Məhkəmə qərarları › İş №e-2-2(113)-5158/2024

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-5158/2024

04.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5158/2024 04.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5.407,93 (beş min dörd yüz yeddi manat, doxsan üç qəpik) manat əsas borc məbləği, gecikdirilmiş dövr üçün 45 (qırx beş manat) manat, hüquqi xidmətin göstərilməsi üzrə 300 (üç yüz) manat, dövlət rüsumunun əvəzi olaraq 78 (yetmiş səkkiz) manat məbləğində pulun tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında, distribütora məxsus malların Diler tərəfindən satışını həyata keçirən və satış şərtlərini əks etdirən № 9171 saylı diler müqaviləsi bağlanmışdır. Həmin müqavilənin rtlərinə əsasən Distribütor tərəflər arasında razılaşdırılmış satış şərtlərinə əsasən Dilerə, özünə məxsus olan malları təklif edir. Bunun əsasında, Diler tərəfindən rəflərin müqaviləyə və Distribütora məxsus olan malların satışını, realizə olunmasını tənzimləyən digər sənədlərdə razılaşdırdıqları şərtlərə uyğun olaraq həmin mallar üzrə satış həyata keçirilir. Satılan malın miqdarı, qiyməti malın üzərində təqdim olunan qaimələrdə öz əksini tapmışdır. Lakin, Dilerin distribütordan aldığı mala görə borcu yaranmışdır. Belə ki, 01 noyabr 2023-cü il tarixdə tərəflər arasında imzalanmış üzləşdirmə aktının məzmunundan görünür ki, 31 oktyabr 2023-cü il tarixinə Cavabdeh İddiaçı QSC-yə borcu 5407.93 manat (beş min dörd yüz yeddi manat doxsan üç qəpik) manat təşkil edir. Həmçinin, aktın məzmunundan aydın olur ki, diler yaranmış borcu İddiaçı QSC-nin ilk yazılı tələbi ilə geri qaytarmalıdır. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh tərəfindən borcdan heç bir ödəniş həyata keçirilmədiyindən cavabdeh şəxsin İddiaçı QSC-yə olan borcu 5.407,93 manat təşkil edir. Həmçinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Ödəmə üçün pretenziyada müəyyən olunmuş müddəti də nəzərə alsaq, borclunun öhdəliyi icra etmək vəzifəsi xx.xx.2024 il tarixindən başlanmalıdır. İddianın xx.xx.2024-cü il tarixində göndərildiyini nəzərə alsaq iddianın gecikdirilməsi üzrə məbləğ 2 ay əsasında ((5407,93*5%)/12)*2=45,06 manat hesablanmalıdır.

II. Tərəflərin mövqeləri:

3. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər, lakin iddiaçı tərəf məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmiş, cavabdeh isə məhkəmə iclasında iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.

5. Məhkəmə iddiaçının xx.xx.2024-cü il tarixli ərizəsini nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

7. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər AR Mülki Prosessual Məcəlləsinin: - 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

8. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır.

9. İşin müəyyən olunmuş hallaı ondan ibarətdir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (Distribütor) ilə Cavabdeh (Diler) arasında № 9171 saylı, xx.xx.2022-ci il tarixli diler müqaviləsi imzalanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən distribütor tərəflər arasında razılaşdırılmış satış şərtlərinə əsasən dilerə özünə məxsus olan malları təklif edir. Diler öz növbəsində tərəflərin bu müqaviləyə və onun tərkib hissəsi olan digər sənədlərə əsasən bu malların satışını həyata keçirir.

10. Həmin müqavilənin 2.4.7-ci bəndinə əsasən distribütordan aldığı mala görə ödənişi mal dilerə təhvil verildiyi gündən hesablanmaqla 7 gün ərzində həyata keçirmək dilerin öhdəliklərindən biri kimi qeyd olunmuşdur.

11. Müqavilə tərəflərin imzaları ilə təsdiq olunmuşdur.

12. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, tərəflər arasında bağlanılmış müqaviləyə alqısatqı müqaviləsi kimi qiymət verilməlidir.

13. İşə əlavə olunmuş, tərəflərin imzası və hüquqi şəxsin möhürü ilə təsdiq olunmuş 01 noyabr 2023-cü il tarixli üzləşmə aktından görünür ki, Cavabdeh 31 oktyabr 2023-cü il tarixinin sonuna İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 5.407,93 manat məbləğində borcu olduğunu etiraf etmişdir.

14. Bundan başqa, iş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından da görünür ki, Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə borcu 5.407,93 manat təşkil edir.

15. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştirak edən cavabdeh məhkəməyə izahatında iddia tələbini qəbul etdiyini, uzun müddət iddiaçı şirkətdə işçi kimi çalışdıqdan sonra fərdi sahibkarlıqla məşğul olduğunu, malları iddiaçıdan təhvil aldığını, malları başqa şəxsə satdığını, həmin şəxs malların dəyərini ödəmədiyi üçün iddiaçıya ödəniş edə bilmədiyini bildirmişdir.

16. Belə olan halda, Məhkəmə hesab edir ki, dəyəri 5.407,93 manat olan mallar iddiaçı tərəfindən cavadehə verilmiş, cavabdehin isə ona verilmiş malların dəyərini ödəmək öhdəliyi yaranmışdır.

17. İddiaçı da, ərizəsində müqavilə üzrə 5.407,93 manat məbləğində pulun cavabdehdən tutulmasını xahiş etmişdir.

18. Ancaq cavabdeh tərəf üzləşmə aktında qeyd edilən məbləğin ödənilməsinə dair hər hansı bir sənədi məhkəməyə təqdim etməmişdir.

19. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, 5.407,93 manat məbləğində pul Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır.

20. Bundan başqa, məhkəmə əsas borca illik 5 % hesablanmaqla 45 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.

21. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə pretenziya məktubu xx.xx.2024-cü il tarixdə göndərilmiş, iddia ərizəsi ilə isə məhkəməyə xx.xx.2024cü il tarixində yəni təxmini 03 ay sonra müraciət edilmişdir.

22. Göründüyü kimi, cavabdeh tərəfin əsas borca illik 5 faiz hesablanmaqla 67,59 (5.407,93/100=270,39 (1 il üçün), 270,39/12=22,53 (1 ay üçün), 22,53x3=67,59 (3 ay üçün) manat məbləğində borcu vardır.

23. İddiaçı tərəfin 45 manat tələb etməsi halını nəzərə alaraq Məhkəmə hesab edir ki, 45 manat məbləğində pul da, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

24. Məhkəmə hüquqi yardım göstərilməsinə görə xərcin əvəzi olaraq 300 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.

25. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş sənədindən görünür ki, vəkil xərcinin əvəzi olaraq 300 manat məbləğində pul “Sirius” Vəkil Bürosunun hesabına ödənmişdir.

26. Məhkəmə hesab edir ki, göstərilmiş hüquqi yardıma görə 300 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

27. Həmçinin, dövlət rüsumunun əvəzi olaraq 78 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir.

28. Belə ki, iş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzə əsasən 78 manat məbləğində pul iddiaçı tərəfindən dövlət büdcəsinə ödənmişdir.

29. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir.

VI. Nəticə:

30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 5.407 (beş min dörd yüz yeddi) manat, 93 (doxsan üç) qəpik məbləğində pul Cavabdeh tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Əsas borca illik 5% hesablanmaqla 45 (qırx beş) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 300 (üç yüz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 78 (yetmiş səkkiz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar