Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5051/2025 07.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdehnə qarşı torpaq sahəsinin boşaldılması və pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: torpaq sahəsinin boşaldılması, zərərin ödənilməsi) Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə3, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdehnə qarşı torpaq sahəsinin boşaldılması və zərərin ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Salyan şosesi, 15-ci km, 2T ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 30784.3 kv.m torpaq sahəsinin boşaldılaraq Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilməsi və dövlət mülkiyyətində olan həmin torpaq sahəsindən icarə müqaviləsi bağlanılmadan istifadə edilməsi ilə bağlı əsassız varlanma nəticəsində vurulmuş zərərin əvəzi olaraq 2008-ci ilin mart ayından xx.xx.2016cı il tarixinə qədər 327647,56 manat (üç yüz iyirmi yeddi min altı yüz qırx yeddi manat əlli altı qəpik) və xx.xx.2016-cı il tarixdən 2025-ci ilin aprel ayına kimi 1178018,4 manat (bir milyon yüz yetmiş səkkiz min on səkkiz manat qırx qəpik), ümumilikdə 1505665,96 manat (bir milyon beş yüz beş min altı yüz altmış beş manat doxsan altı qəpik) məbləğində vəsaitin Əmlak Məsələləri Dövlət Xidmətinə ödənilməsi vəzifəsinin Cavabdeh MMC-nin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2017-ci il tarixli, ********** nömrəli çıxarışa əsasən Bakı şəhəri, Qaradağ rayonu, Salyan şosesi, 15-ci km, 2T ünvanındakı ümumi sahəsi 11878.0 kv.m təşkil edən qeyri-yaşayış binası Cavabdeh MMC-nin xüsusi mülkiyyətində, həmin binanın yerləşdiyi 30784.3 kv.m torpaq sahəsi isə dövlət mülkiyyətində olmaqla onun istifadəsindədir. Aşağıdakı səbəblərdən hesab edilir ki, Bakı şəhəri, Qaradağ rayonu, Salyan şosesi, 15-ci km, 2T ünvanında yerləşən, dövlət mülkiyyətində olan 30784.3 kv.m torpaq sahəsi Cavabdeh MMC tərəfindən boşaldılaraq Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilməli və həmin torpaqdan hüquqi əsas olmadan istifadə edilməsi ilə bağlı əsassız varlanma nəticəsində dövlətə vurulmuş 1505665,96 manat (bir milyon beş yüz beş min altı yüz altmış beş manat doxsan altı qəpik) məbləğində zərər dövlət büdcəsinə ödənilməlidir. Belə ki, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2017-ci il tarixli, ********** nömrəli çıxarışa əsasən Bakı şəhəri, Qaradağ rayonu, Salyan şosesi, 15-ci km, 2T ünvanında yerləşən, dövlət mülkiyyətində olan 30784.3 kv.m torpaq sahəsi Cavabdeh MMC-nin istifadəsində olmaqla dövlət mülkiyyətindədir. Çıxarışda torpaq sahəsinin Cavabdeh MMCnin istifadəsində olmasının qeyd edilməsi torpağın onun hüquqi əsasla deyil, faktiki istifadəsində olmasını nəzərdə tutur. Çünki aşağıda qeyd edilən hallar torpaq sahəsinin cavabdehin qanuni istifadəsində olmadığını təsdiq edir. Bildirilir ki, qeyd edilən torpaq sahəsinin cavabdehin qanuni istifadəsində olmasına dair qərar və müqavilə mövcud deyildir. Cavabdeh dövlət torpaq sahəsinə dair icarə müqaviləsi bağlamadan istifadə etməklə hüquqdan sui-istifadəyə yol verir ki, bu da qanunvericiliklə qadağan edilmişdir. Cavabdeh onun mülkiyyətində olan qeyri-yaşayış binasının yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahəsindən istifadə etmək hüququna malikdir. Lakin o, bu hüququnu qanunvericiliyə əsasən həmin torpaq sahəsinə dair icarə müqaviləsi bağlamaqla icarə müqaviləsi əsasında həyata keçirə bilər. Bu hal yuxarıda qeyd edildiyi kimi, Torpaq Məcəlləsinin 51-ci maddəsində təsbit edilmişdir. Həmin maddəyə əsasən dövlət torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə, qanunvericiliklə müəyyən edilmiş qaydada icarə əsasında verilir. Lakin cavabdeh torpaq sahəsindən istifadə hüququnu qeyri-qanuni şəkildə həyata keçirir. Bildirilir ki, dövlət əmlakından səmərəli istifadə edilməsi vəziyyətinin yoxlanılması ilə bağlı Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən aparılmış monitorinqlər zamanı fiziki və hüquqi şəxslər tərəfindən dövlət mülkiyyətində olan torpaq sahələrindən icarə müqaviləsi bağlanılmadan mənfəət əldə etmək məqsədilə istifadə edilməsi hallarının kütləvi xarakter daşıdığı müəyyən edilmişdir. Sahibkarlıq məqsədilə istifadə edilən qeyri-yaşayış tikililərin mülkiyyətçiləri tərəfindən öz hüquqlarından sui-istifadə edilərək, dövlət mülkiyyətində olan torpaq sahələrindən icarə müqaviləsi bağlanılmadan istifadə edilməsi hər il dövlət büdcəsinə külli miqdarda ziyan vurulması ilə nəticələnir. Belə ki, müqavilə azadlığı tərəflər arasında heç bir münasibətin və ya ortaq mənafeyin olmadığı hallarda hüquq münasibətinə girməmişdən əvvəl subyektin azadlığını əhatə edə bilər. Digər şəxslərin hüquqlarına toxunula biləcək hər hansı şəraitin mövcudluğu isə müqavilə azadlığına məhdudiyyət qoyulmasına və hətta bəzi hallarda müəyyən hüquq münasibətlərinə daxil olmasına məcburetməyə belə gətirib çıxara bilər. Çünki hazırkı vəziyyətdə olduğu kimi, tərəflər arasında faktiki olaraq müəyyən münasibətlərin mövcudluğu qaçılmazdır və bu halda hansısa tərəfin müqavilə azadlığı prinsipinə əsaslanaraq müqavilə bağlamaqdan imtina etməsi iradə ifadəsindən qəsdən qarşı tərəfin əleyhinə istifadə edilməsinin nəticəsində mümkündür. Bu isə hüquqdan sui-istifadəyə gətirib çıxarır. Çünki cavabdeh hüquqi şəxsə məlumdur ki, qeyd edilən tikilinin altında yerləşən torpaq sahəsini birinci halda alqı-satqı yolu ilə mülkiyyətinə almalı, həmin mülkiyyətçi torpaq sahəsini satın almaqdan imtina edirsə, ikinci halda onda bu sahə qanunvericiliklə müəyyən edilmiş qaydada onun satınalma hüququ ilə icarəsinə verilməli və sonuncu halda obyektin mülkiyyətçisi icarə müqaviləsi bağlamaqdan imtina etdikdə, torpaq sahəsi hərrac vasitəsi ilə başqa şəxsə satıla bilər. Sonuncu halın hazırkı iş üzrə baş verməsi mümkün olmur, çünki bu halda obyektin mülkiyyətçisinin hüquqları pozula bilər. Belə olan halda yuxarıda sadalanan mülkiyyət hüququnun məhdudlaşdırılması və müqavilə azadlığı ilə bağlı qanunvericiliyin prinsipləri əsas götürülməlidir. Cavabdehin bu məhdudiyyətlərə əməl etmək vəzifəsi qanundan irəli gələn öhdəlikdir. Cavabdehlə satınalma hüququ ilə müqavilə bağlanılması onun mülkiyyət hüququna hər hansı müdaxilə təşkil etmir və ya onun müqavilə azadlığı hüququnu pozmur. Yuxarıda göstərilənləri ümumiləşdirərək qeyd edilir ki, tikilinin mülkiyyətçisinin (cavabdehin) dövlət mülkiyyətində olan torpaq sahəsindən icarə müqaviləsi olmadan istifadə etməsi hüquqdan sui-istifadədir və bu əsassız varlanmaya səbəb olur. Qeyd edilən mülki hüquq normalarından göründüyü kimi varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Bildirilir ki, cavabdehin uzun müddət ərzində dövlət mülkiyyətində olan torpaq sahəsindən icarə müqaviləsi bağlanılmadan istifadə etməsi dövlət büdcəsini icarə haqqı üzrə daxilolmalardan məhrum etmişdir ki, bununla dövlətin iqtisadi maraqlarına xeyli ziyan vurulmuşdur. Belə ki, özəlləşdirilmiş dövlət müəssisə və obyektlərinin, habelə fiziki və ya hüquqi şəxslərin vəsaiti hesabına inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi, dövlət mülkiyyətində olan torpaq sahələrinin icarə haqqı məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli, 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə” ilə müəyyən edilir. Qeyd edilən Əsasnamənin xx.xx.2016-cı il tarixinədək qüvvədə olan redaksiyasına əsasən torpaq sahəsinin icarə haqqı məbləği torpaq sahəsinin normativ qiymətinə əsasən hesablanırdı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 377 nömrəli Qərarı ilə “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”nin 8-ci bəndinə dəyişiklik edilmiş və həmin dəyişikliyə əsasən torpağın icarə haqqı məbləği bazar dəyərinə uyğun hesablanır. Belə ki, qeyd edilən Əsasnaməyə hazırda qüvvədə olan 8-ci bəndə əsasən özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin illik icarə haqqı Bakı şəhəri üzrə torpağın bazar dəyərinin 3 faizi həcmində müəyyən edilir. Respublikanın digər şəhər və rayonlarında icarə haqqı torpağın bazar dəyərinin 2 faizi həcmində müəyyən edilir. “Google Earth” proqramından çıxarışa əsasən iddia predmeti olan torpaq sahəsinin üzərində tikilinin xx.xx.2008-ci ildə inşa edildiyi müəyyən olunmuşdur. İddianın predmeti olan torpaq sahəsinin xx.xx.2016-cı il tarixinə qədər torpağın normativ qiyməti və həmin tarixdən sonra torpağın bazar qiyməti əsasında müəyyən edilmiş aylıq icarə haqları aşağıdakı kimidir: 1. Bakı şəhəri, Qaradağ rayonu, Salyan şosesi, 15-ci km, 2T ünvanında qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin xx.xx.2016-cı il tarixinə qədər aylıq icarə haqqı 3181,04 manat; xx.xx.2016-cı il tarixindən sonra aylıq icarə haqqı 11549,2 manat. Beləliklə, qeyd olunan torpaq sahəsindən 2008-ci ilin mart ayından 2025-ci ilin aprel ayınadək hüquqi əsas (icarə müqaviləsi) olmadan qanunsuz istifadə edilməsi ilə bağlı əsassız varlanma nəticəsində cavabdeh tərəfindən ümumilikdə dövlət büdcəsinə 1505665,96 manat (bir milyon beş yüz beş min altı yüz altmış beş manat doxsan altı qəpik) məbləğində zərər vurulmuşdur. Eyni zamanda bildirilir ki, cavabdeh qeyd edilən dövlət mülkiyyətində olan torpaq sahəsindən hüquqi əsas (icarə müqaviləsi) olmadan istifadə etdiyindən, həmin torpaq sahəsi boşaldılaraq Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilməlidir. Beləliklə, yuxarıda şərh edilənlərdən göründüyü kimi cavabdeh Bakı şəhəri, Qaradağ rayonu, Salyan şosesi, 15-ci km, 2T ünvanında yerləşən, dövlət mülkiyyətində olan 30784.3 kv.m torpaq sahəsindən qanunvericiliyin tələb etməsinə baxmayaraq, icarə müqaviləsi bağlamadan istifadə edərək əsassız varlanmaqla dövlətə ziyan vurur və həmin torpaq sahəsindən qeyri-qanuni istifadə edilməsini davam etdirir. Qeyd edilənlərə əsasən hesab edilir ki, məhkəmə tərəfindən cavabdehin üzərinə əsassız varlanma nəticəsində torpaq sahəsinin mülkiyyətçisi olan dövlətə vurulmuş zərərin əvəzinin ödənilməsi və torpaq sahəsinin boşaldılaraq dövlətə (onun adından çıxış edən Əmlak Məsələləri Dövlət Xidmətinə) təhvil verilməsi vəzifəsi qoyulmalıdır.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1, 157.2, 157.4, 390.3, 560.1, 560.3.1, 1091.1, 1091.2, 1095-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51, 66.1, 84, 103-cü və “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddələrinə istinad olunmuşdur.
4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, icraatda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh MMC-yə qarşı qaldırılmış əsassız varlanma nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi və torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi vardır. ƏMDK öz iddia tələbində qeyd edir ki, qanuni istifadədə olan Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi, 15-ci km, 2T ünvanında yerləşən torpaq sahəsinin özəlləşdirilməsi və ya icarəyə götürülməsi üçün xx.xx.2023-cü il tarixdə bildiriş təqdim edilsə də, qeyd edilən torpaq sahəsi cavabdeh tərəfindən özəlləşdirilməmiş və icarəyə götürülməmişdir. Bu səbəbdən belə qənaətə gəlinmişdir ki, torpaq sahəsindən icarə müqaviləsi olmadan istifadə edilməsi AR MM-nin 1091-ci maddəsinə əsasən əsassız varlanma hesab edilməlidir. Hazırda Əmlak Məsələləri Dövlət Xidməti olaraq sözügedən normaya əsaslanıb, Cavabdeh MMC-nin torpaq sahəsinin boşaldılaraq dövlətə təhvil verilməsi və əsassız varlanma nəticəsində vurulmuş zərərin əvəzi olaraq 1505665,96 manat məbləğində vəsaitin ödənilməsi tələb edilməkdədir. Aşağıdakılara əsasən hesab edilir ki, Cəmiyyət tərəfindən hər hansı qanunvericilik normasının pozulmasına yol verilmədiyindən hazırda irəli sürülən iddia tələbi rədd edilməlidir. Bir müddət əvvəl Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh MMCyə qarşı iddia tələbi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, məhkəmədən Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi, 15-ci km, 2T ünvanında yerləşən 30784.3 kv m torpaq sahəsinə dair Əmlak Məsələləri Dövlət Xidməti ilə icarə müqaviləsinin bağlanması öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1042/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə ƏMDK tərəfindən irəli sürülmüş iddia tələbi rədd edilmişdir. Sözgedən qətnamədən ƏMDK tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 2- 2(103)-821/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1042/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyasının mövqeyi ilə razılaşmayaraq ƏMDK tərəfindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-2(102)-23/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə kassasiya şikayəti də təmin edilməyərək Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-821/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin həqiqi halları ondan ibarətdir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 1993-cü il 22 fevral tarixli, 315 nömrəli torpaq sahəsinin ayrılması haqqında sərəncamı ilə Cavabdeh firmasına Qaradağ rayonu, Lökbatan qəsəbəsinin cənubunda Bakı Astara yolunun şimal-qərbində asfalt-beton qurğusu layihələndirilməsi və tikintisi üçün torpaq sahəsi ayrılmışdır. 1 saylı Yerli İqtisad Məhkəməsinin 2007-ci il 27 may tarixli, 1053/4-222 nömrəli qətnaməsi ilə Cavabdeh firmasının iddiası təmin olunaraq Qaradağ rayonu, Lökbatan qəsəbəsinin cənubunda Bakı-Astara yolunun şimal-qərbində asfalt-beton qurğusunun layihələşdirilməsi və tikintisi üçün Cavabdeh firmasına ayrılmış 0,98 ha və ona bitişik olan 2 ha torpaq sahəsi üzərində Cavabdeh firmasının daimi istifadə hüququ tanınaraq, Cavabdeh firmasının adına 2,98 ha torpaq sahəsinə dair torpaq sahəsinin planı və ölçüsünün tərtib edilməsi vəzifəsinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinin üzərinə həvalə edilmişdir. Azərbaycan Respublikasının DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 2007-ci il 6 iyul tarixli, MH0095121 nömrəli çıxarışına əsasən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin cənubu, Bakı-Astara yolunun şimal şərqində yerləşən 2,98 ha torpaq sahəsi üzərində daimi istifadə hüququ Cavabdeh MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı Şəhər İcra Hakimiyyəti başçısının 2008-ci il 26 dekabr tarixli 687 nömrəli “Daşınmaz Əmlakın dövlət Reyestri Xidmətinin çıxarışına əsasən Bakı Şəhər İcra Hakimiyyəti başçısının 1993-cü il 22 fevral tarixli 315 nömrəli sərəncamında dəqiqləşdirmə aparılması haqqında” sərəncamı ilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin cənubunda Cavabdeh MMC-yə dair Bakı Şəhər İcra Hakimiyyəti başçısının 1993-cü il 22 fevral tarixli 315 nömrəli sərəncamında torpaq sahəsinin ölçüləri dəqiqləşdirilərək, 2,98 ha müəyyən edilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 2009-cu il 30 yanvar tarixli, 09/11 nömrəli, 08/i-257 nömrəli iş istifadəyə verilən torpaq sahəsinin ayrıc aktına əsasən Bakı Şəhər İcra Hakimiyyəti başçısının 2008-ci il 26 dekabr tarixli 687 nömrəli sərəncamı ilə Qaradağ rayonu, Bakı-Astara şossesi, Lökbatan qəsəbəsinin cənubunda cizgidə göstərilən sərhədlər daxilində 2.000 ha torpaq sahəsi asfalt-beton qurğusunun tikintisi üçün Cavabdeh MMC-nin istifadəsinə verilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 2017-ci il 20 oktyabr tarixli RX1154062 nömrəli çıxarışa əsasən Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi, 15-ci km, 2T ünvanında yerləşən əmlak kompleksi kimi müəssisənin üzərində yaranmış mülkiyyət hüquqları və 2,98 ha torpaq sahəsi üzərində istifadə Cavabdeh MMC-nin adına hüquqi qeydiyyata alınmışdır. Beləliklə, Cəmiyyətə AR ƏMDK yanında DƏDRX tərəfindən verilmiş ******* saylı, xx.xx.2017-ci il tarixli çıxarışdan açıq-aşkar olaraq görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi, 15-ci km, 2T ünvanında yerləşən əmlak kompleksinin torpaq sahəsinin mülkiyyətçisi dövlət olsa da, torpaq sahəsi Cavabdeh MMC-nin qanuni istifadəsindədir. Sözügedən 2.98 ha torpaq sahəsinin qanuni istifadəyə verilməsi Bakı şəhəri İcra Hakimiyyətinin 315 saylı, xx.xx.1993-cü tarixli və 687 saylı, xx.xx.2008-ci tarixli sərəncamları, həmçinin AR 1 saylı yerli İqtisad Məhkəməsinin 1053/4-222 saylı, 27 may 2007-ci il tarixli məhkəmə qərarları əsasında həyata keçirilmişdir. Sözügedən sənədlər dəfələrlə ƏMDK-ya təqdim edilmiş, həmçinin onlar tərəfindən qaldırılmış iddia tələbinin rədd edilməsi üçün əsas olmuşdur. Hazırda ƏMDK Cəmiyyətindən AR Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsaslanaraq əsassız varlanma nəticəsində vurulmuş ziyanı və torpaq sahəsinin boşaldılmasını tələb edir. Belə ki, AR Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Qanun normasından da göründüyü kimi, əsassız varlanma zamanı qanuni və ya müqavilə əsası olmamalıdır. Yalnız qeyd edilən hüquqi əsaslar olmadan torpaq sahəsindən istifadə edilməsi nəticəsində Cavabdeh MMC tərəfindən ƏMDK-ya hər hansı ziyanın vurulması mümkün ola bilərdi ki, DƏDRX tərəfindən verilmiş ******* saylı, xx.xx.2017-ci il tarixli çıxarış, həmçinin yuxarıda sadalanan məhkəmə qərarları torpağın tam qanuni əsaslarla istifadələrində olmasını sübuta yetirir. Hesab edilir ki, Cəmiyyət hər hansı əsassız varlanma nəticəsində Əmlak Məsələləri Dövlət Xidmətinə ziyan vurmadığından irəli sürülmüş iddia tələbi rədd edilməlidir. Tədqiq olunan sübutlar:
5. İddiaçının nümayəndəsi Nümayəndə3 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, sərəncamla bağlı bir məsələ qeyd edilir ki, sərəncam tikinti üçün ayrılmış, lakin istifadə üçün ayrılmamışdır.
6. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında etiraz ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin rədd edilməsini xahiş etdi.
7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi, 15-ci km, 2T ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə üzərində mülkiyyət hüququ Cavabdeh MMC-yə məxsusdur. Qeydiyyat tarixi xx.xx.2017-ci ildir və daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 532 nömrəli vərəqində qeyd edilmişdir. Eyni zamanda əmlakın yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətidir və torpaq sahəsi üzərində Cavabdeh MMC-nin istifadə hüququ qeydiyyata alınmışdır.
8. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, qəsəbənin cənubu Bakı-Astara yolunun şimal-şərqində 2.98 ha torpaq sahəsi Cavabdeh MMC-nin daimi istifadəsindədir. Qeydiyyat tarixi xx.xx.2007-ci il, qeydiyyat nömrəsi 110764128-dir və daşınmaz əmlakın dövlət reyestrində 71 nömrəli reyestr kitabının 6894 nömrəli vərəqində qeydiyyata alınmışdır.
9. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli, 315 nömrəli torpaq sahəsinin ayrılması haqqında çıxarışa əsasən Qaradağ rayonu İcra Başçısının xx.xx.1992-ci il tarixli, 5/1582 nömrəli məktubu nəzərə alınaraq, Cavabdeh firmasına Qaradağ rayonu, Lökbatan qəsəbəsinin cənubunda Bakı-Astara yolunun şimal-qərbində asfalt-beton qurğusunun layihələşdirilməsi və tikintisi üçün torpaq sahəsi ayrılmışdır.
10. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışına əsasən Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli, 315 nömrəli sərəncamında dəqiqləşdirmə aparılması haqqında xx.xx.2008-ci il tarixli, 687 nömrəli Sərəncamdan müəyyən olunur ki, Cavabdeh MMC-nin xx.xx.2008-ci il tarixli, 26 saylı müraciəti və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2007-ci il tarixli, ******* saylı çıxarışı nəzərə alınaraq, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin cənubunda, Cavabdeh MMC-yə dair Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli, 315 saylı sərəncamında torpaq sahəsinin ölçüləri dəqiqləşdirilərək, 2,98 ha müəyyən edilmişdir.
11. Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən tərtib edilmiş 09.11 nömrəli istifadəyə verilən torpaq sahəsinin ayrıc aktından görünür ki, Cavabdeh MMC-yə Qaradağ rayonu, Lökbatan qəsəbəsinin cənubunda Bakı-Astara yolunun şimal-qərbində asfalt-beton qurğusunun layihələşdirilməsi və tikintisi üçün 2.000 ha torpaq sahəsi ayrılmışdır.
12. Azərbaycan Respublikası 1 saylı yerli İqtisad Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 1053/4-222 nömrəli qətnaməsindən müəyyən olunur ki, iddiaçı Cavabdeh firmasının cavabdeh Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsinə qarşı torpaq sahəsinin planı və ölçüsünün tərtib edilməsi barədə iddia tələbi təmin edilmiş, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin cənubunda Bakı-Astara yolunun şimal-qərbində asfaltbeton qurğusunun layihələşdirilməsi və tikintisi üçün Cavabdeh firmasına ayrılmış 0,98 ha və ona bitişik olan 2 ha torpaq sahəsi üzərində Cavabdeh firmasının daimi istifadə hüququ tanınaraq, Cavabdeh firmasının adına 2,98 ha torpaq sahəsinə dair torpaq sahəsinin planı və ölçüsünün tərtib edilməsi vəzifəsi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsinə həvalə edilmişdir.
13. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1042/2024 nömrəli qətnaməsi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (müstəqil tələb irəli sürməyən 3-cü şəxs Bakı şəhəri İcra Hakimiyyəti olmaqla) Cavabdehnə qarşı icarə müqaviləsinin bağlanması, icarə haqqı üzrə borcun ödənilməsi tələbinə dair işi üzrə iddia rədd edilmişdir.
14. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-2(103)-821/2024 nömrəli qətnaməsinə əsasən iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdehnə qarşı “icarə müqaviləsinin bağlanması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 1042/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir.
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-2(102)-23/2025 nömrəli qərarı ilə iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdehnə qarşı icarə müqaviləsinin bağlanması tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 1042/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmiş edilməmişdir.
16. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli bildiriş ilə 10 (on) iş günü ərzində əsassız varlanma nəticəsində əldə edilmiş vəsaitin Əmlak Məsələləri Dövlət Xidmətinə ödənilməsi və torpaq sahəsinin boşaldılaraq Xidmətə təhvil verilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.
17. “X1” MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MQM xx-xx-1413/2023 nömrəli daşınmaz əmlakın qiymətləndirilməsinə dair rəydən müəyyən olunur ki, əmlakın mövcud vəziyyəti, yerləşdiyi ərazi, analoq obyektlərlə müqayisəli satışı, təyinatı, kateqoriyası nəzərə alınmaqla aparılmış hesablamalara və təhlillərə əsasən icarəyə verilməsi nəzərdə tutulan Bakı şəhəri, Qaradağ rayonu, Salyan şosesi, 15-ci km, 2T ünvanında yerləşən 30784,3 kv.m torpaq sahəsinin xx.xx.2023-cü il tarixinə bazar dəyəri ******* manat təşkil edir. Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
19. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 50.1. Torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Torpağın istifadəyə verilməsinə görə torpaq vergisindən başqa haqq alınmır. 50.4-cü maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar daimi və ya müvəqqəti istifadəyə müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən verilir. 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi
21. İddia tələbi Bakı şəhəri, Qaradağ rayonu, Salyan şosesi, 15-ci km, 2T ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 30784.3 kv.m torpaq sahəsinin boşaldılaraq Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilməsi və dövlət mülkiyyətində olan həmin torpaq sahəsindən icarə müqaviləsi bağlanılmadan istifadə edilməsi ilə bağlı əsassız varlanma nəticəsində vurulmuş zərərin əvəzi olaraq 2008-ci ilin mart ayından xx.xx.2016cı il tarixinə qədər 327647,56 manat (üç yüz iyirmi yeddi min altı yüz qırx yeddi manat əlli altı qəpik) və xx.xx.2016-cı il tarixdən 2025-ci ilin aprel ayına kimi 1178018,4 manat (bir milyon yüz yetmiş səkkiz min on səkkiz manat qırx qəpik), ümumilikdə 1505665,96 manat (bir milyon beş yüz beş min altı yüz altmış beş manat doxsan altı qəpik) məbləğində vəsaitin Əmlak Məsələləri Dövlət Xidmətinə ödənilməsi vəzifəsinin Cavabdeh MMC-nin üzərinə qoyulmasından ibarətdir.
22. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli, 315 saylı torpaq sahəsinin ayrılması haqqında sərəncamı ilə Cavabdeh firmasına Qaradağ rayonu, Lökbatan qəsəbəsinin cənubunda Bakı Astara yolunun şimal-qərbində asfaltbeton qurğusu layihələndirilməsi və tikintisi üçün torpaq sahəsi ayrılmış, 1 saylı yerli İqtisad Məhkəməsinin xx.xx.2007-ci il tarixli,1053/4-222 saylı qətnaməsi ilə Cavabdeh firmasının iddiası təmin olunmuş və Qaradağ rayonu, Lökbatan qəsəbəsinin cənubunda Bakı-Astara yolunun şimal-qərbində asfalt-beton qurğusunun layihələşdirilməsi və tikintisi üçün Cavabdeh firmasına ayrılmış 0.98 ha və ona bitişik olan 2 ha torpaq sahəsi üzərində Cavabdeh firmasının daimi istifadə hüququ tanınaraq, Cavabdeh firmasının adına 2.98 ha torpaq sahəsinə dair torpaq sahəsinin planı və ölçüsünün tərtib edilməsi vəzifəsi Azərbaycan Respublikası Dövlət torpa və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə həvalə edilmişdir. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2007-ci il tarixli, MH seriyalı, ******* saylı çıxarışına əsasən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin cənubu, Bakı-Astara yolunun şimal şərqində yerləşən 2.98 ha torpaq sahəsi üzərində daimi istifadə hüququ Cavabdeh MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Qeyd olunan halların mövcudluğu yuxarıda qeyd olunan məhkəmə qətnamələri ilə öz təsdiqini tapmışdır. Məhkəmə nəzərə alır ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
23. Bundan əlavə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2- 2(113)-1042/2024 nömrəli qətnaməsi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (müstəqil tələb irəli sürməyən 3-cü şəxs Bakı şəhəri İcra Hakimiyyəti olmaqla) Cavabdehnə qarşı icarə müqaviləsinin bağlanması, icarə haqqı üzrə borcun ödənilməsi tələbinə dair işi üzrə iddia rədd edilmişdir. Həmin qətnamədən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir.
24. Qeyd edilənlərdən görünür ki, iddiaçı tərəfindən cavabdeh tərəfindən qanunsuz istifadə edildiyi iddia edilən Bakı şəhəri, Qaradağ rayonu, Salyan şosesi, 15-ci km, 2T ünvanında yerləşən torpaq sahəsi qanuni əsaslarla cavabdehin istifadəsinə verilmiş, cavabdehin həmin torpaq sahəsi üzərindəki hüquqları məhkəmə tərəfindən təsdiq edilmiş (1 saylı yerli İqtisad Məhkəməsinin xx.xx.2007-ci il tarixli,1053/4-222 saylı qətnaməsi ilə) və həmin hüquqlar dövlət qeydiyyatına alınmışdır.
25. İddiaçı iddia tələbinin hüquqi əsaslarından biri kimi MM-nin 157.2-ci maddəsinə istinad etmişdir. Həmin maddəyə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Hazırkı halda cavabdeh qanunsuz sahib sayıla bilməz və geri qaytarılması tələb olunan əmlak üzərində cavabdehin istifadə hüququ mövcuddur. Torpaq sahəsinin qanuni istifadəyə verilməsi Bakı şəhəri İcra Hakimiyyətinin 315 saylı, xx.xx.1993-cü tarixli və 687 saylı, xx.xx.2008-ci tarixli sərəncamları, habelə 1 saylı yerli İqtisad Məhkəməsinin 1053/4-222 saylı, 27 may 2007-ci il tarixli məhkəmə qərarı əsasında həyata keçirilmişdir.
26. Eləcə də iddiaçının əsaslandığı MM-nin 1091-ci maddəsinin dispozisiya şərtləri də mövcud deyil. Belə ki, həmin maddəyə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Hazırkı halda isə hüquqi əsas olmadan torpaq sahəsindən istifadə halları mövcud olmamışdır.
27. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.
28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova