Məhkəmə qərarları › İş №e-2-2(113)-5168/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5168/2024

29.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5168/2024 29.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: podrat müqaviləsi, öhdəliyin icra edilməməsi, illik 5 faiz) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi, Vəkil Məmili oğlunun iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı MMC iddia ərizəsi, daha sonra iddia tələbinin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, 13862,34 manat əsas borcun və 741,06 manat 9 ay üçün vurulmuş ziyana görə pul məbləğinin cəmi 14603,4 manatın və 320 manat məbləğində vəkil xərcinin və 152 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (“İcraçı)” ilə Cavabdeh MMC (“Sifarişçi”) arasında xx.xx.2023-cü il tarixli, 0102/U saylı xidmət müqaviləsi (bundan sonra- Müqavilə) bağlanmışdır. Həmin tarixdə Müqaviləyə əlavə olaraq qiymət razılaşdırma protokolu tərəflər arasında razılaşdırılaraq təsdiq edilmişdir. Bundan sonra tərəfimizdən işlərə başlanıldı, xx.xx.2023-cü il tarixində işlər yekunlaşdı və Urban Crevv MMC-yə elektron qaimə göndərilmişdir. Göndərilən elektron qaimə cavabdeh 5 gün ərzində təsdiq edilmişdir. Lakin, bütün bunlaraq baxmayaraq cavabdeh üzərinə düşən öhdəliyi icra etməmişdir. Baş verən pozuntunun aradan qaldırılması ilə bağlı dəfələrlə xəbərdalıq olmasına, münasibətlərin pozulmaması üçün dostcasına xahiş edilməsinə, bu günə qədər səbr və təmkinlə gözlənilməsinə baxmayaraq, müxtəlif bəhanələr gətirərək cavabdeh müqavilə üzrə öhdəliklərini artıq 9 aydır ki, icra etməkdən qəsdən yayınmışdır. Beləliklə, cavabdehin cəmi 19762,34 manat məbləğində əsas borc, 741,06 manat pul məbləğinin ödənilməsinin gecikdirilməsi üçün beş faiz, cəmi 20503,4 manat borcu var. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 445.1, 445.2.1, 445.7, 448.1, 448.2-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmiş, cavabdehin qəsdən işi uzatdığını bildirmişdir. Cavabdeh MMC iddia tələbinə münasibətdə ərizə təqdim edərək qeyd etmişdir ki, həmin tarixədək ödənişləri etməmə səbəbi olaraq şirkətin işlərinin yolunda olmamasını qeyd etmişdir. İddiaçı MMC-yə ödənişlər etməyə başlandığı üçün işin dayandırılmasını və məhkəmədən qeyd olunanların nəzərə alınmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: İddiaçı MMC (Sifarişçi) ilə Cavabdeh MMC (İcraçı) arasında bağlanmış 20 sentyabr 2023-cü il tarixli 0102/U nömrəli xidmət müqaviləsindən görünür ki, icraçı bu müqaviləyə əsasən və sifariş zamanı dəqiqləşdirilən, həmçinin fəaliyyət zamanı Sifarişçinin istəyinə əsasən korporativ tədbir təşkilatçdığı xidmətlərinin icrasını öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə əsasən müqavilə üzrə nəzərdə tutulmuş xidmətlərin dəyəri müqaviləyə Əlavələrlə (X2) ilə müəyyən olunur. Ödənişlər İcraçı tərəfindən təqdim edilmiş hesab-faktura, e-qaimə əsasında, həmin sənədlərdə müəyyən edilmiş xidmət haqqına uyğun olaraq ödənilir. Müqavilənin 3.3-cü bəndinə əsasən müqavilə üzrə ödəniş Tərəflərin qarşılıqlı razılığı ilə hissə-hissə və ya qabaqcadan avans formasında həyata keçirilə bilər. Müqavilənin 5.1-ci bəndinə əsasən müqavilə imzalandığı andan qüvvəyə minir və 1 (bir) il müddətdə xx.xx.2024-cü il tarixinədək qüvvədədir. 20 sentyabr 2023-cü il tarixli 0102/U nömrəli xidmət müqaviləsinə əsasən tərtib olunmuş X1 görünür ki, müqaviləyə uyğun olaraq Sifarişçiyə 25/xx.xx.2023-cü il tarixində olan “Bakıda Türk Dövlətləri Təşkilatının kənd təsərrüfatı üzrə İşçi qrupunun 3-cü iclası” tədbiri ilə bağlı görüləcək işlər üzrə ümumi məbləğ 19762,64 manat müəyyənləşdirmişlər. EBDQ seriyalı, 442183 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 19762,77 manat məbləğində görülmüş işlərin dəyəri İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. xx.xx.2024-cü il tarixli 010XOH********** saylı ödəniş tapşırığına əsasən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına 5000 manat məbləğində ödəniş olunmuşdur. xx.xx.2024-cü il tarixli 010BUDG242480176 saylı ödəniş tapşırığına əsasən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına 900 manat məbləğində ödəniş olunmuşdur. 12 iyul 2024-cü il tarixli **********4 saylı mədaxil İddiaçı MMC tərəfindən dövlət büdcəsinə 152 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında da qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “...lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.”. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında podrat müqaviləsi üzrə münasibətlər mövcud olmuşdur. Belə ki, iddiaçı müqavilələrdə nəzər tutulmuş xidməti göstərsə də, cavabdeh tərəfindən nəzərdə tutulmuş xidmət haqqı iddiaçıya ödənilməmişdir. Bununla da cavabdeh müqavilələr ilə üzərinə götürmüş öhdəlikləri yerinə yetirməmiş, qarşı tərəfin gördüyü işi qəbul etsə də, şərtləşdirilmiş xidmət haqqını tam ödəməmişdir. Bu fakt iş materiallarına əlavə edilmiş sübutlarla (elektron qaimə, qiymətlərin razılaşması protokolu və s.), həmçinin iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edildikdən sonra elektron qaimə üzrə cavabdeh tərəfindən borclu olduğu məbləğdən qismən, 5900 manat ödəniş edilməsi ilə öz təsdiqini tapmış, yəni cavabdeh iddiaçı tərəfindən 19762,64 manat dəyərində xidmət göstərildiyi ilə razılaşmış, qalan 13862,34 manat məbləğin ödənilməsi ilə bağlı və ya borcun olmamasını təsdiqedən hər hansı sübut məhkəməyə təqdim edilməmiş, həmçinin iddia tələbinə etiraz edilməmişdir. Buna görə də iddiaçının icra etdiyi işin müqabilində cavabdehdən xidmət haqqının ödənilməsini tələb etmək hüququ vardır. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, təhvil alınan xidmətlərə görə 13862,34 manat məbləğində pul vəsaitini ödəmədiyini, iddiaçının göstərilən xidmətin dəyərinin ödənilməsini tələb etmək hüququnun olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 13862,34 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin iddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən əsas məbləğin ödənilməsinin gecikdirilməsinə görə illik beş faiz hesablanmaqla 741,6 manat məbləğində vəsaitin ödənilməsini tələb etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə, borcun ödənilməsini 1 ilə yaxın gecikdirdiyinə görə iddiaçının əsas borca hesablanmış illik beş faiz ödənilməsini tələb etmək hüququ vardır və buna görə də iddia həmin hissədə də təmin olunmalıdır. Bundan başqa məhkəmə vəkil üçün tələb edilən xidmət haqqının ağlabatan olduğunu və iddianın təmin olunduğunu nəzərə alaraq hesab edir ki, 320 manat xidmət haqqı və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 152 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 13862 manat (on üç min səkkiz yüz altmış iki) manat 34 (otuz dörd) qəpik məbləğində əsas borc, 741 (yeddi yüz qırx bir) manat 6 (altı) qəpik faiz borcu, habelə ödənilmiş 320 (üç yüz iyirmi) manat vəkil xərcinin və 152 (yüz əlli iki) manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar