluq nəticəsində həm özləri, həm də “Fatiyev Company MMC” maliyyət itkisinə səbəb olmuşdur. Ümumiyyətlə ilk öncə iddiaçı tərəf müqavilənin şərtləinə əməl etməmiş, müqavilə sonunda ödənilməli olan məbləği əvvəlcədən tələb etmişdir. Ümumiyyətlə bu tələb razılaşmaya zidd olmuşdur. (istehsalçı) və cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 13-1- 2/2-512/2023 nömrəli reklam fəaliyyətinin təşkili haqqında müqavilə 6.2-ci bəndinə əsasən Reklamçı öz öhdəliklərini tam icra etməzsə (öhdəliklərini icra etməkdən yayınarsa, yəni Bu müqavilə ilə razılaşdırılmış yayım haqlarını vaxtlı vaxtında ödəməzsə və ya Bu müqavilə üzrə öhdəliklərində pozuntulara yol verərsə (üzrərinə götürdüyü vəzifələri icra etməzsə) Bu müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam veriləcəkdir və buna görə Reklamçıya onun tərəfində Cəmiyyətə məxsus ərazilərdə Reklam fəaliyyəti ilə bağlı çəkdiyi hər hansı xərc kompensasiya olunmayacaq. Qeyd etmək istəyirəm ki, öhdəlik məhz cavabdeh tərəfindən pozulmuşdur. Bunun nəticəsində iddiaçıya xeyli ziyan dəymiş və gələcəkdə qazanmalı olduğu gəlirdən məhrum olmuşdur.
II. Tərəflərin mövqeləri:
3. İddiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim edərək, məhkəmə iclasının təxirə salınmasını məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək, rədd edilməsini məhkəmədən xahiş etdi.
5. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
7. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
- 21.2-ci maddəsində göstərilmişdir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1096.2-ci maddəsinə əsasən Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
8. Məhkəmə iş materiallarını tədqiq edib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən, iddia rədd edilməlidir.
9. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, "xxxx" MMC ilə "xxxx" QSC arasında xx.xx.2023-cü il tarixli, 13-1-2/2-512/2023 saylı reklam fəaliyyətinin təşkili haqqında müqavilə bağlanmışdır.
10. Hazırda iddiaçı cavabdeh tərəfindən müqavilənin ləğv edilməsi səbəbindən zərərə düşdüyünü bildirərək, 85.000 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir.
11. Cavabdeh tərəf isə iddiaçının müqavilə üzrə öhdəliyini icra etmədiyini, borcunu ödəmədiyini və bu səbəbdən müqaviləni ləğv etdiyini bildirərək, iddianın rədd edilməsini xahiş edir.
12. İş materiallarına əlavə olunmuş Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2406/2024 saylı qətnaməsindən görünür ki, İddiaçı "xxxx" QSC (bundan sonra – iddiaçı) cavabdeh İddiaçı MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2023-cü il tarixli 13- 1-2/2-512/2023 nömrəli müqavilə üzrə öhdəliyin icra edilməməsinə görə yaranmış 26 763,19 manat əsas borc, həmin borca hesablanmış 6046,80 manat dəbbə pulu və 188,43 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 32 998,42 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, qətnamə ilə iddiaçı "xxxx" QSC-nin cavabdeh İddiaçı MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh İddiaçı MMC-dən 26763,19 manat məbləğində əsas borc, 1300 manat dəbbə pulu, 150 manat dövlət rüsumu, ümumilikdə 28213,19 (iyirmi səkkiz min iki yüz on üç manat on doqquz qəpik) manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" QSC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
13. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-2(103)-790/2024 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-2406/2024 nömrəli, 16 may 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-2(102)- 91/2025 saylı Qərarı ilə Cavabdeh İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-2(103)-790/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Göründüyü kimi xx.xx.2023-cü il tarixli, 13-1-2/2-512/2023 saylı müqavilə üzrə mübahisəyə baxarkən Məhkəmələr icarə haqqının hazırkı cavadeh tərəfindən ödənilmədiyi nəticəsinə gəlmiş və "xxxx" QSC-nin müqavilə üzrə öhdəliyini pozmaq kimi hallar müəyyən olunmamışdır.
16. Belə olan halda, Məkəmə qeyd edir ki, iddiaçı tərəf məhz "xxxx" QSC-nin müqavilə üzrə öhdəliyinin icra etməməsi səbəbindən ona maddi ziyan dəydiyini sübuta yetirə bilməmişdir.
17. Qeyd olunan hal isə o nəticəyə gəlmək üçün əsas verir ki, cavabdeh tərəfindən iddiaçıya maddi ziyan vurması və yaxud gəlirdən məhrum olması halı istisna olunur.
18. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
19. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
"xxxx" MMC-nin "xxxx" QSC-yə qarşı dəymiş ziyanın əvəzinin ödənilməsi" tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov