Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5146/2022 27.09.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızı, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (İddiaçı MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 26 dekabr 2020-ci il tarixli, 61/20 nömrəli “Texniki təmir xidmətlərinin göstərilməsi haqqında” müqaviləyə əsasən yaranmış ƏDV daxil 2522,18 manat (iki min beş yüz iyirmi iki manat on səkkiz qəpik) məbləğində borc, məhkəmə qərarı cavabdeh tərəfindən tam icra edilənədək illik 5 (beş) faiz məbləğində pul, həmçinin ödənilmiş 60 manat məbləğində mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 26 dekabr 2020-ci il tarixli, 61/20 nömrəli “Texniki təmir xidmətlərinin göstərilməsi haqqında” müqavilə bağlanmışdır. Həmin müqaviləyə uyğun olaraq iddiaçı cavabdeh tərəfindən göndərilmiş avtomobillərə texniki servis xidmətləri göstərməyi, cavabdeh isə iddiaçı tərəfindən göstərilmiş xidmətlərə görə müəyyən edilmiş haqqı ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə cavabdehə məxsus Hyundai markalı (BAN: KMFZCX7KAFU126940), model H-100, qeydiyyat nömrəsi **-JV-*** olan avtomobilə ƏDV daxil 2319,49 manat məbləğində xidmət göstərilmiş və iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixli elektron qaimə cavabdehə göndərilmişdir. İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə cavabdehə məxsus Hyundai markalı (BAN:KMFZCX7KAFU126940), model H-100, qeydiyyat nömrəsi **-JV-*** olan avtomobilə ƏDV daxil 202,69 manat məbləğində xidmət göstərilmiş və iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixli elektron qaimə cavabdehə göndərilmişdir. Qeyd edilən elektron qaimələr cavabdeh tərəfindən təsdiq edilmiş, lakin cavabdeh iddiaçı tərəfindən göstərilən xidmətlərin dəyəri olan ümumilikdə ƏDV daxil 2522,18 manat borcunu bugünədək ödəməmişdir. Yaranmış borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə iddiaçı tərəfindən cavabdehlə dəfələrlə əlaqə saxlanılmış və müraciətlər edilmiş, rəsmi pretenziya məktubu göndərilmişdir. Lakin qeyd olunan müraciətlər heç bir müsbət nəticə verməmiş və borcun ödənilməsi istiqamətində heç bir tədbir görülməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İş materiallarından görünür ki: - İcraçı qismində İddiaçı ilə sifarişçi qismində Cavabdeh arasında xx.xx.2020-ci il tarixli, 61/20 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilənin predmetini icraçı tərəfindən sifarişçinin sifarişinə əsasən onun tərəfindən təqdim edilmiş və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən avtomobilə (avtomobillərə) texniki təmir xidmətinin göstərilməsi ilə əlaqədar tərəflər arasında yaranan münasibətlərin tənzimlənməsi təşkil edir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən avtomobilə (avtomobillərə) texniki təmir xidmətləri Bakı şəhəri, Z.Bünyadov prospekti 118 və Bakı-Şamaxı şosesi 15 ünvanlarında yerləşən servis mərkəzində göstərilir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən aşkar olunan nasazlıqların aradan qaldırılması iiçün tələb olunan ehtiyat hissələri müəyyənləşdirilir (tələb olunduğu halda tərəflərt arasında X1 tərtib olunur). Həmin müqavilənin 2.3-cü bəndinə əsasən tərəflər arasında ödənişin edilməsi qaydası razılaşdırıldıqdan sonra (avtomobil) servis mərkəzinin işçiləri tərəfindən təmir olunur. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə ödənişlər (ehtiyat hissələrinin qiyməti və xidmət haqqı) təqdim olunmuş hesab-fakturaya və elektron qaiməyə əsasən AZN məzənnəsi ilə icraçının hesablaşma hesabına köçürmə yolu ilə həyata keçirilir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən icraçının razılığı olduğu təqdirdə ödənişi təmir işləri görüldükdən sonra həyata keçirilməsinə yol verilə bilər. Lakin bu zaman sifarişçi tərəfindən ödəniş təmir işləri qurtardıqdan sonra 30 (otuz gün) təqvim günü ərzində razılaşdırılmış qaydada həyata keçirilməli. İstisna hallarda icraçının tələbi ilə əgər göstərilən xidmətin məbləği 1000 (bir min manat) manatı keçərsə sifarişçidən görülən işin 50% qədər avans tələb oluna bilər. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən əgər tərəflər arasında (X1) tərtib olunubsa, imzalandıqdan sonra ödəniş həyata keçirilir. - İcraçı İddiaçı MMC tərəfindən tərtib edilərək sifarişçi Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 2545/21 nömrəli hesab-faktura adlı sənəddən görünür ki, ödənilməli olan məbləğ 2319,49 manat (1965,67 əsas məbləğ + 353,82 manat ƏDV 18%) təşkil edir. - xx.xx.2021-ci il tarixli, EBBM seriyalı, 552475 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2319,49 (ƏDV daxil) manat təşkil edir. - İcraçı İddiaçı MMC tərəfindən tərtib edilərək sifarişçi Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 2595/21 nömrəli hesab-faktura adlı sənəddən görünür ki, ödənilməli olan məbləğ 202,69 manat (171,77 əsas məbləğ + 30,92 manat ƏDV 18%) təşkil edir. - xx.xx.2021-ci il tarixli, EBBM seriyalı, 695825 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 202,69 (ƏDV daxil) manat təşkil edir. - İddiaçı tərəfindən cavabdehə ünvanlanmış 13 iyul 2022-ci il tarixli pretenziya məktubundan görünür ki, cavabdehə müraciət edilərək 2522,18 manat məbləğində borcun 5 (beş) iş günü müddətində ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İddia tələbinin bir hissəsini cavabdehdən ƏDV daxil 2522,18 (iki min beş yüz iyirmi iki manat on səkkiz qəpik) manat məbləğində borcun tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətdən irəli gələn digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, işin hallarından görünür ki, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliklərə əməl etməyərək, yaranmış borcu ödəmədiyinə görə iddiaçının tələbi aşkardır. Həmin tələb cavabdehin mübahisə edilməyən vəzifələrinə və sadə yazılı qaydada təsdiq edilmiş əqdlərə əsaslanır. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun cavabdehdən tutulması hissəsində tam təmin olunmalı, Cavabdeh MMC-dən 2522,18 (iki min beş yüz iyirmi iki manat on səkkiz qəpik) manat borc məbləği İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. İddia tələbinin digər hissəsini Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən məhkəmə qərarı cavabdeh tərəfindən tam icra edilənədək illik 5 (beş) faiz məbləğində pulun cavabdehdən tutulması təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Qeyd olunan normalara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı gecikdirilməyə görə illik beş faizlə hesablanmış məbləğin ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır, lakin iddia həmin hissədə qismən əsaslı olduğundan qismən təmin olunmalıdır və cavabdehdən 84,10 manat (2522,18 manat əsas borcun 5%-i = 126,109 manat : 12 ay = 10,509 manat x 8 ay (2022-ci ilin yanvar - avqust) = 84,07 manat ~ 84,10 manat) məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə tələbin göstərilən hisssinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, 8 aylıq müddət, yəni 2022-ci ilin yanvar – avqust ayları gecikdirilmiş müddət kimi hesablanarkən nəzərə alınmışdır ki, elektron qaimələrin cavabdehə göndərildiyi tarix 2021-ci ilin noyabr ayı olduğundan, cavabdeh qaimələrin göndərildiyi tarixdən qaimələr üzrə borcu tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən 30 təqvim günü ərzində ödəməli olduğundan, son ödəniş tarixi 2021-ci ilin dekabr ayı götürülmüş, gecikdirilmiş müddət 2022-ci ilin yanvar ayından başlayaraq iddiaçı tərəfindən məhkəməyə müraciət edilən tarixə, yəni xx.xx.2022-ci il tarixədək hesablanmışdır. İddia tələbi qalan hissədə qeyri-müəyyən olduğundan təmin olunmamalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə hesab edir ki, ödənilmiş 60 (altmış) manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 2522,18 manat (iki min beş yüz iyirmi iki manat on səkkiz qəpik) məbləğində əsas borc, gecikdirməyə görə illik 5%-lə hesablanmış 84,10 manat faiz məbləği və 60 (altmış) manat mediasiya xərci olmaqla, cəmi 2666,28 manat (iki min altı yüz altmış altı manat iyirmi səkkiz qəpik) məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-5146/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5146/2022
27.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver