Məhkəmə qərarları › İş №e-2-2(113)-5114/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5114/2025

07.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5114/2025 07.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: xidmət müqaviləsi, öhdəliyin icrası, dəbbə pulu,illik 5 faiz) X2 Zakir oğlunun sədrliyi, Məmmədzadə Nilgün Azər qızının katibliyi iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən Cavabdeh MMC-dən 25 iyun 2024-cü il tarixli LM/R0024 saylı “Korporativ hüquq xidmətlərinin göstərilməsinə dair” Müqavilə və onun Əlavələrinə uyğun olaraq 1180 manat xidmət haqqı, 46,98 manat məbləğində gecikmə haqqı və ödənilmiş 32,25 manat dövlət rüsumun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə "xxxx" MMC (hazırkı adı ilə İddiaçı MMC, Müqavilə üzrə “İcraçı”) arasında 25 iyun 2024-cü il tarixində bağlanmış, LM/R0024 nömrəli “Korporativ hüquq xidmətlərinin göstərilməsinə dair” Müqaviləyə əsasən, İcraçı öz öhdəliklərini tam və lazımi qaydada yerinə yetirmişdir. Belə ki, Müqavilə şərtlərinə uyğun olaraq, İcraçı tərəfindən “Bookzone” söz işarəsinin əmtəə nişanı kimi qeydiyyata alınması üçün müvafiq müraciət edilmişdir. Lakin cavabdeh, yəni Sifarişçi, Müqavilə ilə üzərinə götürdüyü 1180 manat məbləğində birdəfəlik xidmət haqqının ödənilməsi öhdəliyini 1 ilə yaxın müddətdir ki, heç bir əsaslı səbəb olmadan yerinə yetirməkdən imtina edir. Bu isə nəticə etibarilə İcraçının Müqavilə üzrə qanuni hüquqlarından tam şəkildə faydalanmasına əngəl törədir. Eyni zamanda İcraçı tərəfindən 1180 manat məbləğində əsas borcla yanaşı, 46,98 manat məbləğində gecikmə faizi hesablanmışdır. İddiaçı MMC "xxxx" MMC adı altında xx.xx.2019-cu il tarixində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qeydiyyata alınaraq təsis edilmişdir. xx.xx.2024-cü il tarixində "xxxx" MMC ad dəyişikliyi edərək "xxxx" MMC olaraq adlandırılmışdır. Hal-hazırda şirkət xxx tarixindən etibarən ad dəyişikliyi edərək İddiaçı MMC adı altında fəaliyyət göstərir. Cavabdeh MMC İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixində qeydiyyata alınaraq təsis edilmişdir. İddiaçı ilə cavabdeh arasında 25 iyun 2024-cü il tarixində LM/R0024 saylı “Korporativ hüquq xidmətlərinin görülməsinə dair” Müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən, İcraçı Müqaviləyə Əlavələrdə göstərilən xidmətlərin icrasını Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə təşkil etməli, Sifarişçi isə göstərilən xidmətləri qəbul edərək müqabilində Müqavilədə nəzərdə tutulan xidmət haqqını ödəməlidir. Müqavilənin 1.2-ci maddəsinə uyğun olaraq, xidmətlərin qiymətləri və dəyərinin ödənişi Əlavələrdə göstərilir və həmin Əlavələr Müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edir. Müqavilənin 25 iyun 2024-cü il tarixli 1 saylı Əlavəsinin 1-ci bəndinə uyğun olaraq İcraçı Sifarişçiyə “Bookzone” söz işarəsi üçün əmtəə nişanı alınması xidmətini göstərməli idi. 2-ci bəndə əsasən, xidmətin dəyəri 1180 manat təşkil edir. Əlavənin 3-cü bəndinə əsasən, xidmətlərin dəyəri İcraçı tərəfindən təqdim edilmiş elektron qaimə və hesabfaktura əsasında 5 iş günü ərzində Sifarişçi tərəfindən İcraçının bank hesabına ödənilməlidir. İcraçı tərəfindən Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin “PƏNAH” altsistemi vasitəsilə əmtəə nişanının alınması üçün müraciət edilmiş, ilk olaraq müvafiq qurumun 24 iyul 2024-cü il tarixli bildirişi ilə əmtəə nişanının qeydiyyatına imtina verilmişdir. Daha sonra İcraçı həmin bildirişə etiraz etmiş, bunun nəticəsində Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X1 Mərkəzinin 13 sentyabr 2024-cü il tarixli 28 №-li Protokolla təsdiq edilmiş qərarı ilə “Bookzone” söz işarəsi Əmtəə və Xidmətlərin Beynəlxalq Təsnifatının 16 və 35-ci sinifləri üzrə əmtəə nişanı qismində qeydiyyata alınmışdır. Hal-hazırda N 2024 1939 nömrəli əmtəə nişanı ilkinlik tarixi xx.xx.2024-cü il müəyyən edilərək müvafiq Şəhadətnamə ilə qorunur və xx.xx.2024-cü il tarixində dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Qanunvericiliyinin tələblərini göstərməklə bildirmək istəyirik ki, hüquqlarımız kobud şəkildə pozulub. İlk olaraq Müqavilə üzrə öhdəliklərimizi yerinə yetirmək üçün vicdanlı davranaraq əhəmiyyətli peşəkarlıq, hüquqi bilik və böyük əmək sərf etmişik. "Bookzone" əmtəə nişanının qeydiyyatı adi bir prosedurdan ibarət olmayıb, çoxsaylı mürəkkəb hüquqi və inzibati maneələri aşmağı tələb etmişdir. Bu müddət ərzində İcraçı olaraq müvafiq hüquqi çərçivəni dərindən araşdırmış, mürəkkəb normativ tələbləri analiz etmiş, qeydiyyat üçün tələb olunan sənədləri dəqiqliklə hazırlamış, hüquqi əsaslandırmalarla təmin etmiş, imtina hallarında əlavə hüquqi arqumentlər hazırlayaraq hüquqi prosedurların davam etdirilməsini təmin etmişik. Müvafiq qurumun 24 iyul 2024-cü il tarixli imtina bildirişindən sonra tərəfimizdən dərhal məsələni hərtərəfli təhlil edərək əlavə hüquqi tədqiqatlar aparmış, məsələnin hüquqi incəliklərini dərinliklə araşdırmış və mövcud qanunvericiliyin müvafiq müddəalarına əsaslanan mürəkkəb hüquqi arqumentlər hazırlanmışdır. Göstərdiyimiz intensiv səylər, o cümlədən hüquqi sənədlərin yenidən işlənməsi, əlavə sübutların toplanması nəticəsində müraciətin hüquqi əsaslandırılması gücləndirilmişdir. Bütün bu tədbirlərin nəticəsində müvafiq qurum tərəfimizdən irəli sürülən arqumentləri nəzərə alaraq 13 sentyabr 2024-cü il tarixli qərarla “Bookzone” söz işarəsi üçün Əmtəə və Xidmətlərin Beynəlxalq Təsnifatının 16 və 35-ci sinifləri üzrə qeydiyyatını uğurla təmin etmişdir. Bu nailiyyət, İcraçının hüquqi proseslərə yanaşmasında nümayiş etdirdiyi peşəkarlıq, məqsədyönlülük və sarsılmaz əzmin bariz göstəricisi olmuşdur. Müqavilə üzrə öz öhdəliklərimizi tam və lazımi şəkildə yerinə yetirməyimizə baxmayaraq, Sifarişçinin müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirməməsi açıq şəkildə Müqavilə şərtlərinin kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir. Belə ki, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə uyğun olaraq ilkin ekspertizanın və ekspertiza prosesinin davam etdirilməsi üçün xidmət haqqı ödənilməlidir. Buna uyğun olaraq “İxtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanları və coğrafi göstəricilərin hüquqi mühafizəsi sahəsində göstərilən xidmətlərin siyahısı və həmin xidmətlərə görə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə ödəniləcək haqların məbləğləri”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2022-ci il 19 may tarixli 198 nömrəli Qərarına uyğun olaraq xidmət haqları aşağıdakı kimi müəyyən edilmişdir: “203 manat ekspertiza üçün + 180 manat iddiaçının vəsatəti əsasında ekpertizanın sürətli aparılması üçün + 60 manat əmtəə və ya xidmətlərin birdən artıq əlavə 1 sinfi üçün”. Bununla yanaşı “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 18.11-4.1-ci maddəsinə əsasən əmtəə nişanının qeydə alınması, məlumatın dərci və şəhadətnamənin verilməsi üçün 45 manat rüsum ödənilir. Müqavilənin şərtlərinə əsasən, qeyd edilən rüsumun ödənilməsi üçün tələb olunan məbləğ, göstərilən hüquqi xidmətlərin dəyərinin ayrılmaz tərkib hissəsi kimi xidmət haqqına daxil edilmişdir. Lakin Sifarişçi tərəfindən xidmət haqqının ödənilməməsi nəticəsində, qeyd olunan rüsumu öz vəsaitimiz hesabına ödəmək məcburiyyətində qalmışıq ki, bu da maliyyə resurslarımızın əsassız şəkildə cəlb edilməsinə səbəb olmuşdur. Bu hal Müqavilənin maddimənəvi mahiyyətinə və tərəflərin hüquq və vəzifələrinin balansına zidd olmaqla yanaşı, qanuni maraqlarımıza da ciddi zərər vurmuşdur. Beləliklə, Sifarişçinin müqavilə öhdəliklərinə məsuliyyətsiz yanaşması nəticəsində yaranmış bu vəziyyət, müvafiq olaraq, müqavilə hüququnun əsas prinsipləri çərçivəsində dəyərləndirilməli və hüquqlarımızın bərpası üçün zəruri tədbirlər görülməlidir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 385.1, 386.1, 390.1, 425. 427.3, 442- 445.1, 445.3, 445.7, 448.1-ci maddələrinə istinad olunmuşdur. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə baxış iclasında iştirak edə bilməyəcəklərini nəzərə alaraq, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: Cavabdeh MMC (Sifarişçi) ilə "xxxx" MMC (“İcraçı”) arasında 25 iyun 2024-cü il tarixində bağlanmış, LM/R0024 nömrəli “Korporativ hüquq xidmətlərinin göstərilməsinə dair” Müqaviləyə əsasən, İcraçı Müqaviləyə Əlavələrdə qeyd olunan xidmətlərin icrasını Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq qurulmasını təşkil etməli, sifarişçi isə onları qəbul edib, müqabilində bu Müqavilə ilə müəyyənləşdirilmiş xidmət haqqını İcraçıya ödəməlidir. Xidmətlərin qiymətləri və dəyərinin ödənişi Əlavələrdə göstəriləcək və həmin Əlavələr bu Müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edəcəkdir. Müqavilənin 3.3-cü bəndindən görünür ki, Əlavədə ödəniş şərtləri tərəflər arasında razılaşdırılmayıbsa, Sifarişçi tərəfindən ödəniş İcraçı tərəfindən xidmətlər təhvil verildikdən sonra təqdim edilmiş elektron qaimə və hesab-faktura əsasında 5 (beş) iş günü ərzində icraçının bank hesabına ödənilir. 25 iyun 2024-cü il tarixində bağlanmış, LM/R0024 nömrəli “Korporativ hüquq xidmətlərinin göstərilməsinə dair” Müqavilənin 25 iyun 2024-cü il tarixli 1 saylı Əlavəsinin 1-ci bəndinə uyğun olaraq icraçı sifarişçiyə “Bookzone” söz işarəsi üçün əmtəə nişanı alınması xidmətini göstərməli idi. Əlavənin 2-ci bəndinə əsasən, xidmətin dəyəri 1180 manat təşkil edir. Əlavənin 3-cü bəndindən görünür ki, xidmətlərin dəyəri İcraçı tərəfindən təqdim edilmiş elektron qaimə və hesab-faktura əsasında 5 iş günü ərzində Sifarişçi tərəfindən İcraçının bank hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi Patent və X1 Mərkəzinin 24 iyul 2024-cü il tarixli bildirişi ilə Azərbaycan Respublikası “Əmtəə nişanları və coğrafi göstəriciləri haqqında” Qanunun 5-ci maddəsinin “c” bəndinə əsasən “əmtəələrin və ya xidmətlərin növünü, keyfiyyətini, miqdarını, təyinatını, dəyərini, habelə onların istehsal olunduğu yeri və tarixi və digər xüsusiyyətlərini bildirən işarələrin əmtəə nişanı kimi qeydə alınmasına yol verilmədiyi göstərilmiş və əmtəə nişanının qeydiyyatına imtina verilmişdir. xx.xx.2024-cü il tarixli Cavabdeh MMC tərəfindən Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi Patent və X1 Mərkəzinə göndərilmiş etirazda qeyd edilmişdir ki, təqdim edilən nişanın təsvirinin əmtəə nişanı kimi qəbul edilməsi üçün əslində heç bir maneə yoxdur. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi Patent və X1 Mərkəzinin xx.xx.2024-cü il tarixli 28 №-li Protokolla təsdiq edilmiş qərarı ilə “Bookzone” söz işarəsi Əmtəə və Xidmətlərin Beynəlxalq Təsnifatının 16-(Kitablar, dərsliklər [dərs vəsaiti], qəzetlər , dəftərxana malları , cildləmə materialları, cildləmə işləri üçün parça, cildlamə işləri üçün iplər, jurnallar [dövri nəşrlər], məktəb ləvazimatı [dəftərxana malları], kitablar üçün əlfəcinlər, təbrik açıqcaları, poçt markaları, təqvimlər, maliyyə hesabatı dəftərləri [kitablar], qəbz kitabçaları [dəftərxana mallarıj, albomlar, şəkillər, kitab dəstəkləri, dövri nəşrlər, atlaslar, broşürlar, dəftərlər, bloknotlar , kartlar, sanədlər üçün üzlük qovluqlar, üzlüklər [dəftərxana ləvazimatı], qrafik çap materialları, zərflər [dəftərxana malları], rəsmxət lövhəiləri, rəsmxət ləvazimatı, yazı ləvazimatı, qələmdanlar / qələm qutuları , fotoşəkillər [çap olunmuş], bukletlər, rəsm və xəttatlıq üçün kağız, lövhə silgisi, sənədlər üçün dəstəkli tutacaqlar [dəftərxana ləvazimatı], çap edilmiş notlar, kağız plakatlar, kitablar üçün qoruyucu üzlər, rəngləmə kitabları, rəngləmə şəkilləri) və 35-ci (Afişaların yerləşdirilməsi, açıq məkanda reklam, radio reklamı, reklam materiallarının yayılması, məhsulların nümayişi, reklam materialarınnın icarəsi, televiziya reklamı, ticarət va ya reklam məqsədi ilə sərgilərin təşkili, reklam sahəsini kirayayə götürmə xidmətləri, kütləvi informasiya vasitələrində reklam vaxtının icarəsi, pərakənde satış üçün kütləvi informasiya vasitələrində malların təqdimatı) sinifləri üzrə əmtəə nişanı qismində qeydiyyata alınmışdır. N 2024 1939 nömrəli əmtəə nişanının Şəhadətnaməsinə əsasən “bookzone” Əmtəə nişanı ilkinlik tarixi xx.xx.2024-cü il müəyyən edilərək müvafiq Şəhadətnamə ilə qorunur və xx.xx.2024-cü il tarixində dövlət reyestrində qeydiyyata alınmışdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsiin Hüquqi şəxslərin dövlət qeydiyatı idarəsindən verilmiş çıxarışlara əsasən "xxxx" MMC xx.xx.2019-cu il tarixində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qeydiyyata alınaraq təsis edilmişdir. xx.xx.2024-cü il tarixində "xxxx" MMC ad dəyişikliyi edərək "xxxx" MMC olaraq adlandırılmışdır. xx.xx.2025-ci il tarixdə ad dəyişikliyi edilərək İddiaçı MMC adı altında fəaliyyət göstərir. xx.xx.2024-cü il tarixli hesab-fakturaya əsasən "xxxx" (indiki adı Ega Legal MMC) MMC tərəfindən İddiaçı MMC-yə göstərilmiş xidmətin dəyəri 1180 manat təşkil edir MT2406 seriyalı, 11634974 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 1180 manat məbləğində görülmüş işlərin dəyəri (Əmtəə nişanının alınması) İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, Müqavilə və onun əlavələrinə uyğun olaraq, əsas vəsait qismində 1180 manat dəyərində xidmət haqqını və Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq müəyyən edilmiş 35 manat məbləğində gecikmə haqqı olmaqla ümumilikdə 1215 manat həcmində vəsaitin 5 iş günü ərzində ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. xx.xx.2025-ci il tarixli **********74 saylı mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən dövlət büdcəsinə 32,26 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Maddə 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Maddə 778.2. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. Maddə 783.1. Vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir. Maddə 783.2. Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xidmət müqaviləsi adı altında müqavilə bağlansa da, tapşırıq müqaviləsi üzrə öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, 25 iyun 2024-cü il tarixli müqaviləyə əsasən iddiaçı cavabdehə “bookzone” söz işarəsi üçün əmtəə nişanı alınması xidmətini göstərməli, cavabdeh isə xidmətin dəyəri olaraq 1180 manat iddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. Göründüyü kimi həmin müqaviləyə əsasən iddiaçı cavabdehin ona tapşırdığı əmtəə nişanı alınması xidmətini şərtləşdirilmiş muzdla icra etməyi öhdəsinə götürmüşdür ki, bu da həmin müqavilənin tapşırıq müqaviləsi olduğunu təsdiq edir. İddiaçı müqavilədə nəzərdə tutulmuş tapşırığı yerinə yetirsə də, cavabdeh tərəfindən tapşırıq üçün şərtləşdirilmiş muzd ödənilməmişdir. Bununla da cavabdeh müqavilə ilə üzərinə götürmüş öhdəliyi yerinə yetirməmiş, qarşı tərəfin xidmətinə görə şərtləşdirilmiş 1180 manat muzdu ödəməmişdir. Bu fakt iş materiallarındakı sübutlarla (elektron qaimə, xidmətlərin göstərildiyini təsdiqləyən aktlar, qərar) da təsdiq olunur. Cavabdeh iddiaya qarşı heç bir etiraz etməmişdir. Buna görə də iddiaçının Mülki Məcəllənin 783.2-ci maddəsinə əsasən cavabdehdən müqavilə üzrə görülmüş xidmətin muzdunun ödənilməsini tələb etmək hüququ vardır və onun tələbi haqlıdır. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, iddiaçı tərəfindən cavabdehin tapşırığının icra olunduğunu, cavabdehin öz öhdəliyini lazımi qaydada icra etməyərək göstərilmiş xidmətlərə görə 1180 manat muzdu ödəmədiyini, iddiaçının tələbinin əsaslı olduğunu nəzərə alaraq hesab edir ki, 1180 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin iddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən əsas məbləğin ödənilməsinin gecikdirilməsinə görə illik beş faiz hesablanmaqla 46,98 manat məbləğində vəsaitin ödənilməsini tələb etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə, borcun ödənilməsini 1 ilə yaxın gecikdirdiyinə görə iddiaçının əsas borca hesablanmış illik beş faiz ödənilməsini tələb etmək hüququ vardır və buna görə də iddia həmin hissədə də təmin olunmalıdır. Bundan başqa məhkəmə iddianın təmin olunduğunu nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 32,26 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh MMC-dən 25 iyun 2024-cü il tarixli LM/R0024 saylı “Korporativ hüquq xidmətlərinin göstərilməsinə dair” Müqavilə və onun Əlavələrinə uyğun olaraq 1180 manat xidmət haqqı, 46,98 manat məbləğində gecikmə haqqı və ödənilmiş 32 (otuz iki) manat 26 (iyirmi altı) qəpik dövlət rüsumu olmaqla, ümumilikdə 1259 (min iki yüz əlli doqquz) manat 24 (iyirmi dörd) qəpiyin əvəzi tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar