Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5116/2025 28.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: əsassız varlanma) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə1, Cavabdehin nümayəndəsi və vəkili Qanuni nümayəndə2 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 400000 manat pul, 690 manat məhkəməyə ödənilmiş dövlət rüsumu, cəmi 400690 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçi İddiaçı MMC cavabdeh "xxxx" MMC-yə avans şəklində400 000 manat məbləğində pul ödənilmişdir. Belə ki, tərəflər şifahi olaraq müzakirələr apararaq razılığa gəlmişdir ki, cavabdeh iddiaçının sifarişi əsasında müvafiq işlər yerinə yetirəcəkdir. Lakin buna dair tərəflər arasında heçbir rəsmi sənədləşmə aparılmamış, hər hansı işlərin görülməsinə dair konkret sifarişlər verilməmişdir. Qarşılıqlı şəkildə imzalanmış heçbir razılaşma, müqavilə və s., sənəd mövcud deyil. Qeyd etmək istəyirik ki, avans şəklində cavabdehə köçürülmüş 400 000 manat pul müqabilində "xxxx" MMC tərəfindən hər hansı işlər və xidmətlər görülməyib. Beləki cavabdehlə aramızda hər hansı mülki-təsərrüfat münasibətləri, işlərin və xidmətlərin yerinə yetirilməsinə dair rəsmi müqavilə və sair sənədlər mövcud olmamışdır. Bu səbəbdən də hesab edirik ki, cavabdehin qeyri-qanuni şəkildə saxladığı yuxarıda qeyd edilən məbləğdə pul vəsaiti iddiaçıya geri qaytarılmalıdır.
3. Cavabdeh xx.xx.2025-ci il tarixdə iddia tələbinə dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə qarşı iddia qaldırılaraq, 400 000 manat pul, 690 manat məhkəməyə ödənilmiş dövlət rüsumu, cəmi 400 690 manat puulun tutularaq İddiaçı MMC-yə ödənilməsinə dair Qətnamə çıxarılması xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “İddiaçı MMC cavabdeh "xxxx" MMC-yə avans şəklində 400 000 manat məbləğində pul ödənilmişdir. Belə ki, tərəflər şifahi olaraq müzakirələr apararaq razılığa gəlmişdir ki, cavabdeh iddiaçının sifarişi əsasında müvafiq işlər yerinə yetirəcəkdir. Lakin buna dair tərəflər arasında heçbir rəsmi sənədləşmə aparılmamış, hər hansı işlərin görülməsinə dair konkret sifarişlər verilməmişdir. Qarşılıqlı şəkildə imzalanmış heçbir razılaşma, müqavilə və s., sənəd mövcud deyil. Qeyd etmək istəyirik ki, avans şəklində cavabdehə köçürülmüş 400 000 manat pul müqabilində "xxxx" MMC tərəfindən hər hansı işlər və xidmətlər görülməyib. Beləki cavabdehlə aramızda hər hansı mülki-təsərrüfat münasibətləri, işlərin və xidmətlərin yerinə yetirilməsinə dair rəsmi müqavilə və sair sənədlər mövcud olmamışdır. Bu səbəbdən də hesab edirik ki, cavabdehin qeyri-qanuni şəkildə saxladığı yuxarıda qeyd edilən məbləğdə pul vəsaiti iddiaçıya geri qaytarılmalıdır.” Aşağıda qeyd edilənlərlə iddianın tamamilə əsassız olduğu sübuta yetirilir və bu səbəbdən rədd edilməlidir. Bildiririk ki, "xxxx" MMC tərəfindən müqavilə üzrə öhdəliklər tam şəkildə icra olunmuş və təhviltəslim baş tutmuşdur. Lakin, İddiaçı MMC tərəfindən əsassız iddia qaldıraraq "xxxx" MMC tərəfindən heç bir işin nəticəsinin təhvil verilməməsi iddia edilmişdir. Qeyd etmək lazımdır ki, İddiaçı MMC işlərin nəticəsi ilə ümumiyyətlə maraqlanmamış, işin nəticəsini təhvil almadan iddia qaldırmışdır. Podratçı tərəfindən işin nəticəsinin təhvilə hazır olduğu sifarişçiyə bildirildikdən sonra sifarişçi həmin nəticəni əsaslı səbəb olmadan qəbul etmədikdə, təhvil-təslim rəsmiləşməsə belə, iş sifarişçiyə təhvil verilmiş hesab olunur. Bu, bir daha göstərir ki, İddiaçı MMC-nin işin nəticəsinin təhvil verilməməsi ilə bağlı irəli sürdüyü iddialar hüquqi baxımdan əsassızdır. Bundan əlavə, "xxxx" MMC tərəfindən təqdim edilmiş çoxsaylı yazılı müraciətlərə, zəmanət məktublarına və təhvil-təslim üçün edilən rəsmi çağırışlara baxmayaraq, İddiaçı MMC bu çağırışlara cavab verməmiş, işin nəticəsini qəbul etməyə təşəbbüs göstərməmiş və bu hərəkətsizliyi ilə qarşı tərəfin hüquqlarını pozmuşdur. Əlavə olaraq qeyd olunmalıdır ki, işin təhvil verilməsi zamanı "xxxx" MMC tərəfindən təqdim edilən sənədlər, o cümlədən görülmüş işlər barədə hesabatlar müvafiq qaydada tərtib olunmuş və bu sənədlərin surətləri İddiaçı MMC-yə təqdim olunmuşdur. Bu da "xxxx" MMC-nin müqavilə üzrə şəffaf və qanuni fəaliyyət göstərdiyini bir daha sübut edir. AR Mülki Məcəlləsinin 385-ci maddəsi 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Mülki Prosessual Məcəllənin 2.1-ci maddəsinə əsasən, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. İddiaçının istinad etdiyi hazırkı güman edilən “pozuntu” məhkəmədə baxılmalı olan “mübahisə” hesab edilə bilməz. Başqa sözlə desək, mübahisə həqiqi və ciddi olmalıdır. Belə olan halda, mövcud olmayan mübahisə üzrə iddiaçının həqiqi və ciddi olmayan tələbi ilə bağlı məhkəmənin hazırda mübahisələndirilən qətnaməni qəbul etməsi yuxarıda istinad edilən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilmədiyini bir daha təsdiq edir.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında ilkin olaraq tikinti işlərinin aparılması ilə bağlı danışıqlar aparılmış, bu məqsədlə cavabdehə 400000 manat avans verilmiş, lakin daha sonra hər hansı müqavilə, razılaşma olmamış, ümumiyyətlə iddiaçının sifarişi olmamış, cavabdeh tərəfindən hər hansı iş icra edilməmişdir. Cavabdehin iddia ərizəsinə əlavə etdiyi müqavilənin iddiaçıya hər hansı aidiyyəti yoxdur. Cavabdehlə hər hansı podrat müqaviləsi bağlanmamış, cavabdehin birtərəfli aktlarda göstərdiyi ünvanlarda hər hansı işlərin aparılması ilə bağlı iddiaçının hər hansı sifarişi olmamışdır. Ümumiyyətlə cavabdehin aktlarda göstərdiyi ünvanlara iddiaçının hər hansı əlaqəsi yoxdur. Cavabdeh görülmüş işlərlə bağlı 311700 manat pulun tutulması ilə bağlı onlara qarşı Sumqayıt Kommersiya Məhkəməsinə iddia ərizəsi vermiş, onun iddiası xx.xx.2025-ci il tarixdə təmin edilməmiş, qətnamədən verilmiş apellyasiya şikayəti xx.xx.2025-ci il tarixdə qərardadla geri qaytarılmış, həmin akt cavabdeh tərəfindən mübahisələndirilməmiş, beləliklə qətnamə qanuni qüvvəsini almışdır. İddiaçı hazırda tələb edilən pulun geri qaytarılması ilə bağlı qarşılıqlı iddia ərizəsini qanunla nəzərdə tutulmuş 20 günlük müddəti ötürməsi səbəbindən vaxtında verə bilməmiş, daha sonra bu tələblə bağlı Bakı Kommersiya Məhkəməsinə ayrıca iddia ərizəsi vermişdir.
6. Məhkəmə iclasında cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə1 iddia ərizəsinə etiraz edərək, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı "xxxx" MMC-lə bağlı podrat müqaviləsi üzrə nəzərdə tutulmuş işlərin icrasını subpodrat müqaviləsi əsasında cavabdehə həvalə etmiş, cavabdeh aktlarda göstərilmiş işləri tam şəkildə icra edib cavabdehə təhvil vermişdir. İşlər 5 ay ərzində, yəni 2024-cü ilin may ayından noyabr ayına qədər davam etmişdir. Tələb edilən mal-material cavabdeh tərəfindən alınmış, işçilik xərci tərəflərindən ödənilmişdir. İddiaçı tərəfindən onlara 2024-cü ilin avqust ayı ərzində ödənilmiş 400000 manat pul avans deyil, görülmüş işə görə muzd olmuşdur. O, müqaviləni, habelə aktları cavabdehin işlər icra edilən yerə həftədə bir dəfə gəlib nəzarət edən “prorab”a təqdim etmiş, lakin nə müqavilə, nə də aktlar iddiaçı tərəfindən imzalanmamışdır. Tərəflər arasında daha əvvəl müqavilə olmasa da, iddiaçı şirkəti onun qardaşı tanımış, tərəflər arasında etimad olmuş, bu səbəbdən hər hansı sənədləşmə aparılmadan bu həcmdə iş icra edilmişdir. İddiaçının görülmüş işlərin dəyərini tam şəkildə ödəyəcəyinə inandıqları üçün işləri dayandırmamış, vaxtında iddiaçıya hər hansı elektron qaimə təqdim edilməmişdir. İşlərin görülməsini təqdim etdikləri foto və videolar, habelə müqavilə, təhvil aktları, üçüncü şəxslərlə bağladıqları müqavilələr təsdiq edir.
7. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Qanuni nümayəndə2 iddia ərizəsinə etiraz edib yazılı etirazlarının məzmununa uyğun izahat verib iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq işin dövlət büdcəsi hesabına maliyyələşdirilmiş təmir-bərpa işləri ilə bağlı olması və ictimai ittiham elementlərini əhatə etməsi səbəbindən, Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə təqdim olunmaq üçün xüsusi qərardad qəbul edilməsini xahiş etdi.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. İş materiallarında olan 02 avqust 2024-cü il tarixli AZ240801001 nömrəli ödəniş tapşırığı üzrə 150000 manat, 15 avqust 2024-cü il tarixli AZ240815001 nömrəli ödəniş tapşırığı üzrə 100000 manat, 21 avqust 2024-cü il tarixli AZ240821002 nömrəli ödəniş tapşırığı üzrə 150000 manat məbləğində vəsait təyinat hissəsində avans göstərilməklə iddiaçı tərəfindən cavabdehin bank hesabına köçürülmüşdür.
10. İddiaçı Cavabdeh İddiaçınə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək 311700 (üç yüz on bir min yeddi yüz) manat məbləğində borc və 31170 (otuz bir min yüz yetmiş) manat məbləğində cərimə olmaqla, cəmi 342870 (üç yüz qırx iki min səkkiz yüz yetmiş) manat məbləğində pul vəsaitinin və çəkilmiş məhkəmə xərclərinin əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-814/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir.
11. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-814/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-814/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan şikayət verilməmişdir.
12. Məhkəmə nümayəndələrin izahatlarını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
14. 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər.
15. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
16. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.
17. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
18. 405.2-ci maddəsinə əsasən müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır.
19. 407.1-ci maddəsinə əsasən müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır.
20. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
21. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
22. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
23. Belə ki, iddiaçı iddia ərizəsində ilkin olaraq tərəflər arasında əldə edilmiş razılaşmaya əsasən cavabdehə 400000 manat avans ödənildiyini, lakin daha sonra hər hansı müqavilə bağlanmadığını göstərib ödədiyi vəsaitin əsassız varlanma qaydasında geri qaytarılmalı olmasını göstərmişdir.
24. Cavabdeh iddiaya qarşı etirazında tərəflər arasında xx.xx.2024-cü il tarixdə müqavilə bağlandığını (həmin müqavilənin iddiaçı tərəfindən sonradan imza edilməsindən imtina edildiyini), həmin müqavilə üzrə iddiaçının sifarişi əsasında Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən bir sıra binaların fasad hissəsində ümumilikdə ƏDV daxil olmaqla 839815,57 manat həcmində işlərin icra edildiyini, həmin işlərin xx.xx.2024-cü ildə aktlar əsasında iddiaçıya təhvil verilməsinə baxmayaraq iddiaçı tərəfindən aktların imza edilmədiyini bildirir.
25. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 02-05/24 saylı podrat müqaviləsinin predmet hissəsində ümumiyyətlə icra edilməli olan işlərin nədən ibarət olması, işlərin hansı ünvanlarda, hansı həcmdə həyata keçirilməli olması göstərilməmiş, müqavilə iddiaçı tərəfindən imzalanmamışdır.
26. Cavabdeh ümumiyyətlə müqavilənin, habelə onun eyni tarixli əlavəsinin iddiaçıya imza edilməsi məqsədilə təqdim edilməsini, iddiaçının həmin müqavilənin bağlanmasına razılıq verməsini təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.
27. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli aktları da məhkəmə mötəbər sübut qismində qəbul etmir.
28. Belə ki, həmin aktlar birtərəfli qaydada tərtib edilmiş, ümumiyyətlə aktların iddiaçıya 2024-cü ilin noyabr ayında göndərilməsi, imzalanmasının ondan tələb edilməsi, həmin aktlarda qeyd edilmiş işlərlə bağlı iddiaçı MMC-yə hər hansı hesab-fakturanın göndərilməsi, elektron qaimə(lər)in təqdim edilməsi, aktlarda göstərilmiş həcmdə işin icra edilməsi, material alınması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır.
29. Cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə1 məhkəmə iclasındakı izahatında ümumiyyətlə bu həcmdə işlərin hər hansı yazılı müqavilə, razılaşma, yazılı sifariş olmadan görülməsini, işin həcminin necə razılaşdırıldığını, qiymətlərin hansı qaydada müəyyən edildiyini, tərəflər arasında yazışmaların işlərin davam etməsinin iddia edildiyi 5 ay ərzində, habelə ondan sonrakı dövrdə hansı qaydada aparıldığı, işlərin həqiqətən də görüldüyü halda, iddiaçıya görülmüş işlərlə bağlı ümumiyyətlə hesabatların, məlumatların hansı qaydada verilməsini, iddiaçı tərəfindən 400000 manat vəsaitdən başqa ödəniş edilmədiyi təqdirdə hansı səbəbdən işlərin dayandırılmaması, qalıq 439815,57 manat borcun işlərin davam etdiyi müddət ərzində habelə ondan sonra necə tələb edilməsini ağlabatan şəkildə izah edə bilməmişdir.
30. Bundan əlavə, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş vatsap yazışmalarından görünür ki, 2025-ci ilin avqust ayında iddiaçının işçisi olan Səbinə Hənifəyeva cavabdehin nümayəndəsinə avans ödənişlə bağlı qaimənin göndərilməsini təklif etmişdir.
31. Məhkəmənin “işlərin 2024-cü ilin may ayında başlandığı halda hansı səbəbdən iddiaçıya hər hansı elektron qaimənin və ya hesab fakturanın göndərilməməsi, hər hansı təhvil aktının (forma 2) imzalanmasının tələb edilməməsi, iddiaçıdan ondan işlərin icrasına başlandığı iddia edilən may ayından keçən 3 ay sonra avqust ayında elektron qaimənin deyil, avans qaiməsinin göndərilməsinin təklif edilməsinin səbəbi” kimi suallara da cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə1 cavab verə bilməmişdir.
32. Bundan əlavə, cavabdeh Məhkəməyə işlərin görüldüyünü iddia etdiyi binaların fotoşəkillərini təqdim etmiş, cavabdehin nümayəndələri öz izahatlarında fotoşəkillərdə olan binaların fasad hissəsində cavabdeh tərəfindən işlərin aparıldığını bildirmişlər.
33. Məhkəmə hesab edir ki, həmin fotoşəkillər də hazırkı iş üzrə mötəbər sübut qismində nəzərə alına bilməz.
34. Belə ki, həmin fotoşəkillərin hansı şəraitdə, harada çəkilməsi, orada olan işlərin cavabdehin bildirdiyi kimi həqiqətən onun tərəfindən icra edilməsi bəlli deyildir, bundan əlavə həmin şəkillərlə işlərin həqiqətən də cavabdeh tərəfindən, habelə məhz iddiaçının sifarişi əsasında görülməsi təsdiq olunmur.
35. Beləliklə, məhkəmə araşdırması zamanı tərəflər arasında hər hansı podrat müqaviləsinin bağlanması, iddiaçının sifarişi əsasında Bakı şəhəri, Azadlıq prospekti, 257,259,261,263,265 saylı binalarda 103654,39 manat, Bakı şəhəri, Azadlıq prospekti, 245,247,249,251,253,255 saylı binalarda 104389,88 manat, Bakı şəhəri, Azadlıq prospekti, 198,200 saylı binalarda 249845,53 manat, Bakı şəhəri, Azadlıq prospekti, 202,204,206,208,210 saylı binalarda 179116,63 manat, Bakı şəhəri, Azadlıq prospekti, 237,239,243 saylı binalarda 202809,14 manat, ümumilikdə 839815,57 manat həcmində işlərin icra edildiyi öz təsdiqini tapmamışdır.
36. Çünki işin yuxarıda müəyyən olunan hallarından da göründüyü kimi cavabdeh tərəfindən iddiaçının sifarişi əsasında 839815,57 manat dəyərində podrat işlərin görülməsi və iddiaçıya təqdim edilməsi heç bir yazılı sənəd və sübutla təsdiq olunmur.
37. Bununla bağlı məhkəmə qeyd edir ki, hüquqi şəxs olan cavabdeh tərəfindən kifayət qədər böyük həcmli və yüksək dəyərdə olan podrat işlərinin görülməsini təsdiq edən heç bir yazılı sübutun təqdim edilə bilməməsi inandırıcı və ağlabatan deyildir.
38. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarında göstərmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68).
39. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərarında isə qeyd etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, əsaslı şübhədən kənar sübut standartları tətbiq edilir (§93).
40. Yuxarıda göstərilənlərə əsasən işin faktiki hallarını və qanunvericiliyin müddəalarını nəzərə alan Məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
41. Məhkəmə cavabdeh tərəfindən hazırkı iş üzrə xüsusi qərardad çıxarılması barədə vəsatətini də əsassız hesab edir.
42. Belə ki, hazırkı kommersiya mübahisəsi ilə bağlı xüsusi qərardadın çıxarılması üçün əsaslar müəyyən edilməmişdir.
43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir.
44. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
45. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən 690 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
V. Nəticə:
46. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 400000 manat məbləğində pul, 690 manat dövlət rüsumu, ümumilikdə 400690 (dörd yüz min altı yüz doxsan) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova