Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5140/2023 27.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər X7 və X8 qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: borc tələbi) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi, İddiaçı, İddiaçının vəkili X15 oglunun, Cavabdehlər X5 və X6 nümayəndələri və vəkilləri X2 oglunun iştirakı ilə, İddiaçı cavabdehlər X7 və X8 qarşı cavabdehlərdən 590.000 ABŞ dolları pulun alınaraq iddiaçıya verilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı cavabdehlərə qarşı cavabdehlərdən 590.000 ABŞ dolları pulun alınaraq iddiaçıya verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər iddiaçıdan aldıqları 160.000 (bir yüz altmış min) ABŞ dollarını vermədikləri üçün O, Bakı şəhər Baş Polis İdarəsinə şikayət etmişdir. Araşdırma zamanı bildirmişdir ki, X9 2005-ci ildən tanıyır. 2005-ci ilin yanvar ayında iddiaçı X1 Məkkə şəhərinə müqəddəs Həcc ziyarətinə gedərkən tanış olmuş, həmin vaxtdan da Samirlə dostluq münasibəti olmuş, heç bir qərəzçilik və ədavəti olmamışdır. Samir atası Əli ilə birlikdə Sədərək Ticarət Mərkəzində yerləşən özlərinə məxsus olan iki mağazada santexnika mallarının ticarəti ilə məşğuldurlar. Həcc ziyarətindən qayıtdıqdan sonra iddiaçı Samirə demişdir ki, Sədərək Ticarət Mərkəzində mağaza alıb ticarətlə məşğul olmaq istəyir. Samir ona dedi ki, heç bir problem yoxdur, lap istəyirsən gəl birlikdə işləyək. Samir ona bildirdi ki, pul verərək onun ticari dövriyyəsinə sərmayə yatıracağsan, Samir isə müəyyən müddət ərzində ticari dövriyyəni artıraraq ona verdiyi mayaya uyğun olaraq əlavə gəlir verəcək, ümumi ticari dövriyyədən əldə olunmuş gəliri ikisinin arasında yarıbayarı böləcəklər. Samirə verdiyi əsas pul elə ticari dövriyyədə qalacaq, həmin əsas məbləgi ona sonda qaytaracaq. Bir müddət Samirin təklifi barədə düşünmüş, Təxminən 2011-ci ildə Samirlə təklikdə söhbətləşərək qərara gəlmişdir ki, imkanı çatdığı məbləğdə pul versin, Samirlə həmin pulu ticari dövriyyəyə yatırsın. Belə ki, sövdələşməyə əsasən iddiaçı ilkin olaraq həmin vaxt əlində olan və özünə məxsus 50.000 (əlli min) ABŞ dolları pulu Samirə verməli, Samir isə həmin pulu öz ticari dövriyyəsinə yatıraraq Çin Xalq Respublikasından santexnika materiallarını ucuz qiymətə alaraq Azərbaycan Respublikasının ərazisinə gətirərək nisbətən baha qiymətə sataraq, 3 il ərzində ticari dövriyyədən əldə etdiyi gəlir əsasında iddiaçıya hər ay orta hesabla gəlir qismində 1000 ABŞ dolları pul verəcəkdi. Sədərək Ticarət Mərkəzində Samirə məxsus mağazada bu məzmunda danışaraq razılaşmışlar. Həmin an ətrafda heç kim olmamışdır. Samir bu məqsədlə 17 dekabr 2011-ci il tarixdə təxminən saat 18 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Vaqif küçəsi, döngə 2, Hövsan südçülük sovxozu, ev 9 da, yəni Samirin yaşadığı ünvanda oğlu Mirdadaş Əsgərzadə və Samirin atası Əlinin şahidliyi ilə Samirə özünə məxsus olan 50.000 (əlli min) ABŞ dolları pulu vermişdir. Samir ondan pulu alarkən bir daha bildirdi ki, həmin pulu ticari dövriyyəyə yatıraraq Çin Xalq Respublikasından ölkə ərazisinə ucuz qiymətə santexnika malları alıb gətirərək nisbətən baha qiymətə sataraq gəlir əldə edəcək, 3 (üç) il ərzində orta hesabla hər ay ona 1.000 (min) ABŞ dolları xeyir verəcək. Həmin vaxtdan başlayaraq Samir 3 il ərzində, yəni 2015-ci ilin yanvar ayınadək otuz altı ay ərzində Bakı şəhəri ərazisində müxtəlif ünvanlarda təklikdə hər ay 1.000 (min) ABŞ dolları, ümumilikdə isə 36.000 (otuz altı min) ABŞ dolları pulu gəlir qismində iddiaçıya vermişdir. İddiaçı Samirin hansı növ və çeşid santexnika mallarını Çin Xalq Respublikasından ölkə ərazisinə gətirilməsini görməmişdir. Samir sadəcə üzbəüz danışarkən ona demişdir ki, guya o müxtəlif növ santexnika mallarını Çindən ucuz qiymətə alaraq ölkə ərazisinə gətirir. Bir müddət sonra bir neçə dəfə Samirə təklif etmişdir ki, onsuz da işsizdir, onun ticari dövriyyəsinə pul yatırmışdır, onun mağazasında onunla birlikdə işləsin, ticari dövriyyənin gedişatını müşahidə edərək nəzarətdə saxlasın. Samir hər dəfə onun bu təklifini rədd etmişdir. Samir bu qaydada var gücü ilə çalışmışdır ki, iddiaçı mağazasına gəlməsin və ticari dövriyyənin gedişatından tam məlumatsız olsun. Samir ticari dövriyyənin gedişatının detalları barədə ona ümumiyyətlə heç bir məlumat verməmiş, yalnız ümumi sözlərlə demişdir ki, işlər yaxşıdır, qaydasındadır. Təxminən 2012-ci ilin aprel ayının əvvəllərində Samirlə təklikdə söhbətləşərkən ona demişdir ki, oğlu Mirdadaş üçün Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində yerləşən binada 105 kvadrat metr sahəyə malik içərisi təmirsiz mənzil almışdır. Samir ona təklif etdi ki, həmin evi sataraq pulu ticari dövriyyəyə sərmayə qismində yatırsın, ticari dövriyyə genişlənərək artsın və birlikdə artıq gəlir əldə etsinlər. O, Samirin təklifinə bir qədər tərəddüd etmiş, lakin Samir onun mənzilinin satışından əldə olunaraq ticari dövriyyəyə yatırılmış pulu sonradan ona qaytarılmasına söz verdi. O, Samirə inanmış və Samirlə razılaşmışdır. Bir neçə gün sonra Samirin atası Əli də onunla görüşərək dedi ki, narahat olma, evi satıb pulunu ver Samirə, biz ticari dövriyyəni artıraq, hər şey yaxşı olacaq. Mən həmin mənzili 90.000 (doxsan min) ABŞ dollarına satışa çıxarmağıma baxmayaraq mənzili həmin qiymətə alan real alıcı olmamış, mənzilə yalnız 80.000 ABŞ dolları alış qiyməti təklif edilmişdir. O, Əli ilə mobil telefon vasitəsi ilə bu barədə danışdıqda Əli ona demişdir ki, narahat olma, mənzili 10.000 (on min) ABŞ dolları ucuz qiymətə, yəni 80.000 (səksən min) ABŞ dollarına sat, həmin 10.000 (on min) ABŞ dolları ziyanın yarısı mənim payıma düşsün, yarısını isə, yəni 5.000 (beş min) ABŞ dollarını Samir qaytaracaq. İddiaçı bütün bunlardan sonra Samirlə Əliyə tam inanmış və qısa müddət ərzində mənzili 80.000 ABŞ dollarına satmışdır. O bu məqsədlə 11 aprel 2012-ci il tarixdə yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, ev 26, mənzil 26-da həyat yoldaşı X10, qızı Aysel Əsgərova, oğlu Mirdadaşın şahidliyi ilə 50.000 (əlli min) ABŞ dolları, 25.000 (iyirmi beş min) manat, ümumilikdə 80.000 (səksən min) ABŞ dolları pulu Əliyə vermişdir. Həmin vaxt Əli adını bilmədiyi qardaşı ilə birlikdə onun evinə gəlmişdir. Əli dedi ki, həmin pulları gün ərzində Çin Xalq Respublikasında olan oğlu Samirə göndərəcək, Samir həmin pulları santexnika mallarının ticari dövriyyəsinə sərf edəcək, nəticədə ticari dövriyyə genişlənəcək və daha çox gəlir əldə edəcəklər. Əli öz mobil telefonundan Samirə zəng etdi, Samir bir neçə dəqiqə ərzində mobil telefonda onunla danışaraq dedi ki, narahat olma, pulu atama ver, atam həmin pulları mənə çatdıracaq və mən həmin pulların hamısını ticari dövriyyəyə yatıracam. Bundan sonra Əli qardaşı ilə birlikdə bizdən ayrıldı. Bir müddət sonra Samir ona dəqiq olaraq xatırlamadığı tarixlərdə 20.000 (iyirmi min), 15.000 (on beş min), 9.000 (doqquz min) ABŞ dolları pulları təklikdə Bakı şəhəri ərazisində müxtəlif yerlərdə gəlir qismində verdi. Samir ümumilikdə ona 80.000 ABŞ dolları pulu gəlir qismində verdi. Samir bir dəfə xatırlamadığı tarixdə ona 20.000 (iyirmi min) ABŞ dolları pulu gəlir qismində verərkən dedi ki, istəyirsən həmin pulu ondan almayım, bu pulu da qaytarım ona, həmin pulu dövriyyəyə əlavə etsin. O, Samirlə razılaşaraq həmin 20.000 (iyirmi min) ABŞ dolları pulu ona vermişdir. Bir müddət keçdikdən sonra Samir ona pul verməkdən imtina etdi. Ondan pullarını istədikdə müxtəlif bəhanələr gətirərək dedi ki, ABŞ dollarının manata olan nisbəti bahalaşdığından ziyan etmiş, lakin onun pulunu qaytaracaq. İddiaçı dəfələrlə Samirlə və atası Əli ilə bu barədə söhbət etmiş, Əliyə demişdir ki, digər oğlun üçün yeni ev almısan və özünə yeni mağaza almısan, mənim pulumu qaytarın. Əli isə ona hədə-qorxu gələrək müxtəlif misallar çəkir, guya bir nəfər borclu pulu verdiyi adamdan pulunu tələb etdikdə onun övladını öldürüblər. O, Samirlə Əlinin onu aldadaraq külli miqdarda pulunu ələ keçirmələrinə əmin olmuş və buna görə də bu barədə şikayət etmişdir.. Araşdırma zamanı cavabdehlər X14 Hüseynov qeyd etdiklərini qəbul etdi. Lakin tərəflər qeyd ediblər ki, iddiaçı onlara verdiyim pulların məqsədi yalnız gələcəkdə gəlirdən əldə etdikləri hər ay 1.000 ABŞ dolları verməklə ödənməlidir. Əfsuslar olsun ki, istintaqda cavabdehlərin verdikləri bu cür izahatlarına müsbət yanaşmış və bu halı araşdırmamışdır. Belə ki, bir daha bildirir ki, O, öz əlində olan pulu və uşağı üçün aldığı evin pulunu cavabdehlərə verməkdə məqsədi pulun kökü saxlanmaqla həmin puldan gələn gəlirdən ona hər ay təxminən 1.000 ABŞ dolları civarında qaytarılması razılığına gəlmişlər. Məhz həmin puldan gələn qazanc kimi 1.000 ABŞ dolları puldan təxminən 2014-cü ilə qədər hər ay ona verilmişdir. Lakin tərəflərə verdiyi 160.000 dollardan ona geri qaytarılmamışdır. Bu illər ərzində ən ağır zərbə onun sağlamlığıma dəyib. İki dəfə infakt olmuş, hər il ürəyindən müalicə alır. Eyni zamanda başbeyin xraniki işemiyası və baş-beyin hissənin atrafiyası xəstəliyinə tutulmuşdur. Hesab edir ki, məhkəmə onun sağlamlığına dəyən ziyanı mütləq nəzərə almalıdır. Məlum edir ki, ona gəlirdən verilən 80.000 (səksən min) ABŞ dolları 2012, 2013, 2014-cü illəri əhatə edir. Yəni hər il təqribən 27.000 (iyirmi yeddi min) ABŞ dolları təşkil edir. Sonrakı 2015-2023-cü illər üçün hər ilə 27.000 ABŞ dolları pul verilməli idi. Əslində ona çatacaq pul 2015-2023cü illər ərzində 270.000 ABŞ dolları olmalıdır. Nəticədə ona çatacaq ümumi pulun miqdarı
1. 160.000 ABŞ dolları kök pul 2. 160.000 ABŞ dolları mənə sağlamlığıma dəyən ziyan 3. 250.000 ABŞ dolları 2015-2023-cü illəri təşkil edir. Ona görə də cavabdehlərin onu özlərinə inandırmaqla əmlakına (puluma) yiyələnmələrinə hüquqi qiymət verib, 570.000 ABŞ dolları ona qaytarılmalıdır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı, iddia ərizəsinin məzmununa uygun izahat vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili X15 oglu çıxışında iddianı müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndəsi və vəkili X2 oglu iddia ərizəsinə etiraz edərək izahatında bildirmişdir ki, cavabdehlər iddiaşçıdan 130000 ABŞ dolları pulu alıblar. İddiaçı özü də etiraf edir ki, dolların məzənnəsi dəyişərkən tərəflər arasında mübahisə yaranıb. Bu səbəbdən cavabdehlərində maddi vəziyyəti də pisləşməyə başlamış, 2014-cü ildən zərərə düşmüşlər, hazırda maddi cəhətdən cox agır vəziyyətdədirlər. Cavabdehlər həmin məbləgdən 230000 ABŞ dolları məbləgdə iddiaçıya ödəniş etmişdirlər. Cavabdehlərin iddiaçıya heçbir borcu qalmamışdır. Həmçinin iddia müddətidə keçmişdir. Sonda cavabdehin nümayəndəsi iddia müddətini tətbiq etməklə iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
7. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
8. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanun: 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
9. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, aşagıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.
10. İşin müəyyən və mübahisələndirilməyən halları ondan ibarətdir ki, iddiaçı aralarında olan razılaşmaya əsasən 130000 ABŞ dolları pulu cavabdehlərə aylıq gəlir ödəmək şərti ilə vermişdir. Cavabdehlərin nümayəndəsi və vəkili həmin məbləgin qaytarıldıgını iddiaçı isə ona gəlirdən müxtəlif vaxtlarda pul verildiyini lakin əsas məbləg olan 130000 ABŞ dolları pulun qaytarılmadıgını bildirir.
11. Məhkəmə qeyd edir ki, cavabdehlər iddiaçı ilə aralarında olan şifahi razılaşmaya görə 130000 manat pul vəsaitini iddiaçıdan almış, həmin pul vəsaitini gəlirlə birlikdə iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər. Buna baxmayaraq cavabdehlər iddiaçıdan aldıgı əsas pul məbləgini tam şəkildə iddiaçıya ödəməmişlər. Cavabdehlər 130000 manatın iddiaçıya qaytarılmasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişlər.
12. Qeyd olunan xüsusatlar iş materiallarına əlavə olunmuş, Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Agır cinayətlərin istintaqı şöbəsinin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 11 dekabr 2021-ci il tarixli qərarında göstərilən, tərəflərin verdiyi izahatları ilə də, təsdiq olunur.
13. İddiaçı əsas məbləgdən əlavə olaraq olaraq cavabdehlərdən tələb etdiyi 460000 ABŞ dolları borcun olmasını əsaslandıra bilməmiş və bu barədə hər-hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilə bilməz.
14. Məhkəmə cavabdehlərin nümayəndəsi və vəkilinin iddia müddətinin tətbiqi barədə ərizəsini əsassız hesab edir. Belə ki, məhkəmə iclasında iddiaçının izahatından və “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 11 dekabr 2021-ci il tarixli qərardan müəyyən olunur ki, cavabdehlərin iddiaçıya sonuncu ödəmələri 2020-2021-ci ildə olmuşdur.
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
16. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
17. Məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən 2020-2021-ci illər ərzində iddiaçıya ödənişlər oldugundan yəni borcun etirafı ilə əlaqədar hərəkətlər edildiyindən iddia müddətinin axımı kəsilmiş, həmin müqavilə üzrə iddia müddətinin axımı həmin tarixdən başladıgından iddia müddəti iddiaçı tərəfindən ötürülməmişdir. Belə ki, Mülki Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.
18. Azərbaycan Respublikası Konstitutsiyasının 19-cu maddəsinin 3-cü hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadagandır.
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən Pul öhdəliyi manatla ifadə edilməlidir.
20. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehlərərdən müştərək qaydada 130.000 ABŞ dolları ödənildiyi gün üçün Azərbaycan manatı məzənnəsi ilə tutularaq iddiaçıya verilməlidir. VI. Nəticə:
18.Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdehlər X3 və X4 müştərək qaydada 130.000 ABŞ dolları ödənildiyi gün üçün Azərbaycan manatı məzənnəsi ilə tutularaq İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Zaur Pirverdiyev