Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5126/2022 28.11.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Cəfərzadə Şəhriyar Rəhman oğlunun katibliyi iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh2 qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 xx.xx.2022-ci il tarixinə hesablanmış 850 (səkkiz yüz əlli) manat məbləğində əsas borcun, 2170 (iki min yüz yetmiş) manat məbləğində cərimə məbləğinin, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 29 (iyirmi doqquz) manat pulun, qətnamə icra olunan günə kimi hər ay 50 (əlli) manat məbləğində saxlama haqqının və ödənilmiş 40 (qırx) manat məbləğində mediasiya haqqının və 11 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi, borc məbləğinin anbarda saxlanılan mallara yönəldilməsi, malların satışından əldə edilən pul vəsaiti borc məbləğini ödəməzsə, qalıq borcun Cavabdeh2 tutulması, borc tam ödənildikdən sonra anbar sahəsinin tam boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “saxlayıcı” İddiaçı MMC ilə “tapşıran” Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixli anbarda saxlama müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən “saxlayıcı” sifariş əsasında “tapşıran”a məxsus malları özünəməxsus ünvan 1 ünvanında yerləşən saxlanc anbarının 30 kv.m sahəsində saxlamağı, “tapşıran” isə bunun müqabilində müqavilədə müəyyən edilmiş qaydada (aylıq 50 manat) və məbləğdə saxlama haqqını ödəməyi öhdəsinə götürmüşdür. Belə ki, cavabdeh tərəfindən saxlanc anbarına vaxtaşırı mallar daxil edilərək bu günədək anbarda saxlanılsa da, cavabdeh öhdəliklərini pozaraq saxlama haqqının ödənişindən yayınmışdır. Qoşmaya əlavə edilmiş fotoşəkillərdən də aşkar görünür ki, cavabdeh iddiaçının qanuni sahibliyində olan sahənin böyük bir hissəsini uzun müddətdir ki, saxlama haqını ödəməməklə əsassızca zəbt etmişdir. xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin saxlama haqqı üzrə müvafiq günə olan qalıq borcu 850 (səkkiz yüz əlli) manat təşkil etməkdədir. Cavabdeh2 dəfələrlə saxlama haqqının ödənilməsinə dair şifahi və xx.xx.2022- ci il və xx.xx.2022-ci il tarixində yazılı qaydada pretenziya məktubu ilə müraciətlər olunsa da, lakin bu günə qədər cavabdeh saxlama haqlarını ödəməkdən müxtəlif bəhanələrlə boyun qaçırmaqdadır. Bununla bərabər xx.xx.2022-ci il tarixində cavabdehə mübahisənin mediasiya vasitəsi ilə həll edilməsinə dair mediasiya təklifi göndərilmişdir, xx.xx.2022-ci il tarixində mediasiya təklifi üzrə baş tutmuş ilkin sessiyada yaranmış mübahisənin həll edilməsi barədə cavabdehlə qarşılıqlı təkliflər edilmiş, lakin cavabdehlə yekun nəticə olmadığından hazırkı mübahisə mediasiya mərhələsində həll edilməmişdir. Habelə, daha sonra xx.xx.2022-ci il tarixində cavabdehlə borc ödənişinin xx.xx.2022-ci il tarixinədək ödənilməsi barədə xx.xx.2022- ci il tarixli 1 saylı Əlavə bağlanılsa da, cavabdeh təkrarən öhdəliyini əsassızca icra etməyərək ödənişdən yayınmışdır. Beləliklə, göründüyü kimi cavabdeh ödənişdən yayınmaq üçün müxtəlif üsullara əl atmağı səbəbindən hazırkı mübahisə məhz məhkəmə vasitəsilə həll edilməlidir. Əlavə olaraq, xx.xx.2020-ci il tarixli müqavilənin 3.3-cü bəndinə əsasən “tapşıran” saxlama haqqının gecikdirilməsinə görə “saxlayıcı”ya hər gecikdirilmiş gün üçün aylıq saxlama haqqının 1%-i məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. Bu əsasla gecikdirilmiş müddət üzrə cavabdehin ödəməli olduğu cərimə məbləği ümumilikdə 2170 (iki min yüz yetmiş) manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə nümayəndəsinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş üzrə cavabdehin üzrlü səbəblərdən məhkəmə iclasına gəlmədiyinə dair hər hansı bir hallar müəyyən olunmadığına görə və onun gəlməməsi işə baxılmasına mane olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarında olan: X5 ilə İddiaçı MMC arasında imzalanmış 5 fevral 2020 tarixli anbarda saxlama müqaviləsinə əsasən “saxlayıcı” sifariş əsasında “tapşıran”a məxsus malları özünəməxsus, ünvan 1 ünvanında yerləşən saxlanc anbarının 30 kv.m sahəsində saxlamağı, “tapşıran” isə bunun müqabilində müqavilədə müəyyən edilmiş qaydada (aylıq 50 manat) və məbləğdə saxlama haqqını ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən saxlama xidmətinə görə 50 manat məbləğində saxlama haqqı müəyyənləşdirilir. Saxlama haqqı müqavilənin davam etdiyi hər növbəti ay üçün əvvəlcədən ödəniləcəkdir. 3.3-cü bəndə əsasən saxlama haqqının gecikdirilməsinə görə “tapşıran” “saxlayıcı”ya hər gecikdirilmiş gün üçün aylıq saxlama haqqının 1%-i məbləğində haqq ödəyir. X5 və İddiaçı MMC arasında imzalanmış fevral 2020 tarixli anbarda saxlama müqaviləsinə əlavə 1-ə əsasən X3 xx.xx.2022 tarixinə hesablanmış əsas borcu 800 manat təşkil edir. X5 800 manat məbləğində əsas borc məbləğini xx.xx.2022 tarixinədək ödəməyi öz öhdəsinə götürür. 14.0.2022-ci il tarixli 010AZ**********1 nömrəli ödəniş tapşırığına əsasən 40 manat Bakı 2 saylı Mediasiya Təşkilatının bank hesabına köçürülmüşdür. xx.xx.2022-ci il tarixli HM 26/3 nömrəli maliyyə arayışına əsasən X3 İddiaçı MMC-yə xx.xx.2022 tarixinə 1.000 manat əsas borc, 3.126 manat cərimə borcu, gecikdirilmiş vaxt üçün ilik 5% hesablanmaqla 42 manat borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləinin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 822-ci maddəsinə əsasən saxlama müqaviləsinə görə bir şəxs (yük götürən, saxlayıcı) başqa şəxsin (yük verənin, tapşıranın) ona verdiyi daşınar əşyanı saxlamağı və müqavilənin qüvvəsi sona çatdıqda qaytarmağı öhdəsinə götürür. Həmin Məcələnin 827-ci maddəsinə əsasən anbar sahibi sənətkarlıq şəklində saxlama ilə məşğul olan və saxlama üzrə öz xidmətlərini açıq təklif edən saxlayıcıdır. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarında ayrı şərt qoyulmayıbsa, anbar sahibinin xidmətlərinə saxlama haqqında göstərişlər tətbiq edilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında anbarda saxlama müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də cavabdeh müqavilə üzrə götürdüyü öhdəlikləri yerinə yetirməyərək, müqavilənin şərtlərini pozmuşdur. Nəticədə cavabdehin iddiaçıya saxlanca verdiyi mallar üzrə borcu yaranmışdır. Belə olan halda məhkəmə cavabdehin iddiaçı ilə aralarında bağlanmış müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə sonuncuya borcunun yarandığını nəzərə alaraq hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış 850 (səkkiz yüz əlli) manat məbləğində əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Eyni zamanda iddiaçı 2.170 manat məbləğində cərimə borcunun tutulmasını da tələb etmişdir. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdeh X3 ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə və razılaşmada öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan cərimə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə məbləği tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə məbləği 85 manat məbləğində müəyyən edilməlidir. Bununla yanaşı iddiaçı gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 29 (iyirmi doqquz) manat pulun, qətnamə icra olunan günə kimi hər ay 50 (əlli) manat məbləğində saxlama haqqının ödənilməsini də tələb etmişdir. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə qeyd olunanları əsas götürərək, iddiaçı tərəfindən tələb olunan gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 29 (iyirmi doqquz) manat əsaslı olduğundan təmin edilməli və qeyd olunan məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qətnamə icra olunan günə kimi hər ay 50 (əlli) manat məbləğində saxlama haqqının ödənilməsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbində iddianın qiyməti dəqiq olaraq göstərilməlidir. Bununla yanaşı iddiaçı iddia tələbində borc məbləğinin anbarda saxlanılan mallara yönəldilməsi, malların satışından əldə edilən pul vəsaiti borc məbləğini ödəmədiyi halda qalıq borcun cavabdeh X2 tutulması, borc tam ödənildikdən sonra anbar sahəsinin tam boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsini də qeyd etmişdir. Məhkəmə sadalanan tələblərə münasibətdə qeyd edir ki, məhkəmə qətnaməsinin icrası mərhələsində “İcra haqqında” qanunun tələblərinə uyğun olaraq keçirilə bilər. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 43.1-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirlərindən biridir. Qeyd edilən tələb qətnamənin icra mərhələsi ilə bağlı olduğundan həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 40 (qırx) manat, 11 (on bir) manat dövlət rüsumu, cavabdehdən tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. X2 xx.xx.2022-ci il tarixinə hesablanmış 850 (səkkiz yüz əlli) manat məbləğində əsas borc, 85 (səksən beş) manat məbləğində cərimə məbləği, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 29 (iyirmi doqquz) manat, ödənilmiş 40 (qırx) manat məbləğində mediasiya xərci və 11 manat məbləğində dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-5126/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5126/2022
28.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver