Məhkəmə qərarları › İş №e-2-2(113)-5138/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5138/2023

15.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5138/2023 15.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, üzləşmə aktı, elektron qaimə) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 8069 manat və mediasiya ödənişi qismində ödənilmiş 105.00 manat, cəmi 8174 manat məbləğində pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikasında istehsal edilən müxtəlif təyinatlı malların irihəcmli yük avtomobilləri ilə quru yollarla daşınması fəaliyyətini həyata keçirir. Tərəflər arasında xx.xx.2022-ci il tarixli, QAYA 047/2022 nömrəli beynəlxalq yükdaşıma xidmətlərinin göstərilməsi haqqında müqavilə imzalanmışdır. Bağlanmış müqavilənin şərtlərinə əsasən İddiaçı 2022-ci ildə cavabdehin sifarişi əsasında 33862.50 manat dəyərində beynəlxalq yük daşıma xidməti göstərmişdir. Cavabdeh müxtəlif tarixlərdə göstərilmiş xidmətin dəyərinin 25793.50 manatını ödəmiş və bü günkü günə 8069 manat borcu qalmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli, QAYA 047/2022 nömrəli beynəlxalq yükdaşıma xidmətlərinin göstərilməsi haqqında müqavilə üzrə ödənişlər yerinə yetirilməmiş və hazırda cavabdehin iddiaçıya ödənilməmiş 8069 manat borcu vardır. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Ə.Məmmədov iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçının cavabdehə təqdim etdiyi elektron qaimələr sonuncu tərəfindən təsdiq edilmiş, son daşımanın dəyəri ümumiyyətlə ödənilməmiş, ondan əvvəlki daşımanın dəyəri isə qismən ödənilmişdir. Hazırda cavabdehin ödənilməmiş əsas borcu 8069 manat təşkil edir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məlumat verməmişdir.

5. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı və cavabdeh arasında tərtib edilmiş qarşılıqlı borcların üzləşdirilməsi barədə aktdan görünür ki, cavabdehin xx.xx.2023-cü il tarixə olan borcu 16199 manat təşkil edir.

8. İddiaçı (satıcı) və cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, QAYA 047/2022 nömrəli beynəlxalq yükdaşıma xidmətlərinin göstərilməsi haqqında müqaviləyə əsasən sifarişçi (cavabdeh) beynəlxalq yükdaşıma xidmətlərinin göstərilməsini sifariş verib icraçıya (iddiaçı) razılaşdırılmış xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada yükdaşıma xidmətləri göstərməyi öhdəsinə götürür.

9. Müqavilənin 2.3-cü bəndinə əsasən bu müqavilə üzrə ödəniş icraçı tərəfindən iş icra olunduqdan sonra 15 (on beş) iş günü müddətində nağdsız qaydada həyata keçiriləcəkdir.

10. Müqavilənin 1 saylı, xx.xx.2022-ci il tarixli əlavəsində yükdaşıma xidmətinin dəyəri razılaşdırılmışdır.

11. İddiaçıya məxsus hesabdan çıxarışa əsasən cavabdeh tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixdə 2000 manat, xx.xx.2022-ci ildə 9033,50 manat, xx.xx.2022-ci ildə 6630 manat, xx.xx.2023-cü ildə 1840 manat, xx.xx.2023-cü ildə 6290 manat, ümumilikdə 25793,50 manat pul ödənilmişdir.

12. İddiaçı tərəfindən cavabdehə EBBZ 067721 saylı, xx.xx.2022-ci il tarixli (6247,50 manat), EBCA 323533 saylı, xx.xx.2022-ci il tarixli (200 manat), EBCA 707027 saylı, xx.xx.2022-ci il tarixli (6426 manat), EBCB saylı 175514 saylı, xx.xx.2022-ci il tarixli (8160 manat), EBCG 482605 saylı, xx.xx.2022-ci il tarixli (6290 manat), EBCJ 386783 saylı, xx.xx.2022-ci il tarixli (6630 manat) elektron qaimələr təqdim edilmişdir.

13. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

14. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

15. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;

16. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

17. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

18. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

19. Həmin Məcəllənin 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.

20. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında yükdaşıma xidmətlərinin göstərilməsi haqqında müqavilə bağlanmış, həmin müqavilə əsasında yük daşınmaları həyata keçirilmiş, həmin daşınmanlara görə daşıma haqlarının ödənilməsi razılaşdırılmış, iddiaçı tərəflər arasında razılaşdırılmış yüklərin təyinat yerinə müqavilə şərtlərinə əsasən daşınmasını həyata keçirilmiş, xidmətlər cavabdeh tərəfindən qəbul edilmişdir.

21. Bu səbəbdən məhkəmə hesab edir ki, daşıyıcı tərəfindən yükün daşınıb təhvil verilməsi ilə bağlı öhdəlik icra olunduğundan və öhdəliyin icrası cavabdeh tərəfindən hər hansı irad bildirilmədən qəbul edildiyindən daşıma haqqı üzrə borcun tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir.

22. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, cavabdehin xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri tam icra etmədiyini, nəticədə cavabdehin daşıma müqaviləsi üzrə iddiaçıya ümumilikdə 8069 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 8069 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

24. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 105 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.

V. Nəticə:

25. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 8069 manat məbləğində pul, ödənilmiş 105 manat məbləğində dövlət rüsumu, ümumilikdə 8174 (səkkiz min bir yüz yetmiş dörd) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar