Məhkəmə qərarları › İş №e-2-2(113)-5011/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-5011/2025

04.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-5011/2025 04.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1 MMC-nin qanuni təmsilçisi Qanuni nümayəndə iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı ASC (bundan sonra-iddiaçı) cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 (bundan sonra-cavabdehlər) qarşı “pulun tutulması” tələbi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 müştərək qaydada 5310 (beş min üç yüz on) manat məbləğində pul vəsaitinin, eyni zamanda iddiaçı tərəfindən vəkilə ödənilmiş 700 (yeddi yüz) manat xərcin və dövlət rüsumu kimi ödənilmiş 73.1 (yetmiş üç manat, on qəpik) manat məbləğində pulun əvəzinin tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili N.Çarçalova iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı tərəf yalnız məhkəmə icraatı zamanı iddiaçı ilə Cavabdeh1 MMC arasında müqavilələr olduğunu, audit rəylərinin verildiyini öyrənmişdir. Belə ki, Cavabdeh1 MMC tərəfindən verilmiş audit rəyləri ziddiyyətlidir, həmin rəylər iddiaçının vergi öhdəliklərinə təsir edə bilər. Tərəflər arasında müqavilələrin olduğunu məhkəməyə müraciət etməzdən öncə bilmədikləri üçün hazırkı mübahisə ilə bağlı Auditorlar Palatasına müraciət edilməmişdir. Məhkəmə iclasında Cavabdeh1 MMC-nin qanuni təmsilçisi Qanuni nümayəndə iddia ərizəsinin rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı tərəf onların təqdim etdikləri rəylərlə bağlı onlara bu günə qədər heç bir irad bildirməmişdir. Rəylərdə hər hansı nöqsan varsa və əsaslı olduğu müəyyən edilərsə, aradan qaldırıla bilər. Hazırkı iş üzrə iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etmir. Məhkəmə iclasının vaxtı və yeri barədə digər cavabdehə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat təqdim etməmişdir. Məhkəmə iclasının digər cavabdehin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə, tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh1 audit fəaliyyəti ilə məşğuldur. İddiaçının hazırkı tələbi iddiaçı ilə Cavabdeh1 arasında imzalanmış xx.xx.2024-cü il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli audit müqavilələri üzrə ödənilmiş vəsaitlərin geri qaytarılmasından ibarətdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı hazırkı tələblə bağlı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində bu kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş tələbə əməl etməmiş, hazırkı mübahisəyə Auditorlar Palatasında baxılmamışdır. “Auditor Xidməti haqqında” Azərbaycan Respublikası Qanununun preambulasında göstərilir ki, həmin Qanun Azərbaycan Respublikasında auditor xidmətinin təşkilini, onun həyata keçirilməsinin hüquqi əsaslarını, auditorların funksiyalarını, hüquqlarını və vəzifələrini müəyyən edir, mülkiyyətçinin əmlak hüquqlarını müdafiə edən müstəqil maliyyə nəzarəti-sisteminin yaradılmasını nəzərdə tutur. Adıçəkilən Qanunun: 2-ci maddəsinə əsasən audit—əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır. 3-cü maddəsinə əsasən təsərrüfat subyektlərində müqavilə əsasında maliyyətəsərrüfat fəaliyyəti sahəsində yoxlama, ekspertiza, təhlil aparmaq və yazılı rəy vermək, mühasibat uçotu qurmaq, hesabat göstəricilərinin dürüstlüyünü təsdiq etmək və auditorun peşə fəaliyyətinə (auditor təşkilatının nizamnamə məqsədlərinə) uyğun olaraq maliyyətəsərrüfat münasibətləri sahəsində digər xidmətləri göstərmək auditor xidməti hesab edilir. 5-ci maddəsinə əsasən auditor təşkilatı Auditorlar Palatasının verdiyi lisenziya əsasında Azərbaycan Respublikasının ərazisində auditor xidməti göstərmək hüququnu əldə etmiş və nizamnaməsinə görə yeganə fəaliyyət sahəsi bu xidmət növü olan hüquqi şəxsdir. 16-cı maddəsinə əsasən auditor xidməti bir tərəfdən sərbəst auditor və ya auditor təşkilatı, digər tərəfdən isə sifarişçi arasında bağlanmış və yoxlamanın məzmununu, aparılması müddətlərini, məsləhət xidmətlərinin həcmini, ödəniş məbləğini və qaydasını, eləcə də tərəflərin məsuliyyətini nəzərdə tutan müqavilə əsasında göstərilir. 19-cu maddəsinə əsasən auditorla (auditor təşkilatı ilə) onların sifarişçiləri arasında meydana çıxan əmlak xarakterli bütün mübahisələr Auditorlar Palatasında həll edilə bilmədikdə məhkəmə tərəfindən həll olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.3-cü bəndinə əsasən əgər qanunla müəyyən kateqoriya kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra kommersiya məhkəməsinin həllinə verilə bilər. Həmin Məcəllənin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Həmin Məcəllənin 260.6-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalı, iddiaçıya qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259-260, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi verilərkən ödənilmiş 73,10 (yetmiş üç manat on qəpik) manat dövlət rüsumu İddiaçı ASC-yə qaytarılsın. İddiaçı Karkas” ASC-yə izah edilsin ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar