Məhkəmə qərarları › İş №e-2-2(113)-5150/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5150/2022

14.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5150/2022 14.11.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı X1, İddiaçı X1 nümayəndəsi və vəkili İddiaçı iştirakı ilə, İddiaçı X1 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı cavabdehdən iddiaçının xeyrinə 27259 manat ödənilməmiş xidmət haqqı, vurulmuş maddi-mənəvi ziyana görə 200 manat, sənədlərin məhkəməyə verilməsi (iddia ərizənin hazırlanması) üçün 100 manat vəkil xərci və ödənilmiş 200 manat məbləğində mediasiya xidmət haqqının tutulması barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehdən iddiaçının xeyrinə 27259 manat ödənilməmiş xidmət haqqı, vurulmuş maddi-mənəvi ziyana görə 200 manat, sənədlərin məhkəməyə verilməsi (iddia ərizənin hazırlanması) üçün 100 manat vəkil xərci və ödənilmiş 200 manat məbləğində mediasiya xidmət haqqının tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə 03 aprel 2017-ci il tarixdə ASFX17/060 saylı və 01 iyul 2019-cu il tarixdə isə ASFX18/450 saylı xidmət müqavilələri bağlamışdır. Xidmət müqavilələri Azərbaycan Respublikasında bağlansa da, 2017-ci il 02 aprel ayından 2019-cu il 01 may ayına qədər Özbəkistan layihəsində düşərgə rəisi və yeməkxana rəisi vəzifələrində çalışmış, həmçinin 2019-cu il 03 iyul ayından 2020ci il 05 noyabr ayına qədər Almaata layihəsində də düşərgə rəisi və yeməkxana rəisi vəzifələrində çalışmışdır. ASFX17/060 saylı xidmət müqaviləsinin 2.1-ci bəndinə əsasən, 1 (bir) ay üçün vergilər və digər ödənişlər daxil olmaqla, 1910 manat xidmət haqqı, ASFX18/450 saylı xidmət müqaviləsinin 2.1-ci maddəsinə əsasən isə 1 (bir) ay üçün 2727 manat xidmət haqqı iddiaçıya ödənilməlidir. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliklərə əməl etmir və ümumilikdə iddiaçıya ödənilməli olan 27259 manat pulu bu günədək ödəməmişdir. Bununla bağlı dəfələrlə cavabdehin məsul şəxsləri ilə görüşmüş, hər dəfə bir ərizə yazdırıb başqa gün gəlməyi və pulu ödəyəcəklərini desələr də, bu günədək heç bir nəticə olmamışdır. Dəfələrlə Bakı şəhərinə gəlib-getmək məcburiyyətində olmuşdur. İddiaçı X3 məhkəmə iclasında iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: İddiaçı ilə cavabdeh arasında bağlanmış 03 aprel 2017-ci il tarixli ASFX17/060 saylı Xidmət Müqaviləsindən görünür ki, iddiaçı, cavabdehin Özbəkistan Respublikasında icrasını həyata keçirdiyi “M39 Daşkənd-Termez magistral yolunun yenidən qurulması” layihəsində administrator xidməti üzrə məsələlərin icrasını, cavabdeh isə iddiaçıya 1 (bir) ay üçün vergilər və digər ödənişlər daxil olmaqla, 1910 manat xidmət haqqı ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı ilə cavabdeh arasında bağlanmış 01 iyul 2019-cu il tarixli ASFX18/450 saylı Xidmət Müqaviləsindən görünür ki, iddiaçı, cavabdehin Qazaxıstan Respublikasında icrasını həyata keçirdiyi Almatı layihəsində ekskavator maşının idarəedilməsi və maşınla layihəki işlərin görülməsi ilə əlaqədar işlərin icrasını və nəzarətini, cavabdeh isə iddiaçıya 1 (bir) ay üçün 2727 manat xidmət haqqı ödəməyi öhdələrinə götürmüşlər. 12 ədəd Görülmüş işin təhvil-təslimi barədə aktlardan görünür ki, iddiaçı tərəfindən 27620 manat dəyərində görülmüş işlər cavabdehə təhvil verilmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının və onun nümayəndəsi və vəkilinin izahatlarını dinləyərək, sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında 03 aprel 2017-ci il tarixli ASFX17/060 saylı Xidmət Müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı, cavabdehin Özbəkistan Respublikasında icrasını həyata keçirdiyi “M39 Daşkənd-Termez magistral yolunun yenidən qurulması” layihəsində administrator xidməti üzrə məsələlərin icrasını, cavabdeh isə iddiaçıya 1 (bir) ay üçün vergilər və digər ödənişlər daxil olmaqla, 1910 manat xidmət haqqı ödəməyi öhdələrinə götürmüşlər. Bundan sonra iddiaçı ilə cavabdeh arasında 01 iyul 2019-cu il tarixli ASFX18/450 saylı Xidmət Müqaviləsi bağlanmışdır. Cavabdeh iddiaçıya 1 (bir) ay üçün 2727 manat xidmət haqqı ödəməyi öhdələrinə götürmüşdür. İddiaçı tərəfindən 27620 manat dəyərində görülmüş işlər cavabdehə təhvil verilmişdir. Tərəflər arasında Xidmət müqaviləsi bağlansa da, həmin müqavilənin məzmunundan müəyyən edilən şərtlər baxımından məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasındakı hüquq münasibətləri podrat müqaviləsinin qanunla müəyyən edilən ünsürlərinə (şərtələrinə) uyğun gəlir. Məhkəmə qeyd edir ki, podrat müqaviləsi iki tərəfin, podratçının və sifarişçinin birbiri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən sifarişçi işi qəbul etmək hüququ və onun razılaşdırılmış muzdunu ödəmək öhdəliyi, podratçı üçün müqavilədə nəzərdə tutulan işi icra etmək öhdəliyi və onun razılaşdırılmış muzdunun ödənilməsini tələb etmək hüququ yaranır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış podrat müqavilələrindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, işləri görmüş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia xidmət haqqının ödənilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir. İddiaçı vurulmuş maddi-mənəvi ziyana görə 200 manat ödənilməsini tələb etsə də, iddiaçı, tələbinin əsasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Buna görə məhkəmə hesab edir ki, iddia göstərilən hissədə təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə vəkilin göstərdiyi yardıma görə ödənilmiş 100 manat məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulmasını ağılabatan məbləğ hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İddiaçı ödənilmiş 200 manat məbləğində mediasiya xərcini cavabdehdən tələb etdiyini, iş üzrə dövlət rüsumu məbləğinin 172,68 manat olmasını və iddianın təmin edilmiş hissəsinin iddia tələbinin 99,27 faizini təşkil etdiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, mediasiya xərcinə görə 198,73 manat (200 manat (mediasiya xərcinin məbləği) – 1,27 manat (dövlət rüsumunun iddiaçıya aid edilməli olan hissəsi) = 198,73 manat) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, 27259 manat ödənilməmiş xidmət haqqı, vəkilin göstərdiyi yardıma görə 100 manat və mediasiya xərcinə görə 198,73 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 27259 manat ödənilməmiş xidmət haqqı, vəkilin göstərdiyi yardıma görə 100 manat və mediasiya xərcinə görə 198,73 manat "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq X2 ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar