Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5018/2024 05.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: icarə müqaviləsi, maddi ziyanın ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi, vəkil Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1445 manat maddi ziyan, 100 manat məbləğində vəkilin göstərdiyi hüquqi yardım, etibarnamə alınması üçün 17,25 manat notariat qaydasında çəkilmiş xərclər, ödənilmiş 34,45 manat dövlət rüsumunun tutulub iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2024cü il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən “RAVON NEXİA R3 MİNİK” markalı, **- DD-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə ilə idarə olunması üçün cavabdehin istifadəsinə verilmişdir. Cavabdeh avtomobili götürdüyü qısa müddət ərzində təqsirli hərəkətləri nəticəsində nəqliyyat vasitəsinə zərər vurmuşdur. Belə ki, avtomaşın təmir olunması üçün avtoservisə aparılmış və servis tərəfindən verilən dəymiş zərərin hesablanmasına dair akta əsasən avtomaşının bərpası üçün 1445 manat tələb olunmuşdur. Cavabdehə bu barədə şifahi məlumat verilsə də Cavabdeh qeyd olunan məbləği ödəməkdən imtina etmişdir. Buna görə də iddiaçı həmin vaxt avtomobili avtoservisdə 1445 manat ödəyərək öz hesabına təmir etdirmişdir. Dəymiş ziyanın ödənilməsi üçün cavabdehin AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemində yaradılmış elektron kabinetinə pretenziya göndərilmişdir. Lakin cavabdeh yenə də həmin məbləği ödəməmişdir. Həmçinin iddia ərizəsi də eyni qaydada göndərilmişdir. Cavabdeh maddi ziyanın alınması mümkün olmadığından məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdehlə iddiaçı arasında bağlanmış 06 may 2024-cü il tarixli icarə müqaviləsinin - 2.1.1-ci bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxs ona etibar edilmiş nəqliyyat vasitəsinin qorunub saxlanmasını və təhlükəzliyini təmin etməyə; - 2.1.5-ci bədinə əsasən nəqliyyat vasitəsinin sıradan çıxmış hissələrini (təkər, akkumlyator və s.) rəsmi servisdə öz hesabına yenisi ilə əvəz etməyə; - 2.1.8-ci bəndinə əsasən nəqliyyat vasitəsini hər hansı bir səbəbdən icarəyə verən şəxsə təhvil verərkən nasaz hala salınmış hissələrin dəyərini ödəməyə borcludur. İcarə müqaviləsinin 4.12-ci bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxs nəqliyyat vasitəsini, o cümlədən detallarını məhv edərsə və zədələyərsə (sındırarsa, qırarsa, sökərsə, dəyişərsə və s.) Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə öhdəlik daşıyır. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 448.1, 1096.1, 1097.1, 1108.1, 1115-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci madəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək cavabdehin məhkəmə bildirişlərini qəbul etsədə, məhkəmə prosesində iştirak etmədiyi üçün işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmiş, buna görə də işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Tədqiq olunan sübutlar İş materiallarında olan: İddiaçı ilə Cavabdeh arasında imzalanmış 06 may 2024-cü il tarixli 30 ST xx.xx.2024/DD178 saylı icarə müqaviləsindən görünür ki, müqavilənin predmeti “Ravon Nexia R3” markalı **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobil təşkil edir. Müqavilənin 2.1.1, 2.1.5 və 2.1.8-ci-ci bəndlərinə əsasən nəqliyyat vasitəsini İcarəyə götürən ona etibar edilmiş nəqliyyat vasitəsinin qorunub saxlanmasını və təhlükəzliyini təmin etməyə, nəqliyyat vasitəsinin sıradan çıxmış hissələrini (təkər, akkumlyator və s.) rəsmi servisdə öz hesabına yenisi ilə əvəz etməyə nəqliyyat vasitəsini hər hansı bir səbəbdən icarəyə verən şəxsə təhvil verərkən nasaz hala salınmış hissələrin dəyərini ödəməyə borcludur. Müqavilənin 3.1-ci bəndinə əsasən müqavilə bağlandığı zaman nəqliyyat vasitəsini İcarəyə götürən şəxs 600 manat depozit məbləği nəqliyyat vasitəsini İcarəyə verən şəxsə ödəməlidir. Müqavilənin 3.2-ci bəndinə əsasən nəqliyyat vasitəsini İcarəyə götürən müvafiq sənədləri təqdim etdikdən sonra nəqliyyat vasitəsini İcarəyə verən şəxs öhdəliyində olan nəqliyyat vasitəsini həftədə 7 günə görə günlük 21 manat icarə haqqı verir. Nəqliyyat vasitəsinin sürücüyə təhvil verilməsinə dair akta əsasən İddiaçı 06 may 2024-cü il tarixli 30 ST xx.xx.2024/DD178 saylı icarə müqaviləsi üzrə “Ravon Nexia R3” markalı **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh təhvil vermişdir. Seriya nömrəsi BB348994 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Ravon Nexia R3” markalı **-DD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X2r. 15 may 2024-cü il tarixli Nəqliyyat vasitəsinin təhvil alınmasında dair aktdan görünür ki, “Ravon Nexia R3” markalı **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixində avtoservisə gətirilmiş, avtoservisdə baxış keçirilən zamanda avtomobilin qəzalı olduğu müəyyən olunmuşdur. Sürücü Cavabdeh bu barədə məlumat verilmiş və avtomobilin təmirə ehtiyacı olduğu ona bildirilmişdir. Lakin sürücü aktı imzalamaqdan imtina etmişdir. Avtoservis tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli dəymiş zərərin hesablanmasına dair akta əsasən buraxılış ili 2017-ci il olan ağ rənli “Ravon Nexia R3” markalı **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir xərci 1445 manat müəyyən edilmişdir. Avtoservis tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı tərəfindən “Ravon Nexia R3” markalı **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə ehtiyat hissələrinin qiyməti 315 manat, təmir usta işlərinin qiyməti 1130 manat, cəmi 1145 manat məbləğ xx.xx.2024cü il tarixində Avtoservisə ödənilmişdir. xx.xx.2024-cü il tarixli 21726 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 100 manat vəkil xidmət haqqı Nümayəndə ödəmişdir. xx.xx.2024-cü il tarixli 61837814 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı 34,45 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. 682-ci maddəsinə əsasən kirayəçi kirayəyə götürdüyü əşyanın müqavilə üzrə istifadəsi nəticəsində dəyişməsi və ya pisləşməsi üçün məsuliyyət daşımır. 684.1-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissəhissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, icarəyəverən ona məxsus olan “RAVON NEXİA R3 MİNİK” markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəçiyə icarəyə verməyi öhdəsinə götürmüş, icarəçi isə öhdəliyində olan nəqliyyat vasitəsinə görə həftədə 7 günə üçün günlük 21 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Nəqliyyat vasitəsi icarəçinin istifadəsində olan zaman avtomobilə müqavilə üzrə istifadə nəticəsində deyil, ehtiyyatsız və məsuliyyətsiz istifadə nəticəsində ziyan dəymişdir. Bu fakt dəymiş zərərin hesablanmasına dair akt və arayışla təsdiq olunur. Buna görə də iddiaçı cavabdehdən müqavilənin 2.1.8-ci bəndinə və Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən dəymiş zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə qanunvericilik normalarını, müqavilənin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının ona dəymiş ziyanın ödənilməsini tələb etmək hüququna malik olmasını, cavabdehin iddiaya etiraz etmədiyini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 1445 manat dəymiş ziyan cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə vəkil üçün tələb edilən xidmət haqqının ağlabatan olduğunu və iddianın təmin olunduğunu nəzərə alaraq hesab edir ki, 100 manat vəkil xərci, etibarnamənin verilməsi üçün 17,25 manat notariat xərcinin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 34,45 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 242-244, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh iddiaçı ilə aralarında bağlanmış 06 may 2024-cü il tarixli müqavilə üzrə 1445 (bir min dörd yüz qırx beş) manat pul vəsaiti, göstərilmiş hüquqi yardım üçün ödənilmiş 100 manat, etibarnamənin verilməsi üçün ödənilmiş 17,25 manat notariat xərci və ödənilmiş 34,25 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün (“elektron formada”) Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən, qiyabi qətnamənin ləğvi üçün ərizənin verilməsi və həmin ərizəyə baxılması müddəti bitdikdən sonra, tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-5018/2024
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-5018/2024
05.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver