Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5112/2025 15.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: yük daşıma müqaviləsi, dəbbə pulu, illik 5 faiz) X3 Zakir oğlunun sədrliyi, Məmmədzadə Nilgün Azər qızının katibliyi iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları İddiaçı MMC iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən xx.xx.2023-ci il tarixli, 497/23 saylı Müqavilə üzrə 19707,30 manat məbləğində əsas borcun, 1970,73 manat məbləğində cərimə, illik 5% məbləğində hesablanmaqla 1057,20 manat pulun və 158,81 manat dövlət rüsumu olmaqla, ümumilikdə 22894,04 manat məbləğində pulun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2023-ci il tarixli, 497/23 saylı “Yükdaşıma xidmətlərinin göstərilməsi haqqında” müqavilə bağlanmışdır. Müqaviləyə əsasən İcraçı İddiaçı MMC Sifarişçi Cavabdeh MMC-nin sifarişi əsasında xidmətlər göstərməyi, sifarişçi isə xidmətləri qəbul edib bunun müqabilində İcraçıya bu Müqavilə ilə müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyə öhdəsinə götürür. Lakin İddiaçı MMC öz üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirib müvafiq xidmətləri göstərsə də, Cavabdeh MMC üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək xidmət müqabilində verilməli olan xidmət haqqını ödəməkdən boyun qaçırır. Cavabdehə bu barədə dəfələrlə xəbərdarlıq edilsə də, bu günə kimi cavabdeh tərəfindən heç bir hərəkət edilməmişdir. Belə ki, xx.xx.2023-cü il tarixli, 497/23 saylı Müqavilə üzrə 19707.30 manat məbləğində borc cavabdeh tərəfindən ödənilməmişdir. Belə ki, borc məbləği iddia ərizəsinə əlavə edilmiş müqavilə, tərəflər arasında tərtib edilmiş qaimələr və xidmətin göstərilməsinə dair olan aktlar ilə təsdiq edilir. Odur ki, cavabdehin iddiaçıya ödəmədiyi borc məbləği 803737 nömrəli qaimə üzrə 136,80 manat, 816836 nömrəli qaimə üzrə 4802,60 manat, 505671 nömrəli qaimə üzrə 9186,30 manat, ümumilikdə 19707.30 manat təşkiledir. Bu əsasla tərəfimizdən cavabdehə xx.xx.2025-cü il tarixində 3 iş günü müddətində borc məbləğini tələb etməyimiz barədə Pretenziya məktubu göndərilməsinə baxmayaraq bu günədək qeyd edilən pulşirkətə ödənilməmişdir. Əlavə olaraq bildirək ki, xx.xx.2023-cü il tarixli, 497/23 saylı Müqavilənin 5.4-cü bəndinə əsasən hər gecikən gün üçün qalıq borcun 1% əlavə hesablanacaq. Müqavilənin həmin bəndinə əsasən cərimə məbləği 91973,39 manat təşkil etsə də, tərəfimizdən güzəşt faizi tətbiq edilərək əsas məbləğin ≈10 %-i həcmində, yəni cəmi 1970,73 manat dəbbə pulu tələb edilməkdədir. Beləliklə, göründüyü kimi cavabdehin ödənişdən yayınmaq üçün müxtəlif üsullara əl atmağı səbəbindən hazırkı mübahisə məhz məhkəmə vasitəsilə həll edilməlidir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, məhkəmə sisteminə əlavə edilən maliyyə arayışında texniki səhv olmuş və qeyd edilmiş cədvəl üzrə bir məbləğ yanlış əlavə edilməklə, əsas borc məbləği də nəticə olaraq yanlış göstərilmişdir. Bu səhv aradan qaldırılmaqla tərtib edilmiş doğru maliyyə arayışı məhkəmə sisteminə əlavə edilir. Belə ki, məhkəmə sisteminə əlavə edilmiş açıq qalan qaimələr - 803737 nömrəli (bu qaimə üzrə qalıq borc 136,80 azn), 107480 nömrəli (bu qaimə üzrə qalıq borc 5581,60 azn), 816836 nömrəli (borc 4802.60 azn), 505671 nömrəli (borc 9186.30 azn) qaimələrdir. Göründüyü kimi əsas borc məbləği 19707,30 manat təşkil edir. Təqdim edilmiş son maliyyə arayışında hər gecikdirilmiş gün üçün 1% hesablanmış və dəbbə pulu məbləği 77172,36 manat təşkil etmiş, lakin güzəşt tətbiq edilərək əsas borcun 10 %-i, yəni 1970,73 azn dəbbə pulu olaraq tələb edilmişdir. Habelə, son maliyyə arayışında gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla 1057,20 manat məbləğ müəyyən edilmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 448.1, 445.7-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində qeyd edilənləri müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: Cavabdeh MMC (Sifarişçi) ilə İddiaçı MMC (İcraçı) arasında bağlanmış xx.xx.2023ci il tarixli, 497/23 saylı “Yükdaşıma xidmətlərinin göstərilməsi haqqında” müqaviləsinə əsasən icraçı daşıyıcı xidmət haqqı müqabilində Sifarişçinin sərancamında olan yükləri (bundan sonra “Yük” adlandırılacaq) Sifarişçidən və ya Sifarişçinin təyin etdiyi digər şəxsdən qəbul etməyi, göstərilən təyinat yerinə yükün həcmindən asılı olaraq müxtəlif ölçülü yük avtomobili nəqliyyatı ilə daşımağı və Sifariçinin özünə və ya onun təyin etdiyi digər yük alana çatdırmağı (bundan sonra “Xidmət” və ya “Xidmətlər” adlandırılacaq) öhdəsinə götürür, Sifarişçi isə bunun müqabilində Daşıyıcıya xidmət haqqını bu Müqavilə və bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan 01 saylı Əlavəsinə (bundan sonra “Əlavə 01” adlandırılacaq) uyğun olaraq ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.2-ci bəndinə əsasən Daşıyıcı Sifarişçinin sifarişi əsasında Sifarişçiyə həmçinin Evakuasiya xidməti, fəhlə xidməti; usta xidməti; təmizlik xidməti; anbar xidməti; dezinfeksiya xidmətləri də təqdim edə bilər. Müqavilənin 5.1-ci bəndinə əsasən hər bir daşımanın və ya əlavə xidmətin dəyəri daşıma məsafəsindən və daşıma obyektinin növündən, ölçülərindən, əlavə xidmətin xüsusiyyətlərindən asılı olaraq, bu Müqavilənin tərkib hissəsi olan Tərəflər arasında razılaşdırılmış qiymətlərin preyskurantı (Əlavə 01) ilə müəyyən edilir. Müvafiq qiymətlərin sifarişi qəbul edilməmiş xidmətlər üzrə Daşıyıcı tərəfindən 15 gün öncədən bildiriş verməklə birtərəfli qaydada dəyişdirilməsi halı istisna olmaqla, sifarişi qəbul edilmiş xidmət üzrə qətidir və birtərəfli qaydada dəyişdirilə bilməz. Tərəflər razılaşır ki, icra edilmiş xidmətlərə görə ödəniş zamanı Manatın 10%-i ötən devalvasiyası müşahidə edilərsə, hesablanmış həmin fərq məbləği Sifarişçi tərəfindən Daşıyıcıya əlavə olaraq ödəniləcəkdir. Müqavilənin 5.4-cü bəndinə əsasən Sifarişçi tərəfindən ödəmədə gecikmə olarsa, xidmətin icra olunduğu gündən etibarən hər gecikən gün üçün qalıq borcun 1%-i (bir) miqdarında dəbbə pulu hesablanacaqdır. EBED seriyalı, 505671 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 9186,30 manat EBEC seriyalı, 816836 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 4802,60 manat EBEC seriyalı, 107480 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 6041,60 manat EBDZ seriyalı, 803737 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 896,80 manat məbləğində görülmüş işlərin dəyəri İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. İddiaçı MMC tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, "xxxx" MMC-nin əsas borcu 19707,30 manat təşkil edir. xx.xx.2023-cü il tarixli, 497/23 saylı “Yükdaşıma xidmətlərinin göstərilməsi haqqında” müqaviləyə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2025-ci il tarixinə kimi 36455 manat dəyərində xidmət göstərilmişdir. Bu xidmətin qarşılığı olaraq ‘Upsilon” MMC tərəfindən 16747,7 manat məbləğində ödəniş olunmuşdur. Müqavilə üzrə Cavabdeh MMC-nin ödəniş üzrə xx.xx.2025-ci il tarixinədək 456 gün gecikməsi müşahidə edilir. Maliyyə arayışında Cavabdeh MMC tərəfindən xx.xx.2023-cü ildə 1300 manat, xx.xx.2023-cü il tarixdə 1300 manat, xx.xx.2024-cü il tarixdə 790 manat, xx.xx.2024-cü il tarixdə 3000 manat, xx.xx.2024-cü il tarixdə 2000 manat, xx.xx.2024-cü il tarixdə 5390 manat, xx.xx.2024-cü il tarixdə 452,70 manat, xx.xx.2024-cü il tarixdə 2315 manat ödəniş edildiyi qeyd edilmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, 16515 manat borcun 3 iş günü ərzində ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. xx.xx.2024-cü il tarixli **********53 saylı mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən dövlət büdcəsinə 159 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. 850-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir. 851-ci maddəsinə əsasən yük göndərən daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxsdir. Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük alan) ola bilər. Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında da qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “...lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.” Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında daşıma müqaviləsi üzrə öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-ci il tarixli, 497/23 saylı yükdaşıma müqaviləsi imzalanmışdır. Müqaviləyə və müqavilə üzrə sifarişçinin verdiyi sifarişlərə əsasən daşıyıcı sifarişçiyə daşıma xidmətləri təqdim etmiş, sifarişçi isə bu xidmətlərin müqabilində müvafiq ödənişləri ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. İddiaçı cavabdehin sifarişləri əsasında müvafiq daşınma xidmətlərini həyata keçirsə də, cavabdeh daşınmanın haqqını iddiaçıya tam ödəməmişdir. Cavabdehin iddiaçıya daşınmaya görə borcunun olması iş materiallarına əlavə edilmiş elektron qaimələr və həmin qaimələr üzrə qismən ödənişlərlə öz təsdiqini tapır. Çünki mübahisə yaranan dövr və ondan sonrakı müddət ərzində tərəflərin qarşılıqlı münasibətlərində bu cür işgüzar adət, praktika və öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu formalaşmışdır ki, iddiaçı tərəfindən daşınma xidməti ilə bağlı verilmiş e-qaimələr əsasında cavabdeh tərəfindən müxtəlif ödənişlər edilmişdir. Cavabdeh iddiaya qarşı heç bir etiraz etməmişdir. Buna görə də iddiaçının MM-in 850-ci maddəsinə əsasən cavabdehdən müqavilə üzrə daşımanın haqqını tələb etmək hüququ vardır və onun tələbi haqlıdır. Məhkəmə qanunvericilik normalarını, müqavilənin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini tam icra etmədiyini, daşınma haqqı olaraq 19707,30 manat pulu ödəmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, tələbin haqlı olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 19707,30 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı iddiaçı tələbində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdehdən əsas borca hesablanmış 1970,73 manat dəbbə pulunun tutulması tələbini də irəli sürmüşdür. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış həmin müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq alqı-satqı müqaviləsi üzrə 985 manat müəyyən olunmalıdır. Həmçinin iddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən əsas məbləğin ödənilməsinin gecikdirilməsinə görə illik beş faiz hesablanmaqla 1057,20 manat məbləğində vəsaitin ödənilməsini tələb etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə, borcun ödənilməsini 1 ildən artıq gecikdirdiyinə görə iddiaçının əsas borca hesablanmış illik beş faiz ödənilməsini tələb etmək hüququ vardır və onun həmin tələbi haqlıdır. Buna görə də iddia həmin hissədə də təmin olunmalıdır. Məhkəmə iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş 158,81 manat dövlət rüsumunun 155,25 manat məbləğində hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2023-ci il tarixli müqavilə üzrə 19707,30 manat əsas borc, 985 manat cərimə, illik 5 faiz məbləğində hesablanmaqla 1057,20 manat pul vəsaiti ümumilikdə 21749 (iyirmi bir min yeddi yüz qırx doqquz) manat 50 (əlli) qəpik pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 155 (yüz əlli beş) manat 25 (iyirmi beş) qəpiyin əvəzi tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-5112/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5112/2025
15.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver